Vahid Əhmədov:
"Cənab Prezident məlumatlandırılacaq"
"Banklara
daha geniş səlahiyyət
verilə bilməz"
"Mərkəzi Bank kredit siyasətini həyata keçirən və ona cavabdeh olan bir orqandır. Ona görə də istənilən zaman kommersiya banklarına müdaxilə edə biləcək". Bu fikirləri SİA-ya Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Mərkəzi Bankın kommersiya banklarına dollar məzənnəsinin özləri tərəfindən tənzimlənməsi qərarına münasibətini bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, özəl banklar xarici valyutaların alqı-satqı qiymətlərinin yuxarı-aşağı həddini müəyyən edəcəklər. Lakin onlara tam azad şəkildə fəaliyyət göstərmək imkanının verilməsi mümkünsüzdür: "Aradakı intervalda ola bilsin ki, banklara səlahiyyət veriləcək. Amma daha geniş çərçivədə onlara səlahiyyət verilə bilməz".
"Qonşu dövlətlərə baxsaq görərik ki, orada valyutadəyişmə məntəqələri yoxdur"
Komissiya üzvü daha bir məsələyə də toxunaraq bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin vətəndaşlara dollar satışında 500 dollarlıq hədd qoyması, eləcə də xarici valyutanı yalnız şəxsiyyət vəsiqəsi ilə satması yolverilməzdir. Daha dəqiqi isə bu əməliyyat banklarda tədbiq edilə bilər: "Təkcə qonşu dövlətlərin praktikasına baxış keçirsək, görərik ki, heç bir yerdə valyutadəyişmə məntəqələri yoxdur. Valyutalar yalnız bankların özündə dəyişdirilə bilir. O da şəxsiyyət vəsiqəsi vasitəsilə. Əgər şəxsiyyətini təsdiq edən sənədin yoxdursa, valyuta dəyişdirə bilməzsən. Bu baxımdan, göstərişi doğru hesab edirəm".
"Bəzi insanlar valyuta dəyişdirib ölkədən çıxarmaq istəyirlər"
Vahid Əhmədov bunu belə əlqələndirib ki, sözügedən addım bir sıra neqativ halların qarşısının alınması üçün atılmaqdadır: "Ölkədə yaranmış vəziyyəti müəyyən qədər stabilləşdirmək üçün bu addımı atmaq lazımdır. Bəzi insanlar valyuta dəyişdirib ölkədən çıxarmaq istəyirlər ki, bunun qarşısını almaq lazım idi. Müvəqqəti həyata keçirilən tədbirlər gələcəkdə də olmalıdır. Belə ki, valyutadəyişmə məntəqələrində qanun-qayda yaratmağın zamanıdır. Dövlət pul- kredit sisteminə nəzarəti gücləndirməlidir. Çünki vəziyyət artıq fərqlidir".
"Əgər banklarımızda kifayət qədər xarici valyuta dəyişdirilirsə, o zaman nəyə görə "qara bazar" yaranmalıdır?"
İqtisadçı millət vəkili devalvasiya prosesindən sonra dollar satışının "qara bazarı" məsələsinin də yaranmasını qanundankənar olduğunu vurğulayıb: "Valyutadəyişmə məntəqələrinin bir hissəsi də "qara bazar"dır. Əgər banklarımızda kifayət qədər xarici valyuta dəyişdirilirsə, o zaman nəyə görə "qara bazar" yaranmalıdır? Bir tənzimləmə olmalıdır ki, insanların "qara bazar"a ehtiyacı qalmasın. Çünki orada həmişə insanlar aldadılır ki, bu da narazılıqların yaranmasına gətirib çıxarır". Vahid Əhmədov bundan öncə Milli Məclisdə irəli sürdüyü təkliflərinə baxıldığını deməklə yanaşı, həmin təkliflərlə bağlı müsbət cavabın alınacağına da inandığını deyib: "Mənim Milli Məclisdə irəli sürdüyüm təkliflərə baxılır. Yəqin ki, yaxın zamanda Cənab Prezidentə məlumat veriləcək. Ondan sonra müəyyən qərarlar qəbul ediləcək. Hazırda Azərbaycan höküməti və Mərkəzi Bank irəli sürülən təkliflərimizin üzərində işləyir".
İntizarə Məmmədova
Səs.-
2016.- 8 yanvar.- S.8-9