(V YUXU) TURQUT ÖZAL

Türkiyənin sabiq prezidenti, Azərbaycan xalqının sadiq dostu rəhmətlik Turqut Özal gəlmişdi yuxuma. O, məni görən kimi başladı gileylənməyə. Dedi Ramiq Muxtar, həyat yoldaşım Səmrə xanım Bakıya gələndə demişdim ki, şairi mütləq Türkiyəyə dəvət et. Gəlib bizim ailəmizin qonağı olsun və Krımda Yalta şəhərində mənə qurban kəsmək əhvalatını özü danışsın. Dedim, vallah, Turqut abi, ürəyimdən gəlmək keçirdi. Səmrə xanım da canfəşanlıqla məni Türkiyəyə dəvət etdi. Lakin son vaxtlar uçağa minməkdən bərk qorxuram. Ona görə də məni bağışlayın. Dedi, əvvəl o Krım əhvəlatını danış, sonra sənə  bugünkü Türkiyənin prezidenti olan Ərdoğanla bağlı bir neçə ürək sözlərimi deyəcəyəm, mütləq ona çatdır. Dedim, Turqut abi, 1988-ci ilin ortalarında mən evdə oturub Türkiyənin televiziya kanalına baxırdım. Bu vaxt Türkiyənin Milli Məclisində siz nitq söyləyirdiniz. Gözlənilmədən zaldan sizə xain bir şəxs tərəfindən atəş açıldı və siz bu atəşdən yıxıldınız. Mən çox pis vəziyyətə düşdüm. Bu anda üzümü Allaha tutub yalvardım ki, "ey böyük Tanrı! Türkiyənin tərəqqisi üçün dəridən-qabıqdan çıxan, onu inkişaf etmiş bir ölkəyə çevirən bu insana qıyma. Mən də Türkiyəyə gəlib öz qurbanlıq qoyunumu kəsim. Çox şükür Allaha Tanrı mənim yalvarışımın sədasını eşitdisiz Turqut Özala yaşamaq şansı verdi". O vaxt sovet dövründə Türkiyəyə getmək müşkül məsələ idi. Mənim isə bu qurbanlıq istəyim yubanırdı. İş elə gətirdi ki, 1988-ci ilin dekabr ayının sonlarında (ayrılıq ayı) mən putyovka ilə Krıma, qədim türk torpağının Aluşta şəhərinə getdim. Orada Anna adlı bir gözəl xanımla bir məclisdə tanış oldum. Anna özü Yalta şəhərində yaşayırdı və Krımda yaşayan türklərə böyük məhəbbəti var idi. O Simferopol şəhərində əmanət kassasının müdiri idi. O, məndən xahiş etdi ki, yeni ili onlarda, qohum və dostları ilə birgə keçirək. Dedim, Anna xanım, mən yeni ili səninlə dekabrın 31-də yox, 30-da Yalta mehmanxanasının restoranında keçirəcəyəm. Çünki mənim bibimin oğlu Sabir Simfropolda yaşayır. Uzun illərdir biz görüşmürük. Mən ona sürpriz etmək üçün istəyirəm ki, 31 dekabr gecəsində qəfildən onlara gedim, yeni ili birlikdə qarşılayaq. Anna mənim bu fikrimlə razılaşdı. Biz dekabr ayının 30-da onunla Yalta mehmanxanasının restoranına gəldik. Məclisin şirin yerində gördüm qonşu masada oturan 4 nəfər kişi türkcə danışırlar. Düzü, mən təəccübləndim və durub onlara yaxınlaşıb dedim. Siz qədim türk torpağı olan Krım elinə xoş gəlmisiniz. Mən də Azərbaycanda yaşayan türkəm. Onlarla tanış oldum. Bu gələnlər söylədilər ki, biz mühəndisik. Gəlmişik Qaqra şəhərində pansionat tikək. Mən onlardan xahiş etdim ki, icazə verin qonağımı masaya dəvət edim, birlikdə əyləşək. Onlar çox sevindilər. Mən ofisiantı çağırıb sifariş etdim ki, bizim üçün 6 nəfərlik stol bəzəsin. Düzü, türklərin yığcam süfrəsi məni qane etmədi. Türk qardaşlarıma layiqli elə gözəl süfrə açdım ki, onlar mənim bu hörmətimə mat qalmışdılar. Məclis gecənin yarısına qədər davam etdi. Mən Yunis Əmrədən, Aşıq Veysəldən, Tofiq Fikrətdən, Qaracaoğlandan şeir nümunələri söylədim. Onlar heyranlıqla mənə qulaq asırdılar. Sonra isə öz şeirimi oxudum:

 

Türkün oğlu daim od ol,

Ayıq-sayıq ol həmişə.

