Ölkəmizin təhsil sistemi yeni inkişaf mərhələsindədir
2016-cı ilin 9 ayında bütün mənbələr hesabına, ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib
Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub-saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır.
2016-cı ilin doqquz ayı ərzində Azərbaycanın təhsil sisteminin də inkişafı davam etdirilib, mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib. Son bir il ərzində Təhsil Nazirliyi tərəfindən 2500 şagird yerlik 10 məktəb binası və ailə tipli 1 kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2 peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı və cari təmir işləri aparılıb. 2016-cı ilin 9 ayında bütün mənbələr hesabına, ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib.
Bu ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır. Nazirlər Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti ildə tələb olunan vəsait ayrılacağı təqdirdə, şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.
Məlumdur ki, məktəbə hazırlıq mərhələsi uşaqların gələcək təhsil nailiyyətlərində müstəsna əhəmiyyət daşıyır. 2014-cü ildə Bakıda pilot layihə kimi başlanan məktəbə hazırlıq qruplarının fəaliyyəti bu ildən ümummilli proqrama çevrilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il ölkə üzrə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbə hazırlığa cəlb edilməsi nəzərdə tutulur. 2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində aparılan islahatların nəticəsidir ki, ümumi təhsilin keyfiyyət göstəricilərində üç il ardıcıl olaraq müsbət dinamika təmin olunur. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 2016-cı ildə 67 faizədək artıb. Bu artım ölkə üzrə əksər rayonlarda, xüsusən, əvvəlki dövrdə davamlı olaraq aşağı nəticələr göstərən bölgələrdə də qeydə alınıb. Nəticələri orta respublika göstəricilərindən aşağı olan rayonlarda isə xüsusi layihə həyata keçiriləcək. Ötən illə müqayisədə imtahanlarda müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz artım müşahidə edilib.
Bu irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verir. Belə ki, 200-dən çox bal toplayan abituriyentlərin mütləq sayı 34 min 475 nəfər təşkil edib ki, bu da ötənilki göstəricidən təxminən 4 faiz, 2014-cü ildəki göstəricidən isə 9 faiz artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb.
2016-cı ildə mülki ali təhsil müəssisələrinə bütün ixtisas qrupları üzrə rekord sayda - 35 min 304 nəfər tələbə qəbul edilib. Bu göstərici ötən illə müqayisədə 2 min 235 nəfər və ya 6,7 faiz çoxdur. Qəbul olanların sayının yüksəlməsi məktəb təhsilinin keyfiyyətinin və vətəndaşlarımızın şüurunda təhsilin bir dəyər kimi əhəmiyyətinin artdığını təsdiqləyir.
Mürəkkəb iqtisadi şəraitin hökm sürdüyü bir dövrdə müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi 2017-ci ildə də davam etdirilərək, daha 26 rayonu əhatə edəcək və beləliklə, əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq.
Görülən tədbirlər pedaqoji fəaliyyətə marağı da xeyli artırıb. Belə bir şəraitdə ümumtəhsil müəssisələrinə direktorların və müəllimlərin işə qəbulu üzrə qaydalar obyektivlik və şəffaflıq baxımından daha da təkmilləşdirilib. İlk dəfə olaraq məktəb direktoru vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə əsasında keçirilib, yerli icra hakimiyyəti orqanlarının rəyi də nəzərə alınaraq 232 nəfər direktor təyin olunub.
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün rekord sayda - 32 min nəfər elektron ərizə ilə müraciət edib. Həmin rəqəm 2013-cü ildə müəllim olmaq istəyənlərin sayından 2 dəfə çoxdur. Müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Müsabiqənin nəticələrinə görə, 2 min 413 nəfər müəllim adını qazanıb.
Məktəblilərə paylanılan 261 adda 6 milyon 623 min nüsxədə dərsliklərin hamısının nəşri ölkəmizdə həyata keçirilib. Eyni zamanda, son üç ildə təhsil müəssisələrinin büdcədənkənar gəlirlərinin 60 faiz artırılmasına nail olunub. Ölkəmizin ali təhsil sistemində də institusional dəyişikliklər davam etdirilib. Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədilə Qazaxda Bakı Dövlət Universitetinin, Zaqatalada isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialları təsis olunub.
Son illər ölkəmizdə xarici dildə tədris aparan ali təhsil müəssisələrinin və burada təhsil alan gənclərimizin sayının artması xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan 4200-dən çox əcnəbi tələbə üçün əlverişli şərait yaradılıb. Xarici dildə təhsil məzunlara əmək bazarında əlavə şanslar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyaslı təhsil mərkəzinə çevrilməsinə də xidmət edir.
Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış və hazırda 12 ali təhsil müəssisəsinin iştirak etdiyi “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan tələbələrə ilk təhsil kreditlərini təqdim edib. Layihənin innovativliyi ondan ibarətdir ki, fond dövlət büdcəsindən vəsait cəlb etmədən həmin kreditləri maliyyələşdirir.
Bakıda yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələrin ehtiyacı nəzərə alınaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə bütün dövlət ali məktəblərinin tələbələri üçün 1000 yerlik yataqxananın tikintisi həyata keçiriləcək. Artıq bununla bağlı layihələndirmə işlərinə başlanılıb.
Bir sözlə, Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sektorunda da inkişaf prosesi davam etməkdədir. Prezident İlham Əliyevin qərarları, tapşırıqları, fərman və sərəncamları bir daha sübut edir ki, ölkəmiz böhrana baxmayaraq, tərəqqi yolundadır və bu yolundan dönməyəcək.
Səs.-
2016.- 11 noyabr.- S.3