20 Yanvar SSRİ imperiyasının Azərbaycan xalqının azadlıq və hüquqlarına qarşı ən ağır cinayətidir

Ulu Öndər Heydər Əliyev demişdir: "SSRİ rəhbərliyi Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün yeritdiyi məqsədyönlü siyasətə qarşı çıxmağa cəsarət edən Azərbaycan xalqına açıq-aşkar divan tutmaq yolunu seçdi. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan olunmadan Bakını işğal etməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərlə müşayiət edildi. Yüzlərlə insan amansızcasına qətlə yetirildi və yaralandı. XX əsr tarixində totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı, ümumiyyətlə humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayət idi".

AMEA İnsan Hüquqları İnstitutu Əsir və İtkin Düşmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının 2005-ci il yanvarın 18-də qəbul etdikləri birgə bəyanatında deyilir: "20 Yanvar Azərbaycan xalqının yaddaşına milli azadlıq, müstəqillik uğrunda mübarizə günü kimi həkk olunmuşdur. SSRİ imperiyası həmin gün azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının iradəsini, azadlıq istəyini qan içində boğmaq istədi. Dinc əhaliyə qarşı müxtəlif silahlar tətbiq edilərək divan tutuldu, yüzlərlə, minlərlə vətənpərvər, xalqın azadlığını canından çox istəyən vətən övladı həyatdan məhrum olundu və şikəst edildi. İmperiyanın öz azadlığı, dirçəlişi uğrunda mübarizəyə qalxan xalqa qarşı hərəkətləri dinc əhalinin əmlakının məhvi, qanunsuz həbslər, söz və mətbuat, sərbəst hərəkət azadlığının pozulması ilə müşayiət olundu. Həmin hərəkətlər beynəlxalq hüququn jus cogens prinsiplərinə - ayrı-ayrı dövlətlərin deyil, bütün beynəlxalq birliyin mənafeyinə xidmət edən, yerinə yetirilməsi bütün dövlətlər üçün məcburi (imperativ) sayılan beynəlxalq hüquq normalarına zidd olmaqla onları kobud surətdə pozmuşdur.

Beləliklə:

1. Dinc əhaliyə qarşı müxtəlif növlü hərbi texnikadan istifadə etməklə SSRİ dövləti BMT Nizamnaməsində (1-ci, 55 və 56-cı maddələr) ümumi formada təsbit olunmuş, 1948-ci il İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə dəqiqləşdirilmiş əsas insan hüquq və azadlıqlarına hörmət, dövlətin həmin hüquqları təmin etməsi, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinə məhəl qoymamışdır;

 2. İmperiya 20 yanvar hadisələri zamanı jus cogens prinsiplərinin tələblərinə zidd olaraq iştirakçısı olduğu 1966-cı il tarixli MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Pakta əsasən üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozdu. Paktın 6-cı maddəsində təsbit olunmuş "yaşamaq hüququ hər bir ınsanın ayrılmaz hüququdur" öhdəliyinə məhəl qoymayan imperiya silahlı qüvvələri onlarca dinc insanı (uşağı, qadını, qocanı) heç bir səbəb olmadan həyatdan məhrum etmişdir;

3. Paktın 7-ci maddəsində ifadəsini tapmış "heç kəs işgəncələrə, qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan davranışa və ya cəzaya məruz qalmamalıdır" müddəasının tələbləri pozularaq insan ləyaqətinin kütləvi şəkildə alçaldılması, insanların işgəncələrə məruz qalması, yüzlərlə insanın uzun müddət öz doğmalarından xəbər tuta bilməməsi hallarına yol verilmişdir;

4. Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərinin insanların qanunsuz həbsi ilə müşayiət olunması Paktın 9-cu maddəsində ifadəsini tapmış hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququnun kobud surətdə pozulmasını təsdiq etmişdir;

