“Made in
Azerbaijan” brendinə Naxçıvan
töhfəsi
Son illərdə yaranmış
yeni iqtisadi şəraitdə ölkəmizin
ixrac potensialının
daha da artırılması
və onun qeyri-neft məhsullarının
çeşidləndirilməsi istiqamətində qəbul
olunmuş mühüm
qərarlar "Made in Azerbaijan" brendinin formalaşdırılması
və onun dünyaya tanıdılması
zərurətini bir daha ortaya qoyub.
Azərbaycanın öz milli brendinin
yaradılması müstəqilliyimizin
bəhrəsidir. Şübhəsiz, ötən əsrdə
keçmiş ittifaq daxilindəki Azərbaycanın
bir çox məhsulları brend şəklində, ancaq başqasının adı
ilə xaricə ixrac olunub. Neftlə yanaşı, Azərbaycanda
istehsal olunmuş çay, şərab, tütün, mineral sular, kondisionerlər və digər məhsullar təkcə ittifaqda deyil, xaricdə də tanınıb.
Ancaq müstəqilliyimizin əldə
olunması və iqtisadiyyatımızın güclənməsi
ilə bu imkanlar daha da
artıb və ixracatdakı brendləşmə
günün zərurətinə
çevrilib.
Brend və brendləşmə nədir? Şübhəsiz, bu mühüm iqtisadi anlayış oxucularımız üçün
maraqlıdır. Brend hər
hansı məhsul və ya xidmətin
öz keyfiyyəti və faydalılığı
ilə analoqlarından
əhəmiyyətli dərəcədə
fərqlənərək istehlakçı
seçimində rəqibsiz
hala gəlməsi, yəni öz adı ilə tanınmasıdır. Brendləşmə isə belə bir arzuedilən səviyyəyə çatmaq
üçün aparılan
uzunmüddətli və
məqsədyönlü fəaliyyətdir.
Göründüyü kimi, brend səviyyəsinə çatmaq
heç də göydən düşən
bir hədiyyə deyil, eyni zamanda
istehsal imkanlarının
və dünya bazarının tələbatlarının
düzgün qiymətləndirilməsi
ilə əldə olunan bir səviyyədir.
Bu, kifayət qədər
xərc və zəhmət tələb edən bir iş
olsa da, bəhrəsi çoxdur. Belə ki, bu gün
özünün yüksəkkeyfiyyətli
məhsulları ilə
dünya bazarında tamamən brendləşmiş
yapon mallarına ödənilən məbləğin
hardasa yarısı məhz onların marka dəyərinə görə ödənilir
və bu da həmin ölkənin
iqtisadiyyatına qatılan
ikiqat güc deməkdir. Deməli,
"Made in Azerbaijan", yəni "Azərbaycanda istehsal olunmuşdur" brendinin formalaşdırılması, ölkəmizin
iqtisadiyyatının daha
da gücləndirilməsi
üçün hər
birimizin töhfəsi
olmalı, bu barədə hər bir yerdə düşünməli, danışmalı,
tanıtmalıyıq.
Müasir dünyada brend məhsullar geniş yayılıb. Bunlara hər yaşdan olan insanın yaxşı tanıdığı
oyuncaqlardan avtomobillərə,
ərzaq məhsullarından
geyimlərə, universitetlərdən
turizm mərkəzlərinə,
pərakəndəçilərdən banklara, səhiyyə xidmətlərindən dərmanlara,
mobil telefonlardan ətriyyat mallarına, mebellərdən müdafiə
sənayesi məhsullarınadək
mümkün ola bilən bütün sahələrdə
rast gəlinir. Evdə, işdə, səyahətdə və digər sahələrdə
istifadə olunan belə məhsul və xidmətlər özünün faydalılığı,
estetikası və keyfiyyəti ilə seçilir,
onlara dəyər verilir. Brend məhsullar həm
də ölkəni tanıdır. Başqa sözlə,
hamının dəyərini
yüksək qiymətləndirdiyi
hər hansı brendə məxsus mal və xidmətlər onun sahibi olan
ölkədəki işgüzarlıqdan,
burada beyin məhsuluna verilən dəyərdən, standartlara
ciddi nəzarətdən,
istehlakçı hüquqlarına
hörmətdən, xidmətlər
zamanı yüksək
mədəniyyətdən xəbər
verir. Bu baxımdan bir ölkəni təmsil edən brend məhsulu və onu istehsal edən
firmanı həm də xoşməramlı
missioner kimi qiymətləndirmək
mümkündür. Məhz buna
görə də ölkəmizi xarici bazarlarda təmsil edəcək hər bir məhsulu milli qürurumuz kimi görməli, bu istiqamətdə görülən hər bir işə layiqli töhfə verməliyik.
