Bakıda görkəmli
müğənni Rəşid Behbudovun abidəsinin
açılış mərasimi olub
İlham Əliyev: “Rəşid
Behbudov doğma xalqına, millətinə çox
bağlı insan idi”
Oktyabrın 4-də Bakıda, Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyevə məlumat verildi ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürdü. Dövlətimizin başçısı abidənin önünə gül qoydu və çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirib ki, Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. O, Azərbaycanı həm Sovet İttifaqı çərçivəsində, eyni zamanda, dünyada təbliğ edirdi:
“Onun ifa etdiyi mahnılar sovet məkanında çox
populyar idi. Deyə bilərəm ki, o, Sovet İttifaqında ən
populyar ifaçılardan biri idi. Eyni
zamanda, o, bir çox xarici ölkələrdə qastrollarda
olmuşdur. O, qastrollarda həm Azərbaycan
mahnılarını, eyni zamanda, xarici dillərdə
mahnılar ifa edirdi və Azərbaycanı təbliğ edirdi.
Bir çox ölkələrdə Azərbaycanı
Rəşid Behbudova görə tanıyırdılar. O
vaxt Azərbaycan müstəqil dövlət deyildi, biz Sovet
İttifaqının tərkib hissəsi idik. Ancaq
Rəşid Behbudov kimi istedadlı insanlar Azərbaycanı
dünyada təmsil edirdilər və göstərirdilər
ki, bizim xalqımız nə qədər istedadlı
xalqdır.
Rəşid müəllim hərtərəfli
istedadlı bir insan, gözəl aktyor idi. Onun ifa etdiyi
rollar bizim qızıl fondumuzdadır. Onun
ifa etdiyi rollara, o filmlərə dəfələrlə baxmaq
olar. O filmlər, ilk növbədə, səslənən
musiqiyə və onun oynadığı rollara görə əbədi
yaşayacaqdır.
Rəşid Behbudov ölkəmiz, xalqımız
üçün çox işlər görüb. Biz həmişə
onu yadda saxlayırıq. Həmişə
televizorda onun mahnıları səslənəndə bir daha
görürük ki, bu insan nə qədər istedadlı və
gözəl insan idi. Rəşid müəllim
çox xeyirxah, səmimi insan idi. Mən
onu uşaqlıqdan tanıyırdım. Çünki
mənim atam Heydər Əliyev ilə onu çox səmimi
dostluq əlaqələri bağlayırdı. O, bizim
evimizdə dəfələrlə olmuşdur. Mən
o görüşlərin bəzilərində olmuşam,
görmüşəm, özüm şəxsən
müşahidə aparmışam. Görürdüm
ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi
Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri
bağlayırdı.
Rəşid Behbudov Sovet İttifaqında çox
böyük qiymətə layiq görülmüşdür. O, Sovet İttifaqının
ən ali mükafatı olan Sosialist Əməyi
Qəhrəmanı adına layiq görülmüşdür.
Bu, həm onun fəaliyyətinə, eyni zamanda,
bütün Azərbaycan mədəniyyətinə verilən
qiymət idi. O, gənc yaşlarında Sovet
İttifaqının Xalq Artisti adına
layiq görülmüşdür. O vaxt bu adı qazanmaq
doğrudan da onu göstərirdi ki, Rəşid müəllim
təkrarolunmaz mədəniyyət xadimidir. Təbii
ki, Azərbaycan Respublikasının Xalq Artisti idi. Eyni zamanda, Rəşid müəllimin çox
geniş ictimai fəaliyyəti var idi. O, həm Azərbaycan
Ali Sovetinin, həm də Sovet İttifaqı Ali Sovetinin
deputatı kimi çox böyük işlər
görürdü. Çünki o, həm Azərbaycanda,
həm sovet məkanında həddindən artıq populyar bir
insan idi. Sovet İttifaqında onu
tanımayan insan tapılmazdı. Onun
oxuduğu mahnılar Sovet İttifaqının bütün
guşələrində səslənirdi, digər dillərdə
də ifa olunurdu.
