İnsan haqlarının müdafiəsində mətbuatın rolu
Kütləvi informasiya vasitələri, bir tərəfdən siyasi məlumatların azad və doğru olaraq kütləyə ötürülməsi vəzifəsini icra edirsə, digər tərəfdən kütlənin siyasi elitaya olan marağını artırmaq, ictimai rəyin qənaət və fəaliyyətlərini aydınlaşdırmaq, cəmiyyəti təşkil edən fərdləri təsir altına almaq funksiyasını təmin edir. A.K.Uledova görə, kütləvi informasiya vasitələri ictimai rəyin formalaşması prosesində vətəndaşların tribunası funksiyasını yerinə yetirir. Ayrı-ayrı fərdi rəylər kütləvi informasiya vasitələrində səslənir və ortaya müştərək bir qənaət çıxır. Bu isə ictimai rəydir.
Ə.Abbasov yazır: "Kütləvi informasiya vasitələrinin ən əhəmiyyətli cəhətlərindən biri mətbuatdır. Mətbuat, xüsusilə də, qəzetlər, yaxın-uzaq keçmişin və bu günün xəbər və hadisələrinin verilməsində, qənaət və fikirlərin geniş xalq kütlələrinə çatdırılmasında, ölkənin əsas problemləri ətrafında xalqın diqqətinin cəmlənməsində önəmli rol oynayır.
Mətbuat (azad və müstəqil olmaq şərti ilə), demokratiyanın əsas atributlarından biri kimi mühüm əhəmiyyət kəsb edir. Günümüzdə mətbuat effektiv bir maarifləndirmə vasitəsi və ictimai rəyin formalaşmasında önəmli ünsür olduğu qədər, siyasi və iqtisadi maraqların effektiv bir silahına çevrilmişdir. Mətbuatın böyük sərmayə qruplarının, siyasi qüvvələrin və dövlətin nəzarəti altına düşməsi, iqtisadi baxımdan, bunlara bağlı olması, ictimai rəyin formalaşdırılması prosesində mətbuatın, əslində, tərəf saxlayan və streotiplərə əsaslanan bir vasitəyə çevrilməsinə səbəb olur.
Mətbuat ictimai fikirdə oynadığı rola görə qiymətləndirilməlidir. Onun hər hansı qrup, klan tərəfindən satın alınması, yaxud hakimiyyətin inhisarında olması və dövlətin əzici təsir sferası altında işləməsi, habelə, müəyyən siyasi qüvvənin tərənnümçüsünə çevrilməsi klassik funksionallığını şübhə altına alır. Qəzetlərin belə durumu, onların qeyri-müstəqilliyi ictimai rəyin çaşdırılması ilə nəticələnir.
Mətbuatın cəmiyyətdəki mövqeyi onun ictimai rəyə təsir imkanı əsasında müəyyənləşdirilir. On min tirajlı analitik-informasiya qəzetinin cəmiyyətdəki nüfuzu, əlli min tirajlı bulvar qəzetinin nüfuzundan daha yüksək ola bilər. Beləliklə, mətbuatın imici, ilk növbədə, onun yönümü ilə bağlıdır. Burada tərəzinin bir tərəfində "sarılıq" (yüngül sensassiya axtarışı, "bulvarçılıq"), digər tərəfində isə mötəbərlik (obyektiv informasiya və dərin təhlil) dayanır. Mətbuatın imici onun oxucu auditoriyasının kəmiyyət və keyfiyyət göstəricilərindən də asılıdır. Qəbul edilən və ya tərəfdar olunan peşə etikası kodeksinin də əhəmiyyəti var".
Göründüyü kimi, mətbuat inkişaf etmiş ölkələrdə iri sərmayə qruplarının inhisarçı nəzarəti, inkişaf etməkdə olan dövlətlərdə isə dövlət və müəyyən siyasi qrupların təsir sferası altında fəaliyyət göstərir. Bu səbəblə də günümüzdə mətbuatı, bilavasitə ictimai rəyin tribunası kimi görmək bir az səhv olardı. Mətbuat daha çox müxtəlif ictimai, iqtisadi, siyasi, dini-mədəni qrupların müəyyən fikir və qənaətlərini yaymaqla məşğuldur. Başqa cür ifadə etsək, "müstəqil və azad mətbuat" aldadıcı bir ünvanın adı və ya reallaşmayacaq xəyaldan başqa bir şey deyildir.