5. Paktın 10-cu maddəsində ifadəsini tapmış azadlıqdan məhrum edilmiş bütün şəxslərin humanist davranış, insan şəxsiyyətinin ləyaqətinə hörmət edilməsi hüququna malik olması barədə müddəaya zidd olaraq azadlıqdan qanunsuz olaraq məhrum edilmiş şəxslər uzun müddət gizli saxlanılmış, onlarla qeyri-qanuni rəftara yol verilmişdir;

6. Uzun müddət əhalinin ölkə daxilində sərbəst hərəkətinin məhdudlaşdırılması Paktın 12-ci maddəsinin tələbləri ilə bir araya sığmırdı. Imperiya Azərbaycanda törətdiyi hadisələrə fövqəladə vəziyyətlə bağlı don geydirməyə çalışsa da, fövqəladə vəziyyətin özünün elan edilməsi barədə tələbləri də pozulmuşdur;

 7. 20 yanvar hadisələri, həmçinin digər beynəlxalq sənədlərin, o cümlədən 1989-cu il Uşaq Hüquqları haqqında Konvensiyanın, 1984-cü ildə qəbul edilmiş İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza əleyhinə Konvensiyanın müddəalarının kobud surətdə pozulmasına dəlalət etmişdir.

Azərbaycan xalqına qarşı törədilmiş cinayət onun əzmini, azadlıq və müstəqillik arzusunu qıra bilmədi. Xalq qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə nail oldubu nailiyyəti heç vaxt əlindən verməyəcəkdir".

  Qeyd olunanları və bu günədək məlum milli faciənin səbəbkarları M.Qorbaçovun və digər vəzifəli şəxslərin məsuliyyətdən kənarda qalmalarını nəzərə alaraq, AMEA İnsan Hüquqları İnstitutu və Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası bu tarixi cinayətin təşkilatçılarının və icraçılarının cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin qaldırılmasını tələb edir.

Professor Əlikram Tağıyev yazır: "Qanlı Yanvar hadisələrinin siyasi mahiyyəti nədən ibarətdir? Tez-tez deyirlər: Bu hadisələrə siyasi qiymət verilməlidir. Amma necə? Bu, elə bir mürəkkəb hadisədir ki, "onun həqiqi mahiyyətini nə təşkil edirdi" sualı indinin özündə də çoxları üçün qaranlıq qalır. Daha aydın desək, bu hadisələrin görünən və görünməyən, mübhəm və gizli gedən siyasi prosesləri mövcud idi ki, onları indinin özündə də öyrənib ortaya qoymaq, ondan müəyyən nəticələr çıxarmaq və bu nəticələri gələcək nəsillər üçün yaddaş qoymaq vacibdir.

Hadisənin bizə məlum olan, görünən tərəfləri sırasına aşağıdakıları aid etmək olar: sovet ordusu Bakıya ona görə hücum edirdi ki, guya burada a) rejim təhlükə altında idi; b) erməni-rus əhalisini xilas etmək zərurəti yaranmışdı; c) "islam təməlçiliyi"nin və türk millətçiliyi"nin qarşısı alınmalı idi; ç) Azərbaycan xalqı öz milli istiqlaliyyəti uğrunda imperiyayaonun nökərlərinə qarşı mübarizəyə qalxmışdı; d) Azərbaycanın bir sıra görkəmli siyasi xadimləri hələ o vaxtlar bu aksiyanı işğal faktı kimi pisləmişdi.

