Vətən sevgisi ilə
qorunan səngərlərimiz
Bu səngərlər əsgərlərimizin
müqəddəs ocağı, düşmənlər
üçün keçilməz səddir
Dünyada ölkələri bir-birindən ayıran
çoxsaylı sərhədlər var. Bu sərhədlər
toxunulmaz olub, bəzən oxşar, bəzən də fərqli
mədəniyyət və tarixlərə, milli mənsubiyyət
və dillərə görə fərqlənən xalqları
bir-birindən ayırır. Bəzən tarixi ədalətsizliklər
üzündən sərhədlər səngərlərə
də çevrilir.
Səngərlər isə sərhədlərdən fərqli
olaraq daim mübarizə əhval-ruhiyyəsində,
qarşıdakı düşmənin niyyətini elə səngərdəcə
boğmaq hissinə köklənmiş olmağı tələb
edir. Elə
biz də bu yazımızda Vətən səngərlərini
özü üçün müqəddəs ocaq bilən,
doğulub böyüdüyü torpaqların müdafiəsi
üçün hər an döyüşə
hazır olan igid oğullarımızdan, onların şərəfli
xidmətindən bəhs edəcəyik. Yolumuz
muxtar respublikamızın şimal sərhədlərinin
keşiyini çəkən Azərbaycan əsgərlərinin
xidmət yerinə – səngərlərədir.
Düşmənlə üz-üzə dayanan əsgərlərimizlə
görüşmək istəyimiz Əlahiddə
Ümumqoşun Ordusunun Komandanlığına müraciətdən
sonra dərhal baş tutur. Vaxtı boşa verməyib
elə səhərin ilk saatlarında Kəngərli rayonunun
Qıvraq qəsəbəsində yerləşən hərbi
hissəyə yollanırıq. Gələcəyimizdən
məlumatı olan hərbi hissənin zabiti, polkovnik-leytenant
Rauf Əliyev bizi gülərüzlə qarşılayır.
Hal-əhval tutduqdan sonra hərbi hissənin
ön cəbhədə yerləşən bölmələrinə
getmək üçün hazır olduğunu bildirir. Biz
isə bura gəlmişkən, hərbi hissədəki
ümumi vəziyyətlə tanış
olmaq üçün qısa bir vaxt ayrılması
üçün icazə istəyirik. Həmsöhbətimiz
razılaşır və bizi müşayiət edir.
Qıvraq qəsəbəsində yerləşən hərbi
hissədən əvvəllər də material
hazırlamışdım. Qeyd etmişdim ki, bu hərbi
hissə muxtar respublikada yerləşən ən böyük
hərbi hissələrdən biridir. Hələ
Sovetlər Birliyi dövründən burada xidmət
üçün lazımi infrastruktur olub. Ümummilli liderimiz Heydər Əliyevin böyük
xidmətləri sayəsində sovet qoşunları muxtar
respublikadan çıxarılandan sonra bu hərbi hissə də
milliləşib. Elə bu tarixi addımın nəticəsi
idi ki, hərbi hissə muxtar respublikaya ən böyük
hücumların olduğu Sədərəyin müdafiəsində
mərdliklə dayanıb, eləcə də Eyvazxanın,
Şahbulağın, Yuxarı Yaycının, Havuşun
qorunmasında xüsusilə fərqlənib. Çox
oğullar bu hərbi hissədə silahlanaraq cəbhə
bölgəsinə yollanıb, çox igidlər cəbhədə
yaralanaraq bura gətirilib, müalicə olunub. Bu hərbi hissə Azərbaycanda ilk ordu quruculuğu
prosesinə şahidlik edib. İndi o
günlərdən xeyli vaxt keçib. Muxtar
respublikanın hərtərəfli inkişafı Silahlı
Qüvvələrimizin Naxçıvandakı hərbi hissələrinin
də simasını dəyişib. Qıvraq
qəsəbəsində yerləşən hərbi hissədə
də köhnədən əsər-əlamət qalmayıb.
