İnsan hüquqlarına dair müxtəlif yanaşmalar

 Insan hüquqları problemi müstəqil siyasi problem kimi, cəmiyyət inkişaf etdikcə və cəmiyyət, dövlət və fərd arasında qarşılıqlı münasibətlər mürəkkəbləşdikcə, aktuallaşmışdır. İlk dəfə insan hüquqları haqqında qısa təsəvvürlər, qeyd etdiyimiz kimi, e.ə. VI-V əsrlərdə Çin mütəfəkkirləri, sofistlər, Platon, Aristotel və b. tərəfindən inkişaf etdirilmiş, təbii hüquqlar nəzəriyyələri çərçivəsində formalaşmışlar. Onların əsas ideyaları anadan olduğu vaxtdan adamların bərabərliyinin və onlara insan təbiəti ilə şərtlənən eyni hüquqların verilməsinin ədalətli olmasının tanınmasından ibarət olmuşdur.

               Qədim Yunanıstan filosof sofistləri Algidam, Likofron və başqaları (e.ə. V əsrin ikinci yarısı) təbii hüquq arqumentindən qulluğun tənqidi üçün istifadə edirdilər: "Təbiət insanı qul yaratmayıb". Bu təlimin nümayəndələri təbii hüquq nəzəriyyəsinə və mifologiyaya arxalanaraq, müasir insan hüquqları nəzəriyyəsinin banisi kimi çıxış etmişlər. Sofistlər təbii hüquq mövqeyindən insanların bərabərliyi aksiomasını əsaslandırmışlar. Məsələn, sofizmin nümayəndələrindən biri olan Hippiy adamların təbii bərabərliyinin tərəfdarı kimi çıxış edirdi. O, hesab edirdi ki, bütün insanlar qanuna görə deyil, təbiətə görə qohumdurlar. Sofistlər insan hüquqlarını əsaslandırmaq üçün mifologiyadan da istifadə etmişlər. Belə ki, sofist Promaqor insanın söz azadlığı kimi vacib hüququnu mif vasitəsilə əsaslandırmış və Afina demokratiyasını misal göstərərək, hər bir insanın söz azadlığı hüququnun dövlət tərəfindən tanınması zərurətini sübut etmişdir.

               Aristotelin insan hüquqlarının işlənilməsi sahəsində ideyaları, onun təbii hüquqların dövlət qanunlarına nisbətən prioritetliyi nəzəriyyəsi müasir insan hüquqları konsepsiyalarında inkişaf etdirilmişdir.

               Quldarlıq quruluşunun "polis demokratiyası" insan hüquqlarının hüceyrələrinin yaranması üçün şərait formalaşdırmışdır. Bu isə, onda ifadə olunmuşdur ki, bərabər siyasi və mülki hüquqlar yalnız vətəndaş olan azad insanlara verilmişdir. Solonun Konstitusiyasında (e.ə. VI əsr) ilk dəfə olaraq demokratiyanın bəzi elementləri təsbit edilmişdir.

               H.Babaoğlu yazır: "Orta əsrlərdə hüquqi-pozitivist yanaşmanın tərəfdarları insan hüquqlarının hər hansı qeyri-dövlət mənşəyini inkar edirdilər. Onlar dövlətin rasional təbiətindən, onun dəyişməzliyi və sosial-iqtisadi zəminlərdən asılı olmasından çıxış edirdilər. Hüququ (insan hüququnu) qanundan (dövlətin qanunundan) fərqləndirmir, şəxsiyyətin hüquqlarının dövlətin hüquqları üzərində prioritetini görmürdülər. Bu yanaşmanın nümayəndələrinin fikrincə, vətəndaş hüquqları məqsədəmüvafiq olduqda və dövlətin tələbatlarından asılı olaraq, dəyişdirilməli idi. Bu yanaşmaya görə, dövlət insana hüquqlar verir, onların həcmi və məzmununu özü reqlamentləşdirir.

               Tarixi təcrübə göstərir ki, bir çox dövlətlərdə, nəinki quldarlıq dövründə, hətta orta əsrlərin ilkin mərhələlərində insanlar bütün hüquqlardan məhrum idilər. Onlar subyekt deyil, quldarlararası münasibətlərin obyekti qismində çıxış edirdilər. Onu qeyd etmək lazımdır ki, XVIII əsrin humanist ideyalarını qəbul edən Amerika Respublikasının "təməlçiləri" üçün belə quldarlığın saxlanılması, qadınların və kasıbların siyasi hüquqlarının olmaması təbii idi".

