Regionların dinamik inkişafı 2015-ci ildə də davam edib

 

Dövlət proqramları çərçivəsində istifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri regionların inkişafında yeni mərhələnin əsasını qoyub

Son 12 ildə Azərbaycanın bölgələrinin sürətli inkişafının təmin edilməsində 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının özünəməxsus rolu olub. Bu dövlət proqramları barədə danışmazdan öncə vurğulamaq yerinə düşər ki, həyata keçirilən quruculuq siyasəti nəticəsində 2015-ci il də respublikamız üçün uğurlarla yadda qalıb.

Yanvarın 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bəyan edildiyi kimi, keçən il ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Eyni zamanda, keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. İslasdakı çıxışında bunun çox müsbət hal olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir: “Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”.

Dövlət başçısı keçən il bütün sosial proqramlar, həmçinin sosial infrastruktur layihələrinin də icra edildiyini bildirib: “Altmışa yaxın tibb müəssisəsi tikilib, təmir edilib, 20-dən çox məktəb təmir edilib, tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir”.

Heç şübhəsiz, bütün bu sadalanan uğurlar düşünülmüş siyasətin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrasının nəticəsində əldə olunub. Bu vaxta kimi 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda isə respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı böyük müvəffəqiyyətlə yerinə yetirilir. Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında Dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının artmasında böyük rol oynadığını nəzərə çatdıraraq vurğulayıb: “Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir”.

Beləliklə, son 12 ildə tarixi əhəmiyyət daşıyan Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında da bəyan etdiyi kimi, “Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir”.

Beləliklə, vurğulandığı kimi, regionların dinamik inkişafı ötən il də davam edib və ayrı-ayrı rayonlarda görülən işlərin timsalında bunu aydın görmək mümkündür. Buna misal olaraq qeyd edək ki, 2015-ci ildə ölkənin hər yerində olduğu kimi, Biləsuvarda geniş abadlıq-quruculuq işləri aparılıb. Məsələn, Biləsuvar şəhərində 2,1 hektar ərazidə müasir üslubda inşa edilən Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyətinin inzibati binası, fontan kompleksi yeni tikililərdəndir.

Şəhərin Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinin davamı olaraq ötən il yolun asfalt örtüyünün eni 3 metr genişləndirilərək 12 metrə çatdırılıb. Yolun 1,4 kilometr hissəsi yenidən asfaltlanıb. Prospekt boyunca 2 metr enində piyada səkiləri salınıb, yeni işıqlandırma sistemi qurulub. Şəhərin ümumi görkəminə xələl gətirən köhnə tikililər müasirləşdirilib, prospekt boyunca yeni hasarlar çəkilib, yaşıllıqlar salınıb.

Ölkə başçısının Sərəncamı ilə 120 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir olunub. 450 şagird yerlik Aşağı Cürəli, 640 yerlik Xırmandalı məktəbləri üçün yeni binalar istifadəyə verilib.

Biləsuvar şəhərinin su-kanalizasiya sistemi yenidən qurulub. 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, 16 kilometr uzunluğunda olan Günəşli-Əliabad avtomobil yolu istifadəyə verilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki uşaq bağçası və 13 məktəb binası tikilərək istifadəyə verilib, 6 məktəb isə əsaslı təmir olunub.

Hazırda rayonun Əsgərabad kəndindəki 480 yerlik tam orta məktəbin əsaslı təmiri davam etdirilir. Yola saldığımız ildə rayonun 23 kəndinin hamısı təbii qazla təmin edilib.

Son illər Zaqatala rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir və yola saldığımız 2015-ci il də rayonda yeni məktəb binalarının tikintisi ilə yaddaqalan olub. Belə ki, il ərzində rayonun Yuxarı Tala və Yengiyan kəndlərində tam orta məktəblər üçün 450 və 264 şagird yerlik yeni binalar, həmçinin Kebeloba kəndində ümumi orta məktəb üçün 5 sinif otağından ibarət əlavə tədris korpusu tikilib şagirdlərin istifadəsinə verilib.

