Bakıda İslam Əməkdaşlıq
Təşkilatına üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının niyyət konfransı keçirilib
Əli Həsənov: “Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər”
Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib. AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib:
“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək yeni qurumun yaradılması bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüsün reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik.”
İslam Əməkdaşlıq Təşkilatının müsəlman ölkələrinin uğurlu birlik modeli kimi beynəlxalq münasibətlər sistemində, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsindəki roluna toxunan Əli Həsənov bildirdi ki, İƏT həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, mövcud təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır və bu sahədə kifayət qədər böyük təcrübə toplayıb. Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif mənfi proseslərin getdiyini, İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdlərinin şahidi olduğumuzu vurğulayan və bu prosesdə transmilli medianın rolundan danışan Prezidentin köməkçisi dedi: “Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Nəticə etibarilə, maddi və mənəvi zənginliyə malik olan İslam ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur”.
Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr və hərbi əməliyyatlardan, Ermənistanın Azərbaycana hərbi təcavüzündən danışan Əli Həsənov vurğulayıb: “Məlum olduğu kimi, 20 ildən artıqdır ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib. Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələr də dağıdılıb. Həmin ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Təəssüf ki, bütün bunların konkret nəticəsi olmayıb. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaqardına vurur, həmçinin öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi amilindən, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Oxşar problemləri olan digər müsəlman ölkələri də mütəmadi olaraq belə hallarla rastlaşırlar. Bu faktlar İslam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir”.
Bu istiqamətdə hələ 2012-ci ildə Qabonun paytaxtı Librevildə, 2014-cü ildə isə İranın paytaxtı Tehranda İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin müvafiq olaraq 9-cu və 10-cu toplantılarında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edildiyini xatırladan Əli Həsənov bildirib: “Hesab edirik ki, İƏT-ə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin əlaqələndirilməsi, vahid media qurumunun və internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var”.
Azərbaycan Respublikasının dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə töhfə verdiyini və verəcəyini vurğulayan Prezidentin köməkçisi deyib: “2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları həm də bütün İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq. Bu amili, habelə müsəlman ölkələri arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, İslam həmrəyliyinə kənar və mənfi xarakterli təsirlərin aradan qaldırılması, İslam dininin, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha səmərəli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin yeni yaradılmış Jurnalistlər Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir”.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışını bu fikirlərlə bitirib: “İƏT-ə üzv ölkələrin səfirlərinin, jurnalistlərinin bu konfransda iştirakını yeni təşəbbüsə dəstəyin ifadəsi kimi dəyərləndiririk. Bir daha ümidvar olduğumuzu bildiririk ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs fəal müzakirə olunacaq və Assosiasiyanın səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul ediləcək”.
Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed ƏL-HAQ çıxışında deyib ki, media bu gün prioritet sahələrdən birinə çevrilib. İslam mediası isə dinimizin dəyərlərini möhkəmləndirməyə xidmət etməlidir. Mədəniyyətin, ənənələrin yayılmasında medianın rolu əvəzsizdir. İslam dini sülh, tolerantlıq dinidir. İslam mediası da bu meyillərin yayılmasına xidmət etməlidir. Həmçinin media İslamla, şəriətlə bağlı məlumatlar yayarkən diqqətli olmalıdır. Ümumiyyətlə, KİV sahəsində çevik siyasət xüsusi önəm kəsb edir və Assosiasiya bu işə yaxşı töhfə verə bilər.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah ƏL-SƏLİM qeyd edib ki, hazırda informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı, habelə dünyada baş verən siyasi, ictimai dəyişikliklər mediadan daha mütəşəkkil fəaliyyət tələb edir. İslam ölkələrinin mediası baş verən hadisələrin düzgün, peşəkar şəkildə dünyaya çatdırılmasında fəal iştirak edə bilər. Medianın hər zaman güclü ictimai təsirə malik olduğunu deyən səfir qeyd edib ki, KİV ictimai rəyi istiqamətləndirən ən əsas vasitədir. Bu vasitədən İslam həmrəyliyinin dəstəklənməsində istifadə etmək vacibdir və bu işdə yeni Assosiasiya mühüm rol oynaya bilər.