               Hüquqi-pozitivist yanaşmanın tərəfdarlarından fərqli olaraq liberal nəzəriyyənin nümayəndələri hesab edirdilər ki, insan üçün müqəddəs olan hüquqlar dövlətdən asılı olmadan mövcuddur və hakimiyyət institutu kimi dövlət şəxsiyyətin hüquqlarına olan təhlükənin daşıyıcısıdır. Əsas hüquqlara onlar fərdin sosial-iqtisadi imkanlarına xüsusi əhəmiyyət vermədən onun siyasi və vətəndaş hüquqlarını aid edirdilər. Lakin özünün əsas vəzifəsini insanı dövlət tərəfindən xarici təcavüzdən qorumaqda görərək, liberallar hədsiz dərəcədə şəxsiyyəti cəmiyyətdən və dövlətdən uzaqlaşdırırdılar. Beləliklə də, siyasi sahənin mahiyyəti aşağı salınır və bu da, İ.Şapironun fikrincə, şəxsi həyat sahəsinin siyasətdən kənarda olmasından çıxış edən liberal təsəvvürlərdən irəli gəlir.

               İnsan hüquqlarının inkişafında qeyd olunan hər iki yanaşma dövlət və hüquqi qarşılıqlı münasibətlərinə dair müasir təcrübədə də mövcuddur. Məsələn, ABŞ, Fransa, İtaliya, İspaniya konstitusiyalarının əsasını təbii-hüquqi insan hüquqları konsepsiyası təşkil edirsə, Avstriya və Almaniyanın konstitusiyalarının əsasında pozitivist konsepsiya qoyulmuşdur. Təcrübə belə bir nəticəyə gəlməyə imkan verir ki, əhalisi milli-psixoloji xüsusiyyətləri sayəsində daha intizamlı olan dövlətlərdə pozitivist yanaşma üstünlük təşkil edir.

               Beləliklə, əgər təbii hüquq nəzəriyyəsinə görə insan hüquq və azadlıqları ayrılmaz, şüurdan, ilahi iradədən və ya insanın dəyişməz təbiətindən irəli gəlirsə, pozitivist istiqamət onlara dövlət tərəfindən müəyyən olunmuş kateqoriyalar kimi yanaşır.

               Müasir insan hüquqları və azadlıqları konsepsiyaları çərçivəsində də onların ayrılmaz və universal xarakteri təsdiq edilir. Ancaq bu konsepsiyalarda fərd və dövlətin münasibətlərinin ziddiyyətliliyi qəbul olunsa da, hüquq və azadlıqların məzmununda qismən dəyişikliklərin edilməsinə yol verilir. Buna baxmayaraq, hətta dövlət hüquqları bəzilərini müvəqqəti dəf etsə də, onları insanın əlindən almaq iqtidarında deyil. Ona görə də müasir politoloqlar hüquqların "yuxarıda" hədsiz cəmləşməsinə, xüsusilə də, hakim elitanın insana verilən hüquq və azadlıqların həcmi və xarakterinin müəyyən edilməsi məsələlərində qrup diktatına qarşı dəlillər gətirirlər. Lakin bu zaman da hüquqların təminatı və istifadə olunmasında insan və dövlətin qarşılıqlı məsuliyyəti xüsusi vurğulanır.

               H.Babaoğlu daha sonra yazır: "Ümumiyyətlə, müasir insan hüquqları konsepsiyalarında belə hesab olunur ki, indiki vaxtda fərd və artıq yetkin hüquqi və sosial dövlətdə siyasi hüquqlar özünün əvvəlki prioritetliyini itirirlər. Bu hüquqlar ikinci dərəcəli hüquqlara çevrilir və vətəndaşların bütün hüquqlar spekrini, onların reallaşdırılması formalarını dərk etmələri üçün, müəyyən mənada zəmin olurlar. İnsan hüquqları və azadlıqlarının başa düşülməsində artan fərdiçiliyə daha çox diqqət yetirilir. Tədricən belə bir ideya təsdiq edilir ki, insan özü hüquq və azadlıqlarının reallaşması formalarını müəyyən etməkdə azaddır. Dövlət isə yalnız fərdi təşəbbüslərin dəstəklənməsi, şəxsiyyətin inkişafı üçün daha əlverişli şəraitin yaradılması vasitəsidir".

               A.Tokvil özünün "Amerikada demokratiya" kitabında belə bir sual qoyur: hüquqlar ideyasını dərk etməkdə adamlara necə kömək etmək olar? Bu suala cavab olaraq o, yazır ki, yalnız bir üsul var: hamıya bəzi hüquqlardan istifadə etmək imkanı vermək lazımdır: "Amerikada sadə adamlar siyasi hüquqların yüksək anlayışını dərk edirlər, çünki onlara bü hüquqlar verilmişdir. Onlar başqalarının hüquqlarına toxunmurlar, çünki istəmirlər ki, özlərinin hüquqları pozulsun".