Eyni zamanda, Ağdam rayonunun işğal edilməmiş ərazilərində aparılan yenidənqurma və tikinti-abadlıq işləri 2015-ci ildə də uğurla davam etdirilib. Bu dövrdə Quzanlı qəsəbəsində avtovağzal, mini futbol meydançası, çay evi, yanacaqdoldurma məntəqəsi tikilib istifadəyə verilib. Heydər Əliyev prospektindəki xiyabanda inşa edilən, Ağdam şəhərində ermənilər tərəfindən yandırılmış məşhur “Çay Evi”nin bənzəri olan yeni çay evi ağdamlıların ən sevimli məkanlarından birinə çevrilib.

Ötən il rayonun kəndlərində də quruculuq işləri aparılıb. Təzəkənd qəsəbəsində poçt şöbəsinin binası, Evoğlu kəndində 100 yerlik uşaq bağçası, Çəmənli kəndində kitabxana, Əfətli və Əhmədağalı kəndlərində Böyük Vətən müharibəsi iştirakçılarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksləri inşa edilib. Çəmənli kəndində 70 yerlik uşaq bağçası və Üçoğlan kənd xəstəxanası əsaslı təmir edilib. Eyvazlı kəndi ərazisində sənaye məhəlləsinin yaradılması üçün torpaq sahəsi ayrılıb. Əkinlərin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə kəndlərdə 20 subartezian quyusu qazılıb. İl ərzində 50 mindən çox müxtəlif növ ağac əkilib.

Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsinin, 360 şagird yerlik məktəbin, Xındırıstan uşaq musiqi məktəbinin binalarının tikintisi davam etdirilir.

Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə əldə edilən uğurlar əhalinin rifah halının yüksəlməsinə səbəb olub, tikinti-quruculuq işləri davam etdirilib. Muxtar respublikanın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda da ötən il uğurlarla yadda qalıb. Belə ki, Şərur şəhərində aviakassa binasının, Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin, soyuducu anbarın, Kürçülü, Axaməd, Kürkənd və Yuxarı Yaycı kəndlərində kənd və xidmət mərkəzlərinin, Yengicə kəndində Azərbaycan Vətən müharibəsi əlili üçün üçotaqlı mənzilin, Kürkənddə və Aşağı Aralıq kəndində mərasim yerinin, Aşağı Aralıqda dəyirmanın tikintisi başa çatdırılıb. Kürkənddə 216, Cəlilkənddə 342, Axaməd kəndində 192, Yuxarı Yaycı kəndində 144, Kürçülü kəndində 234 şagird yerlik məktəb binaları, Cəlilkənddə həkim ambulatoriyası, mədəniyyət evi, kənd və xidmət mərkəzləri istifadəyə verilib.

Hazırda Şərur şəhərindəki 2 nömrəli tam orta məktəb binasının, Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün tədris korpusunun və yataqxananın, Oğlanqalada kənd və xidmət mərkəzlərinin, tam orta məktəbin və digər obyektlərin tikintisi, yaxud yenidən qurulması işləri davam etdirilir.

Muxtar respublikada Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək rayonu da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Və ötən il Babək rayonu üçün daha əlamətdar olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində rayon ərazisində yerləşən Günəş Elektrik Stansiyasının, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 nömrəli tam orta məktəbin açılışında iştirak etməsi və burada həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirməsi rayon sakinlərində böyük ruh yüksəkliyi yaradıb, onların qurub-yaratmaq əzmini yüksəldib.

Bundan əlavə, 2015-ci ildə Babək qəsəbəsində rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayon filialı üçün yeni inzibati bina tikilib, qəsəbədəki 5 mərtəbəli yaşayış binası təmir olunaraq ətrafı abadlaşdırılıb. Həmçinin 2 nömrəli tam orta məktəb, qəsəbə və xidmət mərkəzləri, Xalxalda tam orta məktəb və kənd mərkəzi üçün yeni binalar inşa olunaraq istifadəyə verilib. Hazırda Yarımcada kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi, Xəlillidə kənd mərkəzi, tam orta məktəb binası və xidmət mərkəzi üçün yeni binaların tikintisi, Yarımca kənd tam orta məktəb binasının isə əsaslı təmiri davam etdirilir.

2015-ci il Ordubad rayonu üçün də bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Ötən il Ordubad şəhərində 3 nömrəli məktəb, müasir aviakassa binası, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeyi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzi, Tivi və Gilançay kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.

