Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə elmi konfrans keçirilib

Oktyabrın 20-23-də Ankarada Türkiyə Elmlər Akademiyasının təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının iştirakı ilə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş "Türk dünyasında elmi əməkdaşlıq və dialoq" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə Türkiyə Elmlər Akademiyasının prezidenti, akademik Əhməd Cavad açaraq, Birinci Türkoloji Qurultayın böyük tarixi əhəmiyyətindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, millət vəkili  İsa Həbibbəyli "Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri" mövzusunda məruzə ilə çıxış edib. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının əhəmiyyətini xüsusi vurğulayan akademik İ.Həbibbəyli qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar haqqında ətraflı bəhs edib, latın əlifbasına keçid proseslərindəki rolundan danışıb. Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayı türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsi olduğunu bildirən akademik bu möhtəşəm tədbiri türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forum kimi dəyərləndirib.

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun dil problemlərinə həsr olunmuş "Birinci Türkoloji Qurultaytürk dünyası" mövzusunda məruzəsi də maraqla qarşılanıb.

Tədbirdə Türkiyənin Eye Universitetinin professoru Mustafa Öner, professor Mustafa Çufalı, Qırğız Respublikası Milli Elmlər Akademiyasının nümayəndəsi Gülzar Karıbekova, Beynəlxalq Türk Akademiyasının elmi katibi, siyasi elmlər namizədi Asxat Kesikbayev və başqaları çıxış ediblər.

Beynəlxalq elmi tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və başqa türkdilli ölkələrin görkəmli alim və ekspertləri iştirak ediblər. Tədbirdə, həmçinin, Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının gələcək fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb. Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasına 2017-ci ilin oktyabr ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının sədrlik edəcəyi barədə qərar qəbul edilib.

 

R.HÜSEYNOVA

Səs.- 2016.- 29 oktyabr.- S.11