Kütləvi informasiya vasitələri arasında radio və televiziya özünəməxsus vacib yer tutur. İctimai rəyin formalaşmasında bunların ikisi də aktiv rol oynayır. Radionu qəzetlərdən ayıran və ona üstünlük verən xüsusiyyət, onun oxuma-yazma bilməyənləri, savadı az olanları, qəzetləri izləyə bilməyənləri, yəni daha geniş kütlələri öz təsiri altına almasıdır. Radio dinləyiciyə "mühüm hadisələrdə zahirən iştirak imkanı" verir və dinləyicidə radioya qarşı "şəxsi yaxınlıq hissi" yaradır. O, dinləyiciləri özlərini bir anda eyni xəbəri dinləyən insanların meydana gətirdiyi böyük bir qrupun üzvü olması hissinə qovuşdurur. Radio, digər kütləvi informasiya vasitələrindən fərqli olaraq, xəbəri "lazımi ünvana" daha sürətlə çatdırır. Dinləyici isə bir hadisə haqqındakı xəbəri hər cür şəraitdə və hər yerdə (evdə, işdə, yolda, avtomobildə və s.) asanlıqla mənimsəyə bilir. Bu isə radionun təsir imkanının geniş olduğunu göstərir. Radiodan uzun illər siyasi təbliğat vasitəsi kimi istifadə edilmişdir. Müharibə illərində faşist Almaniyası və Sovet İttifaqı tərəfindən, eləcə də, "soyuq müharibə" illərində Qərb dövlətləri tərəfindən sosialist ölkələrinə qarşı radiodan aktiv təbliğat vasitəsi kimi istifadə edilmişdir.
Müəllifin fikrincə, ictimai rəyin formalaşmasında radionun oynadığı əhəmiyyətli rol müasir dövrdə, əsasən, televiziya tərəfindən ələ keçirilmişdir. Həm görüntülü, həm də səsli yayım aparması televiziyanın ictimai rəy nöqteyi-nəzərindən digər informasiya vasitələrini sürətlə geridə buraxmasına səbəb olmuşdur. Televiziya tamaşaçılarının mətbuatı və radionu izləyənlərdən sayca böyük üstünlük təşkil etməsi, televiziyanın ictimai rəyin formalaşması prosesində çox güclü təsir imkanına malik olduğunu göstərir. Xüsusilə, bir hadisə və məlumat haqqında ətraflı proqramlar və canlı yayımlar ictimai rəyə birbaşa təsir gücünə malikdir. Televiziyanın ictimai və mədəni şüur səviyyəsini yüksəltmə, siyasi sosiallaşma kimi funksiyaları onun ictimai rəyin formalaşmasında oynadığı rolun göstəriciləridir. Praktika göstərir ki, televiziya öz fəaliyyətini bu funksiyaların əksinə olaraq da apara bilər. Nəticədə isə, onun fəaliyyəti intellekt səviyyəsinin yüksəlməsinə, zövqlərin kamilləşməsinə yox, təfəkkürün və davranışın bəsitləşməsinə, psixoloji durumun, fərdi və ictimai şüurun bayağılaşmasına, asosial hərəkət və meyillərin artmasına səbəb olur.
Televiziya xəbər və məlumatların yayımlanmasında aktiv rol oynayır. Televiziya ilə birlikdə böyük bir siyasi tamaşaçı kütləsi yaranmışdır. Televiziya, xəbər proqramları, siyasi verilişlər və diskussiyalar ilə insanların qənaətlərinə təsir edir. Tamaşaçı, ona çatdırılan informasiyaları öz qənaətləri ilə müqayisə edir və nəticədə, qənaətlərini yenidən formalaşdırır. Aparılan bir sıra tədqiqatlar tamaşaçılar üzərində ən çox təsirin ictimai rəyi formalaşdırmaq məqsədilə yayımlanan proqramların vasitəsilə olduğunu ortaya çıxarmışdır.
Bütün bunlarla yanaşı, televiziyanın insanların hadisələrdə iştirak etməsini təmin edəcək formada deyil, maraq və nəzərlərini başqa istiqamətlərə çevirərək, fəaliyyət göstərdiyi bir həqiqətdir. Televiziya insanları real hadisə və problemlərdən daha çox "ucuz sensasiya və şou xəbərçiliyə" baxmağa vadar edir. Televiziya kanalları, hətta real hadisələri tamaşa və ya şou formasında təqdim edirlər. Bu isə televiziyanın daha çox əyləncə yönümlü funksiyası ilə üst-üstə düşür. Tamaşaçı televiziyanın məqsədli təbliğatının təsiri altında dürüst məlumat almaq və maariflənmək imkanından uzaqlaşır, əyləncə xarakterli proqramların "aktiv" pərəstişkarına çevrilir.
