Beynəlxalq və milli hüquqda insan hüquq və azadlıqlarının müdafiəsi problemi

Müasir beynəlxalq və dövlətdaxili hüquqda ən mühümaktual məsələlərdən biriinsan hüquq və azadlıqlarının qorunmasıdır. İnsan hüquqları ilə ədaqədar məsələlərin, bilavasitə beynəlxalq hüquq çərçivəsində öyrənilməsinin özü bu problemə bəşəriyyətin diqqətlə yanaşması ilə əlaqadardır. İnsan hüquqları sahəsində kifayət qədər beynəlxalq müqavilələr sisteminin yaradılması bir daha bunu sübut edir. BDU-nun "Beynəlxalq hüquqxarici ölkələrin dövlət hüququ" kafedrasının dosenti İ.Ə.Əliyev yazır: "Lakin problemin beynəlxalq hüquq çərçivəsində öyrənilməsi heç də dövlətdaxili hüququn rolunu azaltmır. İnsan huquqları sahasində beynəlxalq və dövləldaxili huquq normalarının qarşılıqlı əlaqələrinin təhlili zamanı belə nəticəyə gəlmək olar ki, bu normalar qarşılıqlı əlaqələr fəaliyyət göstərməklə, bir-birinə kifayət qədər ciddi təsir göstərir. Belə ki, insan hüquq və azadlıqları sahəsində beynəlxalq hüquq normalarının konstitusion təsbiti ilə yanaşı, onların faktiki tətbiqi də çox zəruridir. Başqa sözlə desək, beynəlxalq hüquq normalarının səmərəlilik dərəcəsi həlledici dərəcədə onların realizə dərəcəsindən asılıdır.

Dövlətdaxili hüquq beynəlxalq hüquqla elə uzlaşdırılmalıdır ki, sonuncunun həyata keçirilməsini təmin etsin. Bu sahədə beynəlxalq hüququn aparıcı rol oynaması, həmçinin, beynəlxalq hüquq normalarının müxtəlif sahələrdə beynəlxalq hüququn əsas subyektləri kimi dövlətlər tərəfindən razılaşdırılmış iradələri kimi yaradılması ilə izah edilir. Əsas insan hüquqlarının beynəlxalq hüquq normaları tərəfindən müəyyən edilməsini xatırlamaq da bu zaman kifayətdir. Eyni zamanda, bu xüsusiyyətləri nəzərə alaraq, beynəlxalq hüququn milli qanunvericiliyin təkmilləşdirilməsi faktoru kimi çıxış etməsi tam əsaslıdır. Belə ki, hüquq ədəbiyyatlarında haqlı olaraq qeyd edilir ki, beynəlxalq hüquq milli hüquq sistemlərinin normal fəaliyyət göstərməsi üçün, onların inteqrasiyası üçün əlverişli şərait yaradır və ya beynəlxalq hüquq olmadan milli hüquq sistemlərinin zənginləşməsini təsəvvür etmək çətindir. Qeyd etmək yerinə düşərdi ki, implementasiyasının mühüm formaları nəinki dövlətin hüquq sistemindən, həmçinin, beynəlxalq normanın hüquqi xarakterindən asılıdır. Bu məsələləri təhlil edən L.H.Hüseynov qeyd edir ki, beynəlxalq hüquq müddəalarının implementasiyası, yəni həyata keçirilməsi, prinsip etibarilə yalnız milli qanunvericiliyinmilli məhkəmənin iştirakı ilə mümkündür. Bu tələbin yerinə yetirilməsinin forma və vasitələrinin seçilməsi hər bir dövlətin öz konstitusiya qanunvericiliyində və praktikasında müəyyən olunur".

