5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

 

Bu gün dünya ictimaiyyətinin hər zaman məhəbbətlə qarşıladığı müəllimlərin peşə bayramı - Beynəlxalq Müəllimlər Günüdür. 5 oktyabr tarixinin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Bayramın beynəlxalq səviyyədə keçirilməsi, həqiqətən də, böyük sevginin bəşəri təcəssümünü özündə ehtiva edir.  Ağıl və elm kimi dünyaya məxsus olan açarın milyonlarla insanlara əxzində, məhz müəllim qüdrəti, müəllim əməyi əvəzsiz və sonsuzdur. Odur ki, bəşəriyyətin formalaşdığı zamandan müəllimə olan münasibət fərqli məcrada özünü göstərə bilmişdir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir. Bu cür məfhumları özündə cəmləşdirən peşə sahibinin peşə bayramının respublika səviyyəsində qeyd olunması ona olan qiymətin bir ölçüsüdür. Bu baxımdan, müəllimlik peşəsi heç bir peşə ilə ölçüyə gəlməyən bir sahədir. Dünyanın ən müdrik simaları, liderləri, böyük şəxsiyyətləri, beynəlxalq aləmin hegemon qüvvələri bu ad qarşısında adiləşir, öyrənməyə, nəyisə əxz etməyə çalışır. "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram", - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Həyatı, yazıb-yaratmağı öyrədən müəlliminə mənən borclu olduğunu dərk edərək, onun vücudu qarşısında səcdə edir. Bu sözgəlişi deyilən fikirlər deyil, bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər. Hər fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü, zəhməti, illəri  hesabına başa gəlir. Cəmiyyətə savadlı, elmi bilikli gənclər ordusunu yetişdirən müəllim onu şəxsiyyət və vətəndaş olaraq da cəmiyyətə hazırlayır. Elm və savadla bahəm, bu dəyərlərin aşılanması əsas şərt olduğundan, hər bir müəllim ünsiyyətdə olduğu şagirdlərinə bu keyfiyyələri aşılamaq üçün öz peşəkarlığını ortaya qoyur. Müəllim pedaqoq və psixoloqdur. Əgər müəllim özünü tərbiyə edib, kamil insani sifətləri özündə aşılayıbsa, demək, müəllim adı ona yaraşır.

 

TƏHSİL CƏMİYYƏTİMİZDƏ YÜKSƏK YER TUTAN BÖYÜK QÜVVƏ OLMAQLA YANAŞI, ƏN ÖNDƏ GEDƏN SAHƏLƏRİNDƏN BİRİDİR

 

Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələni yaşayır. Müasir gənclik ab-havanın içərisində məsuliyyət hissini ön plana çəkib, Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olunmasına gətirib çıxarır. Ümummilli Lider Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən ölkənin tərəqqi və inkişafına zəmin yaradıb. Bu gün Ulu Öndər Heydər Əliyevin maarifçilik ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Təhsilin inkişafından, yeni təhsil müəssisələrinin bərpa və təmir olunmasından söz açarkən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətini də qeyd etməliyik. Bildiyimiz kimi, fondun fəaliyyət istiqamətinin bir qolu təhsilə yönəlmişdir. Fondun prezidentinin təşəbbüsü ilə məktəblərə böyük diqqət və qayğı göstərilir. Yeni məktəb binalarının tikilməsi və bərpası müasir təhsilini inkişafına təkan verir. Bu gün təhsilə qayğı varsa, demək, Azərbaycan inkişafdadır. Çünki həyat təhsildən başlayır. Müəllimlər yeni texnologiyanı əxz edərək, tədrisin keyfiyyətinin yüksəlməsinə nail olmuşlar. Prezident İlham Əliyev demişdir ki, yeni texnologiyanı ən parlaq, ən prioritet sahə hesab edirəm. XXI əsr sürət, kompüter - dünyaya çıxış əsridir. Prezident İlham Əliyevin təhsilə həmişə böyük diqqət və qayğısı olub. Çünki təhsil bizim cəmiyyətimizdə yüksək yer tutan böyük bir qüvvə olmaqla yanaşı, cəmiyyətimizin ən öndə gedən sahələrindən biridir.

"UŞAQLAR YAXŞI MƏKTƏBLƏRDƏ OXUMALI, MÜƏLLİMLƏR DƏ YAXŞI MƏKTƏBLƏRDƏ İŞLƏMƏLİDİRLƏR"

 

Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər" - fikrini reallığa çevirir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır. Artıq neçə illərdir ki, Prezident İlham Əliyevin qərarı ilə ölkəmizdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsi keçirilir. "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun, onun nüfuzunun yüksəldilməsinə xidmət edir.

MÜƏLLİM SAVADI, DÜNYAGÖRÜŞÜ İLƏ BÖYÜK BİR NƏSLİN TƏRBİYƏÇİSİDİR

Təhsilimizin uğurlarından biri də məktəblərdə kompüterlərin yerləşdirilməsidir. Müasir dövrdə uşaqların zehni inkişafına və onların ruh yüksəkliyinə də diqqət yetirilir. Diqqət etsək, görərik ki, belə bir müasirləşən təhsildə cəmiyyətin inkişafında müəllimin əməyi böyükdür. O, gələcəyin vətəndaşını yetişdirir. Gələcəyin inkişafı da, tərəqqisi də bugünkü məktəblinin - gələcəyin gəncliyinin əlindədir.

Ümummilli Lider Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən ölkənin tərəqqi və inkişafına zəmin yaradıb. Dünyada mövcud olan ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq edilir. Buna görə də məsuliyyət hissi ilə cəmiyyətə layiqli vətəndaşlar yetişdirilməlidir. Müəllim hər bir yeniliyi izləyərək, onu tətbiq etməlidir. Müəllim savadı, dünyagörüşü ilə böyük bir nəsli tərbiyə edir. Bütün dünyada gedən prosesləri izləyir və ölkəmiz üçün vacib olan məsələləri şagirdlərə çatdırır. Bu prizmadan çıxış edərək, yüksək bilikli şagird yetişdirməklə müəllim cəmiyyətə sağlam ruhlu vətəndaş hazırlamalıdır. Gənclərimiz orta məktəblərdə milli dəyərlərə tərbiyələnirlər. Müstəqil Azərbaycan iyirmi birinci yüzillikdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil-demokratik dövlət kimi inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrin inkişafına daim xüsusi diqqət yetirir. Bu gün diqqət etsək, görərik ki, cəmiyyətdə müəllimin əməyi böyükdür və gələcəyin inkişaf etməsində və tərəqqisində bugünkü şagirdlərin böyük rolu olacaq. Təməli məktəb partaları arxasında qoyulan şagirdlər, məhz bu gün müəllimin böyük zəhməti sayəsində inkişaf edir. Müəllimin əməyi çox böyük olduğundan, vətənə layiqli vətəndaş yetişdirdiyindən, bu peşədən qürur duymağa və fəxr etməyə haqqı var.

Zümrüd BAYRAMOVA

Səs.- 2016.- 5 oktyabr.- S.7