Azərbaycan
multukultural dövlətdir
Geosiyasi baxımdan minilliklər boyu Böyük İpək
Yolu üzərində Şərq ilə Qərbin
qovşağında yerləşən Azərbaycanın ərazisində
müxtəlif sivilizasiyalar qaynayıb-qarışıb,
müxtəlif dinlərin nümayəndələri
yaşayıb.
Öz kökünə və ənənələrinə
sadiq olan Azərbaycan başqa xalqların da dilinə, mədəniyyətinə
böyük həssaslıqla,
hörmətlə, qayğıkeşliklə yanaşıb və
bu gün də bu ənənə davam etməkdədir. Azərbaycan Prezidentinin Sərəncamı ilə
2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ölkəmizdə
multikulturalizmin dövlət siyasəti olduğunun daha bir
göstəricisidir.
Bakı
Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor
Asif Hacıyevlə həmsöhbət olduğumuz zamanda
ölkəmizin sülh, əmin-amanlıq, təhlükəsizlik
şəraitində inkişaf dövrünü yaşamaqla
yanaşı, mövcud olan dinlərarası, millətlərarası
münasibətlərdə belə,
dünya üçün örnək, tolerantlıq və
dözümlülük ənənələri ilə zəngin
olan dövlətə çevrildiyinə nəzər
saldıq.
- Asif
müəllim, bildiyimiz kimi, BSU ölkəmizdə yeganə ali təhsil müəssisədir ki, burada
müxtəlif xalqların dili, ədəbiyyatı, mədəniyyəti,
tarixi tədris olunur. Bu, Ulu Öndər Heydər
Əliyevin uzaqgörən, müdrik siyasəti idi ki, belə
bir təhsil ocağının yaradılması ilə
bağlı Sərəncam imzalamışdı.
- Bəli,
həqiqətən də, belədir. Bildiyiniz kimi, Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin 13 iyun
2000-ci il tarixli Fərmanı ilə
Bakı Slavyan Universiteti M.F.Axundov adına APRDƏİ-nin
bazasında yaradıldı. Bu Sərəncamı imzalayarkən
Ulu Öndər ölkəmizin gələcək
inkişafını, prespektivlərini, genişlənən xarici
əlaqələrini, eləcə də gələcəkdə
ölkəmizə lazım olacaq yeni ixtisaslar üzrə
kadrlara olan tələbatı
nəzərə alaraq çox müdrikcəsinə qərar
vermişdi. Mən bu universitetdə keçirilən
bütün islahatların canlı şahidi kimi, deyə bilərəm
ki, həmin zamandan universitetdə yeni ixtisaslar
açıldı, Şərqi və Qərbi Avropa üzrə
mütəxəssis hazırlığına
başlanıldı, struktur dəyişiklikləri
aparıldı. Sərəncama uyğun
olaraq kadr potensialı yeniləndi. Universitetimizdə
o dövrdən başlayaraq, artan templə Türkiyə,
Rusiya, Ukrayna, Polşa, Bolqarıstan, Çexiya və
Yunanıstan üzrə geniş profilli regionşünaslar
hazırlanır. Bir qədər sonra isə
Qərbi Avropa dilləri ingilis, fransız və alman dilləri
üzrə də mütəxəssislər hazırlamağa
başladıq. Slavyanşünaslıq
üzrə kadr hazırlığında iki istiqamət nəzərdə
tutulurdu. Həm ölkəşünaslıq, yəni həmin
ölkələrin iqtisadiyyatını,
coğrafiyasını, ictimai-siyasi sistemini və mədəniyyətini
dərindən bilən - bolqarşünas,
çexşünas və s. yüksək hazırlıqlı
mütəxəssislərin yetişdirilməsi, həm də
həmin dillər üzrə tərcümə fakültəsində
peşəkar tərcüməçilər hazırlanır.
