III YUXU İ.V.STALİN

Atamın Stalinlə birgə gəlməsi mənim üçün gözlənilməz oldu. Düzü, gözlərimə inanmadım. Atamı kənara çəkib soruşdum. Stalin də səninlə birlikdə cənnətdədir. Atam dedi: oğul, o, nə cənnətdədir, nə də ki, cəhənnəmdə. 5-6 adam var ki, onları neytral bir zonada saxlayırlar. 10 dəfədən artıq məhkəməsi keçirilib, mələklərdən ibarət hakimlər kollegiyası bir qərarı gələ bilməyiblər. Onun neytral zonada işi-peşəsi ayaqqabı və çəkmələri təmir etməkdir. Deyir ki, yaxşı ki, atamdan bu sənəti öyrənmişdim. Yoxsa mən də Mikoyan kimi tualetləri təmizləməli olacaqdım. Dedim: ata, bəs onun Bakıya gəlməsinin məqsədi nədir? Dedi: onun məqsədi 1937-1938-ci illərdə xalq düşməni damğası ilə güllələnən və sürgün olunan adamların ailələri ilə görüşməkdir. Dedim: ay ata, o adamlar bunu görsələr, onu tikə-parça edərlər. Sən də qalarsan pis vəziyyətdə.

- Yox oğul, Stalin xahiş edir ki, o zaman nə qədər tutulan, öldürülən və Sibirə sürgün olunan adam varsa, onların qohum-əqrəbasını bir zala yığsınlar. Mənim onlarla ciddi söhbətim olacaq. Mən naəlac qalıb "İctimai" kanalın rəhbəri Cəmil Quliyevə zəng edib, əhvalatı ona danışdım və xahiş etdim ki, "İctimai" Televiziya vasitəsilə elan verilsin. İnsanlar saat 18.00-da "Azadlıq" prospektində Hicran kişinin "Sirli Bakı" kafesinə toplaşsınlar. Axşam elanından 1 saat sonra xeyli adam həmin kafeyə toplaşdı. Nəsimi polis idarəsindən iki polis əməkdaşı da dəvət etdim ki, işdi-qəzadı bir xoşagəlməz hadisə baş versə, sakitlik yaratsınlar. Düzü, çoxlu adam gəldi, məclis düzəldi. Mən çıxış edib camaata bildirdim ki, vaxtilə Koba ləqəbli sonra Sovet İttifaqındakı millətlərin atası hesab olunan İosif Stalin atamdan xahiş edib ki, məni azərbaycanlılarla görüşdür, onlara öz ürək sözlərimi çatdırım. Çünki onlar mənim dalımca çox xoşagəlməz sözlər danışıblar. İndi də gəlmişəm üz-üzə oturaq, mən bu sirri sizə açım. Ya özümə bəraət qazandırım, ya da ki, mənim ağzımnan güllə ilə vurun. Necə ki, mənim əmrimlə Sovet İttifaqı qəhrəmanı adı verdiyim akademik Ziya Bünyadovu bir kəlmə sözünə görə aradan götürənlər tapıldı. Xahiş edirəm, hər kəs ayağa qalxıb bir dəqiqəlik sükutla qəhrəmanın xatirəsini yad edək. Sonra Stalin dedi: bu yaxınlarda mələklər kollegiyası mənim qabağıma uzu-uzadı bir siyahı qoyub, bu adamların ölümünə bais olmağımı bildirdilər. İndi gəlin əyri oturaq, düz danışaq. 1932-ci ildə kolxoz quruluşu başlayan vaxtı varlı təbəqələr bu proqramı həzm edə bilmədilər. Onlar dağlara çəkilib, yeni hökumətlə davaya başladılar. Gecələr gəlib insanları öldürüb, taxıl zəmilərinə od vurub, kolxoza üzv yazılanlara qəsd edirdilər. Bu, bütün müttəfiq respublikalarda baş verirdi və hər gün mənə qorxulu xəbərlər gəlirdi. Mən də büro çağırıb, göstəriş verdim ki, o düşmən ünsürlərlə mübarizə aparın. Onları bir sinif kimi aradan götürün. Daha mən demədim ki, gedin Azərbaycan teatrında üzünə qrim çəkib "Otello", "Hamlet", "Romeo" rollarının mahir ifaçıları olan Abbas Mirzə Şərifzadəni, Ülvi Rəcəbi dövlət çevrilişində ittiham edib güllələyin. Yaxud deyirsiniz ki, Şərqin böyük Şekspiri olan şair-dramaturq Hüseyn Cavidi, mənə şeir həsr edən Mikayıl Müşfiqi, Azərbaycanın himnin yazan Əhməd Cavadı və minlərlə başqalarını mən öldürmüşəm. Mən 20 il bundan qabaq o