İnteqrasiya, insan haqları və milli suverenlik

İndiki durumu birmənalı qəbul olunmayan, ciddi ehtiyatlanmalar, hətta bəzən gedişatı təşviş və qorxu doğuran müasir dünyada insanın taleyi, onun hüquq və azadlıqlarının necə, hansı səviyyədə təmin olunması problemləri dövrümüzün görkəmli mütəfəkkirlərini, elm, siyasət, iqtisadiyyat və mədəniyyət nümayəndələrini, habelə, düşünən adi adamları narahat etməkdədir. Ə.Abbasov yazır: "Bəşəri xarakter almış bu qayğılanma və həyəcan hissi hal-hazırda davam edən və dərinləşən qlobal böhranla - insan və insanilik böhranı ilə bağlıdır ki, onun da öz səbəbləri və təzahürləri vardır. Biz deyə bilərik ki, yaranmış böhran bəşəriyyətin keşməkeşli təkamülünün, insan həyatının tarixən qərarlaşmış durumunun, xalqların və millətlərin fəaliyyətinə məxsus səciyyənin, cəmiyyətlərin intellektual-mədəni və sosial-iqtisadi inkişafının nəticəsidir. Lakin bu deyim ümumi xarakterlidir, çünki o, qlobal böhranın səciyyəvi xüsusiyyətlərinə bir aydınlıq gətirmir. Belə olduqda əsas səbəblər də üstüörtülü qalır, deməli, çıxış yollarını aramaqda və konkret tədbirlər görmək məsələsində də çətinliklər yaranır. Son nəticədə isə həm milli suverenlik, həm də insan haqları kimi fundamental məsələlər ziyansız ötüşmür.

Qlobal böhran insanın öz yüksək həddinə çatmış özgələşməsində daha qabarıq olaraq təzahür edir. Şəxsin həqiqi, köklü insani keyfiyyətlərdən uzaqlaşması, bioloji inkişafı ilə sosial inkişafı arasında mövcud olan uyğunsuzluq, qeyri-müəyyənlik, sürətlə dəyişən həyat şəraitinə adaptasiyanın çətinlikləri, müasir dünyanın "doğruluğuna" inamın tükənməsi, bəzi hakim dairələrin, milli elitanı təmsil edənlərin sadə adamların qayğılarına, istək və arzularına biganəliyi, obyektiv ictimai rəyin təhrif olunması və yaxud onun təsirsizliyi, kapitalın, maddi mənfəətin əldə edilməsinin yeganə ölçü meyarı olması və s. əlamətlər müasir insanın özgələşməsini, sosiuma yadlaşmasını şiddətləndirməklə yanaşı, onun öz hüquqlarına olan münasibətində də problemlər yaradır".

əllif qeyd edir ki, modernləşmə donunda, müasirləşmə adı altında vüsət alan barbarlaşma, əslində, bəşəri böhranın başlıca səciyyəsidir. Bu barbarlaşma qədim keçmişə, necə deyərlər, təbii-ibtidai vəhşiliyə qayıdış deyil - "sivilləşmə"nin bər-bəzəkli kağızına bükülmüş barbarlıqdır. Burada sadədən mürəkkəbə, ibtidaidən aliyə yox, əksinə gediş var, yəni ali olandan - aşağıya, insandan - məxluq və şeytana doğru transformasiya var. Şeytanlaşma yalnız fərdi və ya qrup şəklində olsaydı, bəlkə də, ona toxunmağa dəyməzdı. Əfsuslar ki, şeytanlaşma kütləviləşir, hətta deyərdim ki, ölkələr, reqionlar, qitələr üzrə tipikləşir; yəni unuversal miqyaslı bir məşum hadisə ayrı-ayrı coğrafi məkanlarda özünəməxsus sima, əndazə, məzmun-forma alır: avropalı bir cür, asiyalı başqa cür barbarlaşır, xristian tipikləşmiş öz fəzasında, müsəlman isə öz dünyasında!

