İnsan hüquqları və azadlıqlarının məhkəmədənkənar
müdafiəsində ombudsmanların rolu
Azərbaycan Respublikasında da Ombudsman Təsisatının demokratiya quruculuğu prosesində əhəmiyyətli rolu nəzərə alınaraq yaradılmış, onun fəaliyyətinin hüquqi əsasları formalaşdırılmışdır. Bu məsələ bizim tərəfimizdən dissertasiyanın ölkəmizdə insan hüquqları və azadlıqlarının müdafiəsi mexanizmlərinə həsr olunmuş ikinci fəslində ətraflı təhlil ediləcəkdir.
Hikmət Babaoğlu yazır: "Təcrübə göstərir ki, Ombudsman Təsisatının daha səmərəli işləməsi üçün, ilk növbədə, dövlət- idarəetmə orqanlarının özlərinin təşkili və dəqiq işləməsi, onların fəaliyyəti üçün optimal şəraitin yaradılması problemlərinin həlli zəruridir. Yalnız bundan sonra Ombudsmanın işindən müsbət nəticələr gözləmək olar.
Məsələn, Skandinaviya ombudsmanlari Şərqi Avropa ölkələrindəki ombudsmanlardan fərqli olaraq, elə bir sistem çərçivəsində fəaliyyət göstərir ki, burada onların partnyoru və opponenti kimi yüksək dərəcəli təşkilatlanma, peşəkarlıq səmərəliliyi və yüksək məsuliyyət hissi ilə səciyyələnən dövlət, idarəetmə orqanları çıxış edir. Belə bir şəraitdə Ombudsman Təsisatı rəhbərliyin işi üzərindəki, ümumi nəzarət mexanizminin bir hissəsi kimi, qəbul olunur və qanunçuluğun, vətəndaşların hüquqları və azadlıqlarının müdafiəsinin təmin edilməsində müəyyən rol oynayır. Onun müvəffəqiyyəti bir sıra amillərdən asılıdır ki, onlara da tədqiqatçılar demokratik ənənələri, dövlət orqanları qulluqçularının inkişaf etmiş peşə etikasını və yüksək mənəvi keyfiyyətiərini aid edirlər. Bütün bu amillər də Ombudsman Təsisatının səmərəli işləməsi üçün zəruri zəmin hesab olunur".
Müəllifin fikrincə, ölkədə qanunçuluğun və vətəndaşların hüquq və azadlığının müdafiəsinin təmin edilməsində Ombudsman İnstitutu istisna rol oynayır (yaxud oynamalıdır) və özlərini demokratik dövlətlər sırasına aid edən hər bir dövlətdə insan hüquqları və azadlıqlarının müdafiəsi mexanizminin vacib tərkib hissəsi kimi çıxış edir.
H.Babaoğlu daha sonra yazır: "Təhlillər göstərir ki, ilk dəfə Ombudsman Təsisatını Skandinaviya ölkələri, xüsusilə də, İsveç öz hüquqi sistemlərinə daxil etmişlər. Bu ölkələrdə həmin təsisatlarının fəaliyyətinə həsr olunan tədqiqatlar göstərir ki, XX əsrin 60-cı illərindən başlayaraq, indiki dövrə kimi bir çox dövlətlər öz ombudsmanlarının, yaxud başqa ad altında analoji təsisatların işini özlərinin ictimai-iqtisadi şəraitlərinə uyğunlaşdırmağa çalışaraq, onların formalaşdırılmasına böyük maraq göstərirlər. Məhz bu özünəməxsusluğu bir sıra ölkələrin təcrübəsində müşahidə etmək olar. Məsələn, Yeni Zelandiyada Ombudsman Təsisatı 1962-ci ildə təsis edilmişdir, lakin 1975-ci ildə bir nəfər nümayəndədən ibarət olaraq üç nəfər ombudsmandan ibarət kollegial orqana çevrilmişdir. Böyük Britaniyada analoji funksiyaları yerinə yetirən və ölkənin şəraitinə uyğunlaşdırılmış müdiriyyətin işləri üzrə Parlament Müvəkkil Xidməti 1967-ci ildə yaradılmışdır. Kanadada və ABŞ-ın bəzi ştatlarında Ombudsman vəzifəsi yaradılmış, 1973-cü ildə Fransa bu institutu özünün hüquqi sisteminə daxil etmişdir. Həmin institut Avstriyada kollegial orqan kimi 1977-ci ildən mövcuddur. Afrika ölkələrindən, ilk dəfə olaraq, Tanzaniya 1966- cı ildə Ombudsman Təsisatını yaratmış, ondan sonra Qana, Zambiya və Nigeriya bu addımı atmışlar.
Keçid dövrünü yaşayan keçmiş sosialist ölkələri arasında isə ilk dəfə Polşa 1988-ci ildə Ombudsman Təsisatını özünün siyasi-hüquqi sisteminə daxil etmiş, burada müvafiq qanun 1988-ci ildən qüvvəyə minmişdir. Ondan sonra Macarıstan 1989-cu ildə konstitusiya dəyişiklikləri çərçivəsində vətəndaşların hüquqlarının müdafiəçisi vəzifəsini təsis etmişdir".
