İnsan hüquqlarının qorunmasına təhdidlər
Tarix göstərir ki,
cəmiyyəti öz
total nəzarəti altında saxlayan, bütün informasiya kanallarına və vasitələrinə senzura
tətbiq edən və fərdlərin siyasi azadlıqlarını
böyük ölçüdə
məhdudlaşdıran siyasi
iqtidarlar ictimai rəydən öz məqsəd və mənafeləri istiqamətində istifadə
edirlər. İnsan hüquqlarını mütəmadi
tapdalayan belə iqtidarlar, cəmiyyətdən
gələn etiraz səslərinin qarşısını
kəsmək üçün
ictimai rəyi idarə olunan bir instituta çevirirlər.
Fəlsəfə elmləri
doktoru Əbülhəsən
Abbasov yazır: "Totalitar və
avtoritar rejimlərə
xas olan bu münasibət yalnız sistemin əsaslı demokratikləşməsi
ilə dəyişdirilə
bilər. İnsan hüquqlarının qorunmasında
dövlət strukturları
ilə yanaşı, qeyri-hökumət təşkilatlarının
üzərinə də
böyük məsuliyyət
düşür. Onlar
ictimai və siyasi problemlərə öz maraqları mövqeyindən deyil, ümumi mənafe müstəvisindən yanaşmalı
və münasibət
bildirməlidirlər. Bu
halda, ictimaiyyət həmin təşkilatlara
bir ümid yeri kimi baxa
bilər.
İnsan hüquqlarının
qorunmasında iqtisadi amil mühüm əhəmiyyət kəsb
edir. Bir qayda olaraq, iqtisadi
cəhətdən inkişaf
etmiş ölkələrdə
insan hüquqları daha müfəssəl şəkildə qorunur. Haqlar o yerdə və o zaman lazımınca təmin olunur ki, cəmiyyətin
iqtisadi həyatı optimal təşkil edilir, hüquqi və etik normalar,
ədalət prinsipi çərçivəsində idarə olunur. Bu mənada, insan hüquqlarının təminatında
iqtisadi təməl məsələsi həm də mənəvi-psixoloji,
sosial-aksioloji, hüquqi-əxlaqi
məsələ kimi özünü göstərir.
Ölkənin iqtisadi və siyasi müstəqilliyi insan hüquqlarının reallaşmasının
zəruri şərtidir.
Belə ki, bu halda şəxsiyyət
və xalq suverenliyinə, vətəndaş
seçiminə, milli
mənafenin öndə
tutulmasına zəmin
yaranır. Qlobal kapitalizmin güc
mərkəzləri, aparıcı
qüvvələri tərəfindən
ayrı-ayrı ölkələr,
o cümlədən, Azərbaycanın
iqtisadiyyatı ciddi təhdidlərlə üzləşməli
olur ki, son nəticədə, insan hüquqlarının
reallaşması sahəsində
xeyli problemlər yaranır. Beynəlxalq
güclərin, transmilli
korporasiya və bankların maraqları heç də həmişə hansısa
ölkənin milli maraqları ilə uzlaşmır. İnsan haqları xeyli dərəcədə, məhz
bu uzlaşmama müstəvisində pozulur".
Müəllif yazır ki, insan hüquqları üçün ən böyük təhlükələrdən
biri fundamentalizmdir, o cümlədən, bazar fundamentalizmi. Ekstremizmin bariz nümunəsi olan fundamentalizm totalitar psixologiyanın məhsuludur və bu səbəbdən də, həmişə təkcəyə, xüsusi
olana möhtacdır. Burada bərabərhüquqluluğa, ədalətli
əməkdaşlığa, alternativliyə yer qalmır, demokratik norma və prinsiplər
isə öz əhəmiyyətini itirir.
İqtisadiyyatda fundamentalizm
liberallaşmanı hakim
qrupların, oliqarxik azlığın maraqlarına
tabe edir, patronaj-proteksionist münasibətlərin
dominantlığını gücləndirir, rüşvət
və korrupsiya üçün münbit
şərait yaradır, bürokratiyanın
iqtisadiyyata və bütövlükdə, ictimai
həyata qeyri-qanuni müdaxiləsini artırır,
cəmiyyəti inhisarçılıq
və ədalətsizlik
mühitində boğur,
sosial maraq və mənafelərin ödənilməsində ziddiyyətliliyi
və hətta antaqonistliyi şiddətləndirir.
Aydındır ki, belə bir vəziyyətdə
hüquq və azadlıqların pozulması
genişlənir.
