BMT Sivilizasiyalar
Alyansının VII Qlobal Forumu:
Azərbaycan multikulturalizmi dünyada
mütərəqqi model kimi
qəbul olunur
Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. 25 illik müstəqillik tariximizdə Azərbaycanın etibarlı tərəfdaş, təhlükəsizliyə, sabitliyə, multikulturalizmə və s. verdiyi töhfələrin məntiqi nəticəsidir ki, ölkəmiz qısa bir zamanda beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvü oldu. Belə bir nüfuza sahib olan Azərbaycana dünyanın istənilən qitəsindən nəzər saldıqda, Odlar Diyarındakı mənzərə cəlbedici görünür. Xüsusilə də, dünyanın qarışıq bir dövründə Qoca Şərqin Qapısı sayılan məkanda üç səmavi dinin - yəhudilik, xristianlıq və islamın, eləcə də müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması bəşər övladının diqqətini ölkəmizə cəm edir. Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən, irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə firavan həyat sürməsinə əsas verir. Bu məkanda bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq azad nəfəs alır, sərbət fəaliyyət göstərir. Əgər Azərbaycan ərazisində 2166 məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək, bu artıq tolerant mühitin mövcudluğunu tam əsaslandırır. Ölkədə olan müxtəlif qurumlar hər bir millətə - ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər vermiş olur. "Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır" - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hər bir millət, xalq üçün bərabər şəraitin yaradığdığını diqqətə çəkirdi.
"MULTİKULTURALİZMİN ALTERNATİVİ KSENOFOBİYADIR, AYRI-SEÇKİLİKDİR, İRQÇİLİKDİR, İSLAMOFOBİYADIR, ANTİSEMİTİZMDİR"
Əbəs deyil ki, dünyanın ən qədim məscidlərindən olan Şamaxı məscidi bizim məkanda hələ 743-cü ildə tikilib. Şəkidə olan Qafqaz Albaniyası kilsəsi tarixin daş abidəsinə çevrilib. Bəli, Azərbaycanın həqiqətləri onun torpağındakı ab-havadan güc alır. Əgər dünyaya sülh mesajı ilə özünü təqdim edən Azərbaycanda qeyd etdiyimiz mühit olmasaydı, yəqin ki, Azərbaycan imici dünyada özünü doğrultmazdı. Bu günün insanını artıq hiylə, yalanla aldatmaq mümkün deyil və qarşılıqlı beynəlxalq əlaqələr düzgün fikir formalaşdırır. Bütün bunlara rəğmən, qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Müasir Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir və dünya xəritəsində kiçik ərazi kimi görünən ölkəmiz böyük gücə malik dövlətlərlə ayaqlaşır. Ölkəmizdə hər il keçirilən beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa dair görüşlər - Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransı və onlarla belə beynəlxalq tədbirlər ölkəmizin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini dünyaya nümayiş etdirmək baxımından əhəmiyyət kəsb edir. İştirakçı dövlətlər, qonaqlar müasir dövrümüzdə dünyada gedən çox açınacaqlı və faciəli proseslərin tam əksinə multikultural bir dövlətdə Azərbaycanda rast gəlirlər. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Bunun xalqımız üçün normal həyat tərzi olduğunu bildirən Cənab İlham Əliyev çıxışlarında müasir dövrdə dünya ölkələrində xoşagəlməz halların müşahidə olduğu zamanda Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında tolerantlıq, dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin mövcudluğunu dəfələrlə vurğulayıb. Son illər Avropanın üzləşdiyi böyük miqrasiya dalğasında bu məfhumun lazımı səviyyədə tənzimlənməməsinin şahidinə çevrildik. Bu, onun göstəricisidir ki, demokratik və sülhsevər adlandırılan ölkələr buna hazır deyillər. "Multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir" - deyən Prezident İlham Əliyev bütün dünyaya birgəyaşama mədəniyyətini, tolerantlığı, irqi və dini ayrıseçkiliyə yol verməməyi mesaj olaraq göndərir.
Azərbaycanda dövlət siyasətinin davamı olaraq ölkə başçısının məlum Sərəncamı ilə 2016-cı il "Multikulturalizm ili" elan olundu. Bu, bizim ölkəmizdə mövcud olan ənənələrin, müsbət proseslərin nəticəsidir və onların yeni bir mərhələyə qalxmasına təkan verəcək sənəd olmaqla yanaşı, beynəlxalq miqyasda əhəmiyyət kəsb edir.
