HEYDƏR ƏLİYEVİN NƏQLİYYAT SAHƏSİNDƏ
HƏYATA KEÇİRDİYİ İSLAHATLAR
Azərbaycanın müasir tarixində Ulu Öndərimiz Heydər Əliyev xidmətlərinin mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün bütün sahələrdə, o cümlədən nəqliyyat sistemində böyük, genişmiqyaslı işlər görmüşdür. XX əsrin 20-30-cu illərində, Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi, yeni sənaye obyektlərinin tikilib istifadəyə verilməsi əhali axınının güclü şəkildə artmasına səbəb oldu. Bu da Azərbaycan paytaxtında nəqliyyat sahəsində ciddi problemlər yaradırdı. Bakıda 1924-cü ildə tramvay, 1926-ci ildə şəhər ətrafı elektrik qatarı, 1932-ci ildə avtobus, 1941-ci ildə isə troleybus xəttinin çəkilməsi, sərnişindaşıma sahəsindəki çətinlikləri nəzərə çarpacaq dərəcədə aradan qaldırdı. Bakı isə günbəgün böyüyüb inkişaf edirdi.
Bakıda metropoliten tikintisi ideyası hələ keçən əsrin 30-cu illərində ortaya atılmış və Bakının yenidən qurulmasının baş planında nəzərdə tutulmuşdur. Metropolitenin tikilməsi haqqında qərar 1947-ci ildə qəbul edilmiş və bu işlərə 1949-cu ildə başlanmışdır. Metro tikintisi üzrə mürəkkəb geoloji şəraitdə gərgin inşaat işləri aparılmasına baxmayaraq keçmiş SSRİ hökumətinin 20 sentyabr 1953-cü il tarixli qərarı ilə Bakı metropolitenin tikintisi dayandırıldı. Mərkəzdə qərəzli qüvvələrin səyi nəticəsində qəbul olunmuş bu qərar yalnız 1960-cı ildə N.S.Xruşov Bakıya gələndən sonra 1961-ci ildə tikintiyə başlandı. Metro inşaatçılarının səyi nəticəsində 1967-ci ilin noyabr ayında Bakı metropoliteninin birinci növbəsi işə salındı. Bunun üçün bir milyon kubmetrdən artıq monolit və yığma dəmir beton işləri yerinə yetirilmiş, 120 min ton çuqun elementlər quraşdırılmış 1500 kilometrdən çox kabel xətti çəkilmişdi.
Bakı metropolitenin birinci növbəsindən sonra, tikintinin tempi aşağı düşməmiş, 1968-ci ildə fevral ayının 22-də "Xətai", 1970-ci ildə aprel ayında "Ulduz" stansiyaları istifadəyə verilmişdir. 1972-ci ilin noyabr ayında "Koroğlu", "Qara Qarayev" və "Neftçilər" stansiyalarını birləşdirən 5,3 km metro xətti istifadəyə verilməklə 120 min əhalisi olan 8-ci km massivi şəhərlə birləşdirilmişdir. 1976-cı ildə "Nizami", 1979-cu ildə "Bakmil", 1985-ci ilin sonunda "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" və "Memar Əcəmi", 1989-cu ildə "Xalqlar Dostluğu" və "Əhmədli", 1993-cü ilin oktyabrında isə "Cəfər Cabbarlı" stansiyaları işə salındı.
1993-2002-ci illərdə Bakı metropolitenin saxlanmasına 180 milyard manatdan çox vəsait sərf edilmişdir. 2002-ci ildə metropoliten üçün 25 yeni vaqon alınmış və 50-si sifariş olunmuşdur. Metronun hər bir stansiyası funksional vəzifəsini yerinə yetirməklə yanaşı öz tərtibatı baxımından Azərbaycanın milli memarlıq sənətinin gözəl bir nümunəsidir. Azərbaycan xalqının tarixinə, onun sənət incilərinə müraciət edən memarlar müxtəlif tikinti materiallarından, müasir texnologiyalardan, habelə şəbəkə, miniatür kimi milli ornament elementlərindən istifadə edərək, yaraşıqlı zalların yaradılmasına nail olmuşlar.
