İNSAN HÜQUQU PROBLEMİNİN TARİXİ

İnsan hüququ problem kimi 2-2,5 minillik tarixə malik olduğu halda, termin kimi təxminən 200-300 il bundan əvvəl yaranmışdır. Bu termin yarandığı gündən bu günə qədər, xüsusilə, tərəqqinin hərəkətverici qüvvəsinə çevrildikdən sonra, təzyiqlərə və tənqidlərə məruz qalmışdır. Buna görə bu məqalədə təkcə insan hüquqları müdafiəsi hərəkatı barəsində deyil, insan hüquqları anlayışının fəlsəfi və etik analogiyaları kimi qəbul olunmuş azadlıq, vətəndaş hüquqları, ədalət kimi məfhumlar naminə aparılan mübarizə də əks olunub.

"Siyasi hüquq", "insanların bərabərliyi", "təbii qanun", "təbii hüquq" kimi ifadələr ilk dəfə Qədim Yunanıstanda səslənmişdir. Lakin "mənim hüququm var..." ifadəsi işlədilmişdi. İnsanlar ancaq deyə bilərdilər ki, nəyisə necəsə düzgün etmək olar. İnsan hüququ anlayışına da münasibət müxtəlif dövrlərdə müxtəlif cür olmuşdur. Platononun davamçılarına görə, hər bir fərd cəmiyyətin marağına tabe olmalıdır. Bəziləri azad insanın həyatı nanminə cəmiyyəti inkar edirdi. Digərləri isə ümumi rifah xatirinə həm cəmiyyətin və həm də ayrı-ayrı fərdlərin mənafeyini nəzərə almağı tövsiyə edirdi.

A.Abdullayeva və S.Əbdülvahabova yazırlar: "E.ə. V əsrin ortalarında Periklin başçılıq etdiyi demokratlar partiyası aristokratlar partiyası ilə mübarizədə qələbə çaldı. Demokratiya ideyalarına sadiq qalan Periklin bütün siyasi fəaliyyəti Afina əhlinin xeyrinə tədbirlər görməyə yönəldilmişdi. Onun məşhur bir kəlamı indiyədək qalır: "Biz qısa müddətdə yaradırıq, ancaq qısa müddət üçün yox". Strateq olmazdan əvvəl Periklin verdiyi "Təmiz vətəndaşlıq haqqında" qanuna görə geniş hüquqlardan yalnız Afina vətəndaşları - əslən, ata-anası afinalı olanlar istifadə edə bilərdilər. Onlar isə AfinaAfrika əhalisinin 1/10 hissəsini təşkil edirdi. Bu, Afina demokratiyasının məhdudluğunu aydın göstərir."

Siseron "Dövlət haqqında" əsəsında təbii qanun haqqında belə demişdir: "Əsl qanun düzgün istifadə edilmış ağlın məhsuludur. Qanun təbiətlə ahəngdar olub, hər bir yerdə mövcuddurdaimidir. O, borcun yerinə yetirilməsinə çağırır, cinayət və məkrdən qorxaraq qaçır. Nə senatın,  nə də xalqın iradəsilə heç kim onları üzərinə qoyulmuş vəzifələrdən azad edə bilməz. Bu qanunlar dəyişə bilməz, güclərini itirə bilməz. Bütün xalqlar bütün dövrlərdə bu qanunlara tabe olmalıdır."

Əxlaqi imperativlər və qanun ilə təmin edilən hüquq (pozitiv) arasında həmişə mübahisələr olmuşdur. Bu mübahisələr hüququn mənbəyi və təbiətin nə olması sualına gətirir - onlar qanunvericinin iradəsini ifadə edir, yoxsa ali və şərtsiz xarakter daşıyır?

Hələ qədimdən hesab edirdilər ki, yer üzərindəki hökmdarların qanunlarından ali qanunlar mövcuddurbu qanunlar göylərdə müəyyənləşdirilir. Bu qanunlar nə dünən, nə bu gün yaranmışlar, onlar ölməzdirlər. Sofoklun "Antiqona" faciəsində aydın surətdə ali qanunlar ilə hökmdarın verdiyi qanunlar arasında ziddiyyət özünü aydın göstərir. Fiv padşahı Krenon döyüş meydanında ölən xain Poliniki dəfn etməyə icazə vermir. Polinikin bacısı Antiqona bu əmrə qarşı çıxaraq, qardaşını dəfn edir. Krenon Antiqonanı yanına çağıraraq qanunu niyə pozduğunu soruşanda, Antiqona deyir: "Fiv padşahlarının qanunlarından da ali qanunlar mövcuddur. "Krenon cavab verir: " Dövlətin qanunları var, onlara riayət edilməlidir, yoxsa ölkədə anarxiya hökm sürər. Anarxiyadan qorxulu isə heçyoxdur."

