AZƏRBAYCAN
TELEVİZİYASI -60
AZƏRBAYCANDA VƏ
ŞƏRQDƏ İLK TELEVİZİYA
Bu gün dünya yenilənib və inkişaf dövrünü yaşayır. Sürət əsri olan zamanda insan təfəkkürü yeniliyə can atır, dünyanı necə varsa, elə də görmək istəyir. Elm və texnologiyanın inkişafı bu meyardan tələbatların ödənilməsində müstəsnadır. Etiraf edək ki, inkişaf etmiş dünyamızda nə qədər yeniliklər olmuş olsa da, televiziyanın yeri və rolu əvəzedilməzdir. Hər bir insan yeni gününün ilk dəqiqələrini, məhz televiziyanın qarşısında keçirir. Sanki bir tələbat və asılılıq yaranıb televiziyadan. Son məlumatları, dünya panoramasını bir neçə dəqiqə ərzində tamaşaçı əldə edə bilir.
Azərbaycanda - Şərqdə ilk dəfə yaradılan və milyonların seyrçisi olan Azərbaycan Televiziyası radiodan düz 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bu, Stalin rejimindən qurtuluş tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə yaranan dövrünə təsadüf edirdi. Bu gün xalqımız Azərbaycan radiosunun 90, televiziyasının isə 60 illiyini qeyd edir. Qəzetimizin bundan əvvəlki nömrəsində Azərbaycan radiosunun 90 illik yubileyi ilə bağlı qələmə aldığımız yazıda onun keçdiyi şərəfli və unudulmaz tarixi yoldan söz açmışdıq. Bu gün isə Azərbaycan Televiziyasının bir əsrdən artıq olan zaman məsafəsindəki fəaliyyətinə işıq salacağıq. Hər iki tarix xalqımızın siyasi və mədəni həyatında böyük yenilik kimi yadda qalıb. Teleradio xalqımızın siyasi dünyagörüşünün formalaşmasına, mənəvi-mədəni həyatının yüksəlməsinə xidmət edib, onun ictimai-siyasi ideyalarının, yüksək əxlaqi dəyərlərinin, arzu və istəklərinin ifadəçisinə çevrilib.
Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı və azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər isə Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı.
İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. Bu, televiziyanın yaddaşına və tarixinə yazılan ilk cümlələrə çevrildi.
İlk illərdə Bakı Studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. Televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.
1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 70-ci illərdən etibarən isə Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrildi. Elə həmin ildən televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.
TELEVİZİYANIN TARİXİNDƏ YAŞAYAN İLK DİKTORLAR
1956-cı ilin mayında ekranda ilk diktorlar
göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova,
Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan
Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov var idi. Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana gəldi.
Bu sırada Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani,
Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran
Hüseynov, Həqiqət Əsgərova, Natəvan
Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov,
Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər
Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlimova, Rafiq Həşimov
və başqaları yer aldı. Zaman ötdükcə
inkişaf, püxtələşmə özünü
büruzə verdi. Televiziyanın
artan imkanları, yeni radiorele xəttinin istismara verilməsi və
başqa amillər Azərbaycanın əksər rayon mərkəzlərində
və yaşayış yerlərində televiziyaya baxmaq
imkanları yarandı. Gəncədə,
Göyçayda və Şuşada güclü televiziya
stansiyalarının işə düşməsi Bakıdan
yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir,
Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul
etməyə imkan verdi. Qısa bir zamanda
Bakı-Moskva radiorele xəttinin istifadəyə verilməsi ilə
Azərbaycan əhalisi Moskvadakı Mərkəzi
Televiziyanın proqramlarına, "Intervideniye" və
"Evrovidenie"nin verilişlərinə baxmaq imkanı əldə
etdi.
Proqram saatının artırılması, qabaqcıl
texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq
olunması yeni teleqüllənin ucaldılmasını tələb
edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik
teleqüllənin tikilməsi üçün fəaliyyətə
başladı. Təməli 1981-ci ildə qoyulan yeni
televiziya qülləsi 1996-cı il iyunun
7-də istifadəyə verildi.
Hazırda Azərbaycan Televiziyasının
yaydığı verilişlərə tamaşaçılar
nəinki vətənimizin hər bir şəhər və kəndində,
ən ucqar yerlərində, həmçinin, dünyanın
bir çox ölkələrində də baxa bilirlər.
2004-cü ilin fevralından başlayaraq AzTV-nin
proqramlarının Avropa ölkələrində daha keyfiyyətli
yayımı təmin edildi. Bu məqsədlə
"Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri
Teleqüllə Kompleksində yeni rəqəmsal TV - Up-link
stansiyasını quraşdırdılar. İndi Azərbaycan
Televiziyasının verilişləri həmin stansiyadan Avropaya
"Hot Bird" və "SESAT", Şimali Amerikaya
"Galaxy 25", Asiyaya "Turksat 1C" peykləri vasitəsilə
yayılır.