dünyadan, Heydər Əliyev hakimiyyətdə olanda ondan xahiş etdim ki, qoy arxivlər açılsın, bu işləri görən əsl cinayətkarları xalq özü tanısın. Lakin o, respublikamızda xoşagəlməz hadisələrin baş verəcəyini nəzərə alıb, bu fikirdən vaz keçdi. Çünki o adamların övladları bu gün də yenə başındadılar. Vaxtilə mənə Naxçıvanın Nehrəm kəndindən bir qadın məktub yazıb göndərmişdi. Həlimə adlı bu qadının 20 yaşlı oğlunu çayxanada danışdığı bir sözə görə həbs edib Sibirə göndərmişdilər. Həmin Əli adlı oğlan demişdi ki, bu il hava quraqlıq keçəcək və taxıd qıtlığı olacaq. Onun bu sözünə siyasi məna verib, demişdilər ki, yəni sən deyirsən ki, Sovet İttifaqının adamları bu il ac qalacaq? Yaxud İçərişəhərdə yaşayan Mirmövsüm Ağaya hücumlar olunurdu ki, niyə insanlar sənin ziyarətinə gəlir. Hər gün Mirmövsüm Ağaya hücumlar olunurdu. Əhməd Bakıxanov adlı bir musiqişünas mənə məktub yazıb, xahiş etmişdi ki, yerli hakimiyyət orqanlarına tapşırıq verin ki, ona işgəncə verməsinlər. Mən həmin günü Mircəfər Bağırova zəng edib, həmin orqan işçilərini cəzalandırmağı tapşırdım. Mənim Azərbaycan xalqına hər zaman böyük hörmətim olub. Tiflisdə tez-tez gedib Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasına tamaşa edərdim. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinskinin bütün konsertlərinin iştirakçısı olmuşam. Özüm də evdə həmişə "Ay bəri bax" xalq mahnısını zümzümə edərdim. Mən sizin Müsavat hökumətinin başçısı Məmmədəmin Rəsulzadə ilə dost idim. O, məni dəfələrlə ölümdən xilas etmişdi. Sovet hökuməti qurulduqdan sonra mən onu Moskvaya işə dəvət etdim, sonra o öz arzusu ilə xaricdə yaşamağa üstünlük verdi. Böyük Vətən müharibəsi dövründə Mikoyan hey qulağıma pıçıldayırdı ki, Türkiyə dövləti Almaniya ilə müttəfiqdir. Onlar azərbaycanlılarla əlaqəyə girib, bizə arxadan zərbə vuracaqlar. Gəl azərbaycanlıları Qazaxıstana köçürüb, o əraziləri Ermənistan və Gürcüstan arasında bölüşdürək. Mən onun fitvasına getmədim. Mircəfər Bağırova inanıb, bu fikirdən onu yayındırdım. Hər zaman sizin xalqa nifrət bəsləyən Mikoyan məndən xahiş edirdi ki, gəlin Ali Sovetin Rəyasət Heyətinin iclasını çağırıb, 1915-ci ildə Türkiyədə baş verən erməni soyqırımını tanıyaq. Mən yenə də bu fikirlə razılaşmadım. Düşündüm ki, Gürcüstanla Türkiyə qonşu dövlətlərdir. Gələcəkdə bunun nəticəsi çox pis ola bilər. Bu gün də hər şey göz qabağındadır. Əgər Azərbaycan və Türkiyə olması idi, Gürcüstan bir dövlət kimi xəritədən silinə bilərdi. Xalqımızın xilaskarı sandığımız Heydər Əliyevin uzaqgörənliyi və oğlu İlham Əliyevin apardığı daxilixarici siyasət Gürcüstanı maddi və mənəvi cəhətdən dirçəltdi. Hələ Bakı-Qars dəmir yolu çəkildikdən sonra Gürcüstan dünya bazarlarına çıxa biləcək. 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə böyük yubileyi keçirilməli idi. Lakin Böyük Vətən müharibəsi başladığına görə həmin yubiley təxirə salındı. Mən bu yubileyi keçirməklə, bütün dünya xalqlarına çatdırmaq istəyirdim ki, Nizami Gəncəvi fars şairi yox, əsl Azərbaycan (türk) şairidi. Bu işdə mənim akademiklərlə, elm adamları ilə çox ciddi söhbətlərim olub. Müharibənin sonlarına yaxın Mircəfər Bağırov mənə çatdırdı ki, Amerikada erməni bir rejissor Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin motivləri