Qeyd etdiyim kimi, Rəşid müəllim müxtəlif
dillərdə gözəl mahnılar ifa edirdi, ancaq ən
gözəl mahnılar bizim xalq mahnılarımız və Azərbaycan
bəstəkarlarının mahnıları idi. Bu mahnıları ondan əvvəl
və ondan sonra onun kimi heç kim ifa edə
bilməyib və yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin nəinki təkrarolunmaz
səsi var idi, eyni zamanda, onun ifaçılıq qabiliyyəti,
şəxsi keyfiyyətləri, şəxsiyyəti bu nadir
istedadı bizə bəxş edib. Fəxr
edirik ki, bizim xalqımızın nümayəndəsi
dünya şöhrətli musiqi xadimidir. Azərbaycan
xalqı fəxr edə bilər ki, dünyaya Rəşid
Behbudov kimi böyük insanı bəxş edib.
Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil
Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi,
müstəqil Azərbaycanı görmədi. Ancaq
çox görmək istərdi. Çünki
öz xalqına, millətinə bağlı, milli ruhu yüksək
olan insanların hamısı istərdilər ki, müstəqil
dövlətdə yaşasınlar, öz müstəqil
dövlətini təbliğ etsinlər.
Azərbaycanda Rəşid müəllimin adı əbədiləşdirilib. Onun
adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət
göstərir. Musiqi məktəbi onun
adını daşıyır. Bax, bu
küçə Rəşid Behbudovun adını
daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin
ən müasir gəmilərindən birinə onun adı
verilmişdir. Keçən il Rəşid
Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər
planı tərtib edilmişdir, mənim tərəfimdən
müvafiq Sərəncam imzalanmışdır və bu
gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid
müəllimin ailə üzvlərini, yaxınlarını,
dostlarını, bütün Azərbaycan xalqını bir
daha təbrik etmək istəyirəm. Rəşid
müəllim həmişə bizim ürəyimizdə
yaşayacaqdır.”
* * *
Daha sonra
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
Xalq Artisti, professor Firəngiz Əlizadə
çıxış edib:
-Cənab
Prezident.
Əziz və hörmətli Mehriban xanım.
Rəşid Behbudovun yadigarı Rəşidə
xanım. Doğrudan da çox gözəl gündür.
Əziz dostlar, biz Rəşid Behbudovun səsi
ilə böyümüşük, musiqiçi olmuşuq, Azərbaycan
musiqisini sevmişik, onu öyrənmişik.
Rəşid Behbudov doğrudan da nadir səsə malik
insan və şəxsiyyət idi. Onda həm
avropasayağı gözəl tenor səs, həm Azərbaycan
musiqisinə xas olan incəliklər, xırdalıqlar, digər
tərəfdən, klassik opera ifa etmək üçün
güclü gözəl səs var idi.
Bizim iki dahi müğənnimiz keçmiş Sovet
İttifaqında çox məşhur idi. Bunlar
Müslüm Maqomayev və Rəşid Behbudov idi. Müslüm Maqomayevin səsi tamamilə başqa bir
səs idi. Demək olar ki, onun səsi Sovet
İttifaqının və bütün dünyanın estrada musiqisinə inteqrə olan səs idi. Amma Rəşid Behbudov milyonlarla insana Azərbaycan
musiqisinin koloritini çatdırırdı. Onun səsində bu kolorit, azərbaycançılıq,
milli ruh həmişə duyulurdu. Heç
də təsadüfi deyil ki, bizim xalq mahnılarımız
onun ifasında təkrarolunmaz bir interpretasiyada təqdim
olunurdu.
Rəşid Behbudov çox kreativ bir insan idi. Onun ideyası
nəticəsində bu gözəl teatr fəaliyyət
göstərməyə başladı və burada hər
mahnı demək olar ki, maraqlı bir səhnə əsəri
kimi təqdim olunurdu. Rəşid Behbudov
özü də hər mahnıya bir səhnəcik kimi
yanaşırdı, çox məsuliyyətli insan idi. Bilirik ki, Rəşid
Behbudov bizim Opera və Balet Teatrında Balaş rolunu çox
yüksək səviyyədə ifa etmişdi. Həmçinin onun müxtəlif filmlərdə
rollar oynadığını da bilirik. Demək olar ki,
100 ən tanınmış sinema nümunəsi arasında
“Arşın mal alan” öz yerini tutub. Nəyə görə? Təbii
ki, ilk öncə Üzeyir Hacıbəylinin dahi musiqisinə,
ikincisi, Rəşid Behbudovun məlahətli səsinə və
üçüncüsü, Leyla Bədirbəylinin gözəlliyinə
görə. Bu film doğrudan da 100 ən
tanınmış film arasında ən gözəl filmlərdən
biridir.
