İnsan hüquq və
azadlıqlarının müdafiəsi beynəlmiləl problem kimi
Bir qrup islamçı alimlər tərəfindən 1981-ci ildə formalaşdırılmış Ümumislam Bəyannaməsi aşağıdakı hüquqları özünə daxil edir: yaşamaq hüququ, azadlıq hüququ, bərabərlik və diskriminasiyanın qadağan edilməsi hüququ və ədalətliliyə, ədalətli məhkəməyə, hakimiyyətin sui-istifadəsindən müdafiəyə, işgəncələrə qarşı müdafiəyə olan hüquqlar.
Hikmət Babaoğlu yazır: "Göründüyü kimi, insan hüquqları problemi tarixi inkişafın gedişində tədricən ayrı-ayrı ölkələrin, daxili siyasi problemin dar çərçivəsindən çıxaraq, özünün beynəlmiləl həllini tapmağa başladı ki, bunun da ilk üsullarından biri "hümanitar müdaxilə" olmuşdur. Ayrı-ayrı ölkələrin daxili işinə humanitar müdaxiləyə xeyli misallar göstərmək olar. Məsələn, 1827-ci ildə yunan əhalisinin hüquqlarını müdafiə etmək məqsədilə Böyük Britaniya, Fransa və Rusiya birlikdə Osmanlı imperiyasına siyasi təzyiq etmişlər ki, bu da Yunanıstanın müstəqilliyi ilə nəticələnmişdir. XIX əsrin sonu-XX əsrin əvvəllərində ABŞ və Rusiya imperiyasının hökumətinə yəhudi dağıntıları ilə əlaqədar bir sıra rəsmi təqdimatlar göndərilmişdir.
"Humanitar müdaxilə" insan hüquqlarının inkişaf istiqamətlərindən biri kimi, bir tərəfdən, hüquqları pozulan ölkəni intizama dəvət edən, digər tərəfdən isə, bu ölkənin daxili işinə beynəlxalq birliyin müdaxiləsinin dərəcəsini hərbi qarşıdurmaya çatdırmamaqla mümkün olan çərçivədə məhdudlaşdıran mexanizmin yaradılması zərurətini göstərmişdir. Daha uyğun gələn forma kimi bir, yaxud bir neçə ölkədə əhalinin bu və ya digər hüquqlarının təmin edilməsi probleminə dair beynəlxalq müqavilə forması qəbul olunmuşdur. Məsələn, 1648-ci il Vestal Müqaviləsi ilə on üç illik müharibəyə son qoyularaq, ilk dəfə Almaniyada katoliklər və protestantlar arasında bərabərlik qoyulmuşdur".
Müəllifin fikrincə, beynəlxalq birlik tərəfindən humanitar öhdəliklərin yerinə yetirilməsində irəliyə əhəmiyyətli addım qul satışının qadağan edilməsi barədə beynəlxalq müqavilələrin bağlanması olmuşdur.
Müasir dünyada insan hüquqları probleminin beynəlxalq aspektləri olduqca əhəmiyyətlidir. İnsan ləyaqətinin müdafiəsi ideyası bütün bəşər tarixindən keçərək, əsrlər boyu bir çox hüquq və azadlıqlarla zənginləşmişdir. Lakin yalnız XX əsr insan hüquqlarını əsas dəyər kimi tanıyaraq, bu ideyanı beynəlxalq səviyyəyə çıxarmış və onları müvafiq sənədlərdə təsbit etmişdir. İkinci Dünya müharibəsindən, bəşəriyyətə qarşı faşizm tərəfindən törədilən cinayətlərdən sonra dünya birliyində insan şəxsiyyətinin dəyərliliyi ideyası xüsusi aktuallıq kəsb etmişdir. Bununla əlaqədar beynəlxalq siyasətdə bu ideyanın bütün dünyanın sosial təcrübəsi sferasına keçirilməsi tendensiyaları açıq tərzdə müəyyən olunmuşdur. Bu da öz ifadəsini insan şəxsiyyətinin dəyərliliyinin başa düşülməsində tapmışdır. İnsan ləyaqəti hər kəs üçün və hər bir cəmiyyətdə onun sosial-iqtisadi və siyasi təşkilinin xüsusiyyətlərindən asılı olmayaraq, azad inkişafı və mövcudluğuna minimal təminatların təmin edilməsi zərurəti ilə əlaqələndirilmiş, həmçinin, dövlətlərə və xalqlara istiqamətlənən müvafiq tələblərin formalaşmasında ifadə olunmuşdur.