İranın Azərbaycandakı səfirinin müavini Davud ÇƏRMİ bildirib ki, bu Assosiasiya İslam ölkələri arasında informasiyanın düzgün yayılmasına, müsəlman aləmində sülhün və təhlükəsizliyin bərqərar olmasına imkan yaradacaq. O qeyd edib ki, İran İslam ölkələri arasında bu innovativ təsisatın yaradılmasını dəstəkləyir. Bu Assosiasiya İslam ölkələri arasında məlumat mübadiləsinin aydın və düzgün qaydada aparılmasına şərait yaradacaq. Bu, həmçinin islamofobiya meyillərinin aradan qaldırılmasına xidmət edəcək.
Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Meral BARLAS diqqətə çatdırıb ki, texnologiyanın sürətli inkişafı düzgün və dəqiq informasiyanın yayılmasının önəmini daha da artırıb. Bu baxımdan jurnalistika əhəmiyyətli rol oynayır. Ancaq çox mənbədən gələn xəbərlərin dəqiqləşdirilərək, doğruluğu araşdırılaraq yayımlanması vacibdir. Jurnalistikanın etik davranış kodeksləri də buna əsaslanır. Əminəm ki, yeni Assosiasiya bu işdə mətbuat üçün faydalı olacaq.
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy FANANİ bildirib ki, bu gün KİV-lərin əlində böyük güc var. Ona görə də KİV hər zaman dördüncü hakimiyyət adlandırılır. Bu gün KİV həm də dövlətlər arasında körpü qurmaq işində mühüm rola malikdir. KİV geniş ictimaiyyətin fikrini hökumətə çatdırmaq rolunu da oynayır. KİV demokratiyanın onurğa sütunudur.
Son illərdə isə multikulturalizmə və demokratiyaya bəzi dairələrdə KİV vasitəsilə hücumlar olur. Yeni Assosiasiya bu məsələni xüsusi diqqətdə saxlamalıdır.
İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil ƏŞ-ŞUVEYLİ qeyd edib ki, Azərbaycan tolerantlıq ənənələrinin təbliğində böyük işlər görür. İslam mediasının üzərinə düşən əsas vəzifə ondan ibarətdir ki, İslam dininə qarşı mövcud olan mənfi meyillərlə mübarizə aparsın. Media, həmçinin cəmiyyətlər arasında körpünün qurulmasında, əlaqələrin inkişafında önəmli rola malikdir. İslam Dövlətləri Jurnalistləri Assosiasiyası da bu məqsədə xidmət edəcəkdir.
Sonra Fazil ABBASOVUN İslam Əməkdaşlıq
Təşkilatına üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının yaranma zərurəti, məqsədi və
vəzifələri ilə bağlı məruzəsi dinlənilib.
O qeyd edib ki, regional, dini
baxımdan bir çox jurnalist təşkilatları, birlikləri
yaradılıb. Bu təşkilatlar əsasən
onların öz maraqlarını ifadə edir. Bununla da jurnalist peşəkarlığı,
doğru, dəqiq xəbər yayılması ilə
bağlı hüquqlar pozulur. Bundan ən
çox zərər çəkənlərin isə İslam
ölkələrinin olduğunu desək səhv etmərik.
İslam ölkələrinə yönələn
bu siyasətə qarşı fəaliyyət göstərən,
haqq səsini ucaldan media qurumu isə yox dərəcəsindədir.
İordaniyalı jurnalist Omar ARMUTİ belə bir
Assosiasiyanın yaradılmasından məmnunluğunu bildirib. Diqqətə
çatdırıb ki, bu qurum vasitəsilə İslam ölkələri
arasında müxtəlif məsələlərlə
bağlı informasiya mübadiləsi üçün imkanlar
yaranacaq.
AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV tədbirdə
çıxış edərək deyib ki, İslam Əməkdaşlıq
Təşkilatına üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının niyyət konfransının keçirilməsi
təşəbbüsü həqiqətən təqdirəlayiqdir. Baş direktor
əminliyini bildirib ki, bu sahədə görüləcək
işlər müsəlman dünyası üçün
çox xeyirli və faydalı olacaq.
