Kəlbəcər üçün döyünən ürək - Qənbər Şəmşiroğlu

Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, vətəni, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalılarımızdan biri də Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı olan Qurbanov Qənbər Şəmşir oğludur. Qənbər müəllim 1933-cü il noyabr ayının 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya gəlib.

Öz qayğıkeşliyi, insanlara və təbiətə vurğunluğu, bitib-tükənməz yaradıcılıq enerjisi ilə Qənbər müəllim bu gün ömrünün müdrik çağlarını yaşayır. Sürətlə ömürdən ötən illər el ağsaqqalı Qənbər Şəmşiroğlu üçün həm gözəl, həm keşməkeşli, həm şirin, həm də acı və əzablı olmuşdur.

Qənbər müəllim 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsil aldıqdan sonar bir il Kəndli-Gənclər Kursunda işləyib, 1951-ci ildə iki illik Ağdam Dövlət Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya Məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına İnstitutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon icar hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon icar hakimiyyətinin başçısı işləyib. Uzun müdət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər müəllim "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalları ilə təltif edilmişdir.

Müasir Azərbaycanın sosial-iqtisadi inkişafındakı Qənbər müəllimin əməyi ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib və bu münasibətlə Qənbər müəllim 18 oktyabr 2011-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

1992-ci ilin aprel ayında sonralar Ermənistan prezidentliyinə qədər gedib çıxmağı bacaran naqis Köçəryanın rəhbərliyi erməni quldurları Qənbər müəllimin doğulub boya-başa çatdığı Ağdaban kəndini dağıtmış, nəticədə, ziyalımızın qardaşı oğlu, əmiləri, əmisi uşaqları, bibisi qızı və xalasının oğlu, ümumilikdə, 14 nəfər yaxın qohumları vəhşicəsinə qətlə yetirilmişdir.

Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş Qənbər müəllimin babası olan Ağdabanlı şair Qurbanın və əməkdar inçəsənət xadimi, "Şərəf" nişanlı ordenli" Aşıq Şəmşirin illər boyu yazıb-yaratdığı əlyazmalar külliyyatı ermənilər tərəfindən yandırılıb məhv edilmişdir.

Qənbər müəllim Gədəbəy rayonunda icra hakimiyyətinin başçısı işlədiyi vaxtda erməni qəsbkarları torpaqlarımıza hücuma başladılar. Bu zamanlar Qənbər müəllim 1992-ci ilin mart ayında ilk milli alayın yaradılmasının təşəbbüsçüsü və yaradıçısı olmuşdur. Vətənpərvər ziyalımız Qənbər müəllim dəfələrlə döyüşçülər arasında olmuş, zabitlər və əsgərlər arasında vətənpərvərlik ruhunun yüksəlməsi naminə əlindən gələni əsirgəməmişdir.

Qənbər müəllimin özü ilə bərabər yaxınları, doğmaları da - iki oğlu Qarabağ uğurunda gedən döyüşlərdə fəal iştrak edib, hazırda onlar müharibə vetranıdılar.

Azərbaycan Respublikasının Milli Qəhramanlarından iki nəfəri Şükürov Şahlar Əvəz oğlu və Səfərov Sərdar Mədət oğlu ağsaqqal ziyalımızın ailə üzvlərindəndir.

Qənbər müəllim bu gün öz kamillik yaşında da "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur. Qənbər müəllim bununla qaçqın və məcburi köçükünlərin, şəhid, əlil, aztəminatlı ailələrin tələbə və gənclərin sosial problemlərinin həllində, yaşayış şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir.

Ölkəmizdə həyata keçirilən mütərəqqi sosial, mədəni və siyasi proseslərdə bu günön cərgədə olan Qənbər müəllim dəfələrlə Bakı, Gəncə şəhərlərində, Bərdə və Yevlax rayonlarında əhali ilə görüşlərdə olmuş, istər prezident, parlament seçkilərində, istərsə də ümumxalq səsvermələrində seçicilər arasında fəal təbliğat işi aparmışdır. Aşıq Şəmşir ailəsinin hər bir üzvü hər zaman Ulu Öndər Heydər Əliyevə və Onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz  İlham Əliyevə və dövlətçiliyimizə sədaqətlə xidmət edirlər.

Qənbər müəllimin sədrlik etdiyi "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçiribdir. Həmçinin, müxtəlif səpkili xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil etmişdir. Bundan əlavə, birlik "Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği", "Ustadnamələr - milli dəyərlərimizin əlifbasını birgə oxuyaq" və "Azərbaycan-Türkiyə milli birliyinin simvolu - ozan-aşıq sənəti" və sair onlarla layihələri həyata keçirmişdir. Layihələr çərçivəsində milli floklor oyunlarımız olan "Kilimarası" və "Maraloyunu" geniş ictimaiyyətə təbliğ edilmiş, bukletlər şəkilində çap edilib vətəndaşlara paylanmış və bunun əsasında qısametrajlı filimlər hazırlanmışdır.

Qənbər müəllimin birbaşa rəhbərliyi altında təşkilat Ulu Öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı, mütəmadi olaraq, silsilə təbirlər həyata keçirmişdir.