Ulu Öndərimiz Heydər Əliyev metropolitenin 35 illik yubileyini keçirəndə demişdir: "35 illik yubileyin özü də qeyri adi bir yubileydir. Adətən yubileylər olur 50-70-80-100. Bele yubileylər isə daha çox böyük elm, mədəniyyət xadimlərinə, yaxud iri mədəniyyət təhsil müəssisələrinə həsr olunur. Ancaq metropolitenə indi çox adi bir nəqliyyat vasitəsi kimi baxılır.Mən sərəncamı imzalamamışdan əvvəl düşündüm, düşünərək qərar qəbul etdim ki, bəli bu hadisə yəni 35 il bundan öncə, Bakının sakinləri üçün belə gözəl nəqliyyat vasitəsinin işə salınması və bu nəqliyyatın 35 il insanlara, Azərbaycan vətəndaşlarına xidmət etməsi böyük hadisədir".
1998-ci ilin iyul ayında Heydər Əliyev mənə metropolitenə rəhbərliyi tapşıranda, belə söhbət etdi:
-Sizin sədr mən Moskvada işləyəndə, yanıma gəlmişdir və dedi ki, tikinti materialı çatışmır. Mən Sosnovu çağırıb ona tapşırdım ki, gör o nə deyir, başa düşürsən bu nə demək idi?!
Mən dedim: - Bəli Hörmətli Prezident bu onunla bitdi ki, o vaxt Leninqradın Kirov zavodunun bir sexi tubinq istehsal edirdi. Sizin tapşırığınızdan sonra sexin istehsal etdiyi bütün tubinqlər Bakıya göndərildi.
Buradan Sosnova teleqramma vuruldu ki, artıq tubinq göndərməyin, yığmağa yerimiz yoxdur. Sosnov isə teleqramın cavabında yazdı: "Kabinetlərinizdən çıxın tubinqi kabinetlərinizə yığın, yoxsa Siz istəyirsiniz ki, Heydər Əliyev məni işdən azad eləsin!!!"
Bu göndərilən tubinqlərin hesabına "Xalqlar Dostluğu" - "Əhmədli", "Əhmədli" - "Həzi Aslanov" stansiyalar arası tunellər və "Memar Əcəmi" stansiyasından "Dərnəgül" stansiyasına qədər olan tunelin 7923 metrinin 4647 metrini məhz Heydər Əliyevin göstərişi ilə göndərilən tubinqlərin hesabına tikilmişdir.
Ulu Öndərimiz Heydər Əliyev Moskvada işlədiyi zaman nəqliyyat onun tabeçiliyində idi. Odur ki, "Mıtışı" vaqonqayırma zavoduna gedir və orada istehsalı artırmaq üçün Nazirlər Sovetinin sədr müavini Antonov, Dövlət Plan Komitəsinin sədrinin müavini Voronin, yollar naziri N.S.Konarev, nazirlərdən; Afanasev, Polyakov, Kazanets və digər rəhbərlər, o cümlədən maşınqayırma zavodunun direktoru Y.A.Qulko da iştirak edirdilər. 1983-cü ilin 23 dekabrında keçirilən bu iclasın qərarı bu oldu ki, indi əksəriyyət böyük şəhərlərdə metro tikintisi aparılır, ona görə də zavodun sahəsi genişləndirilməli, yeni istehsalat sexləri tikilməli, istehsal gücü artırılmalıdır. İki ay ərzində yeni sexlər tikildi və zavodun sahəsi genişləndi, istehsal gücü 3 dəfədən çox artırıldı. Həmin dövrdə zavodun bütün fəhlə, texniki işçilər, yeni tikilmiş istehsalat sexlərinə Ulu Öndərimiz Heydər Əliyevin adını vermişdilər. Elə onun hesabına idi ki, MDB ölkələrinə vaqonu baha qiymətə versələr də Heydər Əliyevin nüfuzuna, şəxsiyyətinə və verdiyi töhvələrinə görə Bakı metropoliteninə, Azərbaycana, Moskvaya satılan qiymətə satılırdı. Heydər Əliyev Nazirlər Soveti Sədrinin birinci müavini işləyərkən təklif edir ki, iş vaxtlarını müxtəlif sahələr üçün dəyişsin. Belə ki, güc orqanları işə saat 900 930 da, ali məktəblərdə isə fəaliyyət əvvəl başlasın.
Yollar naziri Nikolay Semyonoviç Konarev ilə Xarkov metropoliteninin 10 illiyində görüşdük və Moskvaya qatarla bir yerdə getdik. Ulu Öndərimiz Heydər Əliyev haqqında onun dəmir yolunu necə gözəl təhlil etməsi, yüklərin bütün növlərini əzbərdən bilməsi, rus dilində qrammatik danışması, BAM-da olan görüşləri, bir sözlə M.S.Qorbaçovun ünvanına nalayiq sözlər yağdırmaqla dedi: "Heydər Əliyevi qoruyun. Heydər Əliyev nə sizindir nə bizim, o bütün bəşəriyyətə lazımdır".
