İpoteka krediti şərtləri sadələşdirilir
Azərbaycanda əhalinin, xüsusilə də gənclərin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib.
Bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir. Bu istiqamətdə artıq işlərə başlanılıb. Cənab Prezident İlham Əliyevin 27 oktyabr 2015-ci il tarixində verdiyi "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında Sərəncamı sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədi daşıyır. Eyni zamanda, ipoteka kreditlərinin sadələşdirilməsi ilə bağlı müəyyən güzəştlərin ediləcəyi gözlənilir və artıq konkret təkliflər də verilib. Məsələ barədə apardığımız araşdırmanı təqdim edirik.
Güzəştlərin edilməsi ilə bağlı Gənclər və İdman Nazirliyinə müraciət olunub
Məsələyə münasibət bildirən millət vəkili Vahid Əhmədov ipoteka kreditlərinə güzəştlərin edilməsinin şəxsən Cənab Prezidentin diqqət mərkəzində olduğunu söyləyib: "Ölkə başçısı tərəfindən bu kreditlərin maliyyələşdirilməsi üçün əlavə 200 milyon manat da ayrılıb. Güzəştlərlə bağlı Gənclər və İdman Nazirliyi, Mərkəzi Bankın və eləcə də Milli Məclisin konkret təklifləri var".
Millət vəkilinin sözlərinə görə layihə artıq hökumətə təqdim olunub və yaxın günlərdə qərar veriləcək: "Əsas təkliflər ipoteka kreditinin həcminin 50 min manatdan 80-100 min manata çatdırılması, eləcə də ilkin ödəniş faizinin 15%-dən daha aşağıya endirilməsi və illik faiz dərəcəsinin 1-2% həcmində saxlanılmasından ibarətdir".
Güzəştlər barədə iqtisadçı-ekspert Vüqar Bayramlının fikirlərini öyrəndik. O bildirdi ki, gələn aydan yeni ipoteka proqramı tətbiq ediləcək: "Cənab Prezidentin göstərişi ilə Azərbaycan İpoteka Fondu ASC yaradılması ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Yeni ipoteka proqramında maksimum məbləğin 50000 AZN-dən 100000 AZN-dək artırılması nəzərdə tutulub. Bu evlərin daha səmərəli baxımdan alınmasına hesablanıb".
Ekspertin sözlərinə
görə, bu vaxtacan
verilən ipoteka kreditlərinin böyük hissəsi paytaxtın payına düşürdü: "Regionlar
bu cəhətdən elə də aktiv deyildi. Tətbiq olunacaq yeni ipoteka
proqramından rayonlar daha
çox faydalanacaqlar.
Bu isə rayonlarda
insanların ev şəraitinin
yaxşılaşdırılmasında və urbanizasiya
proseslərinin tənzimlənməsində olduqca
vacibdir. Həmçinin, burada
ilkin ödəniş zamanı da müəyyən güzəştlər nəzərdə
tutulub. Yəni müştəri ilkin ödəniş ödəmir və bu işi fond
yanında Zəmanət Bankı görür.
Bütün bu işlər
kreditlərin əlçatan olmasına yönəlib".
Sadə vətəndaşların ipoteka kreditlərinə ediləcək güzəştlər barədə gözləntiləri də maraq doğurur. Onlar da fikirlərini bildirdilər. Vətəndaş Abbas Əliyev bildirdi ki , müasir günümüzdə 500 AZN-dən çox maaş alan insanlar elə də çox deyil: "İllik faiz dərəcəsi 3-4%-ə endirilsə yaxşı olar. İlkin ödənişin də azaldılmasını istəyərdim. Məsələn, ayda 200 AZN ödəniş etmək münasib olardı. Bəzi hallarda ipoteka kreditləri götürəndə, süni problemlər yaradılır. Belə hallar aradan qaldırılsa yaxşıdır".
Digər bir vətəndaş Ramin Əliyev mövcud olan maksimum şərtlərdən şikayətləndi: "Əgər vətəndaşın ipoteka krediti götürməsində maksimum şərtlər qoyulursa, təbii ki, bu yükün altına girmək asan deyil. 28 kvadratmetr bir mənzil üçün aylıq minimum ödəniş 255 AZN təşkil edirsə və 20 illiyinə ödəniləcəksə, bu hesabla vətəndaş bu mənzil üçün 61500 AZN pul ödəməlidir. Nəzərə alsaq sahə böyüdükcə ödənişlər də artır. Yəni sərf etmir. Həm də əksəriyyətimizin gücü çatmır. İlkin ödənişlər də çox yüksəkdir".
Göründüyü kimi, vətəndaşların tələbi mövcud illik faiz dərəcələrinin yüksək olması, ilkin ödənişlərin məbləğinin çoxluğu ilə əlaqədardır. Bu barədə Azərbaycan İpoteka Fondu ilə əlaqə saxladıq və ordan bizə bildirdilər ki, müəyyən güzəştləri nəzərdə tutan təkliflər hazırlanıb və aidiyyatı üzrə göndərilib.
Məsələ barədə psixoloq Elnur Rüstəmovun da maraqlı yanaşması var. Onun fikrincə, bu kreditlər nə qədər uzun müddətə olsa, bu ailə birliyinin möhkəmliyinə müsbət təsir göstərəcək: "İnkişaf etmiş ölkələrin əksəriyyətində insanlar, xüsusilə gənc təbəqə kreditlə götürülmüş evlərdə yaşayırlar. Sadəcə onlar stabillik istəyirlər. Yəni onlar hər hansı işdə 5, yaxud 10 il işləyib mütəxəssisə çevrilir, pensiya yaşınacan işləyəcəyinə əmin olduqdan sonra bunu özünə problem etmir. İpoteka şərtləri də ona ağır gəlmir. Onlar daha çox gəzmək, təhsil almaq və bu kimi şeyləri daha çox düşünürlər. Azərbaycanda da ipoteka kreditləri ilə evlərin alınması problemə çevrilməməlidir. Əsas olan sabit iş yerlərinin olmasıdır. Evi alan şəxs hər ay ona müəyyən miqdarda sabit gəlir gəldiyini bilirsə, təbii ki, aylıq ödənişlər də münasib olmaqla bunu dərd etməməlidir. Əgər o, qısa müddətdə işsiz olsa belə, dövlət onu siğortalayır. İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdirilsə, məsələn, uzun müddətə və aylıq münasib ödənişlərlə edilsə, bu, həm ailələrin dağılmasının və boşanmaların da qarşısını ala bilər. Yəni ailə məsuliyyəti formalaşacaq".
Qeyd etdiyimiz kimi, artıq ipoteka kreditlərinin sadələşdirilməsi ilə bağlı ölkə başçısı səviyyəsində diqqət ayrılıb. Aidiyyatı orqanlar tərəfindən də təkliflər hökumətə təqdim olunub. Qalır qərarı gözləmək.
Tofiq Abdulla
Səs.-
2016.- 29 yanvar.- S.10