İnsan
haqları liberalizm və qioballaşma kontekstində
Reallıqları
obyektiv və tənqidi dəqiqliklə təhlil etsək,
görərik ki, anqlo-sakson "hüquq-azadlıq"
sisteminin hökmranlığı şəraitində heç
bir bazar iqtisadiyyatı bəşəriyyət və insan
üçün vacib olan böyuk (ali) prinsipləri təmin
edə bilməz, istər elə ABŞ-ın özündə
prezident seçkiləri olsun, istərsə də Azərbaycanın
ərazi bütövlüyü məsələsi olsun və
yaxud da nəsə başqa bir mühüm problem. Anqlosakson qlobalizasiyasının "iqtisadi
adamı" və onun dəhşətli silahı rolunda
çıxış edən transmilli korporasiyalar, şirkətlər,
banklar, maliyyə bazarları insaniliklə, həyatın və
iqtisadiyyatın humanistləşməsi ilə ziddiyyətə
girir. Bir sözlə, anqlo-sakson ənənə və
onun bəşəriyyətə sırıdığı
qlobalizasiya o dərəcədə disharmoniya,
disproporsionallıq, asimmetriklik yaradıbdır ki,
dünyanı məhvedici bir partlayış və vulkan
püskürməsi gözləyir, əgər təcili və
qlobal dəyişikliklər (pozitivə doğru) olmasa,
lazımi tədbirlər həyata keçirilməsə...
Fəlsəfə
elmləri doktoru Əbülhəsən Abbasov yazır:
"Belə dünyada heç bir adam,
xalq, ölkə özünü xoşbəxt hesab edə bilməz.
Ən azı ona görə ki, aclıq,
yoxsulluq, iztirablar içində yaşayanların, hətta
minimum səviyyədə bioloji mövcudluqlarını təmin
edə bilməyən xalqların varlılara, maddi cəhətdən
zəngin ölkə və xalqlara nifrəti artmaqdadır,
xüsusən də, ABŞ-a və onun əlaltılarına.
Anqlo-sakson qlobalizminin bəhrəsindən
dadanlar daim bu nifrətlə və ondan törəyən fəsadlarla
üzləşməli olacaqlar. Dünyada
genişlənən terrorun da bir səbəbi elə bununla
bağlıdır. Əfsuslar olsun ki, bu səbəb
lazımınca nəzərə alınmır və deməli,
adekvat tədbirlər də görülmür.
Müasir
insanın günbəgün yaşadığı çətinliklər
içərisində yüksək mənəvi-psixoloji gərginliyi,
insani münasibətlərdə təəssübkeşliyin və
istiliyin itməsini, oriyentir rolunu oynayan bir çox ənənəvi
dəyər və meyarların sarsıntıya
uğramasını, həyat tərzində instrumental-maddi
amillərin təsirinin artmasını və s. qeyd etməmək
mümkün deyil. Bunlar son nəticədə
psixotokslara, ağır keçən stresslərə gətirib
çıxarır, insan həyatının keyfiyyətini
aşağı salmaqla onu daha da dəyərsizləşdirir.
Gərginlik, müxtəlif növ stresslər həm
yoxsulu, həm də varlını müşayiət edir. Maddi cəhətdən
təmin olunmuşlar başqaları ilə rəqabət vəziyyətində
olurlar və əldə etdiklərini itirmək qorxusu ilə
yaşayırlar, perspektivin qeyri-müəyyənliyindən təlaş
və həyacan keçirirlər. Yoxsullar
isə, öz növbəsində, təminatsızlıqdan irəli
gələn qorxu altında yaşayırlar, son
dolanışıq yerlərini itirməkdən, xəstəliklərə
düçar olmaq ehtimalının böyüklüyündən,
əsl mənada, cəhənnəm əzabı çəkirlər.
Ümumi götürdükdə, müasir insanların
əksəriyyəti gələcəyə inam hissinin
yoxluğu halında yaşayırlar".
Müəllifin
fikrincə, anqlo-sakson ənənəsinin təşəkkül
tapıb zirvələnməsi nəticəsində, bazar
fundamentalizmi, "kapital ideologiyası" elə bir maddiləşmiş
dünya və elə "iqtisadi adam"
yaratmışdır ki, hər bir individ kiməsə - rəqibə,
düşmənə, yaxud da kimin üçünsə
qurbana çevrilmişdir. Biri o birisindən daha
çox mənfəət götürmək, onu öz quluna
çevirmək istəyir. Biri digərini
özünə tabe etmək, sındırmaq, nəyəsə
məcbur etmək, kiminsə müstəqilliyini əlindən
almaq ovqatı, sanki ümumi bir marağa çevrilmişdir.