Burada həyata keçirilən kompleks quruculuq
işləri nəticəsində bir-birindən
yaraşıqlı yeni obyektlər – qərargah binası, yeməkxana,
əsgər yataqxanası, əsgər-məişət
kompleksi, təlim-tədris mərkəzi yaradılıb.
Ətrafdakı səliqə-sahman,
yaradılmış yaşıllıq zolaqları və
gülkarlıqlar isə ərazinin gözəlliyini daha da
artırır. Rauf Əliyev deyir ki, səhər
saatları olduğundan günün rejim qaydalarına uyğun
olaraq indi əsgərlərin əksəriyyəti dərslərə
cəlb olunub. Hərbi hissənin təlim-tədris
mərkəzinə tərəf yollanırıq. Bu mərkəzdə təlim və tədris
üçün hər cür şərait yaradılıb.
Müsahibimiz deyir ki, mərkəz şəxsi
heyətin təlim və tərbiyəsində, eləcə də
əsgərlərin mənəvi-psixoloji
hazırlığının yüksəldilməsində
mühüm rol oynayır. Burada Heydər Əliyev muzeyi,
kitabxana, iclas zalı, zirehli texnika, raket-artilleriya sistemləri,
rabitə, taktiki hazırlıq, mühəndis
hazırlığı və kəşfiyyat
hazırlığı sinifləri, kütləvi
qırğın silahlarından müdafiə sinfi, atəş
hazırlığı, maket və topoqrafiya, komplektləşdirmə,
komandir hazırlığı və digər sinif otaqları
yerləşir. Mərkəzin foyesində divara vurulmuş
stendlər içərisində ölkə
başçısı, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin
“Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun
yaradılması bizim dövlət siyasətimizdir” sözləri
yazılmış plakat ilk baxışda diqqəti cəlb
edir. Bu fikirlər eyni zamanda Əlahiddə
Ümumqoşun Ordusunda xidmət edən hərbi
qulluqçuların üzərinə böyük məsuliyyət
düşdüyünü bəyan edir. Qeyd
edək ki, mərkəzdəki otaqlarda nəzəri təlim
üçün lazım olan bütün əyani vəsaitlər
və məlumat stendləri qoyulub. Bundan əlavə,
əsgərlərin müxtəlif hərbi texnikalarla işləmək
vərdişlərinə yiyələnməsi məqsədilə
burada istifadə olunan qurğular mühüm əhəmiyyət
daşıyır. Mərkəzlə
tanışlıq zamanı tank və piyada döyüş
maşınlarından istifadənin öyrənilməsi
üçün nəzərdə tutulmuş qurğularda dərs
keçən şəxsi heyətlə
qarşılaşmağımız da bunu sübut etdi.
Təlim-tədris mərkəzində çox
qalmırıq. Qısa tanışlıqdan sonra zabit Rauf
Əliyevlə birlikdə bizim üçün
ayrılmış avtomobillə ön cəbhəyə –
Ağbulaq döyüş bölgəsinə tərəf yol
alırıq. Məlumat üçün
bildirim ki, Ağbulaq bölgəsi Şərur rayonunun ucqar
dağ kəndlərindən olan Yuxarı Yaycı kəndinin
şimal hissəsində – Bəysal yüksəkliyinin
aşağı ətəyində yerləşir. Bu ərazi vaxtilə Azərbaycan torpaqları
hesabına yaradılmış dövlətin – Ermənistanın
Yexeqnadzor rayonunun Xaçik kəndi ilə üz-üzə
yerləşir. Məlum konfliktlər
başlayan zaman Ağbulaq yaxın kəndlərin sakinlərindən
təşkil olunmuş könüllü dəstələr,
sonralar isə yeni yaranmış milli ordumuzun əsgərləri
tərəfindən qorunub. Ötən əsrin
90-cı illərinin əvvəllərində düşmən
bu əraziləri ələ keçirmək istəsə də,
arzusu puça çıxıb. Şərur
rayonunun Yuxarı Yaycı, Şahbulaq, Axura və Havuş kəndlərinin
mühafizəsində mühüm strateji ərazilərdən
sayılan Ağbulaq qəhrəman oğullarımızın
sayəsində mərdliklə qorunub. Hazırda
isə bu strateji ərazi Silahlı Qüvvələrimizin əsgərlərinin
xidmət yeridir.