H.Babaoğlu daha sonra yazır: "Belə siyasətin vacib nəticəsi 26 iyun 1945-ci il tarixində müasir dövlətlər tərəfindən əsas insan hüquqları və azadlıqlarına hörmət prinsipini ifadə edən sənəd - Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi qəbul olunmuşdur. 24 oktyabr 1945-ci ildə qüvvəyə minmiş bu sənəd mahiyyətinə görə insan şəxsiyyətinin hüquqları və azadlıqları sahəsində suveren dövlətlər və xalqların bundan sonrakı əməkdaşlığı üçün əsas siyasi-hüquqi və ideoloji bünövrə olmuşdur. Beləliklə də, "insan hüquqları" anlayışı 1954-ci ildən - BMT Nizamnaməsinin qəbul olunduğu vaxtdan, ümumən, tanınmışdır.
Nizamnamənin birinci maddəsində BMT-nin məqsədlərindən biri kimi iqtisadi-sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, hamı üçün insan hüquqları və əsas azadlıqlara rəğbətin həvəsləndirilməsi və inkişafında beynəlxalq əməkdaşlığı həyata keçirmək müəyyən olunmuşdur (1-ci maddənin 3-cü bəndi).
BMT-nin insan hüquqları üzrə tədqiqatlarında qeyd olunur ki, hamı üçün insan hüquqları və əsas azadlıqlarına hörmətin həvəsləndirilməsi və inkişafı barədə müddəanın, xüsusi olaraq BMT-nin məqsədləri sırasına daxil edilməsi, ilk növbədə, bilavasitə, İkinci Dünya müharibəsi ərəfəsində və onun gedişində baş verən hadisələrlə izah olurnur.
Tarixdən məlum olduğu kimi, 1945-ci ildə keçirilən Krım Konfransında sülh və təhlükəsizliyi dəstəkləmək üçün ümumi beynəlxalq təşkilatın yaradılması barədə qərar qəbul olunmuşdur. Bu konfransda SSRİ-nin, ABŞ və Böyük Britaniyanın rəhbərləri özlərinin bütün ölkələrdə bütün insanların həyatı boyu qorxu və eşhtiyac bilmədən yaşaması üçün vəziyyəti təmin etmək əzmi barədə bəyanat vermişlər".
Müasir dünyada inkişaf etmiş demokratik dövlətlər öz ölkəsində insan hüquqlarının təmin edilməsi ilə yanaşı, başqa ödkələrdə də onların qorunmasına, demokratik cəmiyyət quruculuğuna yardım etməyə çalışırlar. Hələ 1941-ci ilin yanvar ayında ABŞ prezidenti Franklin Ruzvelt özünün Konqresə göndərdiyi müraciətində Amerika milləti qarşısında duran yeni məqsədin bütün dünyada insan hüquqlarının pozulması hallarına qarşı mübarizə aparmaqdan ibarət olduğunu bəyan etmişdir. O, "Dörd aylıq azadlıq" əsərində göstərirdi ki, "... sağlam və güclü demokratiyanın təməlində müəmmalı heç nə yoxdur. Xalqımızın siyasi və iqtisadi sistemdən gözlədiyi əsas şeylər çox sadədir...
- işləyə bilənlər üçün iş;
- ehtiyacı olanların təhlükəsizliyi;
- seçmə adamlar üçün xüsusi imtiyazların ləğvi;
- hamı üçün vətəndaş azadlıqlarının saxlanılması;
- həyat səviyyəsinin daim yüksəlməsi üçün elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması".
Bu nüfuz və imkanın əsasında isə, bizim fikrimizcə, bu təsisatın qanunverici və icraedici hakimiyyətlərdən asılı olmaması, ikincisi isə, onun siyasi cəhətdən neytral olmasıdır ki, bu xüsusiyyətlərsiz də Ombudsman nə mövcud ola bilməz, nə də öz məqsədlərini reallaşdıra bilməz.
Tədqiqatçıların fikrincə, demokratik dövlətdə vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsi mexanizmləri arasında məhkəmə müdafiəsi ən səmərəli vasitə kimi çıxış edir. Bu baxımdan, Avropa Konvensiyasının 6-cı maddəsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ədalətli məhkəmə mühakiməsi haqqında hüququ təsbit edən bu maddə Avropa Konvensiyasında mərkəzi yerlərdən birini və hüququn aliliyinin əsas prinsipini müəyyən edir. Ədalətli mühakimə hüququnun mühüm tərkib hissələrindən birini də hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ təşkil edir. Bu hüquq yenə Avropa Konvensiyasının 6-cı maddəsində sadalanan fərdin mülki hüquq və vəzifələri müəyyən edilərkən, yaxud elan olunmuş hər hansı cinayət ittihamına baxılarkən, onun hüquqlarına təminat verən əsas müdafiə mexanizmlərindən biridir.
