Naxçıvanın tarixinə həsr olunmuş yeni kitab çapdan çıxıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının "Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda" adlı kitabı çapdan çıxıb. Naxçıvanın tarixinə həsr olunmuş yeni nəşrdə muxtar respublikanın 6 əsrdən çox müddətdə tarixi araşdırılır.

"Naxçıvan Ərəb Xilafəti dövründə", "Azərbaycanın feodal dövlətləri dövründə Naxçıvanın siyasi durumu", "Naxçıvan Azərbaycan Atabəyləri dövründə" adlı fəsillərdə Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi tarixi öyrənilir, burada baş vermiş hərbi-siyasi hadisələr tarixi mənbələr əsasında tədqiq olunur.

Kitabın vacib məqamlarından biri Naxçıvanın müvafiq dövr tarixinin sovet dövrü və müstəqillik illərində araşdırılmasıdır. "Azərbaycan Atabəyləri dövlətinin süqutundan sonra xanədanın qadınlarının Naxçıvanın ictimai-siyasi həyatında yeri" adlı fəsildə ilk dəfə olaraq orta əsrlər dövründə Naxçıvanda fəaliyyət göstərmiş, Azərbaycanın siyasi-ictimai və mədəni həyatında vacib rol oynamış qadınlar haqqında müfəssəl məlumatlar yer alıb.

  ZÜMRÜD

Səs.- 2016.- 7 yanvar.- S.- 12