əsasında film çəkib, öz adına çıxıb. Baxmayaraq ki, ölkə o vaxt dağılmış vəziyyətdə idi, mən göstəriş verib vəsait ayırdım və dedim ki, Azərbaycan Kinostudiyası bu filmi təcili çəksin. Filmi bir daha hörmətə mindirmək üçün  mən yaradıcı qrupa öz adımı daşıyan Stalin mükafatı verdim. Tez-tezözüm o filmə baxmaqdan məmnun olurdum, xoşlanırdım. Hələ 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri keçirilən vaxtı Üzeyir  Hacıbəyovun "Koroğlu" operasına heyranlıqla baxdım. Onu öz lojama çağırıb, təbrik etdim. O, mənim şifahi təqdimatımla Sovet İttifaqı Kommunist Partiyasının üzvü oldu və həmin əsər Stalin mükafatına layiq görüldü. Baxmayaraq ki, Üzeyir Hacıbəyov mənə dedi ki, mən Müsavat partiyasının üzvü olmaqla, həm də Azərbaycan Demokratik Respublikasının Himnini yazmışam. Mən onu bir sənətkar kimi, xalqa bağlı bir insan kimi və təkrarolunmaz istedad sahibi kimi onu bu münasibət ilə təbrik etdim. Stalin sonra dedi. Əziz azərbaycanlılar. Mən bu hadisəni danışmaqla sizə bildirdim ki, mənim ruhum hər zaman Azərbaycan səmasındadır. Qorxmadan-çəkinmədən arxivlərinizi açın. Onda kimin kim olduğuna özünüz şahid olacaqsınız. Yəqin ki, mənim də böyük səhvlərim və günahlarım olub. Bu böyük dövlətdə 30 il rəhbər vəzifədə işləmək zarafat deyil. Müxtəlif millətlər, xalqlar, dini görüşləri ayrı-ayrı olan vətəndaşları bir yerə yığıb, onlara rəhbərlik etmək və sonradan onların sevgisini qazanmaq hər rəhbərə nəsib olmur. Mən 30 il böyük bir dövlətin başçısı olsam da, ikiotaqlı kiçik mənzildə yaşadım. Heç bir ölkənin bankında 1 manat pulum olmadı. Öz doğma oğlumu müharibəyə göndərdim. Əsir düşdükdə isə onu fedmarşallara dəyişmədim. Köhnə kitelimi və yamaqlı çəkməmi təzəsi ilə əvəz etmədim. Böyük Vətən müharibəsinin ağır günlərində almanlar Moskvanın yaxınlığında olan vaxt mən Siyasi Büronu Kuybişyev şəhərinə göndərməklə, özüm Kremldən kənara çıxmadım. Müharibədən sonra böyük quruculuq işlərinə başladım. Hər il qiymətləri endirməklə xalqın qayğısına qaldım. Məndən sonra ölkəyə rəhbərlik edən Nikita Xruşşov öz sərsəm ağlı ilə sovet dövlətini yaradanları antipartiya qrupu adı ilə Kremldən uzaqlaşdırdı. Çünki ona özü kimi savadsız, səviyyəcə kasad insanlar lazım idi. Mən heç zaman şəxsiyyətpərəst olmamışam. Mən ancaq xalqın sevgisini və məhəbbətini qazanmışam. İndi üzümü sizə tuturam. Mənə nə sual verirsinizsə, buyurun. Mən əvvəlki Stalin olaraq qalıram. Hamı sükuta qərq oldu. Axırda Stalin dedi ki, mən bura gələndə, Mikoyan Azərbaycandakı qohumuna bir məktub çatdırmağı məndən xahiş etdi və hər kəs yer-yerdən səsləndi ki, xahiş edirik, yoldaş Stalin, bu məktubu açın, oxunsun. Məktubda yazılmışdı: "Əzizim Əkrəm Naibyan. O yazdığın "Daş yuxular" kitabın cəhənnəmdə əl-əl gəzir. Bütün buradakı camaat sənin yolunu gözləyir. Erməni katalikosu I Vazgen dedi ki, tezliklə Ermənistan Yazıçılar İttifaqı sənin "Daş yuxular" kitabını Nobel mükafatına təqdim edəcək. İrəvanın teatr meydanında sənin heykəlini ucaldıblar. Pul vəsaiti olmadığından, heykəl mal təzəyindən hazırlanıb. Ancaq söz veriblər ki, Dağlıq Qarabağ vilayəti Ermənistana verildikdən sonra o təzəkdən olan heykəli daşla əvəz etsinlər. Xalaoğlun Anastas Mikoyan".

 

Ramiq Muxtar (IV yuxu Əbülfəz Elçibəy)

Səs.- 2016.- 17 noyabr.- S.13