Bundan əlavə, burada sovet dövründə
yalnız rus dili müəllimləri hazırlanırdısa,
hazırda rus filologiyası üzrə rus dili və ədəbiyyatı
müəllimləri, həm də rus dilindən tərcüməçilik
sahəsində kadrlar hazırlanır. Bu deyilənlərdən
əlavə universitetdə beynəlxalq münasibətlər,
jurnalistika və onlarla ixtisas üzrə kadr
hazırlığına başlanıldı, bir çox mərkəzlər
Ukrayna Tədris-Mədəniyyət Mərkəzi, Rusiya Tədris-Mədəniyyət
Mərkəzi, Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi,
Bolqar Dili və Mədəniyyəti Mərkəzi, Çex
Dili və Mədəniyyəti Mərkəzi və s.
açıldı və son dövrdə də bu ənənə
uğurla davam etdirilir. Universitetin əhəmiyyət
kəsb edən bir layihəsi də var ki, bu, xarici ölkələrdə
azərbaycanşünaslığın təbliği ilə bağlı
tərəfdaş universitetlərdə Azərbaycan dili və
mədəniyyət mərkəzlərinin
yaradılmasıdır. Bu baxımdan, Moskva Dövlət
Linqvistik Universitetin Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzi, Poltava İqtisadiyyat və Ticarət Universitetin
Azərbaycan Tədris - Mədəniyyət Mərkəzi,
Kiyev Milli Linqvistik Universitetinin Heydər Əliyev adına Azərbaycan
dili və Mədəniyyəti Mərkəzi və başqa mərkəzlər
fəaliyyətdədir. Biz başqa ölkələrin
və xalqların dili, ədəbiyyatını, tarixini tədris,
təbliğ edib, öyrənməklə yanaşı, Azərbaycan
dilinin, mədəniyyətinin də başqa ölkələrdə
təbliğ və tədrisinə nail olmağa
çalışırıq. Universitet tərəfindən
ezam olunmuş mütəxəssislər yerli vətəndaşlara
Azərbaycan dili və ədəbiyyatını həm
bakalavr, həm də magistr səviyyəsində tədris
edirlər. Bu gənclər Azərbaycan dilini, mədəniyyətini,
tarixini, ədəbiyyatını mənimsəmiş ali təhsilli mütəxəssis kimi Azərbaycanın
dostlarına çevrilirlər. Onu da
vurğulayım ki, BSU-da yeni ixtisaslar da açılıb.
"Təhsildə sosial - psixoloji xidmət"
ixtisası, yeni ildən isə Serbiya və Makedoniya dillərinin
də tədrisinə başlamaq nəzərdə tutulub.
- Asif
müəllim, heç şübhəsiz ki, qeyd olunan bu
nailliyyətlərin əldə edilməsi və beynəlxalq əlaqələrin
artması genişlənməsi ölkəmizdəki mövcud
durumla sıx bağlıdır.
- Tamamilə
doğrudur. Bir faktı qeyd edim ki, müxtəlif ölkələrdə
Rusiya, Qırğızıstan, Rusiya-tacik və s. slavyan
univesitetləri var, ancaq o universitetlər daha çox Rusiya tərəfindən
maliyyələşdirilir. Slavistika geniş fəaliyyət
göstərir. BSU dövlət tərəfindən
maliyyələşdirilir və yeganə ali
təhsil müəssisəsidir ki, slavistika burada geniş
şəkildə tədris olunur. Son illər ərzində bu ali təhsil ocağı
slavistika və slavyan mədəniyyəti mərkəzinə
çevrilib. Bu gün BSU unikal təhsil və mədəniyyət
mərkəzi kimi slavyan xalqlarının mənəvi dəyərlərini
tədqiq edir. Burada rus və digər
slavyan dilləri və ədəbiyyatı üzrə ciddi tədqiqatlar
həyata keçirilir, təkcə respublikamız
üçün deyil, həm də bir çox Şərq
ölkələri üçün yüksək keyfiyyətli
mütəxəssislər hazırlanır. Biz daim Ulu Öndər Heydər Əliyevlə
keçirilən görüşü xatırlayırıq.
