Hərbi qulluqçuların
xidməti hüquq və vəzifələri
Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və onları vicdanla yerinə yetirməlidir; öz hərbi biliklərini daim təkmilləşdirməli; ona etibar edilmiş silahı, döyüş və digər texnikanı əsaslı surətdə bilməli, habelə dövlət, o cümlədən, hərbi mülkiyyəti qorumalı, məntiqli təşəbbüs göstərməli, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətanətlə dözməli, öz döyüş yoldaşına sadiq olmalı, yoldaşlarına sözdə və əməldə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, öz həyatını əsirgəmədən onları mövcud təhlükələrdə xilas etməli, ayıq-sayıq olmalı; hərbi və dövlət sirrini ciddi qorumalıdır.
Namiq Əliyev yazır: "Daxili xidmət nizamnaməsi hərbi qulluqçunun üzərinə Azərbaycan Respublikasının vətəndaşı kimi yüksək adı ləyaqətlə daşımaq, Azərbaycan Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəf və döyüş şöhrətini və hərbi rütbənin şərəfini qorumaq vəzifələrini qoyur. Həmin nizamnamədə hərbi qulluqçuların döyüş şəraitində vəzifələri və onların məsuliyyəti ətraflı göstərilmişdir.
Hərbi qulluqçuların şəxsi xarakter daşıyan ümumi vəzifələri hərbi xidmətin şəraitindən irəli gəlir. Ümumi hüquqlardan bütün hərbi qulluqçular istifadə edirlər, lakin onlar hərbi rütbə və hər bir şəxsin xidmət vəziyyəti nəzərə alınmaqla realizə edilir. Məsələn, hərbi qulluqçuların ümumi hüquqlarına əmək hüququ, pul və maddi təminat hüququ, istirahət hüququ, təklif, ərizə və şikayət vermək hüququ, mənzillə təmin olunmaq hüququ, sağlamlığın qorunması və səhhətinə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ, pensiya təminatı hüququ, hərbi xidmətdən tərxis olunmaq hüququ, güzəşt hüququ, hərbi qulluqçuların ailələrinin sosial müdafiəsi və digər hüquqlar aid edilmişdir.
Xidməti hüquq və vəzifələri tutduqları vəzifəyə müvafiq olaraq hərbi qulluqçulara həvalə edilmiş funksiya və vəzifələrin praktiki yerinə yetirilməsinin həcmini və məzmununu müəyyən edirlər. Xidməti hüquq və vəzifələrin mənbəyini nizamnamələr, nəsihətlər, əsasnamələr, təlimatlar və sair təşkil edir. Hərbi qulluqçunun səlahiyyət həcmi onun tutduğu vəzifəyə düz mütənasibdir. Maraqlıdır ki, xidməti hüquq və vəzifələrin məqsədli xarakteri onların həyata keçirilməsini hərbi qulluqçunun iradəsinə tabe etmir: hərbi qulluqçu nə öz vəzifə borcunun yerinə yetirilməsindən, nə də vəzifə hüquqlarından istifadə etməkdən imtina edə bilməz. Onların həyata keçirilməsi vəzifə funksiyalarının həyata keçirilməsi zərurəti ilə şərtləndirilmiş və yalnız xidmət mənafeyi naminə yerinə yetirilə bilər.
Öz növbəsində, xidməti hüquq və vəzifələr iki növə bölünürlər: a) ümumi, yəni bütün birbaşa rəislərin hüquq və vəzifələri və b) konkret, yəni məsələn, korpus, briqada komandiri, alay qəraragah rəisinin vəzifəsinə aid olan hüquq və vəzifələr.
Hərbi qulluqçuların xüsusi hüquq və vəzifələri müvəqqəti xarakter daşıyır. Onlar yalnız xidmət fəaliyyətinin əmr və ya sərəncamla müəyyən edilmiş dövründə icra üçün məcburi xarakter daşıyır. Belə vəzifələrə naryadda olan hərbi qulluqçuların, hərbi eşalon vəzifəli şəxsləri və sairlərini aid etmək olar."
N.V.Artomonovun öz dissertasiya tədqiqatında təklif etdiyi hüquq, azadlıq və vəzifələrin təsnifatı da diqqətəlayiqdir. Hərbi qulluqçuların xüsusi hüquqi statusunu, o, aşağıdakı tərkib hissələrə bölür: ümumi (ümumiyyətlə, vətəndaşın hüquqi statusuna aid olan); məxsusi (ümumi hərbi-xidməti hüquq və vəzifələrin məcmusu), xüsusi (müvafiq kateqoriyalı hərbi qulluqçuların hüquqi vəziyyətini səciyyələndirən spesifik xüsusiyyətlərin kompleksi) və nəhayət, fərdi (konkret hərbi qulluqçunun hüquqi vəziyyətinin xüsusiyyətləri).
