Hüquq və azadlıqların məhdudlaşdırılması,
oxşar və fərqli cəhətləri,
standartlar, instrumentlər
Beynəlxalq hüquq və demokratik dövlətlərin qanunvericilik təcrübəsi HÜQUQ və AZADLIQLARA müəyyən MƏHDUDİYYƏTLƏRİ də nəzərdə tutur. Qeyd etmək lazımdır ki, birincisi, hüquq və azadlıqların məhdudlaşdırılması fövqəladə vəziyyət şəraitində yalnız konstitusiya qanunu ilə tətbiq edilə bilər. Belə məhdudiyyətlər muxtar qurumların hakimiyyət orqanlarının və ya yerli idarəetmə orqanlarının qərarları ilə tətbiq edilə bilməz. İkincisi, belə məhdudiyyətlər yalnız müvəqqəti xarakter daşıya bilər. Üçüncüsü, hüquq və azadlıqlara məhdudiyyətlər təhlükəsizliyə olan təhdidlərə müvafiq olmalıdır. Dördüncüsü, məhdudiyyətlər yalnız konstitusiyada nəzərdə tutulmuş aşağıdakı məqsədlərlə tətbiq edilə bilər:
* vətəndaşların təhlükəsizliyini təmin etmək üçün,
* Konstitusion quruluşun əsaslarını müdafiə etmək üçün,
* mənəviyyatı qorumaq məqsədilə,
* sağlamlığın qorunması məqsədilə,
* başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq məqsədilə,
* dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək məqsədilə.
Ə.Abdullayev, A.Azarov, K.Hüfner və V.Röyter yazırlar: "Bir sıra hüquq və azadlıqlar heç bir halda, hətta fövqəladə vəziyyətdə də məhdudlaşdırıla bilməz. Azərbaycan Konstitusiyasının maddələrində nəzərdə tutulmuş hüquq və azadlıqlar məhdudlaşdırıla bilməz. Buraya yaşamaq hüququ, şəxsiyyətin ləyaqəti, işgəncəyə məruz qalmamaq hüququ, şəxsi həyatın toxunulmazlığı hüququ, vicdan azadlığı və s. aiddir. İnsan hüquqları nəzəriyyəsində bəzən bu hüquqlar MÜTLƏQ, məhdudlaşdırıla bilənlər isə NİSBİ hüquqlar kimi səciyyələndirilir.
Beynəlxalq sənədlər və bizim qanunvericilik "insan hüquqları" və "insan azadlıqları" anlayışlarından istifadə edir. Bəs bu anlayışların oxşar və fərqli cəhətləri nədədir?
Əgər söhbət hüquq və azadlıqların hüquqi aktlarda təsbit olunmasında və hüququn təbiətindən, onların reallaşdırılmasından, eləcə də, onların müdafiəsi mexanizmlərindən gedirsə, onlar arasında dəqiq sərhədləri müəyyən etmək çətindir. Bu müstəvidə onlar identik anlayışlardır. Azadlıqlar - elə həmin hüquqlardır. Rusiya imperatriçəsi II Yekaterina bu qənaətə gəlmişdi ki, azadlıq - qanunun qadağan etmədiyi hər şeyə icazə olduğuna əminlikdir. Bəzən, hətta "azadlıq hüququ" istilahından istifadə edilir. İnsan hüquqları haqqında Ümumi Bəyənnamə hər bir insanın fikir, vicdan, din azadlığı hüququna malik olduğunu qəbul edir.
Bununla yanaşı, həmin anlayışların müəyyən özünəməxsusluqları da vardır. Əgər onlara "insan (vətəndaş) - dövlət" münasibətlərində səlahiyyətlər nöqteyi-nəzərindən yanaşsaq, aşağıdakı fərqləri görmək mümkündür:
İNSAN AZADLIQLARI - insan fəaliyyətinin elə sahəsidir ki, dövlət buraya müdaxilə etməməlidir. Dövlət yalnız hüquq normaları vasitəsilə insanın öz seçim və istəyinə uyğun olaraq fəaliyyət göstərəcəyi və ya fəaliyyət göstərməyəcəyi hüdudları, konturları müəyyən edir. İnsanın azadlıqlarına nəinki dövlətin özü təcavüz etməməli, həm də bu azadlıqların sərhədlərinin başqa şəxslərin və hakimiyyətin müdaxiləsindən qorunmasını təmin etməlidir. Dövlət insanın qanunauyğun davranışlarını qanunvericiliklə müdafiə edir və eyni zamanda, azadlıqların yol verilən çərçivədən kənara çıxmasını məhdudlaşdırır. Azadlığın hüdudlarını yalnız qanun müəyyən edə bilər".