... Ağbulağa çatanda bizi burada yerləşən
hərbi birləşmənin zabitləri qarşılayır.
Hər biri ilə görüşüb tanış
olduqdan sonra ətrafa nəzər yetiririk. Deyəsən,
niyyətimizi tez anlayan zabit Nəsib Nəsibov
tanışlığımıza əsgərlərin şəraiti
ilə başlaya biləcəyimizi söyləyir. Ürəyimizcə olur. Müsahibimizlə
birlikdə əvvəlcə əsgər yataqxanasını gəzirik.
Hər tərəfdə səliqə-sahman
göz oxşayır. Bu binada komandirlər
üçün müvafiq iş otaqları, ideoloji otaq, rabitə
qovşağı, tibb məntəqəsi, istirahət
otağı və sair yerləşir. Bir az
aralıdakı binada isə əsgər yeməkxanası,
bufet, anbar, hamam var. Öyrənirik ki, burada quruculuq işləri
2004-cü ildə aparılıb, əraziyə qaz xətti
çəkilib, elektrik verilişi üçün yeni
transformator qoyulub. Bununla bərabər,
yaxınlıqdan axan gur bulağın ətrafı
abadlaşdırılıb, əvvəl mövcud olan
gölün yaxınlığında daha bir kiçik göl
yaradılıb, istirahət üçün kənarlarına
oturacaqlar qoyulub. Göldəki qaz və
ördəklərin qayğısına qalmaq isə
buradakı əsgərlərin ən sevimli məşğuliyyətidir.
Yeri düşmüşkən onu da deyək ki,
əvvəllər gölün ətrafında cəmi bir
neçə ağac var idisə, indi onların sayı xeyli
artıb. Hətta ərazidə yerləşən
obyektlərin ətrafı da yeni yaşıllıqlara
bürünüb. Elə bu gözəlliyin ortasında
kəklikotu çayına qonaq olduqdan sonra bir az
yüksəklikdə yerləşən posta tərəf hərəkət
etməyə başlayırıq. Bir neçə
dəqiqədən sonra yetişdiyimiz postda bizi zabit Ceyhun Məmişov
qarşılayır. Əslən Zəngilan
rayonundandır. Ali hərbi məktəbi
bitirdikdən sonra xidmət üçün Naxçıvana
göndərilib. Hazırkı postda isə
5 aya yaxındır ki, xidmət edir. Onun dediklərindən:
“Hazırda işğal altında olan Zəngilanda
doğulmuşam. Çoxları kimi tale mənim
də qismətimə o torpaqlarda böyüməyi nəsib
etmədi. Elə hərbçi sənətini seçməyimdə
də bu amil az rol oynamayıb. Biz bu gün Vətənimizin keşiyində cəsarətlə
dayanmışıq. İstənilən an
irəli atılmağa hazırıq. Doğrudur,
ötən əsrin 90-cı illərinin əvvəllərində
Azərbaycanın çətin vəziyyətindən istifadə
edib torpaqlarımızı işğal etdilər. Ancaq düşmənlərimiz onu da anlasınlar ki,
bu, müvəqqətidir. Biz öz ata-baba
yurdumuzu heç kəsə güzəştə getməyəcəyik.
Əgər Ali Baş Komandanımızın əmri
olarsa, çox qısa müddətdə ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Bunu düşmən də yaxşı bilir.
Çünki bizim gücümüzün
çox kiçik bir hissəsini bu ilin aprel ayında
gördülər. Əgər problemin həlli
hərb yoluna qalarsa, düşmənə cavabımız bu dəfə
daha sarsıdıcı olacaq”.
