İnsan hüquq və
azadlıqlarının müdafiəsi və plüralizm
Plüralizm latınca "plüralis" sözündən olub, "çoxluq" deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial-siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi-sosial və s. plüralizm növləri mövcuddur. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. A.N.Plaqinanın fikrincə, plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən və istiqamətlərdən hər biri öz muxtariyyatına doğru inkişaf etməyə başlayır.
Politoloqlar demokratik-hüquqi dövlət quruculuğunda plüralizmin inhisarçılığın istənilən formasının əleyhinə çıxış etdiyini göstərməklə, plüralist tipli ümumi mühüm əlamətlərini də qeyd edirlər:
- Sosial davranışın hərəkət dinamikasını buxovlayan stereotivlərin "silinib getməsini" stimullaşdırır.
- İnsanın yönümlərini, onun öz rolları barədə təsəvvürləri mürəkkəbləşdirərək, davranışında səbəbləndirici amilləri azaldaraq, qeyri-dözümlüyün, qarşıdurmanın, dünyanı ikiqütblü varlıq kimi anlamağın əsaslarını aradan qaldırır.
- Sosial, ideya, konseptual fərqləndirməni dəyər və norma kimi qəbul edərək, şəxsiyyətin azadlığı dərəcəsini artırır, onun həyata keçirilməsi, fərdi və şəxsi başlanğıcların inkişafı və reallaşdırılması üçün yaradır.
Vaqif Abdullayev yazır ki, plüralizm şüur prinsipi kimi mahiyyəti və məzmunu, funksional keyfiyyətləri aşağıdakılardan ibarətdir: hadisələri və prosesləri onların dəyəri, yaxud üstünlüklərindən asılı olmayaraq, nəzərdən keçirməyə kömək edir, bütün mövcud baxışların, ideyaların, nəzəriyyələrin legitimliyini, müxtəlif fikirlərə, konsepsiyalara, proqramlara mütləq dözümlə yanaşmağı nəzərdə tutur, intellektual fəaliyyətin və təfəkkürün təbii vəziyyətin normal forması kimi dialoqun zəruriliyini tələb edir, mənafelərin qarşılıqlı başa düşülməsini, onların razılaşdırılmasına doğru inkişafına və bu müxtəlifliyi ümumbəşəri invariant əsasına tabe olmasına səy göstərir.
Millətin şüurunda kök salmış plüralizm ona açıq cəmiyyət uğrunda, yaratdığı dövlətin beynəlxalq əməkdaşlıq prosesinə inteqrasiya olunmasına (universallıq və ümumsivilizasiyalı inkişafın qarşılıqlı asılılığı çərçivəsində) radikal zəmin yaradır.
Politoloqlar plüralist demokratiyanın aşağıdakı əlamətlərini diqqətə çatdırırlar:
- Siyasi subyektlərin sosial və siyasi maraqlarının müxtəlifliyi, onların ziddiyyətliliyi plüralizmin mənbəyidir;
- Hakimiyyət mərkəzlərinin müxtəlifliyi (mərkəzləşmə), çoxluğu, muxtariyyəti, siyasi subyektlərin azad yarışı, hakimiyyətin bölgüsü;
- Siyasi hakimiyyətlə hər hansı bir partiyanın və ya hakim qrupun və yaxud bir liderin inhisarçılığının istisna edilməsi, çoxpartiyalılıq və ya ikipartiyalı sistem;
- Maraqların həyata keçirilməsi kanallarının çoxluğu, hamı üçün buna nail olmağın azadlığı informasiya azadlığı və aşkarlığı;
- Siyasi qüvvələrin azad mübarizəsi, elitaların yarışı, onları dəyişmə imkanının olması;
- Plüralizmin və vətəndaş inteqrasiyanın vahidliyi (yekdilliyi), ümumi qəbul edilmiş dəyərlər və qanunçuluq çərçivəsində siyasi baxışların alternativliyi.
Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müxtəlif muxtar mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin" - həqiqi müstəqil mətbuatın olması deməkdir.