Hərbi qulluqçuların qanunvericilik aktları ilə tənzimlənmiş bəzi hüquq və vəzifələrinə toxunaq.
Hərbi qulluqçuların hüquqi statusunda məlum yeri onların siyasi hüquq və azadlıqları tutur. Qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşları olan hərbi qulluqçular Azərbaycan Respublikasının dövlət orqanlarına seçkilərdə, ümumxalq müzakirələrində və səsvermələrdə (referendumlarda) iştirak etmək hüququna malikdirlər. Həqiqi müddətli hərbi və ya alternativ xidmətdə olan şəxslərin yalnız passiv seçki hüququ (seçilmək hüququ) məhdudlaşdırılır. Müvafiq dövlət orqanlarına seçkilərdə öz namizədliyini irəli sürmək arzusunda olan digər kateqoriyalı hərbi qulluqçular bu barədə özünün, bilavasitə komandirinə (rəisinə) məlumat verirlər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmək arzusunda olan hərbi qulluqçu həqiqi hərbi xidmətdən getməyə borcludur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında Qanunun 35-ci maddəsinə müvafiq olaraq zabit, gizir, miçman və çavuşların namizədlikləri irəli sürüldükdə, onların və ya onların namizədliklərini irəli sürmüş siyasi partiyanın (siyasi partiyalar blokunun) nümayəndəsinə imza vərəqələri yalnız göstərilən şəxslərin tutduqları vəzifədən azad edilməsini təsdiq edən sənəd təqdim edildikdə verilir.
N.Əliyev yazır: "Müqayisə üçün qeyd edək ki, bir sıra dövlətlər (Türkiyə, Argentina, Meksika, Finlandiya və s.) siyasətsizləşdirmə məqsədilə hərbi qulluqçuları seçki hüququndan məhrum edir. Dünyanın əksər ölkələrində (ABŞ, Fransa və s.), Azərbaycan Respublikasında odluğu kimi, hərbi qulluqçular seçki hüququndan "vəzifələrin uyarsızlığı" prinsipi çərçivəsində istifadə edirlər. Təcrübədə bu, o deməkdir ki, hərbi qulluqçu seçkili vəzifəyə seçildiyi halda, ordudan istefa verməli, yaxud səlahiyyət müddətinə məzuniyyətə çıxmalıdır.
Bu mənada, Rusiya Federasiyasının qanunvericiliyini mütərəqqi hesab etmək olmaz. Burada parlamentə seçilmiş hərbi qulluqçu həqiqi hərbi xidmətdə qalır. Nəticədə, təhlil göstərir ki, dövlət iki mənfi nəticələrdən birini hasil etmiş olur: deputat parlamentdə ordu lobbisinə çevrilir, yaxud da o, silahlı qüvvələrlə öz əlaqələrini və öz peşə hazırlığını itirmiş olur.
Silahlı qüvvələrin cəmiyyətdə spesifik yeri və təyinatı dünyanın əksər ölkələrinin qanunvericiliyində hərbi qulluqçuların siyasi partiyaya üzv olmaq hüququndan məhrum olunmasını (Türkiyə, Böyük Britaniya, Kanada və s.) və ya onların siyasi partiyalarda iştirak etmək və siyasi fəaliyyətlə məşqul olmaq hüququnun məhdudlaşdırlmasını şərtləndirmişdir. Bu, partiya strukturlarının orduda və donanmada qadağan edilməsində, partiya və ya siyasi fəaliyyətdə iştiraka yalnız hərbi hissənin hüdudlarından və xidmət vaxtından kənarda icazə verilməsində öz əksini tapmışdır. Belə ki, ABŞ qanunlar toplusuna müvafiq olaraq, hərbi qulluqçulara siyasi partiyaların fəaliyyətində iştirak etmək qadağan edilmişdir. Eyni müddəa hərbi qulluqçuların statusu haqqında Rusiya Federasiyasının Qanununda da öz əksini tapmışdır. "
Müəllifin fikrincə, Azərbaycan qanunvericiliyi hərbi qulluqçulara siyasi partiyalara və siyasi məqsəd güdən kütləvi ictimai hərəkatlara üzv olmağı qadağan edir. Belə ki, siyasi partiyalar haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçulara hərbi xidmətin bütün dövrü üçün siyasi partiyalara üzv olmaq qadağan edilmişdir. Eyni zamanda, hərbi qulluqçuların söz və mətbuat azadlığı, əqidə azadlığı və dövlət və hərbi sirri yaymamaq şərtilə öz əqidəsini sərbəst açıqlamaq azadlığı təmin edilir. Bu normalar beynəlxalq standartların tələblərinə cavab verir. Bununla yanaşı, fikrimizcə, xidməti, hərbi və dövlət sirrinin qorunması