İnternetdə uşaq hüquqlarının müdafiəsi

Müasir dünyada uşaq hüquqları insan hüquqları konsepsiyasının mühüm və ayrılmaz tərkib hissəsi hesab olunur. İnsan hüquqlarının müdafiəsi sistemi, əsasən, cəmiyyətin bərabər imkanları olmayan zəif təbəqələrinin haqlarının təmin olunmasını nəzərdə tutur ki, burada da ilk hədəf qrupları, məhz uşaqlardır.

Niyə məhz uşaqlar? Doktor C.Mani "Dostluq qanunları" kitabında yazır ki, "İnsan beyni uşaqlıq çağından cinsi meyillər yönündə formalaşır. Formasından asılı olmayaraq, bütün cinsi pozğunluqların kökü uşaqlıq çağlarına qayıdır". Yalnız pornoqrafik səhnələr deyil, hətta qəzet və jurnallarda dərc edilən "təbii və normal" hesab etdiyimiz fotolar da uşaqlarda mənfi təsirlərini buraxmaqdadır. Doktor C.Rayzmen isə, qeyd edir ki, "qəzet və jurnallarda dərc edilən "mötədil" fotolar pornoqrafik şəkillər qədər fəsadlı və təhlükəlidir".

Hazırda İKT-nin sürətli inkişafı ictimai həssas qruplara təsir göstərməyə bilməzdi. Bu səbəbdən də, internetin mənfi təzahürləri, ilk növbədə, uşaqların həyat və fəaliyyətində özünü göstərdiyi üçün qeyd olunan məsələ dövlətlərin, beynəlxalq və milli hüquq sistemlərinin narahatlıq və tədqiqat obyektinə çevrilmişdir.

Uşaq hüquqlarına beynəlxalq hüquq normaları, konstitusiyamilli qanunlarla etibarlı təminat mexanizmlərinin yaradılması onların layiqli, firəvan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin və sağlamlıqlarının yüksək səviyyədə təşkilinə əsaslanır. Azərbaycan 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuş, ölkəmizdə "Uşaq hüquqları haqqında" (1998), habelə, "Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" (1999) xüsusi qanunlar qəbul edilmişdir.

Qeyd edək ki, hazırda internet istifadəçilərinin 50 faizindən çoxunu 8-15 yaşlarında uşaq və yeniyetmələr təşkil edir. Məhz buna görə də, müasir dövrdə uşaq problemlərinin həlli baxımından vacib məsələlərdən biri də uşaqların virtual məkanda hüquqlarının qorunmasıdır.

Uşaq və yeniyetmələr virtual məkanın imkanlarından istifadə zamanı öz dünyagörüşünə, mənəviyyatına zidd olan informasiyalarla qarşılaşır, nəticədə, mənəvi-psixoloji sarsıntılara məruz qalırlar. Hazırda bu problem bütün dünya dövlətlərini düşündürdüyündən, uşaq hüquqlarının virtual məkanda qorunması ilə bağlı müxtəlif təkliflər və ideyalar irəli sürülür. RƏliquliyev yazır: "2008-ci il noyabrın 12-13-də BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Qlobal İnformasiya Təhlükəsizliyi üzrə xüsusi proqramın qəbulu da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Proqramın məqsədi dünya ictimaiyyətinin diqqətini informasiya təhlükəsizliyinə cəlb etməkdir. Proqram çərçivəsində uşaqların virtual məkanda mühafizəsini gücləndirmək üçün mühüm müddəalar öz əksini tapmışdır".

Eyni zamanda, uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsi üçün sağlam və təhlükəsiz mühit yaradılması istiqamətində tədbirlər görülməsi ilə bağlı dövlət nəzarəti üzrə ümumi vəzifələr ölkə Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda nəzərdə tutulmuşdur.