Təşkilat, həmçinin, Qənbər Şəmşiroğlunun təşəbbüsü əsasında Azərbaycan şair və yazıçılarının, elm və ədəbiyyat xadimlərinin kitablarının nəşr etdirib ictimaiyyətə təqdim etmişdir.

Hörmətli ziyalımız Qənbər müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvüRespublika Ağsaqqallar Şurası Rəasət Heyətinin üzvü, onlarla kitabın müəllifidir. Qənbər müəllimin dövri mətbuatda, mütəmadi olaraq, məqalələri dərc edilmişdir. Həmçinin Qənbər müəllimin iki kitabı İran İslam Respublikasında nəşr olunmuşdur.

Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri - qoşmalar, qəzəllər, gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgiehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili vardır:

Xalısı var, xalçası var, xalı var,

Bəzənibdi çəmən, çiçəyə dağlar.

Meh tərpədib, sığallayıb telini,

Oxşayır qənirsiz göyçəyə dağlar.

Söykənibdi təpə dağa, yal dağa,

Çəmən kimi dolanıbdı yol dağa,

Səfalıdır, gəlib qonaq ol dağa,

Kəməri düzübdü birçəyə dağlar.

İldırımlar yollar, şimşək saxlayar,

Buluddan başına çalma bağlayar,

El-obasız sızıldayıb ağlayar,

Özü rövnəq verər qönçəyə dağlar.

Qənbər müəllim həm öz övladlarına, həm də cəmiyyətimizdə layiqli yerini tutmaq istəyən gənclərimizə böyük qayğı və diqqət göstərmiş, əsl ağsaqqal nəsihəti vermişdir. Hörmətli ziyalımız Qənbər müəllim Qənbər Şəmşiroğlu imzası ilə bu gün də yazıb yaratmaqdadır. Qənbər müəllimin müəllifi olduğu kitablardan - "Gədəbəy xatirələri", "Axtarıb Şəmşiri görmək istəsən", "Oğul gərək oğul olsun", "Bütövləşmək istədim", "Elzanın Okanı", "Qənbər Şəmşiroğlu-75: Ömrün işıqlı anları", "Tale oxşarlığı", "Qənbər Şəmşiroğlu: Dostlar unutmaz məni", "Əmioğluların əməlləri", "Bir də görüşərik...", "Kəlbəcər: ömrüm, həyatım", "Sxojest sudeb" - "Oxşar talelər" (rus dilində), "Prodelki rodstvenniçkov" - "Qohumların əməlləri" (rus dilində), "Trisks of relatives" - "Qohumların əməlləri" (ingilis dilində), "Salehli səfərlər", "Hələ yerindədir, vurur ürəyim", "Caninin etirafı", Birdə Görüşərdik və digər şeirlər kitablarını nümunə göstərmək olar.

Yurd həsrətini daima qəlbində daşıyan, həyatın min-bir çətinliyinə sinə gərən Qənbər Şəmşiroğlu öz yaradıcılığında təpədən-dırnağadək vətənin haqq aşiqidir. Bir zaman zirvəsindən atla keçdiyi dağların indi yurdunun qabağına çəkilən divar olduğunu duyan qəlbinə hər addımında o torpaqlara qovuşmaq ümidini diqtə edir, bu xüsusda öz nikbinliyindən bir an da olsun ayrı düşmür, o dağılan yurd yerlərini öz xəyalında abad edib çəmənzara döndərir:

SALAMLARIM VAR

Şahdağdan üz tutub Murova baxdım,

Bu dağdan o dağa salamlarım var.

Kəpəzin o üzü gözəl diyarda,

Düşmən tapdağında qalanlarım var.

Odu kirpiyində götürənlərim,

Həsrətlə köksünü ötürənlərim,

Çoxdan əzizini itirənlərim,

Ah çəkib saçını yolanlarım var.

Elin köməyilə çörəklənmişəm,

Dirçəlib, dirçəlib zirəklənmişəm,

Orduma baxaraq ürəklənmişəm,

Bilirəm qanımı alanlarım var.

Eşitdim gücünü, gördüm hünərin,

Qənbərəm, sevdiyim sərkərdələrin.

Həddini bilməyən nanəciblərin

Canına vəlvələ salanlarım var.

Qənbər müəllimin nəzm nəsr əsərlərindən başqa müxtəlif illərdə müxtəlif mətbuat orqanlarında nəşr olunmuş bir-birindən maraqlı onlarla elmi-publisistik, ədəbi-bədii yazıları dərc olunub. Həmin mətbuat orqanlarına "Dünya" qəzetini, "Yeni bəşər" qəzetini, "Yenilik" qəzetini, "525-ci qəzet"i başqa qəzet jurnalları nümunə göstərmək olar.

Qənbər müəllim ömrünün bu ahıl, müdirik çağında bizlər üçün böyük mənəvi sərvət yaratmışdır. Bizlərin əsas işi məsuliyyəti isə Qənbər müəllim kimi ağsaqqallarımızı, ziyalılarımızı dərindən dəyərləndirmək onun irsinə bir Azərbaycanlı kimi sahib çıxmaqdır.

Həbib Misirov,

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı

İctimai Birliyinin sədr müavini

Səs.- 2016.- 16 noyabr.- S.11