Həqiqətən, pozitiv qanunlara münasibət məsələsi insan hüququ konsepsiyasında ən mürəkkəb məsələlərdən biridir. Bütün dindarlar insan qanunlarından yüksək, ali bir təbii qanunun olduğunu, məhz Allahla əlaqələndirirdilər.

İnsan hüquqlarına aid ilk sənəd 1215-ci ildə İngiltərədə Magna Charta olmuşdur. Baronlar özləri üçün müəyyən muxtariyyət istəyərək, 63 maddədən ibarət Magna Charta - "Böyük Xartiya" adlı sənəd tərtib edərək, Krala təqdim etdilər. Sənəd, əsasən, torpaq mülkiyyətinə malik olan zadəgan və kilsə üçün faydalı olan hüquqları təmsil edirdi. Sonralar sənədin bəzi şərtləri İngiltərə sakinlərinin əksəriyyətinə aid edildi. İngiltərə tarixində bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, Kral ölkənin vacib işlərinin hamısının həllində baronlarla məsləhətləşməli və onların razılığını almalıdır. Sonrakı əsrlərdə sənəddəki müddəalardan çıxış edərək bəyan etdilər ki, bütün xalqı təmsil edən parlamentin razılığı olmadan heç bir qanun qəbul edilə bilməz.

İntibah dövründən sonra bəzi nəzəriyyəçilər, məsələn, Qrosiy, Müqəddəs Foma, Con Lokk "təbii qanun" haqqında daha müasir dildə danışmışlar. Lakin onların hərəsi bu qanunu bir cür başa düşmüşlər.

İngilis filosofu Con Lokka görə "təbii qanun" insanlara üsyan belə qaldırmağa imkan verir. Con Lokk "İdarəetmə haqqında iki traktat" əsərində yazır: "Təbii hüquq Allahın qanunu ilə eynidiro, bütün insanları yaşamaq, müəyyən azadlıqlara, mülkiyyət huququnaöz əməyinin bəhrəsinə sahib olmaq hüququ da daxil olmaqla, əsas hüquqlara təminat verir. Cəmiyyətin inkişafının ilk dövrlərində insanlar bərabər olub, yaşamaq, azadlıq və mülkiyyətə sahib olmaq kimi təbii hüquqlara malik olmuşlar. Lakin dövlətin mövcud olmadığı bir dövrdə bu huquqlar heçvermir. İnsanlar öz hüquqlarını təklikdə müdafiə edə bilməyib, müəyyən münaqişələrlə rastlaşıblar. İnsanlar cəmiyyəti yaratdılar, cəmiyyət də dövləti. Bu hüquqları cəmiyyətdə təmin etmək üçün adamlar öz hökumətləri ilə müqavilə bağlamalıdır. Ümumi rifah üçün vətəndaşlar qanuna tabe olacaqlarını öhdələrinə götürür, hökumət isə qanunları qəbul etmək və dövləti xarici təsirlərdən qorumaq hüququna malik olur. Əgər hökumət özbaşınalıq etsə, vətəndaşların rejimi devirmək və yeni hökumət yaratmaq hüququ vardır. Lokkun insan hüquqları barəsində universal görünən nəzəriyyəsində, əslində, Avropada əmlaka malik olan kişilərin hüquqları müdafiə olunmuşdur".

C.Lokkun ardıcıllarından olan fransız filosofu Monteskye çoxluğun iradəsi qaydasına əsaslanan demokratiyaya yox, idarə edilənlərin iradəsi qaydasına əsaslanan respublika idarəetməsinə inanırdı. Monteskye 1748-ci ildə çap etdirdiyi "Qanunların ruhu" əsərində səlahiyyətlərin icraedici, qanunverici və məhkəmə hakimiyyətləri arasında şəxsiyyət azadlığına təminat vermək vasitəsi kimi bölünməsinə və tarazlaşdırılmasına tərəfdar çıxmışdır.

Məlum olduğu kimi, "insan hüququ" nəzəriyyəsini Fransa burjua inqilabı ilə əlaqələndirirlər. İnqilabın ideoloji banilərı Volter Monteskye, Didro, Russo, Holbax, Kondorse başqaları olmuşlar. Onlar, həqiqi mənada, müasirlərinin şüurlarında dönüş yaratmışlar. Onların arasında XVIII  əsr fransız maarifpərvərlərinin banisi olmuş Volter xususi yer tutur. Volter öz əsərlərində, xüsusilə, "Fəlsəfi povestlər"ində dünyanı bütün rəngarənliyi ilə - müxtəlif millətlərə, dinlərə, irqlərə, sosial qruplara mənsub olan insanlar dünyası kimi göstərir o, ilk dəfə olaraq, onların hamısına eyni gözlə baxmağa çağırır. Ancaq xeyrlə şəri, ağıllı hərəkətlə ağılsız hərəkəti bir-birindən fərqləndirmək olar. İnsan kimliyindən asılı olmayaraq, ədalətli, azad, xeyirxah olmalıdır. Volter ictimai nöqsanların ciddi hakimi, yeni ideyaların carçısı olmuşdur. Volterin hamı üçün xoşbəxtlik ölkəsi saydığı Eldoradoda bütün insanlar eyni hüquqlu olub, var-dövlət içində yaşayırlar. Burada həbsxanalar yoxdur, heç kim məhkum olunmur.