Bunun üçün hər cür üsullar və vasitələr
işə salınır: açıq-aşkar və
birbaşa zorakılıqdan tutmuş,
üstüörtülü təzyiqlərə qədər. Faktiki yanaşdıqda, əksər insanlar maddiləşmiş
dünyanın girovudurlar, kapital diktəsi altında həm
azadlıqlarını, həm də həqiqi seçimlərini
itirmişlər. Bütün bunlar
müasir insan həyatının qeyri-humanistliyinə, "Mən"ən
tənəzzüldə olmasına dəlalət edir; özgələşmə
bir kütləvi ictimai hadisə kimi bu həyatın atributuna
çevrilmişdir, ona qənim kəsilmişdir.
Tamahkarlıq, eqoizm və başqa mənəvi-əxlaqi
qəbahətlər və fəsadlar mövcud olan belə
mühitdə daha da stimullaşır. "İqtisadi adam"
ruhi fəzilətlərdən imtina edir, onun üçün
maddi dəyərlər (göstəricilər), iqtisadi status
(prestij) hər şeydən yüksəkdə durur. Həyatın mənası və gözəlliyi əşya-əmlak
toplamaqdan, sərvət yığımından ibarət olur.
Ə.Abbasov
yazır: "Anqlo-sakson ənənəsinə sadiq
qloballaşmanın nəticəsi olaraq, formalaşan absurd həyat
tərzidə, hətta elm, incəsənət və bədii ədəbiyyat
əşya-əmlak toplusuna, maddi sərvətlərə və
onların sahiblərinə tabe etdirilir. Belə olduqda, daha
çox məzmunsuz, ideyasız, ictimai yükünə
görə mənasız və hətta birbaşa ziyanlı
"əsərlər" bolluğu bütün sərhədləri
aşır, get-gedə onlar daha çox zövqləri ibtidailəşdirilən
istehlakçı tələbini ödəməyə
başlayır. Etiraf edək ki, bu gün
heç bir sosial-fəlsəfi, elmi yükü, bədii
orijinallığı olmayan bayağı, bəsit "əsərlər"
həqiqi yaradıcılığı və mədəniyyəti
ortadan çıxartmaqdadır. Mənfəətdar,
cır təfəkkürün məhsulu olan bu fəlakətgətirici
"əsər"lər yalnız bir məqsəd
güdür - kommersiya maraqlarını təmin etmək,
öz mahiyyətinə uyğun "bazar mühiti"ni
formalaşdırıb idarə etmək. Yeni,
guya mütərəqqi iqtisadiyyatın pretorları sayılan
bu "əsər"lərin müəllifləri, artıq müxtəlif
mötəbər vəzifələri tutmaqdadırlar. Azərbaycanda da bu yanaşma, necə deyirlər, dəbdədir.
Elmdə, incəsənətdə, mədəni sahədə
yalnız kommersiya maraqları ilə yaşayan və fəaliyyət
göstərən adamların vəzifə başına
keçmələri o deməkdir ki, vəziyyət daha da pisləşə,
qarşısıalınmaz ola bilər,
çünki istər-istəməz, bu adamlar həmin sahələrdə
aparılan siyasətə, bilavasitə təsir etmək
imkanı qazanırlar. Belə təsirin nəticəsində,
həyata keçirilən siyasətin nədən ibarət
olması isə, yəqin ki, düşünən insanlar
üçün əvvəlcədən məlumdur".
Müəllif
qeyd edir ki, Amerikasayağı ekspansionist qloballaşmanın
bütün dünyaya yaymaq istədiyi homogen, daxilən
boş, əxlaqi-mənəvi vektoru olmayan "monstr-mədəniyyət"in
istilası nəticəsində, tarixi-irsi ənənələrimiz
və ictimai dəyərlərimiz, faktiki olaraq, müdafiəsiz
qalmışdır. Avropalaşma adı
altında ibtidai və bəsit stereotiplər, instinktlər
aqressiyası mənəvi-ruh həyatımızı fəth
etməkdədir. Hesab edirəm ki, belə vəziyyətə
- milli özünüifadədən, intellektin mənəvi-əxlaqi
gücündən ruhlandırıcı enerjidən, məsuliyyət
və vicdan hissindən xali "mədəniyyət"ə
dözümlülük göstərmək heç də
düzgün yanaşma deyil. Əks halda,
heç şübhə yoxdur ki, insanlarımızın ruhi,
mənəvi-psixoloji inkişafının sağlam əsasları
dağıdılacaq, onların insani potensialının
durmadan tükənməsinə, yox olmasına yol
açılacaq. İnsani intellektual-ruhi-mədəni
resurslar dağıdıldıqdan sonra isə, hansısa milli
maraqların, milli mənafenin reallaşmasından söhbət
gedə bilməz. Mütərəqqi
modernləşmə və tərəqqi hər bir zaman və
hər bir yerdə yalnız milli maraqların reallaşması
və milli özünüdərkin pozitiv inkişafı zəminində
mümkündür.