BAKIDA
RƏNGLİ YAYIMA KEÇİD
1956-cı
il sentyabrın 2-nə qədər Bakı
Studiyası artıq 100-ə qədər bədii film göstərmişdi.
Bakılılar televiziya ilə "Sovet Azərbaycanı",
"Elm və texnika", "Xarici xronika", "Pioner"
adlı kino jurnallarına baxa bilirdilər. Moskvadan
və SSRİ-nin digər respublikalarından ölkəmizə
qonaq gələn sənət adamları tez-tez Bakı
Studiyasından çıxış edirdilər. İlk dövrdə Bakı Studiyası 30 kvadrat
metrlik iki otaqdan ibarət idi. Yarıdan
bölünmüş otaqların birində kino aparatları
quraşdırılmışdı, o birindən isə
diktorların və kiçik musiqi qruplarının
çıxışları efirə verilirdi.
1970-ci ilə qədər yerli efir məkanında video
texnikasının olmaması televiziyanın
inkişafını ləngidirdi. Yalnız 1970-1972-ci illərdə
çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə
aparıldıqdan sonra informasiya proqramlarında reportajların
göstərilməsinə başlanıldı. 1971-ci ildə istifadəyə verilən təkmilləşdirilmiş
"Kadr-2" video sistemi isə montaj üçün əlverişli
şərait yaratdı. 1970-ci ildən Moskva
televiziya proqramları rəngli yayımlamağa
başladı. Azərbaycan Televiziyası
isə 1973-cü ildən yalnız Bakıda rəngli
yayıma keçə bildi. 70-ci illərin
ortalarından KADR-3R videmaqnitofonundan istifadəyə
başlanılması keyfiyyətli elektron montajına şərait
yaratdı.
1970-1980-Cİ
İLLƏRDƏ VİDEOTEXNİKA EFİRƏ YOL AÇDI
1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına,
film istehsalı və müxtəlif proqramlarla Mərkəzi
Televiziyadakı çıxışlarına görə
SSRI-də 4-cü yerə çıxdı. Zaman
üçün ən qabaqcıl sayılan texniki vasitələr
televiziya məkanına yol açdı. Texniki
imkanların genişlənməsi verilişlərin keyfiyyətini
ildən-ilə yüksəltdi, yeni formalar axtarıb tapmaqda
kömək etdi. Video kameralarının
vasitəsilə çəkilişlər aparmaq, montaj etmək,
həm də birbaşa efirə çıxmaq mümkün
oldu.
Hazırda isə Azərbaycan Televiziyası rəqəmsal
istehsalata keçmək üzrədir.
MÜƏLLİF
VƏ REJİSSOR AXTARIŞLARI
İlk
illərdə "Azərbaycan bəstəkarlarının
portretləri", "Ədəbiyyat və incəsənət",
"Azərbaycan ədəbiyyatının klassikləri",
"Görkəmli səhnə ustaları",
"Bakının teatr və konsert salonlarında",
"Lenin mükafatı laureatları", "Məktəb və
həyat", "Xalq drujinaçısı", "Bizim
qonaqlarımız", "Festival qarşısında" və
s. bu kimi verilişlər efirə çıxırdı.
1958-ci ildən başlayaraq, proqramlarda publisistik janra
üstünlük verildi, reportajların sayı artdı. Bayram tədbirlərindən,
iclaslardan, görüşlərdən birbaşa yayımlar
reportajları zənginləşdirən amilə
çevrildi. 60-cı illərin sonundan
proqramların texniki təminatının
yaxşılaşdırılması ilə yanaşı,
maraqlı müəllif və rejissor axtarışları da nəzərə
çarpırdı. 1960-70-ci illərdə yerli
televiziyada "Odlar diyarı", "Dostluq", "Zaman və
biz", "Yaddaş: Tarixin səsi" "Sənayemizin
üfüqləri", "Tələbə klubu",
"Şən və hazırcavablar klubu" kimi verilişlər
yaranmışdı.
1960-cı
il dekabrın 31-də ilk dəfə
"Sizinlə birlikdə" Yeni il proqramı nümayiş
olundu. Canlı efirdə 2 saatdan artıq davam edən
verilişdə musiqi, müsahibə, təbriklər, səhnəcik,
bir neçə müəssisədən çəkilmiş
süjet və söhbətlərdən istifadə edildi.
Proqramın müəllifi və rejissoru Kərim
Kərimov, aparıcısı isə xalq artisti Möhsün Sənani
idi.