Ə.Abbasov daha sonra yazır: "Şəxsin
mühüm insani keyfiyyətlərdən uzaqlaşması,
bioloji inkişafı ilə sosial-mədəni inkişafı arasında mövcud olan uyğunsuzluq, qeyri-müəyyənlik,
dəyişən həyat
şəraitinə adaptasiyanın
çətinlikləri, müasir
dünyanın "doğruluğuna"
inamın tükənməsi,
hakim təbəqələrin sadə adamların
qayğılarına, istək
və arzularına biganəliyi, ictimai rəyin təsirsizliyi, kapitalın yeganə ölçü meyarı
olması və s. əlamətlər müasir
insanın özgələşməsini
şiddətləndirməklə yanaşı, onun öz hüquqlarına münasibətdə də
problemlər yaradır.
Çoxşaxəli özgələşmə,
xüsusən, yeni nəslin, gənclərin sosiallaşmasında öz
mənfi nəticələrini
ortaya qoyur. O, faktiki olaraq, gənclərin həyat perspektivlərini əlindən
alır. Eyni zamanda, ağrılı
problemlər qismində
yüksək ümumi
gərginliyi, insani münasibətlərdə təəssübkeşliyin
və istiliyin itməsini, orientir və mənəvi dayaq rolunu oynayan
bir çox mənəvi dəyər və meyarların sarsıntıya uğramasını,
həyat tərzində
instrumental-maddi amillərin
təsirinin artmasını və s. qeyd etmək olar. Bunlar son
nəticədə, psixotokslara,
ağır keçən
streslərə gətirib
çıxarır, insan
həyatının keyfiyyətini
aşağı salmaqla,
onu daha da mənasızlaşdırır
və dəyərsizləşdirir".
Fikir, söz, əqidə,
vicdan, etiqad azadlığı hüququ,
dövlətin və vəzifəli şəxlərin
qanunsuz hərəkətlərindən
zərərin ödənilməsi
hüququ, şəxsiyyət
toxunulmazlığı, mənzil
toxunulmazlığı hüququ
və digər şəxsi hüquqlar mədəni inkişafı
səciyyələndirən başlıca meyarlarıdır.
Bu hüquqlara dövlətin həssas, qayğıkeş münasibəti
cəmiyyətdə tolerantlığın,
demokratikliyin, əmin-amanlığın
göstəricisidir. Aristotel
demişkən, dövlətin
başlıca borcu - vətəndaşları xoşbəxt
etməkdir. Xoşbəxtliyə
aparan yol isə insan haqlarının təmin olunmasından keçir.
Bəşər tarixində demokratiya uzun bir yol
keçmişdir.
AMEA-nın müxbir
üzvü, fəlsəfə
elmləri doktoru, professor Səlahəddin Xəlilov yazır ki, XX əsrin sonlarında müstəqillik
əldə edən Azərbaycan cəmiyyəti
yeni quruluşa, həqiqi demokratik proseslərə hələ
hazır deyildi: "Demokratikləşmə isə,
əslində, müstəqillik
yolunun ən mühüm atributlarından
biri idi. Çünki zəmanə
özü bunu tələb edirdi. Müstəqilliyin yolu ümumbəşəri dəyərlərə
qovuşmaqdan, siyasi plüralizmdən, söz və flkir azadlığından,
demokratikləşmədən keçirdi. Milli-mənəvi
dəyərlərin taleyi
də xeyli dərəcədə onların
bu ümumbəşəri
dəyərlərə, müasir
dövlətçilik tələblərinə
uyğunlaşa bilmək
şansından asılı
idi.
O dövrdə
milli istiqlaliyyət, imperiya buxovlarından azad olmaq, milli
köklərə qayıtmaq
istiqamətindəki fəaliyyət
üçün daha böyük potensial var idi və
bu istiqamətdə daha böyük əzm nümayiş etdirilirdi. Çünki hələ sovet dövründə də, əsasən, əxlaq, adət-ənənə, dini
şüur, bədii
ədəbiyyat və
incəsənət vasitəsilə
xalqın milli özünəməxsusluğu qorunub-saxlanırdı. Milli
ruh hələ yaşayırdı.
Siyasi və
ideoloji müstəvidəki
buxovlar aradan götürüldükdən sonra
milli-mənəvi dəyərlərin
milli-siyasi təşkilatlanma
prosesi ilə vəhdəti üçün
real zəmin yarandı. Düzdür, burada da çətinliklər
var idi".
Lakin bütün bu
çətinlikləri aradan
qaldıraraq, Ulu Öndər Heydər Əliyev və Onun layiqli siyasi
varisi dövlət başçısı İlham
Əliyev insan hüquqlarının etibarlı
müdafiə olunduğu
demokratik, hüquqi dövlət, vətəndaş
cəmiyyəti qura bildilər. Buna görə də, Ulu Öndər Heydər Əliyev demişdir: "Respublikamızda
hüquqi dövlət
qurulması, demokratik,
sivilizasiyalı cəmiyyət
yaradılması, insan
azadlığının, söz,
vicdan azadlığının,
müasir plüralizmin
təmin edilməsi, çoxpartiyalı sistemin
bərqərar olması
bizim əvvəldən
qəbul etdiyimiz prinsiplərdir".
Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2017.- 20 aprel.- S.15