Rəşid Behbudovun səsi bizi həmişə
müşayiət edir. Biz onu eşidib Azərbaycanı, Vətənimizi
sevirik. Mən bir daha möhtərəm cənab
Prezidentimizə öz dərin minnətdarlığımı
bildirmək istəyirəm ki, bizim mədəniyyətimizə,
incəsənətimizə, musiqimizə bu qədər dəstək
verir, bu qədər maraq göstərir. Təşəkkür
edirəm və hamını təbrik edirəm. Sağ
olun.
* * *
Azərbaycanın
Xalq Artisti Mübariz Tağiyev çıxış edib:
-Cənab
Prezident.
Mehriban xanım, Rəşidə xanım, əziz rəşidsevərlər.
Mənim
sənət yolumun iyirmi ili Mahnı
Teatrı ilə bağlı olub. Yəni, Rəşid
Behbudovun tələbəsi olmuşam, onun yetirmələrindən
biriyəm. Dünyanın iyirmidən
artıq ölkəsində Rəşid müəllimlə
qastrol səfərlərində olmuşuq. O illərdə
Azərbaycanımızı qarış-qarış gəzmişik.
Mən Mahnı Teatrının veteranları
adından Sizə dərin minnətdarlığımı
bildirirəm.
Sizin qeyd etdiyiniz kimi, Rəşid Behbudovun sənətinə
layiqincə qiymət verilib. Onun adına
küçə, Mahnı Teatrı, Fond və s. var. Bu gün
açılışını etdiyiniz bu abidə
bütün bu deyilənlərə bir sübutdur və ürəkdən
gələn bütün sözləri tamamlayır.
Çünki teatrın bu binada fəaliyyətə
başladığı və pərdəsi asılan gündən
mən onun şahidi olmuşam. Əfsuslar olsun ki, Rəşid
müəllim bunun açılışını edə bilmədi.
Ancaq onun sənəti o qədər
böyükdür ki, Mahnı Teatrı bu gün də
yaşayır. Burada gənc nəsil
böyüyür, öyrənir və s. Bu heykəl canlı
Rəşid kimi indi bu binanın qarşısındadır.
Mən “heykəl” sözünü işlətdim.
Heykəllər əbədi olurlar, Rəşid
Behbudovun sənəti kimi. Sağ olun.
* * *
Xalq
Artisti, Dövlət Mükafatı laureatı Xuraman
Qasımova:
-Çox
hörmətli cənab Prezidentimiz.
Hörmətli Mehriban xanım.
Xanımlar və cənablar.
Bu gün doğrudan da böyük bir bayramdır. Nəhayət,
çox gözlədiyimiz bu heykəli biz gördük. Buna görə, cənab Prezident, şəxsən
Sizə təşəkkürümüzü bildiririk. Çünki Siz neçə-neçə sərəncamlar
imzalamısınız və bizim sənətçilərin
adını əbədiləşdirmisiniz, bax, belə heykəllərlə
- Fikrət Əmirovun, Qara Qarayevin, nəhayət Rəşid
Behbudovun.
Bəli, Rəşid Behbudov təkrarolunmaz səsə
malik ifaçı idi. Doğrudan da onun yaratdığı
Mahnı Teatrının önündə belə bir heykəl
ucalmalı idi. Biz dəfələrlə
onunla səhnələrdə çıxış etmişik.
Onun çıxışlarına hazırlıq dəqiqələrini
hiss etmişik, görmüşük, onun tövsiyələrini
eşitmişik. İndiki gənclər kimi, biz
də gənc yaşlarımızda hər zaman Rəşid
Behbudovun ifa etdiyi əsərləri dinləyib ifa edirdik.
Dəfələrlə onlara qulaq asaraq biz də
istəyirdik ki, onun kimi ifalar olsun. Lakin o, təkrarolunmazdır.
Bunu hamı qəbul edir ki, o, təkrarolunmaz bir
ifaçı idi. Ona layiq olmaq
üçün Vətəni onun kimi sevmək
lazımdır. O, çox vətənpərvər insan
idi, Vətəni üçün ürəyi yanırdı.
Ali Sovetin deputatı olanda o, Vətən üçün
çox can yandırırdı.
Ona görə Sizə yenə də təşəkkür
edirik ki, bu gün ən gözəl küçələrdən
birində - onun adını daşıyan küçədə,
ən mərkəzdə belə bir heykəl
açılıb. Təşəkkür edirik.
* * *
Azərbaycan
və SSRİ Xalq Artisti, Dövlət Mükafatı
laureatı Fidan Qasımova da çıxış edib:
-İcazənizlə, mən də iki kəlmə demək
istəyirəm.