70-ci illərin
sonunda ekranda "Insan və qanun", "Ədəbiyyat və
zaman" "Valideynlər, sizin üçün",
"Hünər", "Tələbə klubu"
"Sağlamlıq", "Incəsənət",
"Hekayə axşamı", "Yumoristik novellalar",
"Necəsən, gənc dost?", "Yeddinci qitə",
"Yaşıdlar", "Məktəblilərin rəqs
salonu", "Kamillik" kimi maraqla izlənən verilişlər
vardı.
80-ci illərdə Azərbaycan Televiziyasında 50 adda
veriliş yayımlanırdı. Onların arasında
"Günün ekranı", "Aşkarlıq", "Sizin
istəyinizlə", "Arzular", "Səhər
görüşləri", "Komediyalar aləminə səyahət",
"Dialoq", "Dalğa",
"Açıq-aşkar", "Aktual söhbət",
"Publisist" kimi verilişlər tamaşaçılar
arasında böyük rəğbət doğurmuşdu.
AZƏRBAYCAN
TELEVİZİYASI ÜÇÜN SINAQ DÖVRÜ
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin
başlanması Azərbaycan Televiziyası üçün əsl
sınağa çevrildi. Kommunist
Partiyasının nəzarəti altında fəaliyyət
göstərdiyindən və SSRI daxilində başlayan
münaqişəyə hazır olmadığından Azərbaycan
Televiziyası informasiya siyasətini düzgün qura bilmədi.
Separatçıların Xankəndidə keçirdiyi fasiləsiz
mitinqlər barədə qısa xəbəri Azərbaycan
Televiziyası yalnız 10 gündən sonra -
"yuxarı"nın icazəsi ilə
"Qarabağda yaranmış durum" adı altında efirə
verdi. Sov.IKP Mərkəzi Komitəsinin baş
katibi Mixail Qorbaçovun və Mərkəzi Komitə üzvlərinin
Azərbaycana qarşı tutduqları ədalətsiz
mövqeyə qarşı Bakıda başlayan kütləvi
nümayişlər zamanı da meydandan birbaşa yayıma TV
iki gün gec başladı. Bu isə AzTV rəhbərliyinin
Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun iradəsinin
əleyhinə çıxması nəticəsində
mümkün oldu. Azərbaycan
Televiziyasının əməkdaşları da xalqla birlikdə
Qorbaçovun anti-Azərbaycan siyasətinə və Azərbaycanın
o zamankı rəhbərliyinin milli maraqlardan uzaq olan
davranışına və addımlarına qarşı
çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq
hüquq normalarına əməl edilməsini, erməni
separatçılarının qanunsuz hərəkətlərinin
qarşısının alınmasını tələb
edirdi. Azərbaycan Televiziyası ilə
çıxış edən siyasi icmalçılar Kremlin Azərbaycana
qarşı apardığı siyasətin mahiyyətini,
respublikamızda yaranmış idarəolunmaz ictimai-siyasi vəziyyəti,
xalqın haqlı tələblər irəli
sürdüyünü cəsarətlə dilə gətirirdilər.
Moskvadan gələn emissarların Azərbaycan Televiziyası
vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi
və fövqəladə vəziyyət elan etməyəcəyi
barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan
Televiziyasının enerji bloku partladıldı.
Azərbaycan Televiziyasının yayımını
yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz
efirə çıxan diktor Rafiq Hüseynov 131 dinc oğlu və
qızı sovet ordusu tərəfindən qətlə yetirilən
xalqımıza başsağlığı verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan
dövlət müstəqilliyini elan etdi. Azərbaycan
Televiziyası əyalət telekanalından müstəqil
dövlətin əsas televiziyasına çevrildi.
1993-cü
il iyunun 4-də Gəncədə cərəyan
edən hadisələr zamanı əhalinin düzgün məlumatlandırılması
baxımından televiziya çox mühüm rol oynadı. Məlum
hadisələr zamanı Bakıya dəvət olunmuş
Ümummilli Lider Heydər Əliyev müsahibələrinin, bəyanatlarının,
Milli Məclisin iclaslarının canlı yayımına
üstünlük verdi.
"Talış-Muğan Respublikası" separatizmi, 1994-ci il oktyabr, 1995-ci il mart hadisələri zamanı
da Heydər Əliyev Azərbaycan Televiziyası vasitəsilə
ictimaiyyətlə birbaşa ünsiyyət qurdu. Bu
böyük siyasətçi dövlətimizə
qarşı məkrli plan hazırlayanların bütün əməllərinin
necə məharətlə alt-üst edildiyini bütün
ictimaiyyətə nümayiş etdirirdi. 1994-cü il oktyabrın 4-də Ulu Öndər Heydər
Əliyevin televiziya ilə xalqa müraciət etməsi nəticəsində
yüzlərlə insan, o cümlədən müxalifətçilər
də Prezident Aparatının qarşısına
yığışaraq ölkə Prezidentinin siyasi kursunu
müdafiə etdiklərini birmənalı şəkildə bəyan
etdilər.
