Toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və avadanlıqları təqdim olunub
Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrand hesabına aprelin 4-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Açıq Səhmdar Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua bu münasibətlə keçirilən tədbirdə iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında əhalinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Bu səbəbdən də muxtar respublikada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Hər il müasir meliorasiya-irriqasiya sistemləri qurulur, bu hesaba yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə verilir, kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyəti dəstəklənir. Aydın məsələdir ki, toxumçuluğu inkişaf etdirmədən aqrar sahədə məhsuldarlığı artırmaq mümkün deyil. Ona görə də toxumçuluq təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır və əkin sahələrinin becərilməsində yeni innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Çin Xalq Respublikası tərəfindən qrand hesabına muxtar respublikanın toxumçuluq təsərrüfatına yeni texnikaların və avadanlıqların verilməsi bu sahənin inkişafı üçün əhəmiyyətlidir.
Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələr müxtəlif istiqamətlərdə inkişaf və davam etdirilir. Təhsil, rabitə və yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən qarşılıqlı layihələr məmnunluq doğurur. Bu əlaqələrin davamı olaraq Çin Xalq Respublikasından gətirilən 33 adda 80 kənd təsərrüfatı texnikası, eləcə də toxum laboratoriyası iki min hektar sahədə yeni metodlarla əkin və becərmə işlərinin aparılmasına öz töhfəsini verəcəkdir.
Ali Məclisin Sədri Çin Xalq Respublikası ilə əlaqələrin inkişafından məmnunluğunu bildirib, Naxçıvan Muxtar Respublikasında toxumçuluq təsərrüfatının inkişafına göstərdiyi dəstəyə görə Çin Xalq Respublikasının hökumətinə və əhalisinə dərin minnətdarlıq edib. Həmçinin Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin inkişafında Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin, şəxsən səfirin əvəzsiz rolunu qeyd edib, etibarlı tərəfdaşlığa və əlaqələrin inkişafında xüsusi roluna görə səfirə və səfirliyin əməkdaşlarına da təşəkkürünü bildirib.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvanda olmaqdan və muxtar respublika ilə əlaqələrin inkişafından məmnunluğunu bildirib. Qeyd olunub ki, bu gün Çin Xalq Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələr inkişaf etdirilir. Toxumçuluq təsərrüfatının inkişafı üçün yeni texnika və avadanlıqların təqdim olunması da bir daha təsdiq edir ki, Çin Xalq Respublikası əlaqələrin genişləndirilməsində maraqlıdır. Səfir Çin Xalq Respublikasından gətirilən yeni texnika və avadanlıqların təqdimatına görə minnətdarlıq edib.
Sonra toxumçuluq təsərrüfatı üçün gətirilmiş maşın, aqreqat və avadanlıqların təhvil-təslim aktı imzalanıb.
Ali Məclisin Sədri texnika və avadanlıqların qurulmasında iştirak edən və texniki heyətə təlim keçən çinli mütəxəssislərə hədiyyələr təqdim edib.
Yeni alınan texnikalara və toxumçuluq laboratoriyası avadanlıqlarına baxış zamanı bildirilib ki, Çin istehsalı olan 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır.
Yeni alınan texnika və avadanlıqların ehtiyat hissələri də toxumçuluq təsərrüfatının anbarına təhvil verilib. Ali Məclisin Sədri əlaqələrin bundan sonra da müxtəlif sahələrdə inkişaf etdiriləcəyinə əminliyini bildirib, həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb və investisiya imkanlarını diqqətə çatdırıb.
Səfir
Naxçıvanda istehsal olunan
məhsulların öz keyfiyyəti
ilə seçildiyini və
bu məhsulların
Çin bazarlarına
çıxarılmasında maraqlı olduqlarını bildirib.
Səs.-
2017.- 5 aprel.- S.5