Xocalı soyqırımı
beynəlxalq humanitar hüququn
və azərbaycanlıların yaşamaq
hüququnun pozulmasıdır
24 ildir Azərbaycan xalqı Xocalı faciəsini fəryadla yad edir. Heç başa düşmək olmur ki, dünyanın düz vaxtında ermənilərin törətdikləri cinayəti, yüzlərlə dinc əhalinin gülləbaran edilməsi və girov götürülməsi faktlarına beynəlxalq demokratlar necə ağızlarına su alıb, heç səslərini çıxarmırlar. Belə biganəlik olar? Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin mülahizələri çox diqqətəlayiqdir: "Bəlkə bu qırğın ingilisə, fransıza qarşı olunsaydı, onda özlərini insan haqlarının müdafiəçisi sayılan beynəlxalq təşkilatlar, Qərb dövlətləri və beynəlxalq məhkəmələr özlərini necə aparardılar? Biz - Azərbaycan xalqı başa düşürük və bilirik ki, Xocalı faciəsini rus ordusunun 366-cı alayı törədib və nə vaxtsa bunun cavabını verməli olacaqlar. Ancaq niyə bütün dünyada insan haqları azadlığını qorumaq naminə yaradılan BMT və onun Təhlükəsiz Şurası Ermənistana qarşı qəbul etdiyi qətnamələrini yerinə yetirmir?
Kim nə deyir-desin, o qənaətdəyik ki, tarixdə bənzəri olmayan müsibətin başımıza gətirilməsinin ən böyük günahkarlarından biri, bəlkə də birincisi unutqanlığımızdır. Əgər elə olmasaydı, ermənilərin hələ 1905, 1918-1920-ci illərdə xalqımıza qarşı törətdikləri soyqırımı unudulmaz, əzəli torpaqlarımız olan Göyçə və Zəngəzur hesabına qanımıza susayan düşmən Ermənistan Respublikası yaranmazdı.
1990-cı illərin əvvələrində Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər."
Müəllif qeyd edir ki, erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin əlverişli, strateji mövqeyi ilə əlaqələndirmək olar. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Bu faktı ABŞ-ın Karnegi Fondunun proqram direktoru, Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla müsahibə verən Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanla müsahibədə açıq-aşkar görmək olar. Xocalı faciəsinin iştirakçısı olan Sarkisyan müsahibəsində deyir: "Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada "OMON" var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər".
İstintaqla müəyyən edilmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına gecə saat 22 radələrində basqın etmişdir. Əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutmuşlar. Sonra isə çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar vasitəsilə şəhərə daxil olmuşlar. Evlərində yatmış dinc əhalini vahiməyə salaraq, vəhşicəsinə məhv etməyə başlamışlar. Bu zaman qadın, uşaq və ya qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq tank, PDM və digər texnika altına salaraq əzmiş, məhv etmişlər. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar.
Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Ermənistanın prezidenti Serj Sarkisyanın cinayətdə, bilavasitə iştirakı bu barədə Qarabağ münaqişəsindən bəhs edən "Qara bağ" kitabının müəllifi, məşhur jurnalist Thomas de Vaala verdiyi müsahibədə təsdiqlənmişdir. Müsahibəsində aşkar surətdə Xocalı planının dinc əhaliyə qarşı soyqırımı siyasəti əsasında hazırlandığını etiraf edir. Sarkisyan etiraf edir ki, "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu".
Z.Əliyev yazır: "Xocalıda baş verən qanlı hadisənin soyqırımı olduğunu digər ermənilər də etiraf edirlər. Onlardan biri, Xocalı soyqırımı ilə əlaqədar ən mənfur, ən mənhus dırnaqarası yazılar, əsərlər yazmış müəllif Nazaryandır. Onun "Xocalı işi" adlı xüsusi qovluğu İnternetdə vardır. Hətta orada da yazılır: "Əlbəttə, heç şübhə yoxdur ki, Xocalı hadisələri genosidi xatırladır, genosidə bənzəyir". Yəni Xocalı məsələsində Azərbaycan xalqına qarşı ən böhtançı, uydurma, qeyri-elmi mövqedən çıxış edən erməninin belə bir etirafı olduqca ciddi məsələdir.