Kiberməkanda digər mühüm problemlərdən biriuşaq pornoqrafiyası ilə mübarizə məsələləridir. "Uşaq pornoqrafiyası" termininə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171-1-ci maddəsinin qeyd hissəsində aydınlıq gətirilir: "Uşaq pornoqrafiyası dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə realya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən, aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşulür. Cinayət Məcəlləsinin 171-1 1-ci maddəsinə görə uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaqya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ağırlaşdırıcı hallarda isə, bu əmələ görə azadlıqdan məhrumetmə cəzası maksimum 8 il müəyyən olunmuşdur".

Səyyad Məcidli yazır: "Eyni zamanda, bu məsələ hazırda bütün dünyada ciddi müzakirə predmetidir. Belə ki, Avropa İttifaqı ölkələri və ABŞ daxil olmaqla, təxminən 50 ölkə internetdə uşaq pornoqrafiyası ilə mübarizə aparmaq məqsədilə beynəlxalq ittifaqın yaradılmasını bəyan ediblər. İştirakçı ölkələr "Global Alliance Against Child Sexual Abuse Online" adlı yeni qurum vasitəsilə internetdə uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün kampaniyaların keçirilməsi ilə əlaqədar bir-biri ilə daha asan və sürətli şəkildə əlaqə saxlaya biləcəklər.

Kiberməkanda uşaqların mənəviyyatına, dünyagörüşünə və sağlamlığına zərər vuran destruktiv informasiyalara meyillənməsinin qarşısının alınması olduca zəruridir. Çünki bu məkan hər hansı porno-məlumatlar, separatizim, terror-təxribat və digər cinayət xarakterli informasiyalar üçün açıq olduğuna görə, uşaqların belə saytlara daxil olması və onları asanlıqla əldə etməsi, habelə, cinayətkar ünsürlərin təsir dairəsinə düşməsi istisna olunmur. Bunun üçün də mütəxəsislər internet klublarda müəyyən süzgəclərdən, məhdudlaşdırıcı texnoloji vasitələrdən istifadə olunmasını, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini son dərəcə vacib hesab edirlər".

Digər tərəfdən isə, ana dilində uşaq saytlarının sayının artması, uşaqlar üçün maraqlı informasiya dünyasının yaradılması təklif olunur. Milli uşaq portallarına ciddi ehtiyacın olduğunu qeyd edən akademik R.Əliquliyev uşaq və yeniyetmələrin internetdən istifadə edərək virtual məkanın dərinliklərinə "baş vurması"nın müsbət cəhətləri ilə yanaşı, bəzən onların normal təlim-tərbiyəsinə, təhsilinə və istirahətinə problemlər də yaratdığını vurğulayır: "Müşahidələr göstərir ki, xüsusən də, iri şəhərlərdə yaşayan uşaqlar əyləncə və digər məqsədlərlə internet klublarda həddən çox vaxt keçirir, onların təhsili və dünyagörüşü baxımından məqsədəuyğun olmayan saytlara daxil olur, nəticədə, dərs tapşırıqlarını yerinə yetirməyə vaxt tapmırlar. Kompüter qarşısında uzun-uzadı səmərəsiz vaxt keçirmək onların psixikasına, sağlamlığına və tərbiyəsinə mənfi təsir göstərməklə yanaşı, internet asılılığına gətirib çıxarır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı tədbirlər planında respublikamızda ana dilində ilk uşaq portalının yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, mədəniyyətini dolğun şəkildə özündə ehtiva edən portalın yaradılması sabahın gəncliyinin bu gündən sağlam ruhda tərbiyə olunması baxımından vacibdir".

Beləliklə, son illərdə informasiya cəmiyyətinin və İKT-nin inkişafı, internetin rahat əlçatımlılığı üzrə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə baxmayaraq, virtual məkanda uşaq hüquqlarının qorunması, zərərli saytlardan onların mühafizəsi, habelə, yetkinlik yaşına çatmayanların maraqlarına cavab verə bilən milli portalların yaradılması, eyni zamanda, onların sayının artırılması ilə bağlı problemlərin həlli olduqca zəruridir.

 

Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 30 noyabr.- S.15