Mahnıları ilə könüllərdə yurd salan bəstəkar

Vyanada bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert  keçirilib

 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında məlumat verib, onu müasir Azərbaycan estrada musiqisinin banilərindən biri kimi xarakterizə edib.

O, Azərbaycanda mahnı janrının inkişafında müstəsna rol oynamış Tofiq Quliyevin yaratdığı əsərlərin bu gün də dillər əzbəri olduğunu, Azərbaycanda və ölkə hüdudlarından kənarda sevildiyini vurğulayıb.

"Mədəniyyətlərin görüşmə məkanı" ictimai qurumunun idarə heyətinin üzvümusiqi direktoru Fərəh Tahirova bəstəkarın yaradıcılığının bədii məziyyətləri barədə ətraflı danışıb. O, Tofiq Quliyevin 20-ci əsr Azərbaycanda musiqi sənətinin inkişafında, eləcə də ictimai həyatında oynadığı roldan, Azərbaycan muğamlarının nota köçürülməsində onun əvəzsiz xidmətlərindən, Azərbaycanda ilk estrada orkestrinin yaradıcısı kimi müasir Azərbaycan musiqisinə verdiyi töhfələrdən bəhs edib.

Qeyd edək ki, Tofiq Quliyev musiqisindəki, üslubundakı bənzərlik bəstəkarın yaratdığı çoxsaylı melodik inkişaf xəttindən doğur. Həm də, Tofiq Quliyevin bir sənətkar kimi səciyyəvi cəhəti ondan ibarətdir ki, o, insan səsini, vokalçının səs imkanlarını gözəl duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardandır.

Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ənənələrini davam etdirərək, Tofiq Quliyevin musiqi dilindəki, diatonik major-minor Azərbaycan xalq lad sistemi ilə üzvi surətdə birləşir. Özünü göstərən ifadəli, həm də  gözlənilməz parlaq modulyasiyasiyalar, yönəlmələr,  lad dəyişkənliyi  Tofiq Quliyevin harmonik dilinə xüsusi boya verir. 200-dən artıq  mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyur.

Yaradıcılıqla yanaşı, T.Quliyev, həmçinin geniş ictimai fəaliyyəti ilə də seçilir. O, bir çox xarici ölkələrlə mədəni əlaqələrin yaradılmasında fəal iştirak edir. Bəstəkarın xidmətləri dəfələrlə ən yüksək dövlət mükafatları ilə qeyd olunub.

Konsertdə görkəmli opera müğənniləri, Azərbaycanın xalq artistləri, dövlət mükafatları laureatları FidanXuraman Qasımova bacıları Tofiq Quliyevin repertuarından mahnılar ifa ediblər. Fortepianoda onları Nigar Məlikova müşayiət edib.

Dahi bəstəkarın ən tanınmış "Azərbaycan", "Bakı", "Axşam mahnısı", "Dostluq mahnısı", "Qızıl üzük" mahnıları, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Konsertdə Tofiq Quliyev haqqında çəkilmiş sənədli fimlərdən süjetlər, onun canlı fortepiano ifaları, xüsusilə də Ulu Öndər Heydər Əliyevin Tofiq Quliyevin 80 illik yubileyində dahi bəstəkar haqqında söylədiyi fikirlər əks olunmuş kadrlar nümayiş etdirilib.

 ZÜMRÜD

Səs.- 2016.- 13 yanvar.- S.- 6