Kanada ermənisi, hüquqşünas Vaskel Sitaryan İspaniyada nəşr edilən "Levante" qəzetinin 1992-ci il martın 26 sayında yazır: "Biz ermənilər 26 fevral Xocalıda baş verən hadisələrlə bağlı özümüz-özümüzü dünyada rüsvay etdik. Bizim üçün ağır olan beynəlxalq məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına sürükləyən?"
Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri Karen Ohancanyan müsahibəsində deyir: "Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm.
Azərbaycan Respublikasında Xocalı faciəsi ilə bağlı başlanan istintaq iş üzrə 3000 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib. 800-dən artıq ekspertiza keçirilib. Nəticədə, 39 nəfərin (onlardan 18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları, 8-i Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında iştirakı tam sübuta yetirilib. Onlar axtarışdadırlar".
Müəllif qeyd edir ki, Xocalı faciəsinin xüsusi amansızılıqla həyata keçirilməsini beynəlxalq media da təsdiq edir. Rusiyanın "Moskovski komsomolets" qəzeti 29 yanvar 1994-cü il sayında gedən bir yazını diqqətinə çatdırım: "Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən yalınayaq qarın-buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə sındırırlar... Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı".
Müəllif daha sonra yazır: "Dünya təcrübəsi tam təsdiq edir ki, Xocalı qətliamını törədənlərin cinayət işinə Azərbaycanın Xocalı ərazisi üzrə ağır cinayətlər məhkəməsində baxıla bilər. Çünki Xocalı soyqırımı Azərbaycan ərazisində, keçmiş Azərbaycan vətəndaşları olan ermənilər tərəfindən, Azərbaycan vətəndaşı olan azərbaycanlılara və məhsəti türklərinə qarşı törədilmişdir. Bu, milli və beynəlxalq hüququn tələblərinə tamamilə müvafiqdir. Çünki universal yurisdiksiya prinsipinə görə genosid və başqa beynəlxalq cinayət törətmiş şəxsləri mühakimə etmək Azərbaycanın, onun istintaq və məhkəmə orqanlarının borcudur. Ölkədə bu proses hüquqi qiymət aldıqdan sonra Azərbaycanın səlahiyyətli orqanlarının vəsatətləri əsasında Xocalı soyqırımı üzrə, yaxud ümumiyyətlə, Ermənistanın və ya onun separatçı qüvvələrinin, hərbçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri sülh və insanlıq əleyhinə olan cinayətlərə görə xüsusi səlahiyyətli Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması da mümkündür".
Müəllif məntiqli olaraq əsaslandırır ki, Azərbaycan tərəfi tam olaraq sübut edə bilər ki, Xocalı soyqırımında ermənilərin törətdikləri əməl nəyinki genosid, elecə də Beynəlxalq Humanitar Huququn (İnternational Humanitarian Law) 4-cü Cenevrə Konvensiyasını və Əlavə olunmuş 77-ci il Protokolunun maddələrini pozur. Eyni zamanda, Beynəlxalq Humanitar Hüquq ("Haaaa hüququ") döyüş aparılmasının qadağan olunmuş metodları da Xocalı hadisəsi zamanı kobudcasına pozulmuşdur. Xocalıda baş verən qanlı hadisələri təhqiq etmək üçün yaradılmış istintaq qrupu 181 nəfərin cəsədini məhkəmə-tibbi ekspertizadan keçirmişdir. Məlum olmuşdur ki, ölənlərin əksəriyyəti yaxın məsafədən güllələnmiş, əsasən, baş nahiyəsindən vurulmuş, 2 yaşından 15 yaşınadək uşaqları və qadınları güllələmişlər. Meyitlərin başı, qulaqları kəsilmiş, gözləri çıxarılmış, kəllələri dağıdılmış, başlarının dərisi soyulmuş, qadınlara təcavüz edilmiş, bir çox meyitlər eybəcər və tanınmaz hala salınmışdır.