Məsələn, demokratik dövlətin mənim dini etiqadımla heç bir işi yoxdur, o insanın bu və ya digər dinə bağlılığına təsir edə, hər hansı dinin məcburiliyini rəsmiləşdirə bilməz - bu, mənim azadlığım, mənim seçimimdir. Lakin dövlət demokratik cəmiyyətdə digərlərinin hüquq və azadlıqlarına hörmət və zəruri qayğını təmin etmək, ədalətli əxlaqi tələbləri, ictimai qaydanı və ümumi rifahı ödəmək məqsədilə vicdan azadlığını məhdudlaşdıran qanunlar verə bilər (Bax; İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 29-cu maddəsi, Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsi və s ). Bu sahədə aşağıdakı nümunələr: ABŞ-da "Mun" sektasının, Ukraynada "Ağ qardaşlığın", Yaponiyada "Aum Sinrikyö"nün fəaliyyətinin məhdudlaşdırılması, Rusiya Federasiyası DİN-də totalitar (satanist) sektalarla mübarizə məqsədilə xüsusi bölmələrin yaradılması və s. məşhurdur. Dövlətin və ayrı-ayrı şəxslərin müdaxilə etməsinə icazə verilməyən, dövlət tərəfindən normativ olaraq tanınmış və müdafiə edilən hüquq və azadlıqlar, həm də NEQATİV HÜQUQ VƏ AZADLIQLAR adlanır.
Müəlliflərin fikrincə, insan huquqları - qanunla müəyyən edilmiş sahələrdə fəaliyyət (səlahiyyət) imkanıdır ki, dövlət bu imkanı tanıyır və ona təminat verir. "İnsan azadlıqları" anlayışından fərqli olaraq "insan hüquqlarında" konkret sahə, fərdin fəaliyyət istiqaməti dəqiq müəyyən olunur. Burada artıq seçim imkanı, bu hüquq daxilində fəaliyyət variantları təklif edilmir. Bu hüquqdan istifadə etmək, onu reallaşdırmaq və ya bunun əksi mümkündür, çünki hüquq vəzifə deyil. Məsələn, Azərbaycan Respublikasının vətəndaşları dövlət idarəetməsində birbaşa və ya öz nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Bununla belə, bir çoxları aktiv seçki hüququnu reallaşdırmırlar. Yaşamaq hüququ qeyd-şərtsiz və birmənalı olaraq təsbit edilir. Lakin bu da məlumdur ki, bəzən insanlar özləri bu hüquqdan imtina edirlər.
Dövlət nəinki insanın qanunla müəyyən olunmuş sahədə qanunauyğun fəaliyyətini qorumağı və təmin etməyi öhdəsinə götürür. Neqativ hüquqlardan fərqli olaraq bu hüquqların reallaşdırılması üçün bir sıra təşkilati-sərəncam, maliyyə və s. tədbirlər həyata keçirməli olur.
Bu kitab insan hüquq və azadlıqlarının müdafiəsinin beynəlxalq və milli vasitə, mexanizm və qaydalarına həsr olunduğundan, indiki halda, biz onları hüquqi kontekstdə nəzərdən keçiririk. Hüquq anlayışında olduğu kimi, insan hüquqları və azadlıqları anlayışlarının da obyektiv və subyektiv mənalarını fərqləndirmək lazımdır.
OBYEKTİV mənada, nikah huququ kişi və qadının QANUNİ səlahiyyətlərini tanıyan, müdafiə və təmin edən, ona zəmanət verən dövlətdaxili hüquqi normadır.
Kişi və qadının QANUNİ səlahiyyətləri, yəni onların SUBYEKTİV hüquqları nikah bağlamaq, yəni Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutulmuş və icazə verilmiş addımları atmaq imkanından ibarətdir.
Azərbaycan Respublikasının ailə qanunvericiliyinə görə nikah bir kişi ilə bir qadın arasında bağlanır: tərəflərdən ən azı biri başqa bir nikahda qeydiyyatda olduğu halda, nikah bağlamağa icazə verilmir.
Uyğun olaraq çoxarvadlılıq, çoxkişililik (poliqamiya), həmçinin, eyni cinsli nikahlar Azərbaycan hüquq normalarında əks olunmadığından, onlar nə OBYEKTİV hüquqa, nə də SUBYEKTİV hüquqa uyğun deyildir və bu cür nikahın bağlanması yolverilməzdir, QANUNAZİDD addımdır.
31 iyul 1999-cu ildə İnquşetiya Respublikasında "Ailə-nikah münasibətlərinin bəzi məsələlərinin nizamlanması haqqında" Qanun qəbul edilmişdir. Qanunun ikinci maddəsində deyilir: "İnquşetiya Respublikasından kişi cinsindən olan vətəndaşlar nikahda olmayan dörd qadınla nikah bağlaya bilər". (Bu Qanun qüvvədə olan Rusiya qanunvericiliyinə zidd olduğundan, bir ildən sonra İnquşetiya Respublikasının Ali Məhkəməsi göstərilən müddəanı ləğv etmişdir). Belə olan halda, dörd nikahın bağlanması qanunla müəyyən edilmiş norma olaraq OBYEKTİV hüquq kimi, qanuna uyğun, icazə verilmiş davranış olaraq SUBYEKTİV hüquq kimi tanınır.
