Milli Kitabxanada "Art Nouveau" memarlığı: RiqaLatviya" adlı sərginin açılışı olub

Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Art Nouveau (yeni incəsənət) memarlığı: RiqaLatviya" adlı sərginin açılışı oldu. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə baş tutub.

Sərginin açılışında çıxış edən Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietseni və qonaqları salamlayaraq, ölkələrimiz arasında qarşılıqlı münasibətlərdən söz açıb. O bildirib ki,  dövlətlərimiz arasında siyasi tərəfdaşlıqla bərabər, mədəni əlaqələr də daim inkişafdadır. Bu gün Azərbaycan-Latviya tərəfdaşlığı bütün sahələri əhatə edir, ikitərəfli münasibətlər uğurla həyata keçirilir. Riqa və Bakının memarlıq cəhətdən oxşar şəhərlər olduğunu vurğulayan nazir müavini hər iki şəhərin memarlarının tarixi abidələrin qorunması baxımından bir-birindən öyrənməli nüansları diqqətə çatdırıb. Latviyanın tarixi abidələrinin qorunması təcrübəsi memarlarımız üçün bir nümunə olduğunu deyib.

Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietse Bakıdan olmağından məmnunluğunu ifadə edib. Azərbaycan ilə Latviya arasında münasibətlərin möhkəm əsaslar, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Riqanın memarlıq nümunələri olan binalarla məşhurluğunu söyləyən İnara Murnietse sərginin Bakıda, xüsusilə, Milli Kitabxanada açılmasını xüsusi dəyərləndirib. Sədr onu da əlavə edib ki, Azərbaycana səfəri siyasi xarakter daşısa da, mədəniyyət və incəsənətsiz dostluq və birgə əməkdaşlıq mümkün deyil:"İnsanlar yalnız bir-birinin tarixinə və mədəni irsinə bələd olmaqla, əlaqələr qura bilərlər. Məhz bu səbəbdən də, biz XX əsrə aid Riqa memarlıq abidələri ilə Bakı sakinlərini tanış etmək istədik. Bu sərgi vasitəsilə azərbaycanlılar LatviyaRiqa haqqında daha çox məlumat öyrənə biləcəklər". Sonra o, Latviyaya həsr olunmuş kitabları Milli Kitabxanaya hədiyyə edib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışı zamanı yeni sərgidən, xüsusilə, Riqa şəhərinin gözəlliyindən, buranın heykəllər şəhəri olmasından, orada "Art Nouveau" adlı muzeyin fəaliyyət göstərməsindən söz açıb. Direktor bildirib ki, üç ildir ki, Milli Kitabxana ilə Latviya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb və iki ildən bir Milli Kitabxanada Latviya Milli Kitabxanasının sərgisi açılır. Diqqətə çatdırıb ki, "Art Nouveau (yeni incəsənət)" memarlığı: RiqaLatviya" sərgisi ilə yanaşı, "Latviya bu gün" adlı kitab sərgisində nümayiş olunan kitablar Latviya Milli Kitabxanası tərəfindən həmin sərgilərdə hədiyyə edilib. Kitab sərgisində Azərbaycan Milli Kitabxanasının Fondunda qorunan Latviyanın tarixidən, mədəniyyətindən, incəsənətindən, siyasətindən bəhs edən müxtəlif dillərdə ədəbiyyatlar yer alır. Kərim Tahirov qonağa nəfis tərtibatla çap olunmuş "Azərbaycan xalçaları. İrəvan qrupu" , "Qarabağ xanəndələri", "Qobustan minilliklər boyu" və digər kitabları hədiyyə edib. Sonda qonaqlar sərgi ilə tanış olublar.

ZÜMRÜD

Səs.- 2016.- 5 oktyabr.- S.12