“Nezavisimaya qazeta”: Qarabağ
alovu müasir Rusiya üçün dərs olmalıdır
Rusiyada
çıxan nüfuzlu “Nezavisimaya qazeta”nın 25 aprel tarixli
nömrəsində Plexanov adına İqtisadiyyat Universitetinin
politologiya və sosiologiya kafedrasının dosenti, siyasi elmlər
namizədi Aleksandr Perenciyevin Dağlıq Qarabağ probleminin
yaranması səbəbləri, bu münaqişənin
alovlanmasının baiskarları barədə məqaləsi dərc
edilib.
AZƏRTAC “Qarabağ alovu müasir Rusiya
üçün dərs olmalıdır” sərlövhəli
məqaləni təqdim edir.
x x x
SSRİ niyə süqut etdi? Bu geosiyasi kataklizmə
təkan verən, onu şərtləndirən hansı
mexanizmlər oldu? Konkret olaraq kimlər və
hansı təşkilatlar nəhəng dövlətin
dağılmasından yararlanmağa
çalışırdılar? Bu suallar
indiyədək milyonlarla insanı düşündürür
və onlara cavab vermək bugünkü Rusiyanın
çoxsaylı zərbələrə sinə gərə
bilməsi üçün vacibdir.
Roma, Bizans, Avstriya-Macarıstan imperiyalarından fərqli
olaraq SSRİ hər hansı qlobal hərbi münaqişədə
və ya müharibədə məğlub edilməmişdi. Yerlərdə
milli zəmində baş verən məhdud toqquşmalar əlbəttə
ki, nəhəng dövlətin süqutuna gətirib
çıxara bilməzdi. Mövcud daxili səbəblər
konkret insanların səyi nəticəsində qanlı
münaqişələrə çevrildi. Etiraf etmək lazımdır ki, bu münaqişələr
sovet hakimiyyət elitasının müəyyən hissəsi
tərəfindən hər vəchlə
qızışdırılır və dəstəklənirdi.
Həmin dövrün dərsləri hər bir
çoxmillətli ölkə, birinci növbədə isə
müasir Rusiya üçün olduqca vacibdir.
1987-ci il böyük dünya üçün əlamətdar
il olmuşdur. SSRİ-də aşkarlıq siyasəti
bəyan edilmiş, MK-nın plenumunda isə bütün səviyyələrdəki
sovetlərə alternativ seçkilərin keçirilməsi
haqqında qərar qəbul olunmuşdu. Bütün
dünya sovet lideri Mixail Qorbaçovu alqışlayır,
Sovet-Amerika münasibətləri sürətlə
yaxşılaşır, azadlıq ab-havası duyulurdu.
Bununla bərabər, SSRİ-nin öz kiçik
dünyasında sovet hakimiyyətinin həll etdiyi
düşünülən, əslində isə dərin
köklərə malik olan millətlərarası
münaqişələr özünü göstərirdi.
Xalqların birliyinə ilk zərbə Azərbaycan SSR-in
tərkibində olan, erməni əhalisinin üstünlük
təşkil etdiyi Dağlıq Qarabağ Muxtar Vilayətində
vuruldu. Britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ.
Ermənistan və Azərbaycan sülh və
müharibə arasında” kitabına müqəddimədə
haqlı olaraq qeyd edildiyi kimi, Qarabağ bütün sonrakı
münaqişələr üçün tətik rolunu
oynamış, “Qorbaçovun Sovet İttifaqını təlatümə
salan ilk münaqişə” olmuşdur. Sonra
gürcülərlə abxazlar, özbəklərlə
qırğızlar arasında toqquşmalar, Özbəkistanda
məhsəti türklərinin qırğınları
başlamışdır. Məhz bu hadisələr sovet
respublikalarının sonrakı “suverenliklər paradı”nı mümkün etmişdir.
Ancaq kütləvi millətçi hərəkat
Dağlıq Qarabağda başlamışdır. Orada nə
baş vermişdir? Ermənilərlə azərbaycanlıların
əsrlərdən bəri dinc yaşadığı qədim
Qarabağ torpağında əmin-amanlıq 1987-ci ildə -
Yerevanda müxtəlif pərakəndə ictimai-siyasi
qrupların birləşməsindən yaranan “Qarabağ” komitəsinin
fəaliyyətə başlamasından sonra pozuldu. Həmin komitə vilayətin Azərbaycan SSR-in tərkibindən
çıxarılmasını qarşısına məqsəd
qoymuş və muxtariyyətin Ermənistan SSR-in tərkibinə
verilməsi uğrunda çıxış edirdi.
Dağlıq Qarabağda həyat səviyyəsi Azərbaycanın
və Ermənistanın qonşu rayonlarından xeyli yüksək
idi. Lakin millətçi fəallar cəlbedici
şüarlar irəli sürməklə əslində
insanları qırğına və yoxsulluğa düçar
etdikləri haqqında heç də
düşünmürdülər. Adətən
olduğu kimi, pis yaşayanlar deyil, əksinə, yaxşı
yaşayanlar daha çox etiraz edirlər. Sonda
isə əllərində olanı da itirirlər. Qarabağda da belədir – indi muxtariyyətdə
insanlar Azərbaycandan da, Ermənistandan da qat-qat kasıb
yaşayırlar.