Qeyd edilib
ki, yeni Assosiasiya İslam ölkələrinin peşəkar
jurnalistlərini, aparıcı xəbər agentliklərini,
beynəlxalq və regional media təşkilatlarını bir
araya toplayaraq həqiqəti əks etdirən informasiya
mübadiləsi aparmağa, qloballaşan dünyada İslam aləminin
üzləşdiyi yeni təhdidlərə qarşı
mübarizədə birlik və həmrəyliyə nail
olmağın yollarını tapmağa imkan verəcək
nüfuzlu platformaya çevriləcək.
Diqqətə çatdırılıb ki, İslam
ölkələri jurnalistlərinin birliyi və həmrəyliyi
indi həmişəkindən daha aktual və vacibdir. Çünki
son illərdə dünyanın bir çox yerlərində,
xüsusilə də İslam ölkələrinin bir
çoxunda siyasi-iqtisadi təbəddülatlar, terror
hücumları, hərbi toqquşmalar baş verir. Yaxın Şərqdə böyük qaçqın
kütləsi yaranıb. Həll
olunmamış problemlər, münaqişələr təkcə
həmin ölkələr üçün deyil, həm də
bütövlükdə region üçün ciddi təhlükə
törətməkdədir.
Assosiasiyanın yaradılması istiqamətində bir
sıra çox mühüm işlərin
görüldüyünü deyən Aslan Aslanov qeyd edib ki,
qurumun saytının yaradılması və orada Azərbaycan,
ingilis və ərəb dillərində informasiyaların və
videoxəbərlərin yerləşdirilməsi təqdirəlayiq
haldır.
Assosiasiyanın gələcək fəaliyyəti ilə
bağlı bir sıra təkliflərini səsləndirən
AZƏRTAC-ın baş direktoru deyib: “Assosiasiyaya üzv qəbul
olunan və olunacaq ölkələrin media qurumlarının hər
birindən hər gün bütövlükdə İslam
dünyasının ictimai, siyasi, iqtisadi, mədəni həyatının
aktual məsələlərini özündə əks etdirən
8-10 informasiya və videoxəbər alınaraq sayta yerləşdirilsin”.
Assosiasiya çərçivəsində İslam
ölkələri jurnalistlərindən ibarət çevik
qrupun formalaşdırılmasının vacibliyini qeyd edən
A.Aslanov bildirib ki, bu, üzləşdiyimiz və üzləşəcəyimiz
hadisələr haqqında vaxtaşırı informasiya
mübadiləsinə, ictimai rəyin düzgün istiqamətə
yönəldilməsinə imkan verər.
Qırğızıstanın “Akipress” İnformasiya
Agentliyinin baş direktorunun müavini xanım Venera Jamalkulova
bu cür əməkdaşlıq platformasının
yaradılmasının önəmini vurğulayıb. O, bu əməkdaşlıq
çərçivəsində İslam dini ilə
bağlı mənfi meyillərə qarşı birgə
mübarizə aparılmasının da vacibliyini qeyd edib.
Venera Jamalkulova, həmçinin İslam dövlətlərini
təmsil edən jurnalistlərin Avropa ölkələrində
olan həmkarları ilə birgə müzakirələr
aparmalarını təklif edib.
“APA-Holdinq”in prezidenti Vüsalə Mahirqizi
çıxış edərək deyib ki, hər bir dövləti
təmsil edən media qurumu öz ölkəsi ilə
bağlı mühüm informasiyaları
işıqlandırır. İƏT-ə
üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının yaradılması ölkələrimiz
üçün strateji əhəmiyyət daşıyan xəbərləri
ilk mənbədən mübadilə etməyimiz
üçün transmilli media orqanlarının
manipulyasiyasının qarşısının
alınmasında mühüm rol oynaya bilər. Assosiasiyanın yaradılması bu baxımdan
vacibdir. Həmçinin Assosiasiya vasitəsilə
jurnalistlərin bir-birinin ölkələrini, cəmiyyətlərini
tanıması, qarşılıqlı səfərlərin təşkili
də mümkündür.
