Azərbaycanın ilk milli
operası
Bu gün "Leyli
və Məcnun" operasının ilk səhnə
həyatının 108 yaşı tamam olur
Bu gün Azərbaycanın, eləcə də Şərqin ilk operasının məhz yarandığı bir tarixdir. 108 yaşlı "Leyli və Məcnun". Fəxartələ xatırladığımız bir gündür. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli tərəfindən XVI əsrin böyük dühası Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılmış "Leyli və Məcnun" operası ilə opera janrın bünövrəsi qoyuldu. Ötən əsrin əvvəllərində 22 yaşlı Üzeyir bəy elə bir əsər yaratdı ki, onun şəfəqləri bu gün də bərq vurmaqdadır.
Üzeyir bəy Hacıbəyli bu əsrin yaranma tarixi haqqında məqalələrində belə yazırdı: "Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam, lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında, "Məcnun Leylinin məzarı üstündə" səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim". Böyük bəstəkar daha sonra yazırdı: "Operada mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi".
Üzeyir bəyin kiçik qardaşı, tanınmış tərcüməçi, jurnalist, ictimai xadim Ceyhun bəy Hacıbəyli mühacirətdə olarkən, Fransada yaşadığı zaman bu operanın yaranmasından bəhs edərək vurğulayırdı ki, opera yazmaq ideyası qardaşım Üzeyirə məxsus idi: "Qeyd etməliyəm ki, bütün bu əziyyətin çox hissəsi qardaşım Üzeyirin üstünə düşürdü. Bəzən o, gecə saat ikiyə- üçə qədər oturub işləyir, mələklərə məxsus hövsələ və inadkarlıqla səhnədə vokal musiqi ifasının harmonik ansamblını yaratmağa çalışırdı. Mən də öz imkanım daxilində ona kömək edirdim". Qeyd etmək lazımdır ki, Ceyhun bəy operanın ilk tamaşasında İbn Səlam və Nofəl rollarında oynamışdır.
Milli operamızın ilk tamaşası 1908-ci il, yanvar ayının 12-də, yeni təqvimlə 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında keçirilmişdir. İstedadlı aktyor və rejissor Hüseyn Ərəblinskinin quruluşunda, böyük yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin dirijorluğu ilə hazırlanan ilk tamaşada Üzeyir bəy özü seminariya dostları - Əli Terequlov, Ağəli Qasımov, Fərhad Ağayev, Qayıbov, Ismayılov və b. ilə bərabər orkestrdə skripkada çalmışdır. Tarda isə Qurban Pirimov və Şirin Axundov ifaçıları müşayiət etmişdilər.
"Leyli və Məcnun" operasının ilk ifaçıları Məcnun (Qeys) - H.Sarabski, Ümmülqeys (Məcnunun anası) - Kazımovski, Əbülqeys (Məcnunun atası) - Mirzə Muxtar, Leyli - 12 yaşlı çayçı şagirdi - Ə.Fərəcov, Ümmülleyli (Leylinin anası) - C.Vəzirov, Leylinin atası - I.Qasımov, Ibn Səlam - C.Dağıstani, Zeyd - I.Qasımov, 7 ərəb rolunda - Məmmədov, Səfərov, Vəzirov və başqaları olmuşdur. Sonrakı tamaşalarda Üzeyir bəyin böyük qardaşı Zülfüqar bəy Hacıbəyov - Məcnunun atası və Zeyd rollarında, 1920-ci ilə qədər isə Əhməd bəy Ağdamski (Bədəlbəyov) - Leyli rolunda çıxış etmişlər.
Bütün Şərqdə ilk opera olan "Leyli və Məcnun"un premyerası böyük müvəffəqiyyətlə keçmişdir. Azərbaycanın hər yerindən, eləcə də müxtəlif şəhərlərdən əsərə baxmağa tamaşaçılar axışıb gəlirdilər. Bütün tamaşalar anşlaqla keçirdi.
SƏHNƏMİZİN ƏFSANƏVİ MƏCNUNU 400 DƏFƏ BU ROLUN SEHRİNİ YAŞADI, YARATDI
Belə bir gündə XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri, öz mövqeyi olan sənətkar Hüseynqulu Sarabskinin ismini vurğulamamaq mümkün deyildi. Adı əsrin yeniləşən, dəyişən, müasirləşən sənət aləminin simvollarından birinə çevrilən, əsrin səsinə səs verən, tarixi yaradan sənət fədailərindən biri olan Hüseynqulu Sarabski səhnəmizin əfsanəvi Məcnunu kimi şöhrətlənmişdir. Sənətini musiqi incisi - "Leyli və Məcnun" zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşamış, sənətinə-peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olmuş və zaman-zaman da olacaqdır. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul rolunda çıxış edən Hüseynqulu Sarabski sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdülrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də müvafiq rollarda çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili teatra, operaya gətirdi. Məhz bu tamaşa zamanı Hüseynqulu Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir bəy Hacıbəylinin diqqətini cəlb etdi. Bu, zirvəyə gedən yolun başlanğıcı oldu. Üzeyir Hacıbəyli məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola - Məcnun partiyasını ifa etməyə dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə, sözün əsl mənasında, ümumxalq məhəbbəti və ümum-Azərbaycan şöhrəti gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar".
Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə Hüseynqulu Sarabski 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı. Əziz Şərifin Sarabskinin Məcnunu haqda yazdıqları bu gün bizlər üçün sənədli yazı qədər qiymətli və canlıdır: "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı".
Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, Məcnunu ifa edərkən tamaşaçılarını göz yaşlarına qərq edirdi.
Sözsüz ki, 108 illik tarixə malik olan "Leyli və Məcnun" operasının bütün məcnunları məhz Hüseynqulu Sarabski məktəbindən bəhrələnərək, onun ifaçılıq tərzini özlərinə bir nümunə seçmiş, dəsti-xətləri ilə yeni nəfəs, yeni ab-hava gətirmişlər. Bu obrazın təməl daşını qoyan Hüseynqulu Sarabskiyə qədər Azərbaycan teatr səhnəsində Məcnunu yaradan bir aktyor olsa da, ilk növbədə, qeyri-ixtiyarı onun adı bu partiyanın sənət yolunda xatırlanır. Dövrün, zamanın sınaqlarında heç bir qorxu və həyəcan hiss etmədən səhnəyə çıxaraq çox uğurlu bir obrazı tamaşaçılara təqdim edən aktyor iki böyük sənətkarın yaradıcılıq qüdrətindən yaranmış operanın xırdalıqlarına qədər tamaşaçısına təqdim etmək bacarığına malik oldu. XVI əsrin nəhəng klassikinin məşhur əsəri Üzeyir Hacıbəyov kimi bir dahinin notlarının dili ilə yeni bir janrda ortaya qoyuldu. Füzuli və Üzeyir Hacıbəyov sənətindən yaranmış qeyri-adi sənət nümunəsi üçüncü və ondan sonrakı komponentlərin yozumunda orijinal bir şəkildə öz səhnə həllini tapa bildi.
HEYRƏT EDİLƏCƏK OPERA BUGÜNƏ QƏDƏR DƏ SƏHNƏMİZDƏ ŞEDEVR OLARAQ QALMAQDADIR
1908-ci ildən bu günə qədər "Leyli və Məcnun" operası Azərbaycan səhnəsində oynanılır. Əsərin milliliyi başqa xalqların da diqqətindən yayınmamış, onların rəğbətini qazanmışdır. Bu barədə 1926-cı il, mart ayının 1-də Bakıda keçirilən I Türkoloji qurultayın nümayəndələrindən biri - başqırd Şaqirot "Leyli və Məcnun" operasına baxdıqdan sonra demişdir: "Heyrət ediləcək bir şeydir. Mən indi bildim ki, milli musiqi nə deməkdir. Leninqradda, Moskvada mən çox gözəl Avropa operası dinlədim, fəqət, onları anlamırdım, onlar mənə zövq vermirdi. Bunu isə anladığıma görə böyük bir zövqlə dinlədiyimdən, məmnun qaldım. O, bizim başqırd havalarına oxşamasa da, onun qohum olduğunu duyuram".
Üzeyir musiqisini bütün sənətsevərlər dərin məhəbbət və rəğbətlə qarşılayırlar. Azərbaycan xalqının sevimli sənətkarı Ü.Hacıbəyovun böyüklüyü də məhz bundadır. "Leyli və Məcnun" operası dünya ölkələrində-Türkiyədə, İranda, Özbəkistanda, Türkmənistanda, Gürcüstanda müvəffəqiyyətlə tamaşaya qoyulub.
Şərqin ilk operasında neçə-neçə aktyor və ifaçı nəsli yetişdi. Bir əsrdən artıqdır ki, Azərbaycan opera səhnəsi Leylilərlə, Məcnunlarla nəfəs alır, yaşayır. Bu dövr ərzində Leyli rolunda Əbdürrəhim Fərəcov, Əhməd bəy Ağdamski, Əhməd Qəmərlinski, Hüseynağa Hacıbababəyov, Göyərçin Əliyeva, Həqiqət Rzayeva, Sona Hacıyeva, Məhbubə Paşayeva, Sürəyyə Qacar, Yavər Kələntərli, Rəsmiyyə Sadıqova, Sima Haşımova, Gülxar Həsənova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Raziyyə Şirinova, Nəzakət Məmmədova, Yaqut Abdullayeva, Səkinə İsmayılova, Qəndab Quliyeva, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Aygün Bayramova və başqaları öz dəsti-xətti ilə oynayıb. Məcnun rolunda isə Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Əbülfət Əliyev, Qulu Əsgərov, Bakir Haşımov, Arif Babayev, Canəli Əkbərov, Baba Mirzəyev, Səfa Qəhrəmanov, Alim Qasımov, Mənsum İbrahimov, Səbuhi İbayev və başqaları ustalıqla, özlərinəməxsus məharətlə çıxış etmişdilər. Hələ bundan sonra da bu operada çox-çox Leylilər, Məcnunlar yetişəcəkdir.
"Leyli və Məcnun" operasında iki nakam məhəbbətli gəncin faciəli taleyindən bəhs edilsə də, onun sənətdəki qisməti çox uğurlu oldu. İlk tamaşadan müvəffəqiyyət qazanan opera bu günə qədər də şedevr olaraq qalmaqdadır, belə də qalacaq.
Zümrüd BAYRAMOVA
Səs.-
2016.- 13 yanvar.- S. 15