Maraqlıdır ki, belə bir ölkəni Nizami XII əsrdə "İsgəndərnamə" poemasında təsvir etmişdir.

     A.Abdullayev S.Əbdülvahabova qeyd edirlər ki, XIX əsrə kimi Avropada "təbii qanun"a ümumi əxlaqi qanun kimi baxılmışdır. Sonralar bu yaddan çıxmış buna İkinci Dünya müharibəsindən sonra qayıtmışlar. 1945-ci ildə Nürnberq prosesində nasist rəhbərlərinə qarşı hökm çıxarılanda bu qanun nəzərə alınmışdır.

İnsan hüquqları ideyaları populyarlaşdıqca, bəziləri bu qanunların hamıya tətbiq edilə bilinməməsini sübut etməyə çalışırdılar. İmtiyazlara iddia edənlər irqi digər üstünlüklərə istinad edirdilər. Çox vaxt imtiyazlar güc hesabına əldə edilirdi. Lakin insan hüququ ideyasını qəbul edən hakim zümrə insan hüququ məntiqinə qarşı durmağa çətinlik çəkirdi. İnsan hüququ subyektinin dairəsinin genişlənməsi axırıncı iki yüzillikdə siyasi mübarizənin əsasını təşkil etmişdir.

İnsan haqlarının müdafiəsi uğrunda aparılan mübarizəyə misal olaraq XIX  əsrin ortalarında İngiltərədə çartist (xartiya) hərəkatını göstərmək olar. Çartistlərin tələbləri ümumi seçki hüququ, gününün azaldılması, əmək haqqının artırılması s. idi. Bu tələblər "Xalq xartiyası" adlı proqram sənədində öz əksini tapmışdı."

XIX əsrdə Avropanın əksər ölkələrində səs azadlığını kiçik varlı zümrə çərçivəsindən kənara çıxartmaq gərgin siyasi mübarizəyə səbəb olmuşdur. Fəhlələrin ədalətli əmək haqqına, öz təşkilatlarını yaratmaq hüquqlarına və həmçinin, təhlükəsiz insani əmək şəraitinə malikolma tələbləri, təkcə siyasi münaqişələrə deyil, çox vaxt zorakılığa da gətirirdi. Avropanın bir çox ölkələrində, bu, Birinci Dünya müharibəsinə qədər, Amerika Birləşmiş Ştatlarında isə daha gec dövrə qədər davam etmişdir. Müstəmləkəçilik sisteminə xas olan insan haqlarının pozulması 20-ci əsrin 50-ci, 60-cı, 70-ci illərində dünya siyasətinin gündəliyində əsas məsələlərdən biri olmuşdur. Axırıncı 30 ildə isə irqə və cinsə görə diskriminasiyaya qarşı mübarizə intensiv aparılır. Bütün bu şəraitlərdə məzlum qruplar malik olduqları hüquqlardan istifadə edərək onlara verilməyən bir çox hüquqların tanınmasına cəhd etmişlər. Məsələn, XIX əsrədək demokratiya yolunu tutmuş ölkələrdə heçbütün vətəndaşların seçki hüququ tanınmamışdır. Həmin cəmiyyətlərdə dövlət məsələlərinin həllində iştirak hüququ yalnız o şəxslərə verilirdi ki, onlar dövlətə vergi verirdilər. Bunun üçün isə onların mütləq mülkiyyəti olmalı idi. Heç bir mülkiyyəti olmayan insan nəyi isə itirməkdən çəkinmədiyindən, məsuliyyət hissindən məhrum olduğundan, ən əcaib, populist, macəraçı, ağılsız, təhlükəli və ziyanlı fikirlərə asanlıqla aludə ola bilər. Fəhlələr səs azadlığı, mətbuatdan istifadə etmək və təşkilat yaratmaq hüquqlarından istifadə edərək, seçkilərdə iştirakda var və əmlak senzinin götürülməsinə qarşı mübarizə aparmışlar. Səs vermək hüququ demokratiyanın güclənməsi prosesində ayrı-ayrı qruplardan bütün vətəndaşlara keçmişdir ki, buna bəzi ölkələrdə yüz illər, bəzilərində on illər lazım gəlmişdir. Ümumi səsvermə hüququ bir çox ölkələrdə güclü orta təbəqə formalaşmamışdan tətbiq edildiyi zaman böyük siyasi sarsıntılara və diktatura qurulmasına gətirmişdir. Əksinə, güclü orta təbəqəsi olan ölkələrdə ümumi seçki hüququnun tətbiqi demokratik quruluşun möhkəmlənməsinə və güclü tərəqqiyə təkan vermişdir.

    

VAHİD ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 17 noyabr.- S.15