Naxçıvan qədim abidələrimizin
beşiyi olub
Azərbaycan-Fransa, Azərbaycan-Amerika və AMEA-nın Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyaları tərəfindən Naxçıvan ərazisində cari ildə aparılan tədqiqatların nəticələrinə həsr olunmuş yığıncaq keçirilib. Yığıncaqda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ABŞ və Fransa alimlərinin naxçıvanlı elm adamları ilə birlikdə Naxçıvanda arxeoloji tədqiqatlar aparmaları təkcə qədim tariximizin öyrənilməsi baxımından deyil, həm də dünyada təbliği baxımından böyük əhəmiyyət daşıyır. Akademikin sözlərinə görə, son illər Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyəti olan xeyli yeni abidələr aşkarlanıb. Bu da Naxçıvanın tarix və mədəniyyət abidələrinin tədqiqinə dövlət qayğısının ildən-ilə artması ilə bağlıdır. Abidələrimizin tədqiqi göstərir ki, Naxçıvan müxtəlif dövrlərdə qədim mədəniyyətlərin beşiyi olub. Ordubad ərazisində arxeoloji araşdırmalar aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xaraba Gilan" arxeoloji ekspedisiyası, Azərbaycan-ABŞ, Azərbaycan-Fransa, AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyalarının əldə etdiyi nəticələr Naxçıvan ərazisinin arxeoloji cəhətdən nə qədər zəngin olduğunu göstərir.
Hesabat yığıncağında Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının Azərbaycan tərəfdən rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bu il qazıntıların getdiyi ərazilər, aşkarlanmış maddi-mədəniyyət nümunələri və nəticələr haqqında slaydlar vasitəsilə elmi ictimaiyyətin nümayəndələrinə məlumat verib.
Adıçəkilən yaşayış yerində aparılan araşdırmalar zamanı Orta Tunc dövrünə aid 2,5-3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən edilib. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir. 2016-cı ilin avqust ayında AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə I Kültəpə yaşayış yerində tədqiqat işlərinə başlayıb. Ekspedisiyanın əsas məqsədi Neolit dövrünün sonuna aid olan I Kültəpə yaşayış yerində məskunlaşmanın tarixi və qədim Naxçıvan sakinlərinin ətraf aləmlə əlaqələrini öyrənməkdən ibarətdir.
"Aparılan araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir" - deyən Vəli Baxşəliyev bildirib ki, Cənubi Qafqazda ən qədim metallurgiya mərkəzinin də Naxçıvan olduğu faktının təsdiqlənməsinə dair müəyyən nəticələr əldə olunub və bu istiqamətində araşdırmalar davam edir. İlk tədqiqatlar Naxçıvandakı qədim mis yataqlarının o dövrün insanları tərəfindən istifadə olunduğunu təsdiqləyir.
ZÜMRÜD
Səs.-
2016.- 29 sentyabr.- S.2