Sən vətənin bir daşısan,

Silahısan yeri gəlsə.

Vüqarını uca saxla,

Tanrı vermiş bu qisməti.

Mərdliyinə təslim elə,

Astarı yox, həqiqəti.

Qoy bayrağın günəş olsun.

Şölələnsin zaman-zaman,

Çatdır qovuş nöqtəsinə,

Bir can olsun Böyük Turan.

 

Türk qardaşlarımın 4-ü ayağa qalxıb, məni alqışladılar qucaqlayıb öpdülər. Anna xanım qonaqların bu alqışlarına çox sevinirdi. Mən məclisin sonunda Turqut Özal hadisəsində qurban kəsməyi əhd etdiyimi onlara söylədim dedim ki, mənim istəyim bu qurbanı türk torpağında kəsmək idi. Elə Yalta da qədim türk torpağıdır. Sabah səhər saat 11-də o qurbanı sizin iştirakınızla kəsmək istəyirəm. Xahiş edirəm o qurbanlıq ətini sizinlə birlikdə yeyək.

Mənim kiçik qardaşım "Vor-zakon" dünyasında Slavik kimi tanınırdı. Onun Yaltada çoxlu dostları, böyük hörməti var idi. Mən əslən naxçıvanlı olan Abbasa zəng çaldım qurbanlıq məsələsini ona danışdım. O, mənim Yaltada olmağıma çox sevindi dedi ki, mən Slavik dostları ilə birlikdə inturistə gələcəyik. Səhər tezdən on nəfərdən çox qardaşımın dostları gəldi. Türk qonaqları götürüb Yaltanın yaxınlığında "Qara göl" adlı meşənin içində olan yeməkxanaya gəldik. Tatar kəndindən bir erkək qoyun aldıq. Mən özümlə gətirdiyim qırmızı lenti qoyunun boynuna bağladım qırmızı akvarel rənglə başını boyadım. Qardaşımın dostu Abbas dua oxuyub, qurbanlıq qoyuna duz yedizdirdi dedi: "Ey Böyük Allah Turqut Özalın qurbanını qəbul et". Sonra o, qurbanlıq qoyunun başını dərisini ağaca mismarladı. Türk qonaqlarımız bu mənzərəyə teatr tamaşası kimi baxırdılar. Meşə-restoranda işləyənlərə qurbanlıq ətinə əl vurmağı qadağan etdim. Qardaşımın dostları pörtləmə kababı bişirib, məclisə gətirdilər. Xülasə, məclisi başa vurub qayıtdıqda, orada yaşayan azərbaycanlıların ağsaqqalı hesab olunan Nəriman kişi dedi ki, Ramiq müəllim, bu, birinci hazırlıq səninki idi. Bizim özümüzün ikinci hazırlığımız var. Yolun kənarında maşınlar dayandı. Maşının arxasında olan yemək-içmək çıxarıldı özləri ilə gətirdikləri qab-qacaqları qarın üstünə qoydular. Onu da deyim ki, 1988-ci ildə Yaltaya yağan qar ağacların budaqlarını qırıb yerə salmışdı. Özlərinin dediklərinə görə, bu qədər yağıntı 130 il bundan qabaq olmuşdu. Qardaşımın dostları özləri ilə xeyli qəzet gətirmişdilər. Qarın üstündə məclis quruldu ilk badə Turqut Özalın şərəfinə içildi. Sonra qonaqların ağsaqqallı olan Yavuz bəy bu hadisədən məmnun olduqlarını bildirdi bizə təşəkkür etdi. Biz Azərbaycan türklərinin şərəfinə gözəl tost dedi. Məclisin sonunda türk qardaşlarımız dedi ki, biz Türkiyədə yaşayan türklərin heç birinin ağlına gəlməyib ki, bu o hadisə zamanı Turqut Özala qurbanlıq versin. Biz Türkiyəyə qayıtdıqdan sonra bütün televiziya kanallarında, radio verilişlərində car çəkib bu hadisəni danışacağıq. Siz həm Böyük Atatürkün dediyi sözləri öz əməlinizlə təsdiqlədiniz: "Türkün türkdən başqa dostu yoxdur". Bu sayğıya görə çox sağ olun. Turqut Özal məni dinlədikcə, gördüm ki, kövrəldi dedi: Dağlıq Qarabağa görə mənim ruhum çox narahatdır. Mən o günü gözləyirəm. Şuşada, Xankəndində Azərbaycanın Türkiyənin qoşa bayrağı dalğalansın. Azərbaycan türk himniləri səslənsin. Sonra Turqut Özal mənə dedi ki, Ramiq Muxtar, mənim Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğana bir neçə məsləhətlərimi ver, mütləq çatdır. Denən Turqut abi dedi ki, özündən əvvəl Türkiyənin prezidenti olan Abdullah Gülün səhvlərini o, təkrar etməsin. Gedib düşmən ölkənin stadionunda qəfəsə girib oturmasın. Tarix boyu insanlar zindanlara, heyvanlan isə qəfəsə salınıblar bu az imiş kimi, Türkiyənin himni səslənəndə, stadionda bir nəfər ayağa qalxmadı. Himn qurtarana kimi ermənilər donbalaraq, himnimizi təhqir etdilər. Bu qabaqcadan hazırlanmış ssenari idi bundan Ermənistan prezidenti Sarkisyan xəbərdar idi. İkinci məsləhətim odur ki, Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Türkiyənin öz qapılarını Ermənistana açmağa haqqı yoxdur. Üçüncü məsləhətim budur ki, İlham Əliyevi özünə etibarlı qardaş bilib, hər hansı bir məsələdə Onunla məsləhətləşsin. Necə ki, Ərdoğan iştirak etmədiyi iclasda İlham Əliyevin dediyi "Türkiyənin prezidenti burada yoxdursa, mən burdayam" sözlərindən ürəyim dinclik tapdı. Dördüncü məsləhətim isə dövlət çevrilişi zamanı əsl cinayətkarlar həbs edilsin. Bu işdə cavan əsgərlərin heç bir təqsiri yoxdur. Onlar əmrə tabe olan Vətən oğullarıdır.