Qeyd etmək lazımdır ki, bəzi dillərdə obyektiv və subyektiv hüququ bildirmək üçün müxtəlif sözlərdən istifadə edilir. Belə ki, obyektiv hüquq ingilis dilində "lavv", fransız dilində "loi", subyektiv hüquq, uyğun olaraq "right" və "droit" kimi işlədilir. Buradan da aydın olur ki, "beynəlxalq insan hüquqları (haqları) hüququ" (İnternational Law of Human Rights) anlayışı nəyə görə təəccüb doğurmamalıdır.
İNSAN HÜQUQLARI SAHƏSİNDƏ STANDARTLAR anlayışı beynəlxalq aktlarda (sənədlərdə) təsbit olunmuş məcburi tələbləri və normaları ifadə edir. Məlum olduğu kimi, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə hüquqi cəhətdən məcburi sənəd deyil, lakin burada təsbit olunmuş insan hüquqları standartlara parlaq nümunədir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin standartları həm beynəlxalq insan hüquqları hüququ üçün, həm də insan hüquqlarının milli sisteminin qurulması üçün başlanğıc nöqtəsidir.
Ə.Abdullayev və b. yazırlar: "Hansı beynəlxalq təşkilat
çərçivəsində qəbul olunmasından
asılı olaraq, insan
hüquqlarına dair sənədlər universal və regional standartlar olmaqla iki qrupa bölünür.
Universal standartlara universal təşkilat olan
BMT çərçivəsində qəbul edilənlər, regional standartlara isə, məsələn,
Avropa Şurasının çətiri
altında bağlanmış Avropa Şurası
standartları daxildir. Universal və
regional standartlar arasında
ziddiyyət yox, varislik və uyğunluq mövcuddur. Onlar insan
hüquqları sahəsində
beynəlxəlq müqavilələrdə
əks olunmuş
universal standartların möhkəmlənməsinə
və müdafiəsinə
yardım etməlidir.
Regional standartlar daha lokaldır, tarixi ənənəni, mədəniyyəti, region ölkələrinin
inkişaf səviyyəsini
nəzərə alır.
Bəzən, hətta universal standartlardan daha yüksək normaları konkretləşdirir və
müəyyən edir.
Milli qanunvericiliyin insan hüquqları üzrə
beynəlxalq standartlara
uyğunlaşdırılması insan hüquqları üzrə müqavilələrin
iştirakçıları üçün kifayət
qədər sərt tələbdir. AR ali
hakimiyyət orqanlarının
Avropa Şurasına daxil olmaqla bağlı
məktubunda təminat
verilir ki, Azərbaycan əsas konvensiyalara və ilk növbədə, İnsan
Hüquqlarının Müdafiəsi
haqqında Avropa Konvensiyasına qoşulmaqla
üzərinə götürdüyü
öhdəlikləri tam həcmdə
yerinə yetirəcək,
qanunvericilik və hüquq tətbiqi praktikasının Avropa Şurası standartlarına
uyğun olaraq təkmilləşdirilməsi işini
davam etdirəcək. Beləliklə, qanun layihələrinin
və digər normativ aktların hazırlanmasında beynəlxalq
standartların nəzərə
alınması zəruridir.
Beynəlxalq instrumentlər (alətlər)
dedikdə, insan hüquqlarına dair beynəlxalq təşkilatlar
tərəfindən qəbul
olunmuş prinsip və normaları (standartları) əks etdirən müxtəlif sənədlər: müqavilələr,
bəyannamələr, tövsiyələr
və qətnamələr
başa düşülür.
İNSTRUMENTLƏR termininə
nəinki adi oxucu vərdiş etməyib, o, bəzən,
hətta insan hüquqları sahəsində
ixtisaslaşmış hüquqşünas
- alimlər tərəfindən
də qəbul edilmir. Yəqin bu, onunla bağlıdır
ki, insan hüquqları problemi uzun illər ərzində qapalı mövzu olmuş və alimlərə yalnız insan hüquqları sahəsində
sosializmin "nailiyyətlərinə"
ideoloji-siyasi mədhiyyələr
deməyə icazə
verilmişdir. İnsan hüquqları
sahəsində müasir
xarici tədqiqatların
60 yaşı var, halbuki sinfi yanaşmanı
nəzərə almasaq,
bizdə siyasi fikir bu mövzu
ilə 10-15 ildir ki tanışdır.
ALƏTLƏR anlayışı
işlək termin kimi BMT-nin, YUNESKO-nun, Avropa Şurası və digər təşkilatların təcrübəsində
istifadə edilir.
Məsələn, insan hüquqları
üzrə əsas beynəlxalq müqavilələrin
ratifikasiya cədvəlləri
məhz "beynəlxalq
instrumentlər" (international instruments) adlandırılır.
Vahid ÖMƏROV.
Səs.-
2016.- 3 noyabr.- S.15