Qlobalizmin ABŞ patronajlığı altında səlib
yürüşü yalnız insanlara və xalqlara zülm gətirmir. Onun
formalaşdırdığı "iqtisadi adam",
acgöz korporasiya və şirkətlər, transmilli mafiya
şəbəkələri təbiətin özünə
durmadan ölümcül zərbələr endirməkdədir.
Təbiətə amansız, yırtıcı və
istismarçı anti-rasional münasibət irrasional
şüuru, düşüncəni doğurur, və əksinə,
irrasional şüur epidemiyası təbiətə olan anti-rasional
münasibəti daha da kəskinləşdirir. "Ana təbiət"
adlandırdığımız varlıq heç təqib və
şikəst edilən qul yerinə də qoyulmur.
Ə.Abbasovun fikrincə, hələ vaxtilə
Frankfurt məktəbinin görkəmli nümayəndəsi
Maks Horkhaymer göstərirdi ki, industrial sivilizasiyanın əsasında
dayanan rasionalizm kökündən qeyri-sağlamdır. Təbiətə münasibətdə insan dərrakəsinin
xəstəliyindən söhbət gedirsə, bilmək
lazımdır ki, bu xəstəlik hansısa tarixi mərhələdə
yaranmayıb, o, necə deyərlər, anadangəlmə, əvvəlcədən
təməldə qoyulmuş xəstəlikdir.
M.Horkhaymerin bu fikri ilə razılaşmamaq
qeyri-mümkündür. Məhz dərrakənin xəstəliyi,
onun fikrincə, təbiət üzərində insanın
hökmranlıq etmək istəyini törətmişdir. Fateh iradəsi "qanun"ların öyrənilməsini,
anonim bürokratik təşkilatın qurulmasını və
nəhayət, insanın özünün alətə
çevrilməsini tələb etmişdir ki, industrial və
müasir postindustrial cəmiyyətlər bu tələbə
uyğün da fəaliyyət göstərmişlər.
1947-ci ildə yazdığı "Zəkanın
tutulması. İnstrumental zəkanın tənqidi" əsərində
M.Horkhaymer o dövrə müasir olan instrumental cəmiyyətə
məxsus defektləri aşkarlayır, onların əsasında
dayanan rasionallıq anlamını təhlil edir və bu tip
"rasional"lığın hansı fəsadlar törədə
biləcəyini öncədən söyləyir.
Apardığı təhlili o, "Maarifçiliyin
dialektikası" əsərində davam etdirir. Burada Qərb
sivilizasiyasının tarixi məntiqinin tədqiqi oxucunu belə
bir nəticəyə gəlib çıxmağa
yaxınlaşdırır: emansipasiya olunmuş bəşəriyyətin
yuxuya dalması yeni barbarlıq epoxasının qərarlaşması
ilə yekunlaşa bilər.
M.Horkhaymer bu qənaətdədir
ki, texniki imkanların tərəqqisi dehumanizasiya prosesilə
müşayiət olunur, beləliklə, əsas məqsəd
- insan ideyası dağılır. İndustrial cəmiyyət
"sistemi" məqsədləri vasitələrlə əvəzlədikcə,
insanilik, emansipasiya, yaradıcı fəallıq və tənqidi
qabiliyyət təhlükə ilə üzləşir.
Onun fikrincə, industrial cəmiyyətin fəlsəfəsi
obyektiv dərrakə fəlsəfəsi deyil. Burada
özlüyündə və özü üçün
heç bir ağıllı məqsəd yoxdur. Təfəkkür
istənilən hər bir məqsədə (fəzilətli və
yaxud qəbahətli) qulluq edə bilər. O, bütün
sosial hərəkətlərin alətidir, sosial və şəxsi
həyat normalarını təsbit etmək ona verilməyib,
çünki artıq başqaları tərəfindən qərarlaşdırılıb.
Ağıl artıq obyektiv və universal həqiqətlər
axtarmır ki, onlara istiqamətlənsin, onun işi -
verilmiş məqsədlər üçün alətlərlədir.
Hər şeyi "sistem", yəni hakimiyyət həll
edir: Formalistik aspektdə, pozitivizmdə göstərildiyi kimi,
subyektiv dərrakənin obyektiv məzmundan
asılılığı momenti vacibdir. Subyektiv
dərrakənin instrumental aspekti və heterom məzmunu isə
praqmatizmlə vurğulanır. Ümumilikdə, Horkhaymerin
fikrincə, dərrakə tamamilə sosial proses tərəfindən
əsarət altına alınıb. İnstrumental məqsəd
yeganə meyar olubdur ki, onun da başlıca funksiyası
insanlar və təbiət üzərində
hökmranlıqdır. Beləliklə, "sistem" və
"administratorçuluq" insanı sərt bir blok-sxemin
elementinə çeviribdir ki, onun öz taleyini müəyyənləşdirib,
həyata imkanı xeyli dərəcədə problematikləşib.
Vahid
ÖMƏROV
Yeni Azərbaycan.-
2017.- 14 aprel.- S.13