Muğam bəşər mədəniyyətinin nadir incilərindəndir

Alim Qasımov: "Sənətkar həm gözəlliyi görməli, həm də tamaşaçının mənəvi dünyasına sirayət etməlidir

"Tərcümə edilmədən dünya dövlətlərinin qəbul etdiyi və sevdiyi, beynəlxalq mühitdə dərk olunan musiqi insan hisslərinin təcəssümü, qeyrilərinə ötürülməsi, eləcə də, ali dəyərlərin aşılanmasında bir vasitədir. Bu musiqi insan vücudunun bütövlükdə əksi, səsi, simasıdır, desək,  yanılmarıq.

Səsi, sehri ilə sənət məbədi adlı məkanın sakinləri olanların sayı kifayət qədər olsa da, burada ismini həkk etmiş şəxslərin tərcümeyi-halı onların bir fərd olaraq hər birinin keçdiyi yolun keşməkeşli, maraqlı səhiflərlə zəngin fəaliyyətini əks etdirir və orijinal şəkildə təqdim olunan ömür məsafəsində sənətə olan xidmətini işıqlandırır. İllərdən, qərinələrdən boylanan səslərin ahəngində qəm-kədər, sevinc duyulur. Bu səslər yaşanılan zamanın əks-sədası, sorağıdır. Səsinin cazibəsi ilə dünyanı gəzən, irqindən-dinindən asılı olmadan geniş coğrafi məkanda nüfuz qazanan Azərbaycanın ustad sənətkarı, xalq artisti Alim Qasımov zamanın ölçülməyən məsafəsində geniş səs diapazonu, səsinin möcüzəsi, xırdalıqları ilə musiqi aləmimizdə yurd-yuva salan bir xanəndəyə çevrilib. Qeyri-adi ifası vaxt-bivaxt bizlərin ruhuna xoş ovqat gətirir və bizimlə bahəm olur. Bu ismin tərcümeyi-halı səsində, yaradıcılıq yolunda parlaq, obrazlı görünür. Müasir dünyamızın qaynar bir dövründə klassik sənətə yaranan tələbat, mənəvi ehtiyac hər bir zövqlü dinləyicini böyük sənət məktəbinin nümayəndəsi olan Alim Qasımovla təmasda olmağa, onun ruhi dünyasına qovuşmağa vadar edir.

Alim Qasımovun sənət və tale yolu haradan başlanır? Azərbaycan musiqi sənətində uğurlu illərini yaşayan Alim Qasımov muğam dünyasına sənətdə səs, avaz, istedad, gözəllik kimi meyarlara xüsusi diqqət yetirildiyi zamanda qovuşmuşdur. Onun səsindəki avaz Tanrı vergisidir desək, fikrimizdə sözsüz ki, yanılmarıq. İsminin ətrafında gözəl ifadələr cəmləşdirən Alim Qasımovla həmsöhbət olduğumuz zamanda Azərbaycanın professional musiqisinin görkəmli nümayəndəsi kimi həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığını ifadə qabiliyyətinə malik olduğu bir daha üzə çıxmış oldu. Müsahibimiz Alim Qasımov muğamı Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirir. "Azərbaycan xalqının sərvətidir muğam, bu gün necə yaşayırsa, gələcəkdə   yaşayacaq, inkişaf edəcəkdir", - deyir. Dünyaşöhrətli xanəndənin sənət  tərcümeyi-halının hər bir  səhifəsini vərəqlədikcə sənətkarın böyük sənət məhəbbəti, böyük sevgisi özünün büruzə verir. Alim Qasımova ünvanladığımız sualda onun sənətə məhəbbətinin mənəvi dünyasının qidası olduğu özünü göstərdi.

