Naxçıvan: Energetika sahəsində mühüm
nailiyyətlər əldə olunub
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən 2015-ci ildə xüsusi energetika proqramı icra olunub, yeni elektrik stansiyalarının tikintisi və elektrik təsərrüfatının istismar səviyyəsinin yaxşılaşdırılması diqqətdə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada yaşayış məntəqələrinin, istehsal müəssisələrinin daimi və dayanıqlı elektrik enerjisi ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ən əhəmiyyətlisi dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi olub. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində görülən işlərin tərkib hissəsi olan 20 meqavatlıq Günəş Elektrik Stansiyası uzun illər abonentləri elektrik enerjisi ilə təmin edəcək. Bu gün də muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi diqqətdə saxlanılır. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyası inşa olunur.
Ötən il Naxçıvan Modul Elektrik Stansiyasında mövcud olan 10 aqreqat və inzibati bina əsaslı təmir olunub, ehtiyat hissələri və yağ tədarük edilib. Araz Su Elektrik Stansiyasının turbinləri də təmir edilib, akkumulyator batareyaları yenilənib. Bundan başqa, yeni bina ilə təmin olunan “Araz” yarımstansiyasında müasir idarəetmə, mühafizə və avtomatika qurğuları quraşdırılıb. Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasının, Biləv, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının da fasiləsiz fəaliyyəti təmin edilib və elektrik enerjisi istehsalı rejimə uyğun həyata keçirilib.
Energetika proqramına uyğun olaraq energetiklərin iş
şəraitinin yaxşılaşdırılması, yüksəkgərginlikli
transformator yarımstansiyalarının
tikilməsi və elektrik verilişi
xətlərinin çəkilişi davam etdirilib. Ötən dövrdə Kəngərli
rayon Elektrik Şəbəkəsi
üçün yeni inzibati bina tikilib
istifadəyə verilib, işçilər
mütəmadi olaraq mühafizə vasitələri
və mövsümə uyğun geyim dəstləri ilə təmin olunublar. Bununla
yanaşı, Kəngərli rayonunda 35 meqavolt-amper gücündə “Qıvraq”, 6300 kilovolt-amperlik “Qıvraq nasos”
və Babək rayonunda 1260 kilovolt-amperlik
“Nehrəm” yarımstansiyaları tikilib istismara verilib. Həmçinin Kəngərli rayonunda
istifadəyə verilən yeni sənaye kompleksi üçün
110/10 kilovoltluq 10 meqavolt-amper
güclü transformator
yarımstansiyası quraşdırılıb. Ümumiyyətlə,
2015-ci ildə muxtar respublikanın
yaşayış məntəqələrində 10/0,4 kilovoltluq müxtəlif güclü
44 transformator yarımstansiyası
quraşdırılıb, 84 kilometrlik elektrik verilişi xətti çəkilib, 7,5 kilometr hava elektrik
verilişi xətti kabel
xətti ilə əvəz edilib. İl ərzində Naxçıvan, Şərur
və Culfa transformator
təmiri sexlərində 160 müxtəlif güclü
transformator əsaslı təmir olunaraq istismara
buraxılıb.
Yeni Azərbaycan.-
2016.- 6 yanvar.- S.4