Söz yox ki, bu barbarlaşma-şeytanlaşma qaçaqaçında bütün artan-azalan fərqlərə baxmayaraq, çarpazlaşan, üst-üstə düşən elementlər və cəhətlər də var. Ən ümumi olan isə odur ki, rus da, azərbaycanlı da, fransız və ingilis də barbarlıq dəryasına modernləşmə və sivilləşmə bayrağı altında baş vururlar. Dərinlərə getdikcə də bəşəriyyətin onsuz da kövrək durumunu xaosa və üfunətə qərq edirlər. Artıq elə bil ki, Qurandakı "Özünüzü şeytanlardan qoruyun" xəbərdarlığı da "ali varlıq"lara çatmır. Bu yerdə böyük rus mütəfəkkiri Nikolay Berdyayevin "Müasir dünyada insan taleyi" adlı əsərində verdiyi və açıqladığı "bestializm" ifadəsi yadıma düşür. Bizim dilə mənaca tərcüməsi şeytançılıq, yaxud "şeytanizm" deməkdir. Filosof yazır: "Allaha məqbul insanlığa, həqiqi ali bəşəriliyə doğru gedənlər azdır, şeytançılığa, fövqəlvəhşiliyə doğru gedənlər isə çoxdur... Şeytanizm cilalanmış sivilizasiyanın daxilindəki barbarlıqdır. Bu, tamamilə köhnə natural, sağlam barbarlıq deyil. Burada barbarlıq instinktlərinin atavizmi sivilizasiyada sınır və ona görə də patoloji xarakterə malikdir. O, varlığın başqa ierarxik pilləsinə aid, öz bəraəti və təyinatı olan heyvanlar aləmində mövcud deyil. Heyvan şeytanlaşmış insandan qat-qat yüksəkdə durur".

Bir çox tanınmış tədqiqatçıların qeyd etdiyi kimi, insan hüquqlarının qorunmasında insanın özünə məxsus daxili resursları heç də az rol oynamır. Dərin özgələşməyə uğramış, sosial apatiyaya qapılmış insanda isə daxili resurslar zəiflədiyindən, onlara arxalanmaq mümkün olmur. Daxili resursların tükənməsi, ümumiyyətlə, həyat uğrunda mübarizənin sonu deməkdir. Bəzi mütəxəssislərin fikrincə, bir çox hallarda özünə sui-qəsd, məhz bu zəmində baş verir.

Ə.Abbasovun fikrincə, müasir dünyanın mövcudluq forması olan qloballaşma prosesini insan hüquqları ideyasının reallaşması baxımından iki (müsbət və mənfi) aspektlərdən qiymətləndirmək mümkündür. Bir tərəfdən, qloballaşma demokratiyanın universal dəyər kimi yayılmasına və qərarlaşmasına şərait və imkan yaradır. Deməli, insan hüquq və azadlıqlarının da təminatlanmasında öz müsbət təsirini göstərir. Mobil informasiya-kommunikasiya əlaqələri bu mənada xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, qloballaşma, bir çox mütəxəssislərin qeyd etdiyi kimi, dünyada ədalətsizliyi, qeyri-tarazlığı, kasıb və varlı dövlətlər arasında qütbləşməni artırmaqla həm sosial-iqtisadi, həm də geosiyasi nizamsızlığa səbəb olmuşdur ki, bu da yuxarıda vurğuladığım insan və insanilik böhranını daha da dərinləşdirmişdir. Bura insanların fəaliyyət məqsədləri və nəticələri, fərdi və ictimai maraqları, təbii və süni həyat tərzləri arasındakı kəskinləşən ziddiyyətləri, ümumbəşəri və etno-milli, irsi-tarixi dəyərlər nisbətində ortaya çıxan qarşıdurmaları, təbiət-insan münasibətlərindəki disharmoniyanı, identikliyin itirilməsi təhlükəsindən yaranan lokal və irimiqyaslı təhdidləri, mədəniyyətlərin homogenləşməsinə, antimilli xarakter almasına yönəlmiş cəhdləri və onlara qarşı güclənən fəallaşmanı daxil etmək düzgün olardı.