Rusiya Federasiyasının prezidenti V.V.Putinə BSU-nun "Fəxri
doktoru" diplomunun təqdimatı mərasimində Ulu Öndər
Heydər Əliyevin universitet kollektivinin fəaliyyətini
yüksək qiymətləndirərək, professor-müəllim
heyətini "millətimizin qaymağı"
adlandırması, eyni zamanda, universitetin gələcəyinə
böyük ümid bəsləməsi fikrini ifadə etməsi
bizə həm ruh verir, həm də məsuliyyətimizi daha
da artırır. Ümummilli Lider Heydər Əliyevin siyasi
kursunu uğurla davam etdirən Prezident Cənab İlham
Əliyevin azərbaycanşünaslığın
inkişafı, ölkəmizin qazandığı nailiyyətlərin
beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində
BSU-nun xidmətlərini yüksək qiymətləndirərək,
tədris prosessinin keyfiyyətinin
yaxşılaşdırılması və maddi-texniki
bazasının möhkəmləndirilməsi və s. məqsədi
ilə imzaladığı Sərəncamı bu ali təhsil
müəssisəsinə olan daha bir diqqət idi. Gerçəklikdir ki, əgər əvvəllər
universitet başqa ölkələrlə əməkdaşlıq
üçün tərəfdaşlar axtarırdısa,
artıq bu gün tam əksidir. Son illərdə
Azərbaycanın yüksələn inkişafı, iqtisadi-mənəvi
nüfuzunun artması, regionun aparıcı dövlətinə
çevrilməsi, eləcə də dünyada artan
nüfuzunun nəticəsidir ki, bu gün bizimlə əməkdaşlığa
artıq maraq böyükdür. Bizimlə
tərəfdaşlığa maraqlı olan Makedoniya, Polşa
və digər ölkələrdən aldığımız
təkliflər fikirlərimizi əsaslandırır. Artıq Azərbaycan cəlbedici ölkəyə
çevrilib. Onların bizə bu dərəcədə
olan marağı təbii ki, universitetə deyil, Azərbaycana
olan maraqdır. Bizim universitetin profili elədir
ki, bir vəsilə olub xarici ölkələrə gedib, yaxud
onları dəvət edib ölkəmiz haqqında olan məlumatları,
Azərbaycanın təbliği və tədrisini
reallaşdırırıq.
-
Bildiyimiz kimi, Azərbaycan artıq bütün dünyada
multikultural bir ölkə olaraq tanınır. Ölkəmizdə
hər il keçirilən beynəlxalq
humanitar forumlar, mədəniyyətlərarası,
sivilizasiyalararası dialoqa dair görüşlər və s.
buna sübutdur. Bu istiqamətdə aparılan dövlət
siyasətinin davamı olaraq ölkə
başçısının məlum Sərəncamı ilə
2016-cı il "Multikulturalizm ili" elan
olundu.
- Mən Azərbaycan Prezidenti Cənab İlham
Əliyevin bu Sərəncamını tarixi hadisə hesab edirəm. Bu, bizim
ölkəmizdə mövcud olan ənənələrin, son
illərdə gedən müsbət proseslərin nəticəsidir
və onların yeni bir mərhələyə qalxmasına təkan
verəcək Sənəddir. Bu, təkcə
ölkə daxilində deyil, beynəlxalq miqyasda əhəmiyyət
kəsb edən Sənəddir. Müasir
dövrümüzdə dünyada gedən çox
açınacaqlı və faciəli prosesləri izləyərkən
görürük ki, Azərbaycan, həqiqətən də,
multikultural bir dövlətdir. Müasir
dünyada münaqişələrin, gərginlik
ocaqlarının artdığı zamanda ölkəmiz
dünya xalqlarına tolerant, multikultural dövlət olaraq
numunəyə çevrilib. Cənab
Prezident Sərəncamda vurğuladığı kimi, Azərbaycanda
multikulturalizm həyat tərzidir və bunun alternativi yoxdur.
Multikulturalizm müxtəlif xalqların dini-milli
huquqlarının, dilinin, dininin qorunması və birgə dinc
yanaşı yaşamasıdır. Demokratiyanın da əsas əlaməti hər
bir insanın milli, dini və insani hüquqlarının
qorunmasıdır. Əsrlər boyu Azərbaycanda
yaşayan müxtəlif etnosun nümayəndələri
sülh və həmrəylik şəraitində
yaşayır və fəaliyyət göstərirlər.