Bütün bunlar hamıya məlum olaninformasiya vasitələrilə gündəlik təbliğ edilən faktlar idi. Biz də Qanlı Yanvar hadisələrinə siyasi qiymət verərkən ən əvvəl məhz bu sadaladığımız amilləri ortaya qoyuruq. Lakin bütün bunlar, əslində baş vermiş və gələcəkdə baş verəcək hadisələrin ancaq zahiri tərəfləri idi. Həqiqətdə isə sovet ordusunun Bakıya yeridilməsinin kökləri daha dərində olan başqa səbəblərlə əlaqədardır. Bu, bizi qanımıza qəltan etməyi qarşısına bir məqsəd qoyduğu kimi, rusları da istilaçı xalq kimi dünya ictimaiyyətinə təqdim və bədnam etmək üçün oynanılmış bir şou idi. Başqa sözlə, xalqımızın ruslara olan son inamının qırılması bir hədəf və məqsəd kimi seçilmişdi. Proses isə M.S.Qorbaçovla ermənilərin çox məharətlə qurduqları ssenari əsasında həyata keçirilir və qisasçılıq xarakteri daşıyırdı. Bir qədər ətraflı: iki dünya sisteminin dinc yanaşı yaşamasından usanmış Sovet İttifaqının o vaxtkı rəhbərləri aydın görürdü ki, rejim dağılır, iflasa uğrayır və böhran içərisindədir, "ulduz müharibələri"ndə və yeni texnologiyanın tətbiqi sahəsində açıq-aşkar qarşı tərəfə uduzan imperiyanı saxlamaq və idarə etmək mümkünsüz idi. Reyqan elan etmişdi ki, sosializmi tarixin zibilliyinə atacaqbu istiqamətdə də aparırdı. Sistemi xilas etmək qeyri-mümkün idi".

Ə.Tağıyev 20 Yanvar faciəsindən sonra dünyada baş verən hpdisələrlə toxunaraq göstərir ki, Qərb  islam dünyasına qarşı əsl "səlib müharibəsi"nə başladı: "İslam dünyasındakı olaylar, terrorizmlə və narkomaniya ilə mübarizə bayrağı altında Qərbin islam dünyasına qarşı "səlib müharibəsinə" başlaması, uydurma erməni soyqırımının dünyanın aparıcı xristian dövlətləri tərəfındən dəstəklənməsi və ümumən ermənilərə güclü maliyyə vəsaitinin ayrılması, onların silahlandırılıb azərbaycanlıların üstünə salınması, Kipr, Bosniya, Çeçenistan, Əfqanıstan və İraq hadisələri, "İslam təməlçiliyi" haqqında heç bir real əsası olmayan uydurmalar, islam xalqlarının sayının artması, onların hərbi-siyasi, iqtisadi-mənəvi qüdrətinin güclənməsinin qısqanclıqla qarşılanması və s. kimi faktlar düşmənin başqa yerdə deyil, məhz islam xalqlarının timsalında axtarılmasını real bir həqiqətə çevirdi. Bu hadisələrin beşiyi başında Qarabağ probleminin həlli ətrafında gedən mübahisələr dayanırdı.

Əslində isə, bu hadisələr elə Qarabağ böhranının yaradılmasının məntiqi davamından ibarət oldubütün dünyanın aparıcı ölkələri özlərinin maraq və mənafeləri səviyyələrində ondan faydalanmağa çalışdılar və faydalandılar da. Belə ki, Qarabağ hadisələrindən istifadə edən Qərb ölkələri və Rusiya onlara lazım olanları əldə etdilər. İndi Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan ayrılması və müstəqil yaşaması ermənilərə və eləcə də onların havadarlarına daha xeyirlidir, nəinki Ermənistana ilhaq edilməsi. Çünki bu, elə bir amildir ki, Azərbaycanı həmişə əldə saxlamaq rolunu oynaya bilər, yəni problem istənilən vaxt fəallaşdırıla bilər. Bu, güclü bir yumruqdetenator kimi bizi daim itaətdə saxlaya bilər. Dağlıq Qarabağın müstəqil bir dövlətə çevrilməsi lap burnumuzun ucunda yeni bir erməni dövlətinin yaradılması ilə nəticələnə bilər ki, buna da yol vermək olmaz. Rusiyanın Qərblə yaxınlaşması islam dünyasını Qərbin qarşısında müdafıəsiz qoyurdubu da Qərb üçün çox əlverişli idi. Ona görə də Qərb cidd-cəhdlə Rusiyanın başçılığı ilə qurulmuş SSRİ-də və dünya sosializm sistemində elə rusların öz əllərilə də əvvəlcə yenidənqurma, sonra isə elliklə demokratikləşmə və nəhayət, qloballaşma hərəkatına rəvac verdi".

 Vahid Ömərov

Səs.- 2016.- 20 yanvar.- S. 15