Ümumiyyətlə, son 20 ildə Ordubad rayonunda 80-dən çox obyekt inşa edilib və ya yenidən qurulub, onlarla yaşayış məntəqəsi, eləcə də ucqar dağ yaşayış məntəqələri abad kəndlər sırasına qoşulub. Ötən müddətdə 27 ümumtəhsil məktəbi, 1 musiqi məktəbi, 1 uşaq bağçası, 24 səhiyyə, 1 idman, 29 mədəniyyət obyekti tikilərək istifadəyə verilib, 15 kənd mərkəzi yaradılıb. 2002-ci ildə rayonda əsas kapitala yönəldilmiş investisiyaların tikinti-quraşdırma işlərinə ayrılan həcmi 330 min manat idisə, təkcə 2015-ci ilin 10 ayında 44 milyon 165 min manat təşkil edib. Bu fakt bir daha göstərir ki, rayonda tikinti-quruculuq işlərinin miqyası ilbəil genişləndirilir.

Eyni zamanda, Culfa rayonunun iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib. Rayonun Qızılca, Gal və Şurud kəndlərində yeni kənd və xidmət mərkəzlərinin, Bənəniyar kəndində xidmət mərkəzinin, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin Culfa Rayon Müayinə Mərkəzinin tikintisi, Bənəniyarda kənd mərkəzinin, Culfa şəhərinin M.Əsgərov küçəsində yerləşən 17, 18 və 20 nömrəli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb, Saltaq Kənd Mərkəzinin və xidmət mərkəzinin, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış İdarəsinin inzibati binasının və yardımçı binalarının tikintisi davam etdirilib. Həmçinin Qızılca kəndində 120, Galda 96 şagird yerlik yeni məktəb binaları tikilib, Bənəniyarda 648, Şurudda 110 şagird yerlik məktəb binalarının əsaslı təmiri və yenidən qurulması başa çatdırılıb, Saltaq kəndində isə 252 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilib.

Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafından Kəngərli rayonuna da böyük pay düşüb. Ötən il 11 yaşını qeyd edən rayonda aparılan abadlıq-quruculuq sürətlə davam etdirilib. Dekabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sənaye Kompleksinin açılışı isə yaddaşlarda tarixi hadisə kimi qalıb.

Rayonda əhalinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması və həmin sahədə çalışanların iş şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində Kəngərli rayon Elektrik Şəbəkəsi üçün yeni bina və “Qıvraq” elektrik yarımstansiyası istifadəyə verilib. Eləcə də 17 ədəd müxtəlif gücdə transformator təmir edilib, 72 abonent elektrik enerjisi ilə təmin olunub.

Bundan başqa, rayon mərkəzində Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni binalar istifadəyə verilib, yeni Ticarət-İaşə və Bazar Kompleksinin tikintisi başa çatdırılıb, qəsəbə məscidi əsaslı təmir olunub.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Şahbuz rayonunu da əhatə edib. Aparılan genişmiqyaslı quruculuq işləri sayəsində Şahbuz şəhəri, eləcə də rayonun kəndləri müasir görkəm alıb. 2015-ci ildə də Şahbuz rayonunda bu tədbirlər böyük sürətlə davam etdirilib.

Son illər bölgədə quruculuq tədbirlərinin miqyası xeyli genişlənib. Sevindirici haldır ki, bu quruculuq işlərindən rayonun ən ucqar dağ kəndləri olan Şada, Kükü, Kolanı, Biçənək, Keçili və adını çəkmədiyimiz neçə-neçə digər kəndə də pay düşüb.

Düşmənə göz dağı olan Sədərək rayonunda da ötən il yeniliklərlə yadda qalıb. Rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən 1 milyon 687 min manatlıq abadlıq və təmir işləri aparılıb, uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi və rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb.

Tikinti-quruculuq ili kimi yadda qalan 2015-ci ildə Bərdə şəhərində Heydər Əliyev adına park-bulvarın, regional “ASAN xidmət” mərkəzinin, uşaq incəsənət məktəbinin, yol polisi xidmətinin və təhsil şöbəsinin inzibati binalarının, Türkmən kənd tam orta, şəhər 7 nömrəli ümumi orta və 2 nömrəli uşaq musiqi məktəblərinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin, Mehdili kəndində Qarabağ Aqrar Sənaye Parkının, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bərdə şəhərinin İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri kommunikasiya xətləri daxil olmaqla yenidən qurulub, piyada yolları tikilib, 40 fərdi yaşayış evinin dam örtüyü dəyişdirilib, fasadları təmir edilib. Küçə və meydanlarda, yol kənarlarında 28 mindən çox ağac və 51 mindən çox gül kolu əkilib.