Xronoloji ardıcıllığa nəzər saldıqca,
görürük ki, Azərbaycan Televiziyası ölkə
teleməkanının formalaşmasında böyük rol
oynayıb.
Sonrakı illərdə Azərbaycan Televiziya və Radiosunda
yetişən peşəkar televiziyaçılar
"Lider", "Speys", "ITV" və digər
kanallarının yaradılması prosesində
yaxından iştirak etmişlər. Bu gün
dünya ölkələrində Azərbaycan
Televiziyasının proqramları yayımlanır. Tarixi yol Azərbaycan Televiziyasının
inkişafına böyük yollar açdı.
"MUĞAM
TELEVİZİYA MÜSABİQƏLƏRİ"
AzTV-nin bütün layihələri həmişə
böyük rəğbətlə qarşılanıb. Bu sırada mədəniyyət
layihələrini də xüsusi vurğulamaq yerinə
düşər. Heydər
Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti
Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə
keçirilən, muğam sənətini yaşatmağa, gənc
istedadları üzə çıxarmağa xidmət edən
"Muğam televiziya müsabiqələri" ölkəmizdən
kənarda da böyük tamaşaçı sevgisi qazanıb.
Bu, hər şeydən əvvəl, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
danılmaz xidmətidir. AzTV bu "SMS"siz
yarışma ilə ilk dəfə muğamların həm tədrisinə,
həm də maarifləndirməyə doğru bir addım
atdı. Hər yarışdan əvvəl
dünyasını dəyişmiş korifey sənətkarların
ifasını səsləndirmək bir tərəfdən gənc
ifaçıları məlumatlandırmaq məqsədi
daşıyırdısa, digər tərəfdən
muğamın, əsl sənətkarın əbədiyaşarlığını
göstərmək idi. Bu müsabiqə sərhədləri
aşan, dinindən, dilindən asılı olmayaraq milyonlarla
insanın qəlbini ovsunlayan Azərbaycan muğamının təntənəsi
və qələbəsidir. Müsabiqənin
bir qalibi var, o da Azərbaycan muğamı və ona dəyər
verən dövlət.
60 il əvvəl yaranan Azərbaycan Televiziyası bu gün artıq tamam başqa bir görkəmdədir. Kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı kanalın uğurlu dövrünü yaşayır. 2010-cu ildə, AzTV-nin 55 yaşının tamamında onun nəzdində Azərbaycan ziyalılarının və sənətçilərinin çoxdankı arzusu olan "Mədəniyyət" kanalı ilk dəfə tamaşaçıların görüşünə gəldi. Bu kanalın ərsəyə gəlməsi Prezident İlham Əliyevin mədəniyyətimizə qayğısının daha bir təzahürüdür. Bu gün "Mədəniyyət" kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır. Bu kanalın verilişlərini izlədikcə, bir daha bu qənaətə gəlirsən ki, mədəniyyətimizin elə parlaq inciləri var ki, onlar yüz illər sonra da Azərbaycanı yüksək mərtəbədən təmsil edə bilər.
"İDMAN AZƏRBAYCAN" TELEKANALI
Azərbaycan Televiziyasının son illərdəki daha bir uğuru 2009-cu il fevralın 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalıdır. Bu kanal idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "İdman Azərbaycan" Televiziyasının fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin sübutudur. Artıq "İdman Azərbaycan" Televiziyası efir məkanında öz yerini çoxdan təsdiqləyib və fəaliyyət göstərdiyi 7 ildə dövlətimizin idman siyasətinə uğurla xidmət edir. Kanal dünyanın hər yerindən bütün növ idman yarışlarını, müxtəlif çempionatları birbaşa, özü də yüksək peşəkarlıqla yayımlayır, idman xəbərlərini operativliklə tamaşaçılara çatdırır. Hər gün kanalda tamaşaçılara canlı xəbər buraxılışları, orijinal verilişlər, beynəlxalq və ölkədaxili yarış və turnirlər təqdim edilir, çempionatlar canlı yayımlanır. "İdman Azərbaycan" kanalı dünyada yeganə idman kanalıdır ki, heç bir ödəniş olmadan tamaşaçılarına idmanın bütün növləri üzrə proqramlar təqdim edir və açıq yayımdadır.
Bu gün efir məkanında öz sözünü deyə bilən, uğurlara imza atan Azərbaycan Televiziyanın 60 yaşını qeyd edirik. Böyük və ali məqsədə çatmaq üçün uzun bir yola çıxan Azərbaycan Televiziyasının kollektivini təbrik edir, daha əlçatmaz uca zirvələr fəth etməsini arzulayırıq.
ZÜMRÜD
Səs.-
2016.- 4 noyabr.- S.8-9