Çox
xoşbəxt insanam ki, 1974-cü ildə dahi Niyazi
“Arşın mal alan”ı vala yazmaq
üçün məni çağırdı. Mən Gülçöhrənin partiyasını dərhal
ifa etdim, tezliklə Bakıya gəldim və işlər
başladı. Mən məşqlərdə dahi Rəşid
Behbudov ilə tanış oldum. Biz çox yüksək əhval-ruhiyyə ilə
valı yazdırmağa başladıq. Yəni,
bu, bir örnək, dərs idi. İnsan o qədər
də tələbkar müğənni olarmı? Unudulmaz səs, gözəl diapazon, onun yüksək
notları, si bemolları. O, si bemolları iki dəfə
götürdü və üçüncü dəfə dedi
ki, mən götürməyəcəyəm. Yalnız
iki dəfə götürdü. Bildim ki,
üçüncü dəfə götürməyəcək.
Çünki öz notlarına, səsinə
çox qiymət verirdi. O qızıl səs mənim qəlbimdə,
yadımda qalıb.
Mən öz yaradıcılığımda, fəaliyyətimdə
xoşbəxtəm ki, Allah məni Rəşid Behbudov ilə
qarşılaşdırdı. Moskvada da qala-konsertlərdə
tez-tez görüşərdik. Belə bir
dahi ilə səhnədə olmaq mənim üçün
böyük xoşbəxtlikdir. Bunları
demək istəyirdim. Diqqətinizə görə
çox sağ olun, hamınıza təşəkkür
edirik.
* * *
Dünya
şöhrətli müğənninin xatirəsinə
göstərilən ehtirama görə Prezident İlham Əliyevə
və xanımı Mehriban Əliyevaya ailə üzvləri
adından təşəkkür edən Rəşid Behbudov
Fondunun rəhbəri Kamil Şahverdiyev dedi:
-Çox
hörmətli möhtərəm Prezident.
Sevimli Mehriban xanım.
Sizə Rəşid Behbudovun ailəsi və Rəşid
Behbudov Fondu adından, bütün rəşidsevərlər
adından dərin təşəkkürümüzü
bildiririk. Əfsuslar olsun ki, bu gün burada iştirak edə
bilməyən Ceyran xanımın Sizə dərin ehtiram və
hörmətini çatdırıram. Ceyran
xanım xahiş etdi ki, onun sevgisini, hörmətini,
ehtiramını və dərin təşəkkürünü
Sizə çatdıraq. Rəşid
Behbudovun bu gözəl abidəsinin
açılışı nəinki bizim ailə, rəşidsevərlər
üçün, ümumiyyətlə, bütün Azərbaycan
mədəniyyəti üçün çox böyük
tarixi hadisədir. İcazə verin,
bütün mədəniyyət xadimləri adından Sizə
dərin təşəkkürümü bildirim. Bu gün iqtisadi, siyasi uğurları ilə
yanaşı, Sizin səyləriniz nəticəsində Azərbaycan
mədəniyyəti dünyada çox gözəl, çox
geniş təbliğ olunur və bu, bizim ən böyük
silahlarımızdan biridir. Siz Mehriban
xanımla birgə Azərbaycan mədəniyyətini
dünyada geniş təbliğ edirsiniz. Siz
Azərbaycanı dünyada qüdrətli və mədəni
bir dövlət kimi tanıdırsınız. İcazə verin, hamımızın adından Sizə
təşəkkürümüzü, dərin
ehtiramımızı bildirək. Çox sağ
olun, minnətdaram.
* * *
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və
tədbirin iştirakçıları abidənin önünə
gül dəstələri qoydular.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Rəşid Behbudovun ailə üzvləri, həmçinin mədəniyyət
və incəsənət xadimləri ilə söhbət etdilər. Sonra Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
dünya şöhrətli müğənninin ailə
üzvləri və mərasimə gələn qonaqlarla xatirə
şəkilləri çəkdirdilər. Daha sonra
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və
mərasim iştirakçıları Rəşid Behbudov
adına Dövlət Mahnı Teatrının estrada-simfonik
orkestrinin müşayiəti ilə Əməkdar Artist Xəyyam
Mustafazadə və müğənni Fəxri Kazım
Nicatın ifasında dünya şöhrətli müğənnilər
Rəşid Behbudovun və Müslüm Maqomayevin
repertuarlarından mahnılar dinlədilər.
Səs.-
2016.- 5 oktyabr.- S.4