Heç bir zaman dini və etnik ədavət,
etnik azlıqlarla münasibətdə ayrı-seçkilik
faktları qeydə alınmayıb. Azərbaycan
dövləti hər bir xalqın nümayəndəsinə
eyni dərəcədə qayğı göstərir.
- Asif
müəllim, maraqlıdır, Azərbaycan multikulturalizm
modeli, İsveçrə, Kanada, Amerika və başqa ölkələrin
modellərindən nə ilə fərqlənir?
- Bu
reallıqdır ki, bir çox ölkələrdə
multikulturalizm modelləri mövcuddur. Amerikada
multikulturalizm deyil, qaynar qazan modeli var ki, burada müxtəlif
xalqlar əriyir. Kanadada, Avstraliyada, Avropada da belə modellər
var, amma gerçəkliklər deməyə əsas verir ki, bu
modellər, əslində, baş tutmadı. Həmin
ölkələrdə həm dini, həm də irqi zəmində
konfliktlər törəyir və qarşısıalınmaz
şəkildə davam edir. Azərbaycandakı
fərqi izah etmək üçün, iki mühüm cəhətə
diqqəti çəkmək istərdim. Birincisi,
Cənab Prezidentin bildirdiyi kimi, tarixən Azərbaycan xalqı
belə formalaşıb. Əslində, biz
tarixə baxsaq görərik ki, Azərbaycan xalqı təfərindən
başqa xalqlara qarşı dini və milli baxımdan heç
bir konflikt törədilməyib. İkincisi
isə budur ki, Cənab İlham Əliyev multikultralizmi dövlət
siyasətinin prioritet sahələrindən birinə
çevirib. Dövlət bəyanatlarında,
gerçək həyatımızda bütün dünya buna
şahiddir. Ölkəmizə gələn
qonaqlar xalqların dinc, əmin-amanlıq şəraitində
yaşadığının şahidi olurlar. Həm cəmiyyətin həyat tərzi, həm ənənəsi,
həm də dövlət siyasəti öz uğurlu nəticəsini
verir. Başqa ölkələrdə
xalqlar dini atributlarını gizlədirlər. Bizdə dini zəmində heç bir
qarşıdurma baş vermir. Bizim də,
universitetin də bu sahədə çoxsaylı fəaliyyəti
var. Bizim universitetdə bir çox yerli xalqların dili və
mədəniyyəti öyrənilir. Universitetdə
Ukrayna Bazar Günü Mərkəzi fəaliyyətdədir.
Azərbaycanda yaşayan yerli Ukrayna
xalqının nümayəndələri buraya gələrək
öz xalqlarının mədəniyyətini, dilini
uşaqlara, məktəblilərə öyrədirlər.
Eyni zamanda, Polyak Bazar Məktəbi də fəaliyyətdədir.
Bütün bunlarla yanaşı, yunan, rus
icması ilə də sıx əlaqələrimiz var. Universitetin
tələbələri yerli xalqların mədəniyyətini
öyrənirlər. Bizim tələbələrin
İvanovkada yaşayan rusların folklor nümunələrinin
toplanılması nəticəsində "Azərbaycanın
rus folkloru" adlı kitab nəşr olundu. 200 il Azərbaycanda yaşayan xalqın folklor nümunələrini
qonaqlara göstərəndə, heyrətləndilər. Ona görə də Azərbaycandakı
tolerantlıq və multikulturalizmin modelinin təkrarı yoxdur.
İslam, xristian və yəhudi dinləri
arasında münasibətlərin gələcəyinə bədbinlik
özünü göstərmiş olsa da, Azərbaycan
nümunəsi bunun əksini göstərir. Əlbəttə ki, Azərbaycanda bütün dinlərin
dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli
mühit yaradılıb, Azərbaycan hökuməti milli
azlıqların hüquqlarının qorunması üzrə
ardıcıl siyasəti davam etdirir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.-
2016.- 23 yanvar.- S.11