Dünya ölkələrinə səfərə çıxarkən belə maddi tərəf deyil, mənəvi dünya onu daha çox cazibədə saxlamışdır:"İlk dəfə olaraq, pəncərə tək xarici dövlətə səfər etdiyimiz zaman maddi tərəfi heç zaman düşünməmişik. Hər zaman mənim üçün sənətin təqdimi, ifaçılığımın lazımi bir səviyyədə dinləyicilərə çatdırılması əsas olub. Gözümü yumaraq, Tanrıdan güc alıb ilhamla bu nümunəni təqdim etmişəm. Səmimi deyim ki, mənim yerimə başqa bir ifaçı olsaydı, ilk olaraq, həmin səfərdə əldə ediləcək maddi tərəfi əsas götürərdi. Azərbaycandan, dünyanın bir çox ölkələrində keçirilən konsertlərimdən əldə etdiyim məbləğdən daha da çox əldə etmək imkanım var. Amma heç nə düşünmədən sənətin arxasınca gedib, Azərbaycan milli musiqisinin təbliğinə layiqli bir şəkildə çalışmışam. Bu sənətin maddiyyatı az olmuş olsa da, mənəvi tərəfi böyük bir şərəfdir. Bu gün Azərbaycan musiqi sənətinə dövlət tərəfindən, demək olar ki, hərtərəfli qayğı mövcuddur. Mən xanəndə kimi Prezidentin Sərəncamı əsasında Prezident Təqaüdünə, eləcə də, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xüsusi mükafatla təmin olunuram. Bütün bunlar bir çox sənətkarlar kimi mənim də maddi rifahımın yüksəlməsinə səbəbdir. Yaradıcı şəxs üçün bu, həm mənəvi, həm də maddi baxımdan böyük bir köməklikdir".

Azərbaycan musiqi sənəti tarixində bu günə qədər təsadüf etmədiyiniz bir cütlük ata ilə qızın duet ifası ilk dəfə olaraq Alim və Fərqanə Qasımovların təqdimində  baş tutdu. Bu günə qədər iki bacının, oğul ilə atanın səhnəni bölüşməsinə təsadüf edilmişdi. Alim Qasımov ideyanın müəllifi kimi bunun kökünü belə əlaqələndirdi: "Belə bir səhnə ortağı olmaq yəqin ki, bizim sənət taleyimizə, alnımıza yazılmış bir yazıdır. Bu, hansısa bir elmlə və yaxud təfəkkürün inkişafı ilə bağlı olan yenilik deyil, sadəcə olaraq, Fərqanə xanımla bir ailədə yaşamağımızdan irəli gəldi. Fərqanənin göz önündə damla-damla böyüməsi və sonda tərbiyə aldığı mühitdə onun musiqiçi kimi yetişməsi ilə nəticələndi. İkimizin bir səhnəni bölüşməyimiz Tanrının buyruğu kimi həyatımıza daxil oldu".

Təbii ki, böyük səhnə həyatı yaşayan Alim Qasımovun gənc bir xanəndə üçün keçirdiyi narahatlıq hissləri də az olmayıb, Yetişdirdiyi bir gəncin səhnə həyatı müəllim üçün, ilk növbədə səhnədə tərəf-müqabili olduğu ata üçün böyük məsuliyyətdir desək, fikrimizdə yanılmarıq. Alim Qasımov Fərqanə xanımla ifaya başlayana qədər bu halın onu müşayiət etdiyini deyir:"Elə ki, səhnədə ilk misralar ifa olunmağa başlayanda, demək olar ki, ata-övlad münasibətləri arxa plana keçir. Yalnız sənət nümayiş etdirmək özünü büruzə verir və bu zaman etiraf edim ki, səhnədə tərəf-müqabil kimi bir-birimizə qarşı insafsızlıq yaranır".

Bəs görəsən, belə bir məqamda iki ifaçı arasında həyat ilə harmoniya yaranırmı? Ruhi dünyada hansı dəyişkənliklər özünü büruzə verir? Alim Qasımov "Belə bir məqamda yalnız səhnədə Fərqanə ilə mənəvi dünyamızın dərin qatlarını üzə çıxarmaq və bir-birimizə müdaxilə edərək, yüksək bir səviyyədə sənət nümayiş etdirməyə çalışırıq", deyir: "Bu zaman xəyalən iki göyərçinin pərvazlanıb feyziyab olmalarını görürük. Bu ağır fəlsəfi musiqinin lazımi bir səviyyədə dinləyiciyə çatdırılması üçün məsuliyyəti hiss edirik. Nə qədər ruhi dünyamızdan ayrılsaq da, tamaşaçı qarşısında olduğumuzu unutmuruq. Sənətkar həm gözəlliyi görməli, həm də tamaşaçının mənəvi dünyasına sirayət etməlidir".