Eyni zamanda, Xocalı soyqırımında Ümumdünya İnsan Haqları Bəyannaməsinin aşağıdakı maddələri pozulmuşdur.
Maddə 2. Hər bir şəxs - dilindən, ...dinindən, ...milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunalmazlıq hüququ vardır.
Maddə 5. İnsan ləyaqətini alçaldan, insanlıqdan kənar və qəddar hərəkətlər qadağandır.
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malikolma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Z.Əliyev haqlı olaraq yazır: "Azərbaycan Respublikasının qaldırdığı vəsatət BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilməlidir. Mövcud nizanmanə və prosedurlar daxilində və beynəlxalq hüququn tələbləri əsasında Xocalı soyqırımı üzrə xüsusi Beynəlxalq Cinayət Məhkəməsi yaradılarsa, həmin məhkəmədə məsələyə mahiyyəti üzrə baxılıb təqsirli şəxslərin layiqincə cəzalandırılmaları təmin edilə bilər. Bunun üçün bütün hüquqi əsaslanmalar da var və bunu Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman da təsdiq edib. OŞ, qeyd edib ki, eyni formalı məhkəmələr Kosovo, Livan, İraq və digər ölkələrdə olan soyqırımlarla bağlı yaradılıb. Onun sözlərinə görə, belə məhkəmələrə beynəlxalq ekspertlər cəlb olunmalı, araşdırmalar aparılmalı, müvafiq qərarlar qəbul edilməlidir. Bəşəriyyətə qarşı belə cinayətləri törədənlər tapılmalı və cəzalandırılmalıdır. Jan-Pol Murman deyib ki, bu cür cinayətləri törədən şəxslərin hansısa dövlət tərəfindən dəstəklənməsi, himayə olunması bu qəbildən olan cinayətlərin gələcəkdə yenidən baş verməsinə səbəb olur.
Eyni zamanda, biz BMT-nin Baş katibi Kofi Annanın Stokholmda 24 yanvar 2004-cü ildə beynəlxalq konfransda çıxışını da BMT TŞ-yə müraciət edəndə, əlimizdə əsas tuta bilərik".
"...Beləliklə, Xocalı şəhərində etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq genosid kimi qiymətləndirilir və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq insanlıq əleyhinə cinayət hesab olunur və məsuliyyətli şəxslərin cəzalandırılması nəinki Ermənistanın vəzifəsidir, həmçinin, bütün dünya ictimaiyyətinin vəzifəsi hesab olunur. Çünki genosid real mövcud olan və praktiki olaraq, bütün hallarda sülhə təhlükə hesab edilir. Onunla güclü və birləşmiş siyasi cəhdlərlə mübarizə aparmaq lazımdır, xüsusi hallarda isə hərbə də müraciət etmək lazımdır..."
Belə ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə beynəlxalq cinayət baş vermiş ölkədə xüsusi olaraq beynəlxalq cinayət tribunalları yaradılması praktikası var. Eyni zamanda, biz Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənədlərdən də yararlana bilərik.
1. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya.
2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur).
3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4).
4. Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad.1).
5. Beynəlxalq Cinayət Məhkəməsinin Statutu
(mad. 6).
6. Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi
(mad.103).
7. Azərbaycan Respublikası
Prezidentinin Azərbaycanlıların
soyqırımı haqqında"
26 mart 1998-ci il tarixli Fərmanı.
Çox
güman ki, TŞ-nin qərarı ilə xüsusi tribunal yaradılması mümkün
olduğu üçün
(törədilmə vaxtı
Beynəlxalq Cinayət
Məhkəməsinin yarandığı
vaxtdan əvvələ
düşsə belə)
oxşar qaydada iş Beynəlxalq Cinayət Məhkəməsinə
də verilə bilər fikri formalaşıb. Hər bir halda, istər Beynəlxalq Cinayət Məhkəməsinə
verilməsi üçün,
istərsə də xüsusi cinayət tribunalı yaradılması
üçün TŞ-nin
qərarı ilə Xocalı cinayəti beynəlxalq qurum vasitəsilə mühakimə
edilə bilər.
Vahid ÖMƏROV, fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2016.- 26 oktyabr.- S.15