Naxçıvan Muxtar Respublikası da özünün unikal təbii-mineral sərvətləri, turizm
ehtiyatları və emal sənayesi məhsulları ilə yaxşı tanınır. Bundan əlavə,
son illərdə muxtar
respublikada özəl
bölmənin inkişafına
dövlət dəstəyinin
daha da gücləndirilməsi
yerli məhsulların
istehsalını artırıb,
ixrac imkanlarını
genişləndirib. Qeyd edək
ki, hazırda muxtar respublikada 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bununla yanaşı,
Naxçıvandakı bir
çox müəssisə
artıq xarici bazarlarda özünəməxsus
yer tutmağa başlamışdır. Belə ki,
bu gün muxtar respublikada fəaliyyət istiqamətinə
görə 51 müəssisə
ixrac qabiliyyətinə
malikdir. Həmin müəssisələr
tərəfindən 60 növdə
məhsulun istehsalı
həyata keçirilir.
Bu gün muxtar
respublikada qida məhsullarının ekspertizası
üzrə beynəlxalq
akkreditasiyadan keçmiş
və İSO 17025-2005 tələblərinə
cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında
tələb olunan bir sıra sertifikatlar
məhz buradan təmin olunur. Naxçıvanda fəaliyyət göstərən
şirkətlərə xarici
bazarlara çıxışın
təmin edilməsində
ixrac təşviqlərinin
verilməsi, onlara xarici bazarlara çıxış üçün
müxtəlif dəstək
mexanizmlərinin tətbiqi
dairəsi genişlənir.
Belə ki, artıq muxtar respublikada "İnvestisiya
təşviqi sənədi"nin tətbiqinə başlanmışdır. Bununla yanaşı,
Naxçıvanda istehsal
olunmuş məhsulların
xarici bazarlarda reklamı, onların dünyada qəbul olunmuş standartlar səviyyəsində dizaynı
və başqa bu kimi məsələlər
öz aktuallığını
qoruyur. Qeyd edək ki, muxtar respublikamızda bu sahədə beynəlxalq keyfiyyət idarəetmə sistemləri
(İSO) tətbiq olunur.
Burada ixracatçılara logistik
xidmətlərin göstərilməsi
və daha sərfəli nəqliyyat yollarının müəyyən
olunması, xarici ölkələrdə bazar
araşdırılmalarının aparılması və vahid şəmsiyyə altında məhsulların
satışının təşkili
istiqamətində müvafiq
tədbirlər həyata
keçirilir.
Hazırda Naxçıvan Muxtar Respublikasında istehsal edilən çox sayda məhsul ixrac baxımından perspektivli hesab olunur. Məhsul ixracı
marketinq və reklam
işinin təşkili
ilə birbaşa əlaqəlidir. Bu baxımdan sərgilərdə
iştirak, reklam kampaniyalarının təşkili,
təbliğat işləri
xüsusi əhəmiyyət
kəsb edir. Son illərdə muxtar respublikadan 1385 nəfərdən
çox nümayəndə
62 xarici ölkə sahibkarları ilə keçirilmiş 256-dan çox
yerli və beynəlxalq əhəmiyyətli
sərgi, biznes-forum və konfranslarda iştirak etmişdir. Təkcə
2016-cı ilin ötən
dövründə 140 nəfər
16 beynəlxalq əhəmiyyətli
tədbirə qatılmışdır.