Müəllifin qeyd etdiyi kimi, keçmiş sovet respublikaları arasında Rusiya Federasiyası 1993-cü ildə qəbul etdiyi yeni konstitusiyasının 103-cü maddəsində, ilk dəfə olaraq, Ombudsman vəzifəsini nəzərdə tutmuşdur. Həmin maddədə göstərilir ki, "Dövlət Dumasının səlahiyyətlərinə federal konstitusiya qanununa müvafiq fəaliyyət göstərən İnsan Hüquqları üzrə Müvəkkil vəzifəsinə təyin etmək və vəzifədən azad etmək daxildir". Litva Respublikasında 1994-cü ildə parlament ombudsmanları haqqında Qanun qəbul edilmişdir. Sonra Gürcüstan da özünün yeni Konstitusiyasına Ombudsman vəzifəsini daxil edərək onu "insan hüquqlarını xalq müdafiəçisi" adlandırmış, 1996-cı ilin may ayında isə "Gürcüstanın xalq müdafiəçisi haqqında" Qanun qəbul etmişdir.
"Gürcüstanın xalq mudafiəçisi haqqında" 16 may 1996-cı il tarixli Gürcüstan Respublikasının Qanununda Ombudsmanın fəaliyyət istiqamətləri müəyyən olunaraq göstərilir ki, "Gürcüstan Xalq Müdafiəçisi... insan hüquqları və azadlıqlarına riayət edilməsi və onların dövlət tərəfindən təmin edilməsi məqsədilə hakimiyyət orqanlarının, yerli özünüidarəetmənin, vəzifəli və hüquqi şəxslərin fəaliyyətinə nəzarəti həyata keçirir.
Ombudsman-qanunverici orqan tərəfindən vətəndaşların müdiriyyətin və məhkəmənin işinə dair şikayətlərinə baxmaq məqsədilə seçilmiş və özünü onların fəaliyyəti üzərində nəzarətçi kimi aparan qulluqçudur.
Alvaro Laborinqo Lukio hesab edir ki, "ombudsmanlar haqqında demək olmaz ki, onlar rəsmi, yaxud yarımrəsmi şəxslərdirlər, çünki onların ikili təbiəti var: bir tərəfdən, onlar öz orqanının nümayəndələridir, digər tərəfdən isə, onlar adi vətəndaşdırlar və bu institutun təsis edilməsi bu gün əsl demokratiyanın möhkəmləndirilməsinin mühüm faktoru, yaxud vasitəsi ola bilər".
P.İmbertin fikrincə isə, "Ombudsman Təsisatının təsis edilməsi böyük nailiyyətdir, ona görə ki, o, vətəndaşların hüquqlarının məhkəmədənkənar müdafiəsi mexanizminə olan tələbatı ödəyir. Ombudsmanlar insan hüquqlarının daha səmərəli müdafiəsinə nail olmaq məqsədilə hüquq müəssisələrini təmsil edənlərlə müqayisədə daha tez və daha az formal tədbirlər görmək iqtidarındadırlar".
Britaniya ensiklopediyasında 1972-ci ildə verilən tərifə görə, Ombudsman qanunverici orqanın müvəkkili olmaqla vətəndaşların bürokratik aparatın sui-istifadə hərəkətlərindən verdiyi şikayətləri araşdırmaq məqsədilə yaradılmışdır.
Beynəlxalq Hüquqşünaslar Assosiasiyası isə, belə tərif vermişdir ki, Ombudsman yüksək ranqlı vəzifəli və müstəqil ictimai şəxs tərəfindən rəhbərlik edilən, aktında nəzərdə tutulmuş və bu orqanları, məmurlar və işəgötürənlər tərəfindən zərər çəkmiş şəxslərin təqdim etdikləri şikayətlər və ya öz mülahizələri ilə təhqiqatlar aparan, tənzimləyici fəaliyyət tövsiyə edən və hesabat təqdim edən xidmətdir.
H.Babaoğlu yazır: "Tədqiqatçılar və mütəxəssislərin Ombudsmana verdikləri müxtəlif tərifləri ümumiləşdirərək, bu təsisata belə bir tərif vermək olar ki, ombudsman əsas vəzifəsi vətəndaşların şikayətlərinin həll edilməsindən ibarət olan və şəxsi təşəbbüsü ilə insan hüquqları və azadlıqlarının pozulması ilə nəticələnən və onların müdafiəsinə dair bütün hüquqi vasitələrin tükəndiyi halda idarəetmə orqanları (bəzi ölkələrdə, həmçinin, məhkəmələr) tərəfindən qanunların riayət edilməməsinə həmişə müvafiq şəkildə reaksiya verən parlament nümayəndəsidir.
Bizim fikrimizcə, təklif olunan bu tərif Ombudsman Təsisatının, eyni zamanda, həm vətəndaşların hüquq və azadlıqlarının reallaşmasına xidmət edən dövlət orqanlarının fəaliyyətinə nəzarət üsulu kimi və həm də onun fəaliyyət göstərdiyi dövlətlərdə vətəndaşların hüquqlarının, qanunçuluğun müdafiəsi vasitəsi kimi çıxış etdiyini əks etdirir.
Beləliklə, Ombudsmanın ikili rolunu qeyd etmək olar: bir tərəfdən, vətəndaşların şikayətlərinə reaksiya vermək, digər tərəfdən isə, dövlət idarəçiliyi orqanlarının fəaliyyətinə onu yaxşılaşdırmaq məqsədilə nəzarəti həyata keçirmək".
Ombudsman Təsisatının tədqiqində onu səciyyələndirən xüsusiyyətlərin müəyyən edilməsinə də diqqət yetirsək, görərik ki, verilən təriflərin fərqli olmasına baxmayaraq, Ombudsmanın fəaliyyət üslubuna xas olan bir vacib və ümumi razılıqla qəbul olunan xüsusiyyət ondan ibarətdir ki, bu təsisat məcburetmə tədbirləri tətbiq etmədən, özünün nüfuzundan istifadə edərək, insanların hüquq və azadlıqlarını qoruyur.
Vahid ÖMƏROV
Səs.-
2016.- 9 sentyabr.- S.15