Sonra “İrşad” Dini
Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev
“Dünyada islamofob meyillərin artması və İslam
ölkələrinə tətbiq edilən ikili standartlara
qarşı mübarizədə jurnalistlərin rolu”
mövzusunda məruzəsində bu cür platformanın
yaradılmasının vacibliyini qeyd edib. Bildirib
ki, bir sıra ölkələrdə yayılan islamafobiya
meyillərinin artdığı bir dövrdə İslam
ölkələrinin jurnalistlərinin üzərinə
çox böyük bir vəzifə düşür. İslam dininin dəyərlərinin, onun mahiyyətinin
dünya ictimaiyyətinə çatdırılması
çox önəmli məsələdir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov deyib ki, təəssüflər olsun, bu gün islamofobiya İslam dünyasına qarşı siyasi mexanizmə çevrilib. İslam ölkələrinin media mənsubları bunu düzgün şərh etməlidirlər. Əgər bunu dərk etməsələr, o zaman o transmilli media axınında boğularaq, heç nəyi dərk edə bilməyəcəyik. Ona görə də məsələyə qlobal kontekstdə yanaşmaq və birgə zəruri addımlar atmaq lazımdır. Yeni Assosiasiya da bu işə xidmət edəcək.
“Əl-cəzirə” qəzetinin baş redaktoru Xalid AL-Malik belə bir konfransın keçirilməsinin, bu formatda Assosiasiyanın yaradılmasının vacibliyini diqqətə çatdırıb. O, gələcəkdə bu cür əməkdaşlıq çərçivəsində qeyri-İslam ölkələrinin jurnalistləri ilə əlaqələrin qurulmasının əhəmiyyətli olacağını bildirib. Qeyd edilib ki, bu platforma İslam ölkələri ilə bağlı doğru, dəqiq informasiyaların yayılması işinə töhfə verəcək.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli diqqətə çatdırıb ki, əgər İslam dininin daşıyıcısı olan ölkələrin media mənsubları səylərini birləşdirərlərsə, hazırladıqları informasiyaların müxtəlif aparıcı dillərdə internet resursları vasitəsilə yayılmasını təmin edərlərsə, bu, bir sıra mənfi halların qarşısını ala bilər. Yeni Assosiasiya bu məsələlərə ciddi önəm verməlidir.
Türk Xalqları Ümumdünya Konqresinin prezidenti Yəhya Əliyev də İslam ölkələrinin jurnalistləri arasında həmrəyliyin vacibliyindən danışıb.
Sonra türkiyəli araşdırmaçı jurnalist Dursun Özdenin “İslam həmrəyliyinə mənfi təsir göstərən amillər və onların aradan qaldırılmasında medianın üzərinə düşən vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
İƏT-in İİNA agentliyinin xəbər departamentinin müdiri Zayet Sultan Abdulla informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bu cür Assosiasiyanın yaradılmasının önəmli olduğunu ifadə edib. Bildirib ki, hər bir məsələ ilə bağlı düzgün informasiyaların çatdırılması, cəmiyyətlərdə məlumatlandırmanın düzgün şəkildə aparılması vacibdir.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli dünyada İslam dininə qarşı ayrı-ayrı mənfi təzahürlərin formalaşdığı bir dövrdə İslam ölkələri jurnalistlərinin belə bir Assosiasiyada birləşməsi addımını yüksək dəyərləndirib. O, İslam dininin humanist dəyərlərinin, mədəniyyətinin təbliğinin də aparılmasının önəmini qeyd edib. CPF saytının rəhbəri Malik Ayub Sumbal və misirli jurnalist Əhməd RAQİB də İslam dininə qarşı mənfi meyillərin aradan qaldırılmasında Assosiasiyanın önəmli rol oynayacağından danışıblar.
Sonda konfransın yekun Bəyanatı oxunub və
imzalanıb. Konfrans çərçivəsində misirli tədqiqatçı
Əhməd Əbdoh Tarabikin “Qarabağ - Qafqazda sülh yolu” və
iordaniyalı məşhur ictimai xadim, tarixçi və
yazıçı Ömər əl-Armutinin “Dağlıq
Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan
Respublikası)” kitablarının təqdimatı olub.
Səs.- 2016.- 4 oktyabr.- S.10-13