2002-ci ilin noyabr ayının 6-da respublika tədbirində Heydər Əliyevə metropolitenə göstərdiyi qayğıya görə öz təşəkkürümü bildirdim. Lakin "Metrovaqonmaş" səhmdar cəmiyyəti direktorlar şurasının sədri Yuri Petroviç Soldatov öz çıxışında bildirdi ki, o dediklərimlə razı deyil, çünki Heydər Əliyev təkcə Bakı metropoliteninə yox, MDB dövlətlərinin bütün metropolitenlərinə öz köməyini əsirgəməyib. Şəhər nəqliyyatında metronun əhəmiyyətli rolunu və onun inkişaf perspektivlərini hərtərəfli dərk edən Heydər Əliyev metropolitenin tikintisi və istismarı ilə bağlı bütün məsələləri xüsusi nəzarət altında saxlayır, respublikada rəhbərliyinin ilk günlərindən etibarən ona böyük diqqət və qayğı göstərirdi. Sonralar Heydər Əliyev çıxışlarından birində Bakı metropoliteni ilə əlaqədar olaraq belə deyirdi: "Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra beş il də Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metropoliten tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hesab edirəm."
Hazırda şəhərimizin inkişafını yeraltı polad magistrallar olmadan heç cür təsəvvür etmək mümkün deyildir. Hesab edirik ki, bakılıların metro kimi ən mükəmməl və rahat nəqliyyat növünə sahib olmasında Heydər Əliyevin gördüyü əzəmətli işləri, onun bu sahəyə göstərdiyi qayğını, diqqəti işıqlandırmaq, Azərbaycan oxucularının, gələcək nəsillərin nəzərinə çatdırmaq zəruridir. "Əsrin memarı Heydər Əliyev" adlanan unikal rəngli illüstrasiyalı kitabın Ümummili Lider metropolitenin tarixində böyük əhəmiyyət kəsb edən sərəncamları ilə və Bakı metropolitenin 35 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki tarixi nitqilə açılmasının özündə də simvolik məna var. Çünki əsrin memarı adlandırdığımız Ulu Öndər Heydər Əliyev həm də Bakı metrosunun yaradıcılarından, qurucularından biridir. Bakı metropolitenində Heydər Əliyevin gördüyü unikal işləri əks etdirən "Əsrin memarı Heydər Əliyev" kitabında biz, bu dahi insanla bir dövrdə yaşayan, onun rəhbərliyi altında işləyən və bununla da özünü xoşbəxt sayan nəslin nümayəndəsi kimi, öz üzərimizə düşən məsuliyyətli vəzifənin öhdəsindən gələ bilmişikmi?
Bu gün Azərbaycan inkişaf etmiş nəqliyyat infrastrukturuna, bu sektorun fəaliyyətini tənzimləyən mükəmməl qanunvercilik bazasına malikdır. Respublikamız məhz özünün nəqliyyat kommunikasiyaları resursları ilə də beynəlxalq inteqrasiya proseslərinin fəal iştirakçısıdır. Ölkəmiz beynəlxalq yük və sərnişin daşımalarını uğurla və yüksək səviyyədə yerinə yetirir. Azərbaycanın nəqliyyat müstəqilliyinin genişləndirilməsi istiqamətində aparılan davamlı və məqsədyönlü iş nəticəsində nəqliyyat sisteminin inkişafına irihəcmli investisiyalar qoyulur, müasir beynəlxalq standartlara cavab verən avtomobil yolları inşa edilir və müasirləşdirilir. Dəniz nəqliyyatının imkanları genişləndirilir, Ələt qəsəbəsində Xəzərdə ən böyük beynəlxalq dəniz ticarət limanı kompleksi tikilir. Hava nəqliyyatının inkişafı üçün zəruri tədbirlər həyata keçirilir, təyyarə parkı yenilənir, hava daşımalarının həcmi artırılır.
