17 Noyabr Milli Dirçəliş Günüdür

Azərbaycan dövləti müstəqilliyə qovuşduğu zamana qədər böyük tarixi sınaqlardan keçib. Azərbaycan xalqı müstəqil dövlətə sahib olmaq naminə illərlə əzmkarlıqla mübarizə aparıb, azadlıq uğrunda mücadilə edib. Bu gün xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günüdür. Azərbaycan xalqı keşməkeşli, mübarizələrlə dolu tarixi yol keçərək azadlıq, müstəqillik, dirçəliş yoluna qovuşa bilib. Bu gün qeyd etdiyimiz Milli Dirçəliş Günü də, məhz xalqın istəklərini reallaşdırmaq məqsədindən güc alıb. Bu gün xalqın ona edilən ədalətsizliyə qarşı yumruq kimi birləşmək qüdrətində olduğunu sübut edib. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı və 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Qeyd edək ki, Ermənistanda və Qarabağın dağlıq hissəsində Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırımı sovet ordusu tərəfindən dəstəklənirdi. O zamankı SSRİ rəhbərliyi məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı işğal edərək Ermənistanın nəzarətinə verməsi istiqamətində atdığı addımlar xalqın səbir kasasını daşırmışdı. Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişiydir. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Komendant saatı tətbiq olundu. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Qarabağın dağlıq hissəsində erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "Meydan hərəkatı" tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. Dekabrın 4-dək 18 gün aramsız davam edən aksiyalara 1 milyonadək insan toplaşmışdı. Bu, keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi. 1988-ci ilin 17 noyabrında başlanan kütləvi çıxışlar Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından qeyd etdiyimiz sözlərin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.

Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunmuşdur. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırmışdır. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulmuşdur.

1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək belə deyirdi: "Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadisiyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır". Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında "Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan savadsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyi itirmək təhlükəsi yaratmışdır. Böyük siyasi təcrübəyə malik olan Ulu Öndər Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə aradan qalxdı. Öz müstəqilliyinin təməlini möhkəmləndirən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır.

17 noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri-mümkündür. Zəngin tarixə malik xalqımız artıq neçə ildir ki, Milli Dirçəliş Gününü bayram kimi qeyd edirbu günün qeyd olunması bütün Azərbaycan xalqının mənəvi haqqıdır.

İndi müstəqilliyimizin siyasiiqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Prezident İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Bu bir reallıqdır ki, müasir dünyada xarici ölkələr  Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil, dünyəvi, inkişaf edən bir ölkədir.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2016.- 17 noyabr.- S.6