“Qarabağ”
komitəsi vəziyyəti gərginləşdirir
“Qarabağ” komitəsinin üzvləri nüfuzlu insanlar
idi. Onların arasında müəllimlər, jurnalistlər,
alimlər, hətta akademiklər də vardı. Lakin nə akademik dəqiqliyi, nə jurnalist qərəzsizliyi
onlara bir ildən sonra qanlı və dəhşətli hadisələrə
səbəb olacaq inqilabi mübarizəyə qoşulmağa
mane olmamışdır.
“Qarabağ” komitəsinin aparıcı üzvü
İqor Muradyan İqtisadiyyat İnstitutunun elmi işçisi
idi və Ermənistan SSR-in Dövlət Plan Komitəsində
işləyirdi. Qeyd etmək lazımdır ki,
Muradyanın özü Qorbaçov dövrünün
demokratından millətçiyə qədər bir yol
keçmiş və bu gün erməniləri “Rusiyanın
qulları” adlandırır. Tomas de Vaala verdiyi müsahibədə
Muradyan açıq etiraf edirdi ki, referendum tərəfdarları
Qarabağda yaşayan azərbaycanlıların fikri ilə qətiyyən
hesablaşmırdılar: “Nə o zaman, nə də indi
onların taleyi bizi maraqlandırmırdı”. Bununla
belə, azərbaycanlıların nümayəndələri
“hakimiyyətin əlində alət”
adlandırılırdı. Bu da daha bir mühüm nəticə:
ölkəni etirazlarla dağıtmağa başlayanlar ilk
vaxtlarda özlərini vətənpərvər kimi qələmə
verirlər. Zaman isə göstərir ki, onlar elə
əvvəldən xain idilər.
Ölkəni dağıdanların fəaliyyətində
sonralar “rəngli inqilablar”ın təşkili üzrə
bütün dərsliklərə düşmüş daha bir
ümumi xüsusiyyət qərbyönümlü və millətçi
ideyaların çulğalaşmasından ibarətdir. Millətçiliyin
vasitəsilə insanları aldatmaq daha asan olur.
“Qarabağ” komitəsinin üzvlərindən biri,
riyaziyyatçı Vazgen Manukyan sonralar etiraf edirdi ki,
“demokratiya ideyası özü-özlüyündə vəziyyəti
gərginləşdirmək iqtidarında deyildi”. Bunu yalnız
Qarabağın Ermənistana verilməsi ideyası gerçəkləşdirə
bilərdi. Həmin ideya ilk baxışdan
möhkəm sovet dövlətinin əsaslarını
laxladırdı.
DQMV-də Qarabağın ayrılması tələbi ilə
ilk tətilləri 1987-ci ilin oktyabr ayında millətçilər
tərəfindən qızışdırılan tələbələr
təşkil etdilər. 1988-ci il fevralın 20-də DQMV Vilayət
Sovetinin sessiyası vilayətin Ermənistanın tərkibinə
verilməsi xahişi ilə SSRİ Ali Sovetinə və Azərbaycan
SSR Ali Sovetinə müraciət etmişdir. Həmin
gün Stepanakertdə (Xankəndi) və Yerevanda bu təşəbbüsün
lehinə çoxminli mitinqlər keçirildi. Təşkilatçılar ermənilərlə azərbaycanlılar
arasında toqquşmaları qızışdırmağa
müvəffəq oldular. Minlərlə
ailəyə gətirilən bədbəxtlik onlar
üçün uğur idi.
Eyni zamanda, “referendum” ideyası ortaya atıldı. Onun
keçirilməsi üçün imzaların toplanmasında
fəallıq göstərənlərdən biri “Qarabağ”
komitəsinin üzvü yazıçı Zori Balayan idi.
Ziyalı, Baykalın müdafiəçisi,
keçmişdə həkim işləmiş Balayan həkimliyin
əsas prinsipi olan “ziyan vermə” prinsipini tamam unutmuşdur.
Qarabağın müstəqilliyi ideyası
pis-yaxşı mövcud olan millətlərarası
sülhün əsasını sarsıdır, iki xalq
arasında aşkar qanlı qarşıdurmaya yol
açırdı.
“Qarabağ”
komitəsi tərəfdarlarının topladığı 80
min imzanı fəallar Sov.İKP MK-ya təqdim edərək,
onlara dəstək verən “erməni lobbisi”nin
köməyinə arxalanırdılar və onların sovet
iqtidarının xəyanətinə ümidləri
özünü doğrultdu. SSRİ prezidenti
Qorbaçovun müşaviri Abel Aqanbeqyan kommunistdən və
dövlət xadimindən daha çox erməni millətçisi
idi. Həlledici məqamda o, ölkənin
bütövlüyünü deyil, öz millətini dəstəklədi.
Fransız kommunistlərinin qəzeti “L'Humanite”yə verdiyi
müsahibədə Aqanbeqyan dedi ki, o, “Qarabağın Ermənistana
qaytarılmasını istəyərdi”.