Bəşəriyyət, bəzi mütəxəssislərin və antiqlobalist mövqeli şəxslərin fikrincə, artıq ciddi surətdə özünüməhv təhlükəsi ilə üzləşmişdir. Qloballaşan dünya sərvətlərin istehsalı ilə istehlakı arasındakı uyğunsuzluğu, qeyri-rasional, ədalətsiz bölgü və mənimsəmə səbəbindən yaranan böyük itkiləri və əyintiləri aradan qaldırmağa qadir olmamış, əksinə, bu təzadları daha da şiddətləndirmişdir. Ə.Abbasov daha sonra yazır: "Bir çox ölkələrin iqtisadi və sosial problemləri həll olunmamış qalmış, təhlükəli dərəcədə mürəkkəbləşmişdir. Kəmiyyət və keyfiyyət cəhətdən maddi sərvətlərin artmasına və təkmilləşməsinə baxmayaraq, qloballaşan dünyada ölkələr, xalqlar və insanlar arasındakı münasibətlərdə gərginlik, qarşıdurma güclənmiş, harmonik, stabil inkişafın dayaqları xeyli zəifləmişdir. "Soyuq müharibə" qurtarsa da, beynəlxalq münasibətlərə dair yeni "davranış məcəlləsi" ortaya qoyulmamış və bu səbəbdən də, universal dəyər olan insan hüquqları sahəsində qlobal miqyaslı problemlər yaranmışdır. Son onilliklərdə qəbul edilmiş beynəlxalq sənədlərin ortada olmasına baxmayaraq, insan hüquqları məsələsinə ikili standartlar, təmənnalı münasibət özünü göstərməkdədir. İnsan haqları ilə bağlı bir sıra mühüm məsələlərə gəldikdə, ABŞ və Avropa İttifaqı ölkələri özləri üçün rəva bilmədiklərini başqaları üçün məqbul sayırlar. Beləliklə də, faktiki olaraq, dünyada tüğyan edən haqsızlıqlara, ədalətsizliklərə dəstək vermiş olurlar. İnsanların haqqı, bir qayda olaraq, iqtisadi, geosiyasi və hətta şəxsi maraqlara qurban verilir".

Müasir dövrdə qloballaşma "yeni reallıq" kimi özünü göstərir. Özünümüdafiə instinktinə malik hər bir cəmiyyət bu "yeni reallığın" tələbləri və xüsusiyyətləri ilə hesablaşmalı olur. Bu fikir əksər müəlliflər tərəfindən vurğulanır. Vəziyyətin səciyyəsi bundadır ki, hər bir dövlət qloballaşma və lokal, məhəlli proseslərin ahəngdar sintezini təmin etməyə qadir olan inkişaf modelini işləyib-hazırlamağa məcburdur. Söhbət hər bir ölkənin özünün transformasiyasının qloballaşma modelini müəyyənləşdirməsindən gedir. Vaxtilə, 7 sentyabr 2001-ci ildə, Nyu-York şəhərində Minilliyin Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz çıxışında demişdir: "Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyili qloballaşmadır. Bu mürəkkəb, heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir". Həmin zirvə toplantısında Heydər Əliyev bu mühüm fikirləri də vurğulamağı vacib bilmişdir: "Beynəlxalq hüququn prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, tərəfdaşlıq və daha çox inkişaf etmiş dövlətlərin daha az inkişaf etmiş dövlətlərə köməyi, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, milli fərqlərin də qəbul olunması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır. Demokratik inkişafın gücü onun rəngarəngliyidir".

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.- 6 aprel.- S.15