Zərif teatr missiyası - 10 yaşlı
"Üns"
Üns-dostlaşma, mehribanlıq deməkdir. 2006-cı ildə
Bakıda Azərbaycan
tamaşaçısının dostuna çevrilən, ona bəşəri, insani hisslər aşılayan bir teatr fəaliyyətə başladı: "Üns"
Yaradıcılıq Səhnəsi.
Bu il 143 yaşı tamam olan Azərbaycan peşəkar teatrının
tarixində indi 10 yaşlı "Üns"
də var...
Layihə görkəmli şərqşünas-alim,
tərcüməçi, filologiya
elmləri doktoru Aida İmanquliyevanın xatirəsinə
ithaf olunub. "Üns"
Yaradıcılıq Səhnəsinin
yaradıcısı və
bədii rəhbəri
"Azərbaycan Mədəniyyətinin
Dostları" Xeyriyyə
Fondunun İdarə Heyətinin üzvü, M.V.Lomonosov adına
Moskva Dövlət Universiteti Bakı Filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri,
professor Nərgiz Paşayevadır.
Layihənin əsas məqsədlərdən
biri Azərbaycanın
zəngin teatr sənətinə daha bir yenilik gətirmək,
incəsənət və
mədəniyyətdə Şərq
və Qərb mədəniyyətinin sintezinin
bədii əksinin göstərməkdir.
Zəngin ənənələri olan
Azərbaycan teatrı
bu gün özünün yeni inkişaf dövrünü
yaşayır. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu istiqamətdə
fundamental dövlət sənədləri
qəbul edilib. 2006-cı ildə qəbul olunan "Teatr və teatr
fəaliyyəti haqqında"
Qanun, 2007-ci ildə imzalanan "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident Sərəncamı, "Azərbaycan
teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramı,
teatrlarımızın maddi-texniki
bazasının yaxşılaşdırılması
ilə bağlı sərəncam və qərarlar dövlətimizin
bu sahəyə diqqət və qayğısının göstəricisidir.
"ÜNS"LƏ
TANIŞLIQ...
"Üns"ü digər
teatrlardan fərqləndirən
cəhətlərdən biri
də onun dizaynında, binasının
ümumi görünüşü
və interyerində özünü göstərir. Kiçik həyətlə
foye həmahənglik təşkil edir. Tamaşaçı teatra daxil olan kimi milli
və eyni zamanda, ümumbəşəri
ideyalarla, mədəniyyət
və incəsənətlə
ünsiyyətə girir.
Qeyd edək ki, ötən
əsrin əvvəllərinə
aid binanın yeni tikilmiş hissəsinin memarı Oqtay Səttarovdur. Rəssam
Altay Sadıqzadənin dizaynı
əsasında qurulmuş
metal konstruksiyalar teatrın
əsas giriş hissəsinə xüsusi yaraşıq verir.
10 il əvvəl
açılış mərasimində
"Üns Yaradıcılıq
Səhnəsi" layihəsinin
müəllifi və rəhbəri, professor Nərgiz
Paşayeva teatrın yaranma səbəblərini
belə açıqlamışdı:
"Azərbaycanda 150 illik
bir dövrdə milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırmış
və ənənələr
yaratmışdır. Böyük aktyorlar
Şərq mədəniyyəti
üçün ənənəvi
olmayan sahədə böyük uğurlar qazanmış, özlərindən
sonra məktəb və ənənə qoymuşlar. "Üns Yaradıcılıq
Səhnəsi"nin əsas
məqsədlərindən biri Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə
əsaslanaraq onu indiki, müasir səviyyəyə qaldırmaq,
bir növ ənənəni və yeniliyi birləşdirməkdir".
Azərbaycan mədəniyyəti aləmində
forma və məzmunca
yeni model olan "Üns" Yaradıcılıq
Səhnəsi Azərbaycanın
mədəniyyət salnaməsində
yeni səhifə açdı. Ötən müddətdə tamaşaçılara bir-birindən
fərqli tamaşalar,
rəngarəng kompozisiyalar
təqdim etdi.
"Üns"ün səhnəsində
dünya şöhrətli
müğənni və
bəstəkar Müslüm
Maqomayevin xatirəsinə
həsr edilmiş
"Beşikdən əbədiyyətə
qədər" filminin
premyerası, xalq yazıçısı Elçinin
ssenarisi əsasında
çəkilən "Məryəm"
bədii-sənədli filminin
təqdimat mərasimi
keçirilib, Rusiyanın
və Ukraynanın xalq artisti Roman Viktyukun rejissoru olduğu "Fedra" mistik dramı oynanılıb, görkəmli
sənət adamları
ilə görüşlər,
ustad dərsləri təşkil edilib. Beş il
öncə teatrın
ilk yubileyi münasibətilə
keçirilən konsertdə
əfsanəvi Oleq Lundstrem adına Rusiya Dövlət Caz Musiqisi Kamera
Orkestri çıxış
etmişdi.