İnsan hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq hüququn əhəmiyyətli rol oynaması digər hallarla da tam əsaslandırıla bilər. Belə ki, dövlətlərin insan hüquqları sahəsində öz üzərlərinə götürdükləri öhdəlikləri nəzərə alaraq, bu problem daim beynəlxalq hüququn diqqət mərkəzində olacaqyeni normaların qəbul edilməsi ilə bu sahədə əməkdaşlıq inkişaf edəcəkdir. Bunları tədqiq edərkən, V.E.Çirkin qeyd edir ki, müasir şəraitdə şəxsiyyətin, müəyyən aspekilərdə isə vətəndaşın da bütün statusunun bir sıra mühüm əsasları əhəmiyyətli dərəcədə beynəlxalq hüquqla, onun ümumtanınmış prinsip və normaları ilə müəyyən edilir. İnsan hüquqlarının xüsusiyyətini tədqiq edən V.A.Kartaşkin qeyd edir ki, bu sahə özünün spesifik xüsusiyyətləri və hüquqi tənzimetmə metodunun xarakterik qeydləri, dövlətdaxili hüquqla sıx bağlılığı, müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyəti və çoxlu digər xüsusiyyətləri, məsələn, dövlətlərin beynəlxalq sazişlərlə öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi məqsədilə nəzarəti müəyyən edən beynəlxalq mexanizmlərin yaradılması və formalaşması ilə fərqlənərək, beynəlxalq hüququn digər sahələri içərisində xüsusi yer tutur. V.M.Şumilovun fikrincə, beynəlxalq hüquq uzun müddət dövlətlərin daxili səlahiyyətinə daxil olmuşya daxil olan məsələlər hesabına obyektiv tənzimetmə sferasını daim genişləndrir. Bu zaman beynəlxalq hüquq əhəmiyyətli dərəcədə insana müraciət edir ki, bu da insan hüquqlarının beynəlxalq hüquqi tənzimində baş verən dəyişikliklərlə xarakterizə olunur.

Hüquq ədəbiyyatında göstərilir ki, insan hüquqları sahəsində çoxlu sayda beynəlxalq sazişlərdə iştirak edən dövlətlər "Pacta sund servanda" prinsipinə uyğun olaraq onları vicdanla yerinə yetirməli və bu məqsədlə də beynəlxalq öhdəliklərin realizəsi üçün dövlətdaxili tədbirlər həyata keçirməlidirlər. İnsan hüquqları üzrə ATƏT-in 1991-ci il Moskva toplantısında iştirakçı-dövlətlər bəyan etmişlər ki, insan hüquqları "bütün dövlətlərin" bilavasitə və qanuni qayğısıdır və maraqlı dövlətin daxili səlahiyyətinə müstəsna olaraq aid deyildir". Bütün dövlətlər insan hüquqları sahəsində beynəlxalq hüqüqun ümumtanınmış prinsip və normalarına, o cümlədən, dövlətin özünün bu sahədə beynəlxalq öhdəliklərinə əməl etməyə borcludur. Başqa sözlə desək, hüquq ədəbiyyatında qeyd edildiyi kimi, hər bir dövlətin insan hüquqlarına hörmət və əməl etmək öhdəliyi, bilavasitə müasir beynəlxalq  hüququn əsas prinsiplərindən biri olan insan hüquqlarına hörmət etmək prinsipindən irəli gəlir. İnsan hüquqlarına hörmət prinsipinin məzmunu isə, ilk növbədə, dövlətlərin onların yurisdiksiyası sferasında yerləşən bütün şəxslərə münasibətdə hər hansı diskriminasiya olmadan bu hüquqlara hörmət və əməl etmək öhdəliyi təşkil edir. Bununla da insan hüquqları sahəsində dövlətlərin üzərinə mühüm öhdəliklər qoyulurbu öhdəliklərin yerinə yetirilməsinə nəzarət edilir. Bundan başqa, müasir beynəlxalq hüququn inkişafı həmin normaların dövlətdaxili münasibətlər sferasında təsbit edilməsi ilə xarakterizə olunur ki, bu da beynəlxalq hüquq normalarına hörmət prinsipi əsasında həyata keçirilməlidir.

Ə.İ.Əliyevin fikrincə, müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsi istiqamətində bir sıra addımlar atmışdır. Belə ki, Azərbaycan Respublikası bir tərəfdən insan hüquqları sahəsində qəbul edilmiş mühüm beynəlxalq müqavilələrə qoşulmuş, digər tərəfdən isə bu sahədə beynəlxalq standartlara uyğun olaraq öz milli qanunvericiliyini yaradır. Bu istiqamətin özü Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda apardığı fəaliyyətlə sıx bağlıdır və son nəticədə, milli qanunvericiliyin daha da təkmilləşdirilmiş şəkildə formalaşmasına gətirib çıxarır. Hələ 18 oktyabr 1991-ci il tarixli "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında (19-cu maddədə) AR Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etdi. Bu, sonradan 12 noyabr 1995-ci il tarixli ümumxalq səsverməsi (refereudumu) yolu ilə qəbul edilmiş və 24 avqust 2002-ci il tarixdə ümumxalq səsverməsi (referendumu) yolu ilə bir sıra dəyişikliklər edilmiş AR Konstitusiyasında daha da inkişaf etdirilmişdir. Belə ki, AR Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsi AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələri AR-in qanunvericilik sisteminin tərkib hissəsi kimi müəyyən edir. Göründüyü kimi, AR beynəlxalq hüquq normalarının implementasiyası zamanı inkorporasiya yolunu seçmişdir. Eyni zamanda, AR Konstitusiyasının 151-ci maddəsində birbaşa göstərilir ki, AR-in qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (AR Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) AR-in tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

