Bakıda “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz,
bu günümüz” mövzusunda konfrans keçirilib
Aprelin 4-də Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunması təkcə sənaye və ticarət kontekstində deyil, müasir dövrdə mədəniyyət sferasında da aktuallığını qoruyur: “Əqli mülkiyyətin həm iqtisadi, həm sosial-elmi, həm də mədəni əhəmiyyəti var. Patent hüququ obyektlərinin mühafizəsi sənayenin effektivliyinə təsir etməklə yanaşı, ölkədə elmi biliklərin aşılanmasına, mədəni irsin qorunmasına, tarixən əldə olunmuş nüfuzun, intellektual komponentlərin gələcək nəsillərə ötürülməsinə mühüm vasitədir”.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixinə malik olduğunu, ölkənin musiqi diyarı kimi tanındığını vurğulayıb. O bildirib ki, xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olub.
Nazirin müavini deyib ki, tarixən Azərbaycan musiqisinə, kulinariyasına, tarixinə, bütövlükdə mədəni dəyərlərinə vandal münasibəti ilə seçilən ermənilər musiqi alətlərimizi də vaxtaşırı özününküləşdirməyə, milliləşdirməyə, bir sözlə, erməni musiqi alətlərinə çevirməyə çalışıblar. “Nazirlik digər əlaqəli dövlət qurumları ilə birgə bu istiqamətdə lazımi addımlar atır. Bundan sonra bu işlər davam edəcək. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə musiqi alətlərinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı vacib addımlar atılıb”, - deyə Ə.Vəliyev qeyd edib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib ki, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx bağlıdır. Halbuki ermənilərin bu gün mənimsəmək istədikləri tar, kamança, balaban, zurna, ud kimi Azərbaycan şərq musiqi alətləri onların Cənubi Qafqazda məskunlaşmasından çox əvvəl yaranıb. O, xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarının, milli musiqi alətlərinin, Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin və digər mədəniyyət nümunələrinin ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməsinə dəfələrlə cəhd edildiyni, lakin bu cəhdlərin qarşısının alındığını və milli-mənəvi dəyərlərin qorunduğunu söyləyib.
K.İmanov bildirib ki, hazırda Müəllif Hüquqları Agentliyində 18 musiqi aləti qeydiyyatdan keçirilib və onlara şəhadətnamə verilib.
Konfransda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı, Dövlət Filarmoniyasının direktor müavini Afət Mikayılov, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov və digərləri çıxış ediblər.
Tədbirdə “Mədəniyyətin
ənənəvi ifadəsinin
patentlə
qorunmasının xüsusiyyətləri”, “Milli
musiqi alətlərinin təkmilləşdirilməsi istiqamətləri və
problemləri”, “Azərbaycanın qədim musiqi
alətlərinin bərpa ənənələri”, “Saz
aləti tarixi-semiotik informasiyanın
daşıyıcısı kimi” və digər mövzularda
məruzələr dinlənilib.
Səs.-
2017.- 5 aprel.- S.11