BMT-NİN SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMU DÜNYANI BİRGƏYAŞAMAYA, SÜLHƏ VƏ TƏHLÜKƏSİZ HƏYATA SƏSLƏDİ
Azərbaycanda tolerantlıq, multikultural dəyərlərinin müasir cəmiyyətdə müdafiə olunması üçün görülən tədbirlərin nəticəsidir ki, bu gün ölkəmiz - paytaxt Bakı dialoq üçün unikal geosiyasi məkana çevrilib. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun ölkəmizdə keçirildiyi zamanda iştrakçı dövlətlər, qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi oldular. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyildi. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə töhfələrini verən məkanda dünya dövlətləri bir araya gəldilər. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına önəm verdiyini bir daha ortaya qoymuş oldu. Cənab İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda vurğuladığı kimi, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər: "Çünki bu gün, əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər".
"İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" devizi altında keçirilən forum Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rol oynadı. Dünyanı sülh və təhlükəsizlik, insan haqları, qanunun aliliyi və davamlı inkişaf dəyərlərə söykənməyə səslədi. Forumda bəyan olundu ki, davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz.
Forum Azərbaycan həqiqətləri ilə dünya ictimaiyyətini elə ölkə daxilində bir daha tanış etmiş oldu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bir daha diqqət çəkildi və Dağlıq Qarabağ Azərbaycanın tarixi parçası olduğu bir daha bəyan edildi. Dünyaya təqdim olundu ki, işğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. İştirakçı dövlətlər işğala baxmayaraq, Azərbaycanın sülsevər, inkişaf edən ölkə olduğunun şahidi olurlar. İnklüziv cəmiyyətlərin qurulması dialoq və inteqrasiya, təhsil, gənclər, mədəni müxtəliflik, miqrasiya, media və ünsiyyət kimi sahələrdə çətinliklərin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə edildi. Zorakı ekstremizm BMT-nin məqsəd və prinsiplərinə qarşı çıxan bir çağırış olduğundan müxtəlif qurum və təşkilatlara müraciət edilərək onları birgə işləməyə, yaşamağa səsləyib.
Forumun əhəmiyyətinə nəzər salarkən vurğulamalıyıq ki, dünyada baş verən böhranlardan və münaqişələrdən uzaq olmaq, birgə tədbirlərin görülməsinə nail olmaq terrorizmə, münaqişələrə qarşı səmərəli mübarizə aparmaq üçün vətəndaşlıq prinsipləri, insan haqları, bərabərlik amili diqqətdə qaldı. Terrorizm aktlarını törədənlər isə mütləqdir ki, qanun qarşısında cavab versinlər.
Azərbaycan xalqı öz ənənələrinə sadiqdir. Dünyada terror, ksenofobiya, irqçiliklə bağlı münaqişələr baş versə də, birgə yanaşı yaşamaq haqqında təsəvvürlər, məhz Odlar Diyarında genişlənir.
MÜXTƏLİF MƏDƏNİYYƏTLƏRİN VƏ DİNLƏRİN NÜMAYƏNDƏLƏRİNİN, ETNİK AZLIQLARIN HARMONİYA HALINDA YAŞADIĞI AZƏRBAYCANDAN ƏXZ EDİLƏCƏK ÇOX MƏQAMLAR VAR
Elə bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı Sərəncamı da elə bu dəyərlərə malik ölkəmdə ənənələrin yaşadığını və davam etdirildiyini göstərir.
Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermiş alman memarlarının inşa etdikləri məşhur tiklilərin ölkəmizdə qorunub saxlanılır. Bakıda 28 May küçəsində yerləşən alman kilsəsi-kirxa onlardan biridir. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bina o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə bu binada əsaslı təmir və bərpa işləri aparılıb. Kirxanın yanında olan Kapelhauz Alman Mədəniyyət Mərkəzidir.
Bəli, qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycandan əxz ediləcəyi çox məqamlar var. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamafobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ümumbəşəri və humanist ideyalarını təbliğ edərək, müxtəlif məzmunlu tədbirlər həyata keçirir. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən Azərbaycan kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.-
2016.- 8 oktyabr.- S.11.