 Bu iki ifaçı bir-biri ilə səhnədə gözəl tərəf-müqabildirlər. Səhnəni başqa bir şəxslə bölüşmək ona elə də asan gəlmir. Onun sözlərinə görə, bu böyük sənətkara bir qədər çətin olardı. Çünki insanın daxilində bir qürur, mənəmlik hissi var. Ola bilər ki, digər bir şəxs olsa həmin bu hisslər arxa plana keçər və idealında olduğun musiqini təqdim etmək reallaşa bilməz: "Biz bir-birimizə daha yüksək məharətə malik olduğumuzu göstərmir, sırf sənətin gözəlliyinə çalışırıq. Səhnə yükünün məsuliyyətini kimin nə qədər daşıması  ifaçı kimi bizə yad olan anlayışlardır. Bu baxımdan, başqa ifaçı ilə səhnəni bölüşmək mənim aləmimdə çətindir. Mən deyərdim ki, səhnə başdan-ayağa böyük bir yükdür. Hər adam bu səhnəyə çıxa bilməz". Divanəlik, məcnunluq tələb edən bir məkanda qərar tutmaq, özünün təsdiqləmək, əlbəttə ki,  çətindir. Vurğun olduğun səhnənin tələblərinə dava gətirmək uzun illər burada öz çəkini saxlamaq elə də asan deyildi. Əgər bu divanəliyi səhnədə göstərə bilməsən, məcnunluq hissini yaşaya bilməsən o tamaşaçıya da, həmin günə də, ifaçıya da heyiflər olsun. Çünki səhnədə bu ab-havanın yaranması mütləqdir. Bunu hansısa bir yolla satın almaq mümkün deyildir. Bu xanəndənin daxili tələbatının hökmündən ortaya çıxmalıdır.

"Maraqlıdır, bəs görəsən, divanəliyin kökü haradan qaynaqlanır? Alim müəllim bunu sözlə ifadə etməyin onun üçün çətin olduğunu bildirdi: "Bilirsiniz bu divanəlik, ola bilər ki, belə xanəndə ifa etdiyi zaman yaransın. Yaxud da elə səhnəyə çıxmazdan öncə səni əhatə edib, mənəvi dünyanda bir üsyan, hayqırtı qopara bilsin. Təəssüf ki, bu mövcud olmayanda ifaçı səhnədə özünə ölüm arzulaya bilər. Bu sənət məni bu rütbəyə, şöhrətə gətirib çıxarıb. Mən artıq özümü sənətsiz təsəvvür edə bilmirəm. Bu halda yaşadığım duyğunu, hissləri tamaşaçıya necə çatdıra bilərdim? Düzü, bu, çox ağır bir an ola bilərdi".

Alim Qasımov kimi onu şöhrətləndirən, dünyada tanıtdıran hansı dəyərlərdir? Bir xanəndə kimi bu sualın cavabını özündən eşitmək maraqlı olardı: "Mənim daxili keyfiyyətlərimi şəxsi düşüncəmdən öncə, Tanrı nizamlamışdır. Nə olubsa mənim niyyətimdə, bəsirətimdə olub. Onunla mən məşğul olmamışam. Həyatım boyu daşıdığım bu nizamı kimsə tənzimləməyib. Məni elə bil ki, su üzərində gedən bir gəmi kimi  axara salan qüvvə olub. Təbii ki, bu yolda çox çətinliklər olub. bütün bunların hamısı, bir daha deyirəm ki, Tanrı qismətidir. Bundan sonra da yaşayacağım anlar Allahın buyruğu ilə reallaşacaq".

"Alim müəllim, maraqlıdır ki, dünyanın müxtəlif ölkələrinin ən böyük konsert salonlarında, ən gözəl guşələrində ifa etdiyiniz muğam Azərbaycanın hansısa bir məkanında təqdim etdiyiniz ifa qədər  alınırmı" sualını belə cavablandırdı: "Bu, təbii ki, insanın aldığı enerjidən asılıdır. Orada hansısa bir maneçilik yoxdursa və istədiyin hala düşə bilirsənsə, hansı konsert salonu, məkanı olması ifaçı üçün fərqli deyil. Amma xaricdə çıxış etmək mənim üçün daha asandır. Azərbaycanda konsert vermək bir ifaçı kimi mənə çox çətindir. Bu baxımdan ki, repertuarıma xüsusi diqqət yetirib, yeni ifalar təqdim etməliyəm".