məqsədilə bir çox xarici ölkələrin təcrübəsinə müvafiq olaraq hərbi qulluqçuların kütləvi informasiya vasitələri nümayəndələri ilə kontaktlarının ciddi tənzimlənməsi, belə kontaktların qaydalarının pozulmasına görə məsuliyyət kimi isə ordudan xaric etməyə qədər müxtəlif intizam cəzalarının nəzərdə tutulması məqamı yetişmişdir. Məsələn, xarici ölkələrin silahlı qüvvələrində söz azadlığı məhdudlaşdırılmışdır. Amerikanın hərbi hüquqşünasları etiraf edirlər ki, hüquqlar haqqında Billə bəyan edilmiş söz azadlığı hərbi qulluqçular barəsində məhdud xarakter daşıyır. ABŞ hərbi hüquq xidmətinin rəhbər xarakterə malik olan icmalarının birində belə bir fikir irəli sürürlür ki, hərbi qulluqçular yalnız hərbi hüququn subyektləri olduqları üçün, ümumiyyətlə, hüquqlar haqqında Billin müddəaları onlara şamil edilmir. Məsələn, ABŞ ordusunda "zabit məcəlləsi" və ya "davramş etikası məcəlləsi" qüvvədədir. Bütün bu tələblərin mahiyyəti komandanlığın icazəsi olmadan mətbuatda, radio və televiziyada çıxışlara yol verməməkdən, ABŞ silahlı qüvvələrinə hərbi və ya mənəvi ziyan vura biləcək informasiya axınının qarşısını almaqdan ibarətdir.
N.Əliyev yazır: "Əksər xarici ölkələrin qanunvericiliyində hərbi qulluqçulara dövlət hakimiyyət orqanlarının icazə vermədiyi nümayişlərdə, mitinqlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək qadağan edilir. Bundan əlavə, xidmət vaxtında, hərbi geyimdə, hərbi hissənin ərazisində, habelə, nümayişin xarakteri dövlətin qanunlarına və komandanlığın əmrlərinə zidd olduqda, hərbi qulluqçulara həmin tədbirlərdə iştirak etməyə icazə verilmir. Sərbəst toplaşma azadlığı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 4-cü bəndi ilə hərbi ehtiyaclar üçün istifadə edilən ərazilərdə, habelə, həmin ərazilərin sərhədindən 300 metrdən yaxın məsafədə yığıncaq, mitinq və nümayişlərin keçirilməsi qadağan edilir. Yuxarıda göstərilən digər məhdudiyyətlərin Azərbaycan Respublikasının qanunvericiliyində olmaması aradan qaldırılması tələb olunan boşluqdur.
Hərbi qulluqçuların dini əqidə azadlığı təmin edilir. Lakin dini əqidələr hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin yerinə yetirilməsindən azad etmir.
Hərbi qulluqçuların şəxsi toxunulmazlığına təminat verməklə yanaşı, qanunverici müəyyən edir ki, hərbi qulluqçu prokuror və ya məhkəmənin qərarı əsasında, habelə, Azərbaycan Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərinə müvafiq olaraq, hauptvaxtada (gəmi karserində) saxlanılmaqla intizam qaydasında hərbi hissənin komandiri (rəisi) tərəfindən həbs edilə bilər."
Hərbi qulluqçuların əmək hüququ qanunvericilikdə artıq dərəcədə dəqiq tənzimlənmişdir. Həqiqi hərbi xidmət və kontrakt üzrə xidmət keçmə dövrü vətəndaşlar və digər şəxslər üçün ümumi iş stajına daxil edilir. Hərbi xidmətin xüsusi şəraitdə keçilməsi qanuvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə iş stajına daxil edilir. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsinə ziyan vurmamaq şərti ilə hərbi qulluqçuların elmi, texniki, bədii və digər yaradıcılıq azadlığı təmin edilir. Ayrı-ayrı hallarda hərbi qulluqçulara (müddətli xidmət hərbi qulluqçular istisna olmaqla) fərdi qaydada hərbi hissənin komandiri (hərbi müəssisə və təşkilatın rəisi) tərəfindən dövlət idarə, müəssisə və təşkilatlarda elmi, pedaqoji, ixtira və ekspert fəaliyyəti ilə bağla olan işlərdə əvəzçilik qaydada işləməyə icazə verilə bilər. Müddətli həqiqi hərbi xidmətə çağrılan ilk işləmiş şəxslərə isə həmin idarə, müəssisə və ya təşkilatda həmin və ya eyni vəzifəyə işə qəbul olunmaq hüququ təmin edilir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2016.-24 noyabr.- S.15