Turqut Özalın bu söhbətindən yadıma bir əhvalat düşdü. 1992-ci ildə Naxçıvandan avtobusla İstanbul şəhərinə gedirdik. Türkiyə gömrüyündən keçərkən, yoxlama təqribən 2 saat çəkdi. Hava o dərəcədə isti idi ki, adamlar bir-birinin kölgəsinə sığınmışdılar. Bir türk əsgəri isə əlində silah günün qabağında heykəl kimi dayanmışdı. Mən Türkiyə gömrüyündə işləyən əməkdaşa dedim ki, o gənc əsgərə de ki, Günəş onun qafasını yandırır. 3 metr arxaya çəkilib ağacın kölgəsində dayansın. Gömrük əməkdaşı mənim bu sözümə gülüb dedi: "Abi, komandanı o əsgərə əmr edib ki, o nöqtədə dayansın. Əgər o, əmri pozub gedib kölgəlikdə sərinləsə, bizsizin kimi öz torpaqlarımızı itirə bilərik". Düzü, bu söz mənə güllə kimi dəydi. O an cəbhə dövrünün müdafiə naziri Rəhim Qazıyevin "Şuşa əldən gedərsə, gülləni öz başıma çaxaram" sözü yadıma düşdü. Cəbhəçilərin hakimiyyəti dövründə bizim ordumuzda hərc-mərclik, başıpozuqluq halları kino lenti kimi gözümün önündən keçdi və ölkənin başsız olan vaxtı nə müsibətlərə düçar olduğu bir daha gözümdə canlandı. Ataların bir sözü var, "balıq başdan iylənər. O vaxtkı rəhbərlik təkbaşından yox, həm də ayağından iylənirdi. Çünki onlar siyasi arenaya göydəndüşmə gəlmişdilər. Onların səhvləri və günahları ucbatından torpaqlarımız düşmənlər tərəfindən işğal olundu. Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə ona görə minnətdardır ki, O, Azərbaycanı öz ağıllı siyasəti, və uzaqgörənliyi ilə məhv olmasının qarşısını aldı. Mənim yazdığım 4 sətir kimi:

Başçı-başçı olsa ucalar vətən,

Səhralar gül açar, laləzar olar.

Vətən başsız olsa geyinər kəfən,

Yurdunda yalquzaq, bəyquşlar ular.

 

Turqut Özal bu söhbətlərdən sonra mənimlə qucaqlaşıb-öpuşdu və dedi. "Çalışın heç zaman türk millətinin adına başucalığı gətirin və qoşa zirvədə dayanıb, sabaha Mustafa Kamal AtatürkünUlu Öndər Heydər Əliyevin gözləri ilə baxın. Onda bütün Turan yolu açıq-aydın olacaq".

 

(VI YUXU Minsk Qrupu)

Səs.- 2016.- 24 noyabr.- S.12