Texnologiyada tərəqqi söz
azadlığı üçün yeni imkanlar yaradıb
25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın ötən dövr ərzində qazandığı uğurlar düşünülmüş və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. İnkaredilməz reallıqdır ki, Azərbaycan dünyada ən sürətli templə inkişaf edən ölkələrdəndir. Bu uğurlar çoxşaxəlidir və ölkə həyatının bütün sahələrini əhatə edir.
Ölkəmizin bugünkü uğurları, dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanmasının nəticəsidir ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərin - Dünya Humanitar Forumunun, Sivilizasiyalararası Dialoq Forumunun, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlərin Bakıda keçirilməsi paytaxtımızı beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib. Tərəfdaşlığa və dostluğa yönəlmiş beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunur. Gələn il isə Azərbaycan növbəti tədbirə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Azərbaycan Prezident İlham Əliyev vurğuladığı kimi, iki il içərisində bir şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları təşkil edilmiş olacaq. Keçirilən tədbirlərdə dünyaya bəyan edilir ki, sivilizasiyalar arasında sülh və dialoq mümkündür. Bəşəriyyətin bütün təbəqələri irqçilik və islamofobiya kimi amillərə qarşı birləşməli, bu məsələlərə qarşı birlikdə mübarizə aparılmalıdır. Dünyanın müxtəlif qitələrini təmsil edən tədbir iştirakçıları Azərbaycanda əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində müxtəlif xalqların nümayəndələrinin yaşadığının şahidi olurlar. Görürlər ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və əmin-amanlıq bu məkanda hakimdir. Ölkəmizin real panoraması dünyaya mesaj olaraq çatdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, dünyada faciələrin, milli və ya dini mənsubiyyətinə görə insanların əzabının şahidi oluruq: "Bunlar dərin narahatlıq doğuran hadisələrdir. Bu səbəbdən biz öz gündəliyimizi təklif edirik. Bu, multikulturalizm gündəliyidir. Multikulturalizm iflasa uğramayıb və hesab edirəm ki, Azərbaycan nümunəsi bunu sübut edir".
"BİZİM MƏQSƏDİMİZ BÜTÜN AZADLIQLARIN TƏMİN OLUNDUĞU, MÜASİR, İNKİŞAF EDƏN, DEMOKRATİK CƏMİYYƏT QURULUŞUNU DAVAM ETDİRMƏKDƏN İBARƏTDİR"
Bu günlərdə müasir Azərbaycan aktuallaşan sivilizasiyalararası dialoqa dəyərli töhfəsini verərək daha bir tədbirə - Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi etməklə səhifəsinə yeni bir tarixi də əlavə etdi. Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən tədbirlərin bu məkanda - azad söz və mətbuatın olduğu bir ölkədə keçirilməsi baxımından əhəmiyyətlidir. Dünyada informasiya siyasətinin əsas istiqamətlərini müəyyən edən 100-dən çox informasiya agentliyinin rəhbərləri və nümayəndələri, media sahəsində beynəlxalq ekspertlər, BMT-nin və UNESCO-nun yüksək vəzifəli şəxsləri, regional media qurumlarının nümayəndələri bir araya gələrək çox aktual məsələləri məqsədəuyğun olaraq müzakirə etdilər. "Xəbər agentlikləri üçün yeni çağırışlar" devizi altında keçirilən Konqresdə agentliklərin dəyişən informasiya mühitinə adaptasiyası, biznes imkanlarının genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi kimi məsələlərə diqqət yetirildi. Media plüralizminin və redaktor müstəqilliyinin dəstəklənməsi, xəbərlərin azad axınının möhkəmləndirilməsi, jurnalistika üçün təhlükəsiz mühitin qurulması kimi sahələrdə aparılan müzakirələr aktuallığı ilə səciyyələnir. Digər tərəfdən isə səhv informasiyaların, xüsusilə, nifrətin təbliği sülh və tərəqqi üçün ciddi risklər yaradır. Konqres çərçivəsində informasiyanın obyektivliyi, habelə, yalan informasiyaya, reallığı təhrif etmək cəhdlərinə qarşı mübarizə kimi məsələlər diskussiya mövzusuna çevrilərək, müəyyən təkliflər irəli sürüldü. Hər kəsə bəllidir ki, müasir dünyamızda jurnalistlərə qarşı fiziki hədə-qorxu, rəqəmsal informasiyanın bağlanması kimi hallar baş verir. Statistik rəqəmlərin dili ilə desək, təkcə son on ildə 800-dən artıq jurnalist öz vəzifə borclarını yerinə yetirərkən öldürülüb. Konqresdə səslənib ki, jurnalistlərin təhlükəsizliyini qorumaq və onların peşəsinə hörmət etmək olduqca vacibdir. Bundan daha çox sayda ənənəvi və yeni medianı təmsil edən jurnalistlər öz vacib vəzifələrini yerinə yetirdikləri üçün təhdidlərlə üzləşib və həbs olunublar.
Amma tam səmimi şəkildə vurğulayaq ki, Azərbaycanda mətbuat və söz azadlığı təmin olunub. Azərbaycan müstəqilliyini qazandıqdan sonra demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğçisinə çevrilib. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndər KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizin, müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi-iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini tam mənada həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - "Feysbuk"da və "Tvitter"də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! "Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir" - deyən Prezident İlham Əliyev Azərbaycanda mətbuat azadlığının tam şəkildə təmin olunduğunu vurğulayıb.
MÜASİR DÜNYAMIZDA SÖZ VƏ MƏTBUAT AZADLIĞI İNSANLAR VƏ YER ÜZÜ ÜÇÜN OLDUQCA ZƏRURİDİR
Bakı Konqresinin Bəyannaməsinin qəbul edilməsi də əhəmiyyəti ilə yadda qaldı. Bəyannamədə deyilir ki, Bakı şəhərində toplaşmış 130-dan artıq aparıcı informasiya agentliyinin və regional xəbər agentlikləri alyanslarının rəhbərləri qeyd edirlər ki, üzləşdiyimiz ən böyük çağırışlar bunlardır: Rəqəmsal erada söz azadlığı prinsiplərinə əsaslanan davamlı, müstəqil və qərəzsiz xəbər yayımının maliyyələşdirilməsi və müdafiəsi... Öz vəzifə borclarını yerinə yetirərkən, jurnalistlərin təhlükəsizliyinin qorunmasının vacibliyinin vurğulandığı Bəyannamədə bildirilir ki, Konqres iştirakçıları beynəlxalq, regional və milli media qurumlarının xəbərçiliyin fundamental prinsiplərinə sadiqliyinin önəmini etiraf edərək, mətbuat azadlığının KİV-lərin fəaliyyətində əsas şərt olduğunu bəyan edir. Bəyannamədə hamını plagiatlıqla və müəllif hüququnun pozulması ilə ciddi mübarizəyə və qəsdən yanlış, yaxud qərəzli informasiya hazırlanıb yayılmasına qarşı birgə fəaliyyətə çağırış edilib.
Konqrensin əhəmiyyətinə gəlincə, onu da qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Səudiyyə Ərəbistanının Səudiyyə Press agentliyindən AZƏRTAC-a keçdi. Belə ki, AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.
Beynəlxalq səviyyəli tədbirdə, bir daha aydın oldu ki, müasir dünyamızda söz və mətbuat azadlığı insanlar və yer üzü üçün olduqca zəruridir. Xəbər agentlikləri düzgün informasiyaların yayılmasında son dərəcə məsuliyyətlidir və hər bir məlumat keyfiyyətli şəkildə təqdim olunmalıdır.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2016.- 23 noyabr.- S.3