Növbəti müsahibimiz isə Culfa rayonunun Yaycı kəndindən
olan Xalid Nağıyevdir. 13 aydır, hərbi
xidmətdə olan Xalidin xidmətinin 10 ayı məhz bu postda
keçib. Deyir ki, buradakı hər
daşın, hər qayanın altını yaxşı
tanıyır. Ön cəbhədə – düşmənlə
üz-üzə səngərdə olmaqdan qürur hissi
keçirir: “Vətən həyatda hər birimiz
üçün ən müqəddəs sayılan bir
varlıqdır. Biz bu gün səngərdə
Vətənimizin təhlükəsizliyini qoruyuruq. Ancaq səngərdə xidmət etməyin də
öz qaydaları var. Vətəni qorumaq üçün
birinci özünü qorumalısan. Çünki
özünü qorumasan, dostunu, yoldaşını,
torpağını necə qoruyarsan? Buna
görə də səngərdə olarkən ayıq, diqqətli
olmalısan. Düşməni daim nəzarətdə
saxlamağı bacarmalısan. Onun ən
adi hərəkətini belə, gözdən
qaçırmamalısan. Əks halda, bunun
acısını, ilk növbədə, özün çəkərsən.
Sevinirəm, eyni zamanda qürur hissi keçirirəm
ki, mən də, əsgər yoldaşlarım da hər zaman səngərdə
ayıq-sayıq olmuşuq. Düşünmüşük
ki, arxamızda bizə güvənən ailəmiz,
dostlarımız, yaxınlarımız, nəhayət, Vətənimiz
var”.
Ağdam
rayonundan hərbi xidmətə gəlmiş Elgün Məmmədov
isə səngərdəki xidmətini belə dilə gətirir:
“16 aylıq xidmətimin son 10 ayını bu cəbhə xəttində
davam etdirirəm. Komandirlərimizdən çox
razıyıq ki, bizə xidmətin bütün incəliklərini
öyrədiblər, elə indi də öyrədirlər.
Eyni zamanda burada olduğumuz müddətdə əsl
dostluğun, yoldaşlığın nə olduğunu dərk
etdik. Ötən müddətdə səngər
bizim əsl evimiz oldu. Qışın
soyuğunda, yayın istisində səngərə
sığındıq, ondan güc aldıq. Biz bu səngərdə döyüş əmri
olarsa, düşmənə göz açdırmamağa,
macal verməməyə and içdik. And içdik ki,
hücum əmri olarsa, ölmək üçün yox,
öldürmək üçün irəli
atılacağıq və bu andımıza hərbi xidmətdən
sonra da sadiq qalacağıq”.
Naxçıvan şəhərindən olan Emin Fərzəliyev
də əsgər yoldaşları ilə həmfikir
olduğunu söyləyir. Bildirir ki, hərbi xidmətini
bitirməsinə 2 ay qalsa da, dostlarından, onun
üçün əziz olan bu səngərlərdən
ayrılmaq istəmir. Çünki bu səngərlərdə
onlar çox xəyallar qurublar, söhbət edib müzakirələr
aparıblar. Düşmənə nifrəti,
Vətənə məhəbbəti məhz bu səngərlərdə
daha yaxından hiss ediblər. Eyni zamanda
qürur hissi keçirir ki, Vətənə olan borcunu onun
kimi düşünən yoldaşları ilə birlikdə elə
bu səngərlərdə ödəməyə
çalışıblar, bu borc bitməsə belə.
Əsgərlərlə söhbətimiz xeyli çəkir. Hər kəlmələrində
“Vətən” və “səngər” sözlərini tez-tez səsləndirən
bu qəhrəman əsgərlərimizə bundan artıq,
bundan yüksək çəkiyə malik söz tapa bilmirəm
deməyə. Yalnız xidmətlərində
uğurlar arzulayıb oradan ayrılıram. Doğrusunu etiraf etsəm, bu müqəddəs
sözlər mənim də düşüncəmə hakim kəsilir.
Elə buna görə də hazırlayacağım
yazının başlığında hər iki sözdən
istifadə edəcəyimə də elə oradan
ayrıldığım zaman söz verirəm...
Səbuhi
Həsənov
Səs.-
2016.- 27 oktyabr.- S.8-9