Müasir demokratik cəmiyyətdə, X.Məmmədovun fikrincə, hüquq və azadlıqların məhkəmədə müdafiəsi hüququnun, əsasən, üç ünsürün vəhdətini ehtiva etdiyini söyləmək mümkündür:
- qanun əsasında yaradılmış, müstəqillik və qərəzsizlik şərtlərinə cavab verən məhkəmənin mövcudluğu;
- mübahisənin və ya ittihamın bütün aspektlərinə dair qərar qəbul edə bilən kifayət qədər geniş səlahiyyətlərə malik məhkəmənin mövcudluğu;
- hər kəsin müraciət etmək hüququnun təmin edildiyi məhkəmənin mövcudluğu.
H.Babaoğlu göstərir ki, vətəndaşların məhkəmə şikayətinin obyektini dövlət orqanlarının (hakimiyyətin hər üç qolunun), siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (yaxud hərəkətsizliyi) təşkil edir. Ümumiyyətlə isə, qeyd olunan subyektlərin aşağıdakı xarakterli qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəməyə şikayət edilə bilər:
- vətəndaşın hüquq və azadlıqları pozulduqda;
- hüquq və azadlıqların həyata keçirilməsinə maneələr yaradıldıqda;
- vətəndaşın üzərinə hər hansı qeyri-qanuni vəzifə qoyulduqda;
- vətəndaş qeyri-qanuni olaraq, hər hansı növ məsuliyyətə cəlb edildikdə.
Hər kəsin hüquq və azadlıqlarını müdafiə məqsədilə məhkəməyə müraciət etmək hüququnu tanıyan dövlət bununla öz üzərinə həm neqativ, həm də pozitiv öhdəlik götürür. Neqativ öhdəlik onunla ifadə olunur ki, dövlət vətəndaşların məhkəməyə müraciət etmək hüquqlarını müxtəlif qərar və hərəkətləri ilə əngəlləyərək çətinləşdirməməlidir.
Bütün
bunları nəzərə alaraq,
ATƏT-in üzvləri olan dövlətlər
tərəfindən insan hüquqlarına
riayət olunmasını hər bir
ölkənin öz daxili
işi deyil,
onların ümumi qayğısı və
kollektiv məsuliyyətinin predmeti kimi qiymətləndirilir.
İnsan hüquqları və
azadlıqlarının bəyan və müdafiə edilməsi
demokratik siyasi rejimin əsas əlaməti kimi
çıxış edir. Demokratiya
xalq hakimiyyəti və cəmiyyətin
mütərəqqi siyasi təşkili
forması olmaqla müasir
inkişaf etmiş siyasi sistemlərin başlıca xüsusiyyətidir.
Bir çox tərifləri ümumiləşdirərək,
belə bir tərif vermək olar ki, demokratiya
- insanın və vətəndaşın hüquq
və azadlıqlarına hörmətə əsaslanan real xalq hakimiyyətini təmin
edən siyasi və vətəndaş cəmiyyətinin
təşkilidir. Buradan azad ictimai həyatın sosial modelinin idealı kimi demokratiyanın bir
sıra prinsipləri irəli gəlir. Onlardan
da biri - azadlıq prinsipidir. Siyasi kontekstdə
azadlıq, ilk növbədə, şəxsi
azadlığı, həmçinin, sosial
qruplar üçün
onların üzərinə hər hansı siyasi
qüvvələrin üstünlüyündən,
hökmranlığından azadlığı nəzərdə
tutur. Azadlıq, həmçinin,
şəxsiyyət və ya qrupun öz siyasi cəhətdən müqəddəratını
təyin etməyinin, onların ictimai
işlərin idarə olunmasında fəal
iştirakının real seçim
imkanlarıdır. Əlbəttə, demokratiya
fərdin, digər subyektin hakimiyyətdən,
ümumiyyətlə, azadlığı demək deyil. Mütəxəssislərin fikrincə,
hakimiyyətdən hədsiz azadlıq birlik
üçün təhlükəlidir və
beləliklə də, azadlığın məhdudlaşdırılması
da demokratiyanın problemidir.
Vahid ÖMƏROV
Səs.-
2016.- 16 sentyabr.- S.15