X Beynəlxalq Təhsil Sərgisi açılıb

 

Dünən "Baku Expo" Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib.

Sərgi iştirakçılarını salamlayan təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son illərdə Azərbaycanda təhsil sahəsində islahatlar və məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizdə insan kapitalının inkişafının müasir dövlətçilik fəlsəfəsinin əsas hədəfi olduğunu deyən nazir müavini bildirib ki, bu vacib hədəfin gerçəkləşməsi xeyli dərəcədə təhsilin üzərinə düşür. C.Bayramov sərginin müxtəlif təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinə töhfə verəcəyini, təhsilverən və təhsilalanlar üçün əlavə imkanlar yaradacağını deyib.

Daha sonra sərgi iştirakçıları stendlərə baxış keçirib.

Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyi öz stendində "Maarifçi" Tələbə Kredit Fondu, "SABAH", "Bir könüllü", "Azərbaycan üçün öyrət" layihələrini təqdim edib. Stendlərdə, həmçinin, Fransız-Azərbaycan Universitetiyer alıb.

Azərbaycan, Almaniya, Latviya, Macarıstan, İordaniyanın ali təhsil müəssisələri, kollec və təhsil xidmətləri göstərən qurumların nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış ediblər. Sərgidə Polşa ("Go Poland"), Litva ("Study in Lithuania") Türkiyənin (Study in Turkey) milli stendləri təqdim olunub. Sərgidə Azərbaycanı ali təhsil müəssisələri ilə yanaşı, İT STEP Akademiyası da təmsil edib. 10-cu Beynəlxalq Təhsil Sərgisi oktyabrın 9-dək davam edəcək.

 

NƏZAKƏT

Səs.- 2016.- 8 oktyabr.- S.12.