Dəmir yolu nəqliyyatı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" əsasında, demək olar ki, yenidən qurulmuşdur. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəqliyyat sektorunun perspektivləri müəyyənləşdirilmişdir. Azərbaycanın əlverişli geosiyasi mövqeyi, şimal-cənub və şərq-qərb nəqliyyat marşrutlarının burada kəsişməsi beynəlxalq inteqrasiya məsələləri baxımından mühüm əhəmiyyət daşıyır.üstəlik, ölkəmiz özünün və bölgənin karbohidrogen resurslarının Avropa bazarlarına daşınmasında da geniş logistik imkanlara malikdir. Rrespublikamız 7 neft və qaz magistral kəməri ilə zəruri ixrac potensialını gerçəkləşdirir.
Azərbaycandan keçən şərq-qərb nəqliyyat dəhlizi - TRACECA (Transport Corridor Europe-Caucasus-Asia - Avropa İttifaqının Avropa-Qafqaz-Asia nəqliyyat dəhlizinin təşkili proqramı. 1993-cü ildə təsis edilmişdir. 13 üzv dövləti: Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Gürcüstan, Ermənistan təmsil edir, qərargahı Bakı şəhərində yerləşir) Avropa ilə Asiyanı birləşdirən ən kiçik marşrut kimi beynəlxalq iqtisadi inteqrasiya proseslərinin güclənməsinə, kontinental inteqrasiyasının möhkəmlənməsinə güclü təkan verir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda Avropa İttifaqı Komissiyasının təşkilatçılığı ilə TRACECA Proqramına həsr edilmiş konfrans keçirilmiş, Bəyannamə qəbul edilmiş, yekun sənəd kimi Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş imzalanmışdır. Ulu Öndər bu sənədlərin tarixi əhəmiyyəti haqqında demişdir: "...Onların qəbul olunması Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarından ticarətin inkişafına, təbii ehtiyatlardan istifadəyə və onların nəqlinə, qarşılıqlı surətdə faydalı əməkdaşlığa kömək edəcəkdir. Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionlarınona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqildövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir".
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafında Azərbaycanın aparıcı rol oynaması onun beynəlxalq inteqrasiyasının dərinləşməsinə geniş imkanlar açmışdır.
Beynəlxalq inteqrasiyada Azərbaycan ərazisindən keçəcək digər bir qlobal nəqliyyat xəttinin - cəbub-şimal dəhlizinin də çox mühüm əhəmiyyəti vardır. Bu marşrut qonşu Rusiya və İran ərazisindən keçməklə Yaxın Şərqdən və Cənub-Şəqi Asiyadan Avropaya daşınan yükdaşımaların sürətini bir neçə dəfə artıracaqdır. O, Süveyş kanalı vasitəsi ilə Hindistandan Avropaya uzanan nəqliyyat xəttindən 3 dəfə qısadır. Dəmir yolu, su nəqliyyatı və avtomobil xətlərinin ehtiva olunduğu bu nəqliyyat dəhlizi üzrə bütün zəruri infrastrukturun qurulması şəraitində planetin Cənubundan Avropaya hər il orta hesabla 15-20 milyon ton yükün daşınacağı təmin edilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi Böyük İpək yolu marşrutunda yerləşir ki,bu da onun mövcud coğrafiyadakı türkdilli ölkələrin inteqrasiyasından rolunu yüksəldir. Qəbələ şəhərində Heydər Əliyev adına Konqres Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu, xüsusilə qeyd etmək istəyirəm. Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir".
Bütövlüklə davamlı inkişaf və təhlükəsizliyin təminatına yönəlmiş, Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxışına, nəticə etibarilə, Azərbaycanın Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsiAzərbaycan üçün böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu amil nəzərə alınaraq, layihə üzrə maliyyə və digər təşkilati məsələlərin həll edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə xüsusi komissiya yaradılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi region dövlətlərinin səmərəli inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır. 25 may 2005-ci ildə Bakı şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının prezidentləri Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə bəyanat imzalamışlar. Hazırda layihə üzrə əsas mühüm işlər görülmüş və bu il onun tam başa çatdırılacağı gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyevin
böyük müdriklik və uzaqgörənliklə dediyi
kimi, Avropanı Asiya ilə birləşdirən, böyük
geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsi
olan Bakı-Tbilisi-Qars dəmir yolu bundan sonra yüz illər ərzində
bölgə xalqlarının inkişafına və tərəqqisinə
xidmət edəcək, beynəlxalq inteqrativ prosesləri
dərinləşdirməklə sülh və təhlükəsizlik
faktoru olacaqdır.
Səs.-
2017.- 15 aprel.- S 8-9