Səhnənin tamaşaçılarla ilk görüşü
isə "Bakı"
musiqili tamaşası
olub. Tamaşa yüksək
peşəkarların rəhbərliyi
altında Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin,
Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin tələbələrindən ibarət
gənclərin birgə
əməyi ilə hazırlanmışdı. İlk tamaşada
unudulmaz bəstəkar
Tofiq Quliyevin mahnılarından istifadə
olunmuşdu. Bu mahnıların əksəriyyəti
Moskva arxivlərində
uzun axtarışlardan
sonra tapılmış
və musiqisevərlərə
yenidən təqdim edilmişdi. Fəaliyyəti dövründə "Üns"
ziyalıların, sənətsevərlərin
sevimli məkanına çevrildi. Burada keçirilən
hər bir uğurlu tədbir, bilavasitə Nərgiz Paşayevanın yaradıcılıq
istedadı və intellekti ilə bağlıdır. "Üns"
öz gəlişi ilə sənət aləminə yeni ab-hava, yeni ovqat
gətirdi, az
vaxtda geniş tamaşaçı rəğbəti
qazandı.
Uzun illər
boyu milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırıb və
ənənələr yaradıb. "Üns" Yaradıcılıq
Səhnəsinin məramlarından
biri də Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq
onu indiki, müasir məcrada inkişafını təmin
etmək, bir növ klassika ilə modernliyin harmoniyasını yaratmaqdır.
Bu, sadəcə, teatr deyil, ziyalıların
ünsiyyət ocağıdır.
Qısa zaman kəsiyində öz repertuarı ilə Azərbaycan mədəni həyatında
özünəməxsus yer
tutan "Üns" sənətdə, səhnədə
Şərq və Qərbin sintezini nümayiş etdirə bilib. Teatrın repertuarının hər bir təqdimatı
teatrsevərlər üçün
sənət bayramına
çevrilib. Elçinin
əsərlərinin antrepriz
tamaşaları, Edvard
Radzinski, Sergey Yurski ilə görüşlər,
"Gelikon-opera"nın quruluşları,
Robert Sturuanın, Roman Viktyukun
səhnə əsərləri
və neçə-neçə
digər yaradıcılıq
axtarışlarının maraqlı tapıntıları.
BELƏ MƏKANDA
İFAÇILARDAN KLASSİKA TƏLƏB OLUNUR
Bu günə
kimi "Üns"ün
səhnəsindən tamaşaçılara
səslənən tanınmış
sənət adamlarının
teatr haqqında fikirləri də maraqlıdır. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına
görə, tanınmış
simalar teatrla bağlı fikirlərini belə bölüşüblər.
Rusiyanın xalq artisti,
"Mono-Due-Trio" Teatrının rəhbəri Aleksandr Filippenko: "Məncə,
rəssamlar, şairlər,
aktyorlar, yazıçılar,
rejissorlar Xarici İşlər Nazirliyinin
ən sadiq və səmimi əməkdaşlarıdır. Təəccüblənməyin, onlar əsl
diplomat kimi insan münasibətlərinin mürəkkəb,
çoxmillətli binasını
yaradırlar. "Üns" Teatrı bu diplomatiyanın ən parlaq nümayəndəsidir".
Rusiyanın xalq artisti, aktyor, rejissor, ssenari müəllifi Sergey
Yurski: "Üns"
gözəl kamera teatrıdır. Tamaşaçı ilə aktyorun
yaxın məsafədən
ünsiyyət saxlamasına
imkan yaradan, yüksək səviyyəli
solistlərin, kollektivlərin
çıxışına yer verən teatr. Məhz belə kamera məkanında ifaçılardan
müxtəlif növ
klassika tələb olunur: Avropa, rus, Azərbaycan klassikası..."
Qazaxıstanın xalq şairi, ədəbiyyatşünas, ictimai-siyasi
xadim Oljas Süleymenov: "Mədəniyyət
dostluğun, əməkdaşlığın
inkişafına və
möhkəmlənməsinə xidmət edir. "Üns" teatrı məhz bu işlə məşğuldur; onun səhnəsində görkəmli
sənətkarların çıxışı
izlənib..."
Rusiyanın xalq artisti,
"Satira" Teatrının
rəhbəri və baş rejissoru Aleksandr Şirvindt: "Belə teatrda olmaq hər bir aktyor və
rejissorun arzusudur. Əgər belə demək mümkündürsə, teatrın
atmosferində nadir rast
gəlinən bir mükəmməllik kompleksi
mövcuddur. Bu zərif
teatrın missiyası
bizim qarşılıqlı
əlaqələrimizi yoluna
qoymaqdan ibarətdir, çünki həm mədəniyyət, həm
dünyaya münasibət,
həm də ənənələrimizdə çox
bağlılıq var. Bunu
dağıtmaq olmaz və teatr bu
məsələdə böyük
və başlıca rol oynayır..."
Biz də bu xoş
sözlərə qoşularaq
zərif teatr missiyasını ötən
10 ildə layiqincə
həyata keçirən
"Üns"ə yeni-yeni
uğurlar diləyir və səhnəsindən
hər zaman dostluq, insansevərlik mesajlarının səslənməsini
arzulayırıq!
Zümrüd BAYRAMOVA
Səs.-
2016.- 11 oktyabr.- S.11.