Plüralizm siyasi nəzəriyyə prinsipi kimi fəlsəfi-metodoloji əsas olmaqla nəzəri fikrin açıqlığı konsepsiyalarından çıxış edir. Bu konsepsiyaya görə, hər bir intellektual prosesdə fikir ayrılığı labüd haldır. Elmi biliyin artması təlimlərin çoxluğu ideyasını rədd etmir, əksinə, onların dərki üçün toplayan konseptual plüralizmə söykənir. Bu halda, plüralizm bu və ya digər konsepsiyalar çərçivəsində müəyyən prinsiplərə riayət etməyi inkar etmir. Dünyanın nəzəri mənzərəsinin yaradılmasına plüralist yanaşma biliklərin əldə edilməsinin mövcud üsulunun müstəsnalılığına iddia irəli sürmür, lakin müxtəlif hipotezlərin zəruriliyini, onların inkarı üçün aşkarlığı qanuniləşdirərkən, elmi axtarışı obyektin daha adekvat dərkinə istiqamətləndirir.
A.Plaqinanın fikrincə, plüralist demokratiya o zaman "işləyə" bilər ki, milli ənənəyə uyğun gəlsin, özünün təcəssüm formaları və metodları ilə milli mədəniyyətlə üzvü vəhdətdə olsun, milli şüura ləngidici təsir göstərməsin. Plüralist demokratiya ictimai şüurun peşə-nəzəri, siyasi-idarəetmə, həmçinin, kütləvi şüura uyğun gəldikdə, milli şüuru da müasirləşdirir və zənginləşdirir.
Siyasi institutlara zidd durmağın zəruriliyi çıxdıqda sosial ümumilik plüralizmə ehtiyac duyur. Plüralizm bir siyasi prinsip kimi sosial sistemi müxtəlif, o cümlədən, əks iqtisadi, sosial, etnik, mədəni, ekoloji və prinsipcə müstəqil və potensial olaraq özü tənzim olunan, dövlət hakimiyyəti sahəsindən kənarda qalan, daşıyıcıları isə siyasi prosesin muxtar və bərabərhüquqlu iştirakçıları olan digər fərdi və ictimai mənafelərin qarşılıqlı təsiri məkanı kimi təşkil etməyə imkan verir.
Fərq, əkslik plüralizmin mövcudluq norması olduğundan, o, konfliktin legitimləşməsində tənzimləmə funksiyasından istifadə etməyə, gərginliyin azalmasına kömək göstərir, mövcud münasibətlərin öz keyfiyyət səviyyəsində saxlanılmasını, milli və siyasi şüurun yeniləşmə imkanlarının həyata keçirilməsini mümkün edir. Beləliklə, siyasi praktikada plüralizm stabil demokratik cəmiyyətin mövcudluq şərti və vasitəsi kimi çıxış edir.
V.Abdullayevin fikrincə, müasir dünyagörüşü inandırıcı surətdə göstərir ki, hər bir demokratik cəmiyyətdə siyasi həyatın uzun sürən təkamül formalarının, insan təfəkkürünün və şüurunun öyrənilməsi, dərin elmi axtarışların yaratdıqları və bütün sivilizasiyanın qəbul etdiyi ideyalar və dəyərlər sistemi mövcuddur. "Plüralizm" adlanan mürəkkəb, çoxplanlı fəlsəfi, sosial-siyasi və mənəvi fenomen ümumi humanizm potensialının zəruri komponentidir. Hazırda kütləvi şüur, eləcə də, hər bir millətin şüuru monizm prinsipi üzərində qurulmuş maksimum böhran vəziyyətində, plüralist sistemin ölüm-dirim mübarizəsi şəraitində formalaşma prosesini yaşayır. Bu səbəbdən də, eyni məqamda cərəyan edən iki prosesi - müasir meyilləri dərk etmək və cəmiyyətin demokratik quruculuğa hərəkətini "plüralizm" anlayışında cəmləşmiş problem və hadisələri işləmədən, insanların intellektual - əxlaqi potensialının bərpasında və zənginləşməsində, kütləvi, əxlaqi şüuru vətəndaş cəmiyyətinin dəyərlərini qavramağa hazırlanmasında potensial imkanlarını dərindən öyrənmədən mümkün deyildir.
Müasir Azərbaycan cəmiyyəti plüralizmin hakim olduğu siyasi- mədəni, sosial, iqtisadi və mədəni-mənəvi plüralizmin gerçəkləşdiyi ən demokratik cəmiyyət kimi bütün dünyada şöhrət qazanmışdır.
Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2016- 18 oktyabr.- S.15