Fransa ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov TV5Monde kanalına müsahibəsində ölkəmizlə bağlı həqiqətlərə dair sualları cavablandırıb. Kanalın “64 dəqiqə” verilişinin qonağı olan səfir əvvəlcə aparıcının ötən gün Sankt-Peterburq metrosunda törədilmiş terror aktı ilə bağlı fikirlərini soruşub.
Səfir Sankt-Peterburqda törədilmiş terror aktının hamını şoka saldığını bildirərək Rusiya hökumətinə, xalqına və həlak olanların yaxınlarına başsağlığı verib. O, Azərbaycanın da terrordan əziyyət çəkən ölkə olduğunu diqqətə çatdırıb. Diplomat deyib ki, terrorizm nə sərhəd, nə də etnik və ya dini fərq tanıyan bir cinayətdir. Bütün sivil ölkələr bu fenomenə qarşı son vaxtlar səfərbər olub. Azərbaycan da terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyasının üzvdür. Azərbaycan sülhməramlıları Əfqanıstanda, İraqda və digər ölkələrdə sülhyaratma əməliyyatlarında iştirak ediblər. Azərbaycan koalisiyaya üzv ölkələrlə, eləcə də Fransa ilə beynəlxalq müstəvidə terror aktlarının qarşısının alınması sahəsində əməkdaşlığı davam etdirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ötən ilin aprel hadisələri ilə bağlı suala cavabında səfir əvvəlcə münaqişənin tarixi barədə ətraflı məlumat verib. O deyib ki, bu münaqişəyə bəzən “dondurulmuş”, “unudulmuş” kimi adların verilməsi düzgün deyil. Bir il bundan əvvəl baş vermiş hadisələr bir daha göstərdi ki, vəziyyət nə dərəcədə kövrək və təhlükəlidir. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranıb. Ermənistanın hərbi təcavüz etdiyi və etnik təmizləmə apardığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon artıq 25 ildir işğal altındadır. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir və BMT, Avropa Şurası tərəfindən dəfələrlə pislənilib. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 1993-cü ildə dörd qətnamə qəbul edib. Bu qətnamələr erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edir. Təəssüf ki, Ermənistan indiki status-kvonu saxlamaq seçimi edib. Yəni, Ermənistan vəziyyəti dəyişmək üçün heç bir siyasi iradə göstərmir. Fikirləşir ki, status-kvonu saxlamaqla vaxt qazana və bu münaqişədə qalib gələ bilər. Bu, yanlış fikirdir. Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdiyi təxribat nəticəsində keçən ilin aprel ayında onlarla insanın həyatına son qoyan hərbi əməliyyatların kəskinləşməsi göstərdi ki, siyasi iradənin olmaması ucbatından vəziyyət nə dərəcədə kövrək və təhlükəlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən ay Fransaya səfərinin nəticələri barədə suala cavab verən diplomat dövlətimizin başçısının Prezident Fransua Ollandla danışıqlarının Fransanın nə dərəcədə sülh prosesinə cəlb olunduğunu göstərdiyini söyləyib. O deyib ki, Fransa Amerika Birləşmiş Ştatları və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Həmsədrliyi çərçivəsində Fransa 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü - Paris sammitini təşkil edib. Maraqlı və ümidverici danışıqlar oldu, ancaq təəssüflər olsun ki, bu görüşdən bir həftə sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başladı. Bu isə sülh prosesinə ciddi zərbə idi. Keçən ilin aprel ayında Azərbaycan təxribatlara cavab verdi və işğal altındakı bəzi ərazilərini azad etdi. Həmin vaxtdan bəri Ermənistan Azərbaycanla birbaşa görüşlərdən imtina edir. Azərbaycan üçün bu münaqişənin nəticələri çox ağırdır. Çünki əhalimizin bir milyonu bu gün qaçqın və ya məcburi köçkündür. Bu, Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasətinin nəticəsidir.
Aparıcının Azərbaycan ilə Fransa
arasındakı iqtisadi əməkdaşlıq,
Azərbaycanın neft ölkəsi
olması və bu gün yaşanan
neft böhranı fonunda
ölkəmizin bu böhrana necə adaptasiya
etməsi barədə sualına cavabında səfir deyib
ki, Fransa Azərbaycan üçün əsas
tərəfdaş ölkə olaraq
qalır. Bu il Fransa-Azərbaycan diplomatik əlaqələrinin yaranmasının
25 illiyi qeyd olunur. Azərbaycan Fransa üçün
iqtisadi və ticari mübadilələr baxımından əsas ölkədir.
Müstəqilliyimizi
bərpa
edəndən sonra Fransa iqtisadiyyatımıza
2,4 milyard dollar sərmayə yatırıb. Doğrudur, əvvəllər bu yatırımlar yalnız neft-qaz sahəsində
olurdu, ancaq bu gün 50-yə qədər fransız
şirkəti
Azərbaycan
iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir.
Azərbaycanın gəlirləri neftin qiymətindən
çox asılı olduğu üçün
neftin qiymətinin aşağı
düşməsi
bizə
də
təsir
göstərib. Amma artıq
bir neçə ildir ki, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası
siyasəti
aparılır. Kənd təsərrüfatı,
turizm, informasiya texnologiyaları, kosmik layihələr kimi qeyri-enerji sahələrinə sərmayələr yatırılıb.
Görülən bu tədbirlər nəticəsində ölkənin
neft gəlirlərindən asılılığı azalıb.
Bununla belə,
Xəzər dənizi
karbohidrogenlərinin
Azərbaycan,
Gürcüstan və Türkiyə
vasitəsilə Qərb
bazarlarına çatdırılması
sahəsində Azərbaycan
yenə
də
Avropa İttifaqının
strateji tərəfdaşı
olaraq qalır.
Müsahibə zamanı E.Əmirbəyov ölkəmizdəki ictimai-siyasi vəziyyət,
həyata
keçirilən
demokratik islahatlar barədə də
danışıb. O deyib ki, görülən işlər
barədə daha yaxşı məlumat
əldə etmək
üçün Azərbaycana səfər etmək
lazımdır.
Azərbaycan hələ 1918-1920-ci illərdə Şərqdə ilk parlamentli demokratik respublika olub. Həmin vaxt Azərbaycan hətta
Fransadan da çox əvvəl
qadınlara səsvermə hüququ verib, müstəqilliyin
bərpasından
sonra ölkədə ölüm
hökmü ləğv edilib. 2001-ci ildə
Azərbaycan
Avropa Şurasına üzv olub. Cəmiyyətin demokratikləşməsi və
liberallaşması məqsədilə
ölkədə bir çox vacib siyasi islahatlar
həyata
keçirilib. Ancaq
onu da nəzərə
almaq lazımdır ki, 25 il
tarix baxımından heç də böyük
zaman deyil və
biz bu istiqamətdə səylərimizi davam
etdiririk.
Səfir, həmçinin vurğulayıb ki, Azərbaycan
dini tolerantlıq və
mədəniyyətlərarası dialoq
baxımından bir çox ölkələrə
nümunədir.
Şəhla Ağalarova
Səs.-
2017.- 5 aprel.- S.4