Muxtar respublikada istehsal olunan bir sıra
məhsullar Birləşmiş
Ərəb Əmirliklərində
və İran İslam Respublikasında keçirilmiş sərgilərdə
nümayiş olunmuşdur.
2017-ci ildən etibarən bu kimi tədbirlərdə dövlət maliyyə dəstəyi ilə həyata keçiriləcək
ticarət missiyaları
çərçivəsində ixracatçı sahibkarların
daha məqsədyönlü
iştirakı nəzərdə
tutulur.
Naxçıvanın əsas ixrac məhsullarından məşhur mineral sularımızı, təbii duzu, vafli məmulatlarını, emal olunmuş ət və meyvə məhsullarını, qazlı aromatlaşdırılmış içkiləri, spirtli içkiləri, meyvə şirələrini, yüksəkkeyfiyyətli tikinti məhsullarını, o cümlədən Naxçıvan sementini, gips, gips lövhələr, məsaməli beton məmulatları və mərmər, travertin daş məmulatlarını, xam dəri, metal məmulatlarını, mebel və digər çox sayda məhsulları misal göstərmək olar. 2016-cı ildə muxtar respublikada istehsal olunan sement, gips, gips lövhələr, məsaməli beton, mebel dəstləri, döşək dəstləri, vafli məmulatları, dekorativ metal məmulatları Gürcüstana, yarımfabrikat dəri, mebel dəstləri, mərmər, travertin, mineral sular Türkiyəyə, məsaməli beton məmulatları İrana, mineral sular və tərəvəz məhsulları Ukraynaya, Litvaya, Birləşmiş Ərəb Əmirliklərinə, Rusiyaya ixrac olunub. Ümumilikdə, 2016-cı ilin 9 ayı ərzində muxtar respublikadan məhsul ixracının həcmi 302 milyon ABŞ dollarını ötüb.
Son illər muxtar
respublikada ixrac
potensiallı bölmənin inkişafına təkan verəcək
yeni müəssisələrin
yaradılması rəqabətədayanıqlı məhsulların
sayını daha da
artırıb. Cari il oktyabrın 31-də
"Naxçıvan Məhsulları" Məhdud Məsuliyyətli
Cəmiyyəti üçün inşa olunmuş istehsal sahələri və anbarın istifadəyə
verilməsi münasibətilə keçirilən tədbirdə
bu məsələnin əhəmiyyətinə
diqqətçəkən Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri
muxtar respublikada istehsal olunan məhsulların
Naxçıvan brendi ilə xarici bazarlara
çıxarılması və tanıdılması
tapşırığını verib. Qeyd edək ki, brend
yüksək potensialı
olan digər bir sahə də
turizmdir. Belə ki, Naxçıvanın
"Badamlı" və
"Sirab"ı kimi
"Batabat" və
"Əshabi-Kəhf"i də artıq brend kimi tanınmaqdadır.
Muxtar respublikada beynəlxalq turizmin inkişaf etdirilməsi ilə adi mal və məhsul ixracından daha sərfəli olan turizm məhsulunun
ixracı imkanı yaranır ki, bu da hazırkı
dövrdə ölkəmizdə
qeyri-neft sektorunun əsas prioritetləri arasındadır.
Şübhəsiz, hər ixrac məhsulu hələ brend deyildir. Ancaq unutmayaq
ki, bu gün
dünyada güclü
brend kimi tanınan məhsulların
istehsalçıları da
bir vaxtlar xarici bazarlara çıxmaq üçün
öz kövrək addımlarını atıblar,
yardım və lobbiçilik dəstəyi
alıb, beynəlxalq sərgi və yarmarkalarda iştirak edib, tanınıblar.
Ancaq əldə olunan təcrübə və müşahidələr onu
göstərir ki, insan üçün faydalı olan istənilən məhsulu xarici bazarlarda brend kimi tanıtmaq
mümkündür. Bunun
üçün isə
uzunmüddətli iş
və qətiyyət qədər milli məhsullarımıza öz
marağımız da
lazımdır.
Əli
CABBAROV
Səs.-
2016.- 23 noyabr.- S.5