Alim müəllim Azərbaycanın müasir musiqi sənəti ilə bağlı fikrini də dilə gətirdi: "Səhnədə gözəl musiqi təqdim olunmalıdır. Müasir dövrümüzdə gənc ifaçılar tələbata uyğun şəkildə öz sənətlərini kökləyiblər. Bu baxımdan, mən narazıyam ki, sənətkar tələbatı deyil, sənətin inkişafını, yüksəkliyini nəzərdə tutmalıdır. Tələbat ilə sənət tamamilə fərqli anlayışlardır. Hər bir sənətkara da sənətkar deyilmir, eləcə də ustada. Hər bir gənc ifaçı sənətin qapısını ona göstərə biləcək ustaddan dərs alıb, yetkinləşməlidir. Tanrının dərgahına qovuşmaq üçün namaz qılıb, oruc tutmaqla tam dinin qayda-qanunlarına bələd olmaq mümkün deyil. Bunun üçün də bir mürid-mürşid lazımdır ki, əlindən tutub o qapını sənin üçün açsın. Bunu özbaşına açmaq çox çətin və müşküldür".

Azərbaycan milli mədəniyyətinin, sənətinin hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunduğunu bildirən həmsöhbətimiz bu sahədə çalışan simalara  mükafatların və fəxri adların verilməsinin bunun bariz nümunəsi olduğunu dilə gətirdi: "Azərbaycan  Respublikasının Prezidenti İlham  Əliyevin Sərəncamı ilə elm, mədəniyyət və ədəbiyyat üzrə  dövlət mükafatları təqdim olunur. Mənə elə gəlir ki, bütün yaradıcı insanlara belə mükafatın təqdimi şərəfli, qürurlandırıcıdır. Bu sədanı, xəbəri eşitmək, ölkə Prezidentinin səni təltifi, düşünürəm ki, sənətkar üçün bundan gözəl heç nə yoxdur. Sənin sənətinə fərdi bir şəkildə yanaşıb, onun bu şəkildə təqdim edilməsi şərəfdir. Həqiqətən də, mənim üçün bu günə qədər aldığım mükafatların zirvəsində duran məhz dövlət mükafatıdır. Təbii ki, bu, bir ifaçı kimi mənim də daha da böyük məsuliyyətlə sənət fəaliyyətimi davam etdirməyə stimul verir".

O, müasir dövrümüzdə Azərbaycan muğamına ayrılan diqqət və qayğıdan danışarkən, qeyd etdi ki, Azərbaycan muğam sənətinin XXI əsrdə yeni bir mərhələsini yaşaması məhz Mehriban xanım Əliyevanın qayğısı və layihələri əsasında gerçəkləşdi: "Belə bir sənət nümunəsinin muğam janrının dünyanın ən nadir əsərləri sırasına daxil edilməsi və xarici dövlətlərdə muğam konsertlərinin təqdimi Onun fəaliyyətinin nəticəsidir. 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat Azərbaycan muğamını "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir.  Bu, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə bağlı gördüyü işlər sırasındadır. Bu istiqamətdə Heydər Əliyev Fondu layihələrini uğurla həyata keçirir. Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan Muğam Mərkəzinin inşasını da qeyd etməliyik. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir".

 Bütün görülən işlər xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama, möhtəşəm abidə ucaldılması istiqamətindədir. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi isə, bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Qeyd edək ki, Alim müəllim bu günlərdə  Portuqaliyadan səfərdən qayıdıb. Səfər təəssüratlarını  bizimlə bölüşən xanəndə bildirdi ki, orada olduğu zaman ustad dərsləri verib. Həmin müddədə Portuqaliyanın konsert salonlarında 2 dəfə konsert proqramları ilə çıxış edən böyük sənətkar 1200-1500 nəfər tamaşaçının iştirak etdiyi  böyük konsert salonunda qızı Fərqanə xanımla səhnəni bölüşərək, Azərbaycan muğamlarını oxuyub. Xanəndə  hazırda əhəmiyyətli  bir layihə ilə bağlı Amerikanın məşhur rəqs qrupundan təklif alıb. Layihəyə əsasən, həftə ərzində  2-3 dəfə bu məkanda Leyli və Məcnun rollarını Fərqanə xanımla  ifa edəcək. Bu da bizim milli operaya olan münasibətin yüksək təzahürüdür.

  

Zümrüd BAYRAMOVA

Səs.- 2016.- 27 yanvar.- S.5