Bütün bunlarla yanaşı, hazırda 100 yerlik şəhər 4 saylı körpələr evinin, toxumçuluq müfəttişliyinin və aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, tutumu 2 min ton olan soyuducu anbarın tikintisi davam etdirilir. Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolu yenidən qurulur, “Bərdə türbəsi” bərpa olunur. Hər biri 1150 şagird yerlik şəhər 2 və 6 nömrəli, 480 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri və kommunal yaşayış binaları əsaslı təmir edilir.

Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə yeni su-kanalizasiya şəbəkələrinin qurulması da məmnunluq doğurur. Hazırda dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Bu xüsusda bildirmək yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Masallı rayonunda “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində görülən işlər son mərhələdədir. 2011-ci ildən icrasına başlanan layihənin bu ilin birinci yarısına qədər yekunlaşması planlaşdırılır. Yeni layihə ümumilikdə 8700 abonenti əhatə edəcək.

Layihəyə əsasən ümumi uzunluğu 209 min metr olan içməli su xətti mənbədən başlayaraq 7 kilometr məsafədə 630 millimetrlik borularla şəhərə qədər çəkiləcək, sonra müxtəlif diametrli borularla paylanacaq. İçməli su Viləşçay anbarının çıxışından təxminən 400 metr məsafədə yerləşən təmizləyici stansiyaya öz axını ilə daxil olacaq. Layihə çərçivəsində ən müasir təmizləyici avadanlıqların qurulması işləri aparılır. Stansiyanın maksimal gücü gündəlik 22 min kubmetr təşkil edəcək. Artıq magistral və kanalizasiya xətlərinin çəkilişi yekunlaşıb. İçməli su xətti ilə paralel olaraq inşa olunan çirkab su şəbəkəsi və daşıyıcı kollektorların ümumi uzunluğu 203 kilometr təşkil edir. Hazırda Hüsühacılı kəndi ərazisində saniyədə 242 litr çirkab suyu təmizləmək gücünə malik təmizləyici qurğu inşa olunur.

Layihənin icrası başa çatdıqdan sonra Masallı şəhərinin, Ərkivan və Kosakül qəsəbələrinin, eləcə də şəhərin inzibati ərazisinə daxil edilən Seybətin, Səmidxanlı, İsgəndərli, Digah, Dadva yaşayış məhəllələrinin içməli suya olan tələbatı ödəniləcək və kanalizasiya təchizatı yaxşılaşacaq.

Respublikanın daha bir rayonu İmişlidə isə hər biri 100 yerlik olmaqla iki uşaq bağçası tikilir. AZƏRTAC-ın məlumatına görə, məktəbəqədər tədris müəssisələrinin tikintisinə 2014-cü ilin axırlarında başlanılıb. Şəhərin H.Aslanov və T.İsmayılov küçələrində inşa olunan körpələr evinin ikisi də ikimərtəbəlidir. Bağçalardan birində tikinti işləri tam başa çatdırılıb. Hazırda orada inventar və avadanlıqlar quraşdırılır. İkinci bağça binasının isə hörgü və suvaq işləri başa çatıb, dam örtüyü vurulub, qapı və pəncərələr quraşdırılıb. Binanın daxilində və xaricində kosmetik işlər görülür.

Binaların dayanıqlı enerji ilə təmin olunması üçün transformator yarımstansiyası qoyulub. Tədris müəssisələrinin həyətində də abadlıq işləri aparılır, gül kolları əkilir, yaşıllıqlar salınır. Uşaqların açıq havada əylənmələri üçün ərazidə oyun meydançaları yaradılır və müvafiq qurğular quraşdırılır. Bağçaların bu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulub.

Bir sözlə, göründüyü kimi, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin və quruculuq siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin bütün regionlarında abadlıq-quruculuq işləri davamlı xarakter alıb, həmçinin yaşayış məntəqələri daha müasir görkəm alıb. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri regionların inkişafında yeni mərhələnin əsasını qoyub.

Nadir AZƏRİ

Səs.- 2016.- 22 yanvar.- S.7