İnsan hüquqlarının müdafiəsi istiqamətində AR Konstitusiyasının 12-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Belə ki, 12-ci maddənin 1-ci hissəsində dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi göstərilirsə, 12-ci maddənin 2-ci hissəsində isə qeyd edilir ki, bu konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Beləliklə, insan hüquqlarının qorunmasını dövlətin ali məqsədi hesab edən konstitusiyada beynəlxalq hüquq normalarının primatlığını qəbul edən kifayət qədər müddəalar vardır. Bununla da, AR-də dövlət tərəfindən öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərin milli-hüquqi implementasiyası üçün adekvat konstitusion əsas yaradılmışdir.

İnsan hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası tərəfindən kifayət qədər digər normativ-hüquqi aktlar da qəbul edilmişdir. İnsan hüquqları amili Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev fəaliyyətinin əsası olmuşdur ki, bu da, bilavasitə onun təşəbbüsü ilə kifayət qədər normativ sənədlərin qəbul edilməsi ilə nəticələnmişdir. Mühüm beynəlxalq təşkilatlarda aparılan uğurluideal fəaliyyət Azərbaycan Respublikasının insan hüquqları istiqamətində də düzgün siyasətini bir daha sübut edir. İnsan hüquqları sahəsində, bilavasitə Ümummilli Lider tərəfindən verilən fərman və sərəncamlarda bu prinsiplər daha da inkişaf etdirilmişdir. Belə ki, 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" AR Prezidentinin Fərmanı buna misal göstərilə bilər. Bu Fərmanla əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsi üzrə bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Məsələn, insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının hazırlanması; insan hüquq azadlıqlarının müdafiəsini həyata keçirən təsisatların yaradılması və bu hüquqların qorunması sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi; insan hüquqları sahəsində fəaliyyət göstərən müvafiq qurumlar və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq, insan hüquqları sahəsində AR-in tərəfdar çıxdığı beynəlxalq sazişlərin tam və səmərəli həyata keçirilməsi üçün müvafiq təşkilati və digər tədbirlərin görülməsi; insan hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə müvafiq tədqiqat və təhsil proqramının öyrənilməsi üçün mütəxəssislərin iştirakının təmin edilməsi və s. Hüquq ədəbiyyatında daha sonra düzgün olaraq qeyd edilir ki, insan hüquqları probleminə beynəlxalq hüququn diqqəti, o cümlədən, təsiri daim inkişafdadır.

Yuxarıda göstərilənlərlə tam razılaşaraq belə qənaətə gəlmək olar ki, dövlətlər qarşısında duran əsas və birinci dərəcəli vəzifələrdən biri insan hüquq və azadlıqları sahəsində beynəlxalq hüquq normalarının realizəsi üçün zəruri şəraitin yaradılmasıdır. Hal-hazırda, bu, Azərbaycan Respublikası qarşısında da əsas vəzifə kimi dayanır.

Beləliklə, insan hüquqları probleminin təhlili hər bir dövlət timsalında olduqca əhəmiyyətlidir. Bu isə, həmin sahədə araşdırmalara daha geniş yer verilməsini zəruri edir. Lakin ayrı-ayrı məqalələr istisna olmaqla Azərbaycan dilində bu istiqamətdə tədqiqatların, demək olar ki, olmaması bu məsələlərin Azərbaycan cəmiyyətində mənimsənilməsini çətinləşdirir. Beləliklə, insan hüquqları probleminin ətraflı tədqiqində ortaya çıxan məsələlərin bir qədər müqayisəli şəkildə öyrənilməsi qərarına gəlmişik.

İnanırıq ki, Azərbaycan Respublikasında kifayət qədər fundamental əsərlər ortaya qoyulana qədər təqdim olunmuş rus dilindən tərcümə variantı qismində olan dərslik ölkəmizin insan hüquqları sahəsində elmipraktik sahədə olan boşluğun aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaqdır. Eyni zamanda, tərcümə ilə əlaqədar istənilən bütün qeydləri və arzuları da məmnuniyyətlə qəbul etməyə hazırıq.

 

Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 8 noyabr.- S.15