               Bütövlükdə, tədqiqatlar göstərir ki, insan hüquqlarının formalaşması və inkişafı uzunmüddətli tarixə malik olmaqla, bu və ya digər ölkəyə məxsus olan doktrinalar və ənənələrin mübarizəsi ilə müşayət olunmuşdur. İnsan hüquqları ideyasının özü qədim köklərə malik olsa da, yalnız demokratiya, azadlıq, ədalət və formal bərabərlik prinsipləri əsasında əsl məna kəsb etmişdir. Məhz bu əsaslarda vacib əlamətlərindən biri insan hüquqlarının aliliyi olan demokratik - hüquqi dövlətin formalaşması mümkün olmuşdur.

               H.Babaoğlu qeyd edir ki, aparılan təhlillər əsasında müasir dövrdə insan hüquqları və azadlıqları konsepsiyasının əsas ideyaları kimi aşağıdakıları qeyd etmək olar:

               - dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti;

               - şəxsiyyətin sosial müdafiəsi (sosial-iqtisadi hüquqların təsbit edilməsi və təminatı;

               - əmək, istirahət, mənzil, pensiya təminatı hüquqları və s.) hüquq və vəzifələrin vəhdəti;

               - insan hüquq və azadlıqlarının bütün növlərinin bir-birini tamamlaması, qarşılıqlı əlaqədə və bərabər dəyərli olması;

               - şəxsiyyətin ayrılmaz rifahları və dəyərlərinin, onun hüquq və azadlıqlarının hərtərəfli hüquqi müdafiəsi.

               İndiki mərhələdə bütün siyasətin və təcrübənin cəsarətlə insana yönəlməsi ideyası əsas istiqamət kimi çıxış edir. İnsan, onun tələbatları və maraqları, iqtisadiyyatda, sosial-siyasi və mənəvi inkişafda şəxsiyyət başlanğıcının formalaşdırılması həm nəzəriyyədə, həm də təcrübədə fərdi və kollektiv hüquqların izah və təfsir edilməsində aparıcı prinsiplər olmalıdır. Şəxsiyyətin hüquq və azadlıqları konsepsiyası təsərrüfat münasibətlərində yeni prinsiplərin təsdiq olunması, sosial-siyasi və hüquqi təsisatların demokratikləşdirilməsi prinsiplərinin dərinləşməsi, cəmiyyətdə özünüidarəetmə və özünütənzimləmənin genişləndirilməsi, siyasi və hüquqi mədəniyyətin yüksəldilməsi perspektivləri nəzərə alınmaqla inkişaf etdirilməlidir.

               Qeyd etmək lazımdır ki, bu gün insan hüquqları konsepsiyası əvvəllərə nisbətən daha universal əhəmiyyət kəsb edir. Onun rasionallaşdırılmış Qərb mədəniyyəti ilə əlaqəsi tanınsa da, təkcə bu mədəniyyətlə məhdudlaşmır. Demokratiya "qlobal layihə" kimi özünə insan hüquqlarının qeyri-Qərb, o cümlədən, müsəlman və buddist mədəni mühitlərdə formalaşmış anlayışını da daxil edir. Belə ki, Z.Sardar qeyd edir ki, birincisi, insan hüquqlarının buddist və hinduist anlayışları ondan çıxış edir ki, insan hüquqları təkcə fərdin hüquqları demək deyil. İkincisi, bu hüquqlara aid olan münasibətlərə allahlar da istisna olmamaqla, universin kosmik obrazına daxil olan bütün canlı və cansız varlıqlar cəlb olunub. Odur ki, insan hüquqlarının onların hamısına aidiyyəti vardır. Üçüncüsü, insan hüquqları təkcə hüquqlar deyil, həm də vəzifələrdir; hüquqlar və azadlıqlar qarşılıqlı asılıdırlar. Bəşəriyyət mövcudluğunu davam etdirmək "hüququna" təkcə ona görə malikdir ki, o, dünyanı qoruyub- saxlamaq borcunu yerinə yetirir. Dördüncüsü, insan hüquqları mütləq deyil, onlara nisbilik xasdır. Onlar özlərinin qarşılıqlı münasibətləri ilə müəyyən olunmuş varlıqlar arasında qarşılıqlı münasibətlərdir.

   Vahid ÖMƏROV  fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 15 sentyabr.- S.15