Televiziya müasir dövrdə həqiqətlərdən uzaq, istehlakçı ''mədəniyyət"in, ucuz və bayağı sənətin, səviyyəli və səviyyəsiz hər növ əyləncənin, siyasi cəhətdən passiv fəaliyyətin və çox vaxt idarə olunan siyasi fəallığın təbliğatçısı mövqeyindədir. Kütlə ovqatı və kütləvilik ab-havası televiziya kanallarının yayım və proqram siyasətlərində hakim prinsiplər qismində hələ də qalmaqdadır. Televiziyanın, bütün bu nöqsanlarla birlikdə, ictimai rəyə olan təsir imkanı və gücü danılmaz həqiqətdir. Televiziya - siyasi və ictimai proqramlar yolu ilə fərdlərin mövcud qənaətlərini qüvvətləndirir.
Ə.Abbasov yazır: "Elektron KİV sahəsində mövcud neqativlər haqqında dəfələrlə müxtəlif kürsülərdən deyilib-danışılıb, ayrı-ayrı tanınmış ziyalılarımız öz münasibətlərini bildirib və problemin həlli istiqamətində təklif, töfsiyələr irəli sürüblər. Rəsmi dairələr, yüksək ranqlı şəxslər də bu aktual məsələlərə biganə qalmamış, obyektiv və ciddi təhlil əsasında tənqidi baxışlarını ortaya qoymuşlar". Bu mənada, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2 oktyabr 2009-cu il tarixində "Azərbaycan" qəzetində nəşr olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" başlıqlı məqaləsi xüsusi qeyd olunmalıdır. Proqram xarakterli, obyektiv və hərtərəfli təhlilə söykənən bu yazıda, demək olar ki, bütün problemli məsələlər işıqlandırılır, xoşagəlməz fakt və meyillər göstərilir, eyni zamanda, teleradio yayımının ictimai funksiyaları, məqsəd və vəzifələri vurğulanır, müasir tələblər səviyyəsində işlərin qurulması istiqmətində konkret fikirlər bildirilir. Məsələn, deyilir: "Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtidir. Azərbaycan televiziya və radio kanallarının monitirinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır".
Mətbuat, radio, televiziya və internet kimi əsas kütləvi informasiya vasitələri qədər olmasa da, bədii və sənədli filmlər, elmi və ədəbi kitablar, siyasi plakatlar və afişalar da ictimai rəyin formalaşmasında müəyyən rol oynayır. Kütləvi informasiya vasitələri, mənafe qrupları və siyasi liderlər müxtəlif yollarla ictimai rəyə təsir göstərirlər. Bu cür təsirlər altında ictimai rəy dəyişə bilir, çünki fərdi qənaətlər müəyyən zaman intervalında müxtəlif hala gəlir, bu isə, öz növbəsində, ictimai rəyə, bütövlükdə təsir göstərir. İctimai rəyi sabit, invariant baxışlar və qənaətlər bloku hesab etmək səhv olardı.
Qeyd etmək lazımdır ki, siyasi iqtidar ictimai rəyin tələb və istəklərini bilmək və bunlara uyğun hərəkət etmək məcburiyyəti ilə üz-üzə qala bilər. Müəyyən fəaliyyətlər üçün kütlələrin razılığına (ictimai rəyin dəstəyi) ehtiyac hiss edən idarəçilər, bu səbəbdən cəmiyyətin nə düşündüyünü və nə istədiyini bilmək istəyirlər. Demokratik sistemlərdə ictimai rəyin müxtəlif parametrləri ilə təyin olunmasına, ictimai rəyin əhəmiyyət verdiyi məsələlərin bilinməsinə və ictimai tələblərə siyasi fəaliyyətlərlə cavab verilməsinə diqqət yetirilir.
İdarəçilərin seçkiylə təyin olunduğu sistemlərdə, xüsusilə, seçki dövrlərində seçicilərin qənaətləri və baxışları böyük əhəmiyyət daşıyır. Bütün bu səbəblərə görə, müasir dövrlərdə ictimai rəyin bilinməsi və öyrənilməsi məqsədilə aparılan sorğu və yoxlamalar böyük əhəmiyyət daşıyır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2017.- 1 aprel.- S.15