IV İslam
Həmrəyliyi Oyunlarına hazırlıq yüksək səviyyədə davam
edir
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi
Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncam imzalayıb
Məlum olduğu kimi, bu ilin may ayında Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Məhz oyunların yüksək səviyyədə təşkil edilməsi və yarışlarda iştirak edəcək idmançıların, nümayəndə heyətlərinin maneəsiz ölkəmizə gəlməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam da imzalanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə, oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili üçün müvafiq tədbirlər görəcək, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən edəcək, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının forması təsdiq olunacaq. Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsilə müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə biləcəklər, həmçinin, IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq.
Bu oyunların Azərbaycanda keçirilməsi sübut edir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilib. Eyni zamanda, Azərbaycan 2013-cü il 24 iyul qərarı ilə islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirir. Məhz Azərbaycan I Avropa Oyunları kimi, IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə həyata keçirmək üçün bütün imkanlarını səfərbər edəcək. Elə 2015-ci ilin 19 sentyabr tarixində Prezident İlham Əliyevin imzaladığı IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam və Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə birinci iclasının keçirilməsi Azərbaycanın bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçirilməsinə nə dərəcədə böyük əhəmiyyət verməsinin göstəricisidir.
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Təşkilat Komitəsinə rəhbərlik Mehriban xanım Əliyevaya həvalə olunub: "Həm "Eurovision" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Həm "Eurovision" müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər öz həllini tapıb və bu yarışmalarda iştirak etmiş bütün idmançılar və Azərbaycana gəlmiş qonaqlar bunu yüksək qiymətləndirmişlər".
Bu günə qədər Azərbaycanda bir çox böyük miqyaslı beynəlxalq tədbirlər keçirilib. Əlbəttə, bu il böyük uğurla keçirilən birinci Avropa Oyunlarını qeyd etmək yerinə düşər. Bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərib. Ümumi fikrə görə, bu oyunlar Yay Olimpiya Oyunları səviyyəsində hazırlanmışdı. Əminlik var ki, IV İslam Həmrəyliyi Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. Azərbaycanın Birinci vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bildirdiyi kimi, Təşkilat Komitəsi birinci Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etdi. İslam Həmrəyliyi Oyunlarının da hazırlığında biz həmin prinsiplərlə çalışacağıq, işləyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə, Azərbaycan xalqı üçün növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq ki, ölkəmizə gələn, oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, öz evindəki kimi hiss etsin.
IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilib. Yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək. Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və yeniləri də nəzərdə tutulmur. IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcək.
Güləş və cüdo Heydər Əliyev adına İdman Arenasında, voleybol, boks, taekvondo, karate "Baku Crystall Hall"da, üzgüçülük Su İdmanı Sarayında, stolüstü tennis Bakı İdman Sarayında, tennis Bakı Tennis Akademiyasında, atıcılıq Bakı Atıcılıq Mərkəzində, basketbol, həndbol, ağır atletika Bakı Ekspo Mərkəzində, futbol yarışlarının isə Olimpiya Stadionunda və "Bakcell Arena"da keçirilməsi planlaşdırılır. Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulur. Media Kəndində kütləvi informasiya vasitələrinin nümayəndələri yerləşdiriləcək.
Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanacaq. Dünya mediasında İslam Həmrəyliyi Oyunlarının keçirilməsi barədə informasiya yayılması nəzərdə tutulur.
Məhz Avropa Oyunlarının irsi IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı qarşıda duran təhlükəsizlik, nəqliyyat təminatı, digər texniki təminat və təşkilati məsələlərin həllinin zəminini yaradıb. Azərbaycanın Birinci vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qeyd etdiyi kimi, əsas məqsəd bu zəmində yarışlara yüksək səviyyədə hazırlaşmaqdan, bütün mövcud idman obyektlərini yarışmalar üçün tam şəkildə hazırlamaqdan və milli yığma komandanın oyunlara hazırlığından ibarətdir: "Qarşıda duran məsələlərdən biri də qısa müddət ərzində açılış və bağlanış mərasimlərinin ideyasının formalaşdırılması, texniki məsələlərin həlli, o cümlədən, medalların və loqotipin eskiz layihələrinin və dizaynının hazırlanması işlərinin başlanmasıdır. Bu mötəbər idman yarışlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində də işlər görülür. Oyunlar keçiriləcəyi müddətdə Azərbaycana gələcək çoxsaylı idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakıda və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Bu sahədə heç bir problem gözlənilmir".
Bununla yanaşı, İslam Həmrəyliyi Oyunlarında gənclərin könüllü qismində cəlb edilməsi geniş yer tutacaq. Birinci Avropa Oyunları zamanı Azərbaycan gəncləri və könüllüləri öz bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirdilər. Bütün qonaqlar dəfələrlə Azərbaycan gənclərinin peşəkarlığı və vətənsevərliyi haqqında danışırdılar. Əlbəttə, İslam Həmrəyliyi Oyunlarının təşkilati işlərində könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulur. İlkin hesablamalara görə, oyunlara təxminən 10 min nəfər könüllü cəlb ediləcək.
Oyunların yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyənləşdirən geniş Tədbirlər Planı hazırlanır. Həmin Tədbirlər Planı qısa müddət ərzində Prezident İlham Əliyevin diqqətinə təqdim olunacaq.
Bir sözlə,
Prezident İlham Əliyevin
sözlərilə desək, islam
Oyunları ilk növbədə,
islam həmrəyliyini gücləndirəcək, həm
islam aləminə, həm dünyaya
bir daha göstərəcək
ki, islam dini sülh, mərhəmət
və
qardaşlıq dinidir. Eyni zamanda, dünyaya
göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq
yarışları keçirməyə qadirdir.
Səs.-
2017.- 6 aprel.- S.7.