Millətlərarası münasibətlərlə deyil,
birbaşa sovet iqtisadiyyatı ilə məşğul
olmalı olan insanın məsuliyyətsiz
çıxışını bütün dünya sezdi,
halbuki MK-da Azərbaycan tərəfini inandırmağa
çalışdılar ki, bu “yoldaş Aqanbeqyanın şəxsi
fikridir”.
Narahat olan Siyasi Büro, Qorbaçovun dili ilə desək,
anlayırdı ki, “proses başladı”, lakin daha ağır
hadisələrin baş verməsindən ehtiyat edərək hər
hansı addımlar atmaqdan qorxurdu.
Əgər Mixail Qorbaçovun komandasında ölkəni
dağıdanlara Aqanbeqyan kömək edirdisə, Boris Yeltsinin
komandasında ermənilərlə azərbaycanlılar
arasında nifrəti ən çox qızışdıran
SSRİ Ali Sovetinin deputatı Qalina Starovoytova idi. O, “Qarabağ” komitəsinə
fəal kömək göstərirdi. “Demokratik hərəkat”ın
fəallarından biri olan Starovoytova Qarabağı dinc vaxtlarda
dəfələrlə ziyarət etmiş, etnoqraf kimi
buradakı uzunömürlülərin fenomenini
araşdırmışdı.
Starovoytova Qarabağa müstəqillik verilməsinin əsas
tərəfdarlarından biri idi. Bununla o, vahid dövləti
sarsıtdığını anlayırdımı? Məşhur
hüquq müdafiəçisi Svetlana Qanuşkina “Vlast”
jurnalının səhifələrində
xatırlayırdı ki, hələ 1980-ci illərin
ortalarında paytaxt deputatlarının Qarabağa həsr
olunan toplantılarının birində Starovoytova deyirdi:
“Xristianlıq demokratik, İslam isə qeyri-demokratik dindir”. Fikrimcə, bu demokratın yox, ədavəti
qızışdıranın, təxribat salanın sözləridir.
Starovoytova “Qarabağ”la Yeltsinin
başçılıq etdiyi Rusiya demokratlarının qrupu
arasında əlaqələndirici şəxs qismində
çıxış etdi.
Kütlənin
içərisinə atılmış sözlər məqsədinə
çatırdı: sovet partiya yığıncaqlarından və
yorucu çıxışlardan bezən insanlar yeni demokratik
kumirlərin çıxışlarına qulaq asaraq,
çoxmillətli ölkədə millətlərarası
problemlərlə oyunların ölkəni fəlakətə
sürüklədiyini anlamırdılar.
Rusiya
KİV-lərinə verdiyi müsahibələrin birində
sonralar Ermənistanın baş naziri olmuş Manukyan etiraf
edirdi ki, Ermənistanın müstəqilliyini arzulasa da,
SSRİ-nin süqutuna qədər ömrünün
çatmayacağını düşünürdü: “Mənə
elə gəlirdi ki, yalnız növbəti nəsil müstəqil
Ermənistanı görəcək, bizim nəsil isə Sovet
İttifaqı çərçivəsində islah edilmiş
sosializm görməlidir. Yalnız 1988-ci ildə
Ermənistanda Qarabağ hərəkatının
başlanması ilə bizdə elə hiss yarandı ki, biz
müstəqillik əldə edə bilərik”.
Mərkəzi hökumətin sonsuz müzakirələrə
və “prosedur məsələləri”nə başı
qarışdığı bir vaxtda, “Qarabağ” komitəsinin
nüfuzu artırdı. 1988-ci ilin martında isə ona dəstək
məqsədilə ermənilərin “Krunk” adlı ictimai-siyasi
təşkilatı yaradılmışdır. Təşkilat Ermənistanın tarixi və mədəni
abidələrini öyrənməyi qarşısına məqsəd
qoysa da, onun əsl məramı Qarabağın Azərbaycandan
ayrılması və Ermənistanın SSRİ-dən
çıxması uğrunda siyasi mübarizə idi. “Krunk” SSRİ-də tətillərdən mübarizə
silahı kimi istifadə edən ilk təşkilat idi.
“Qarabağ” komitəsi kimi, “Krunk”un da
özəyini ziyalılar təşkil edirdi, baş ideoloqu isə
Ermənistanın gələcək prezidenti Robert Koçaryan
idi.
“Krunk”un başçısı yerli tikinti
materialları zavodunun direktoru Arkadi Manuçarov idi. Taleyin ironiyasına görə sovet illərində
o, “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdu. Əminəm ki, o, həmin ordenə xəyanət edərək
siyasətçi olandan sonra xalqlar arasında dostluğu yox,
düşmənçiliyi təbliğ edirdi. Ola bilsin ki, adı çəkilən təltif bu
gün rəsmiyyət xatirinə verilən orden kimi qəbul
edilsin, amma sovet illərində yaşayanlar ordenlərin rəsmi
adlarını və şablon şüarları yox, o
zamankı SSRİ-də çoxlarını birləşdirən
real dostluğu xatırlayırlar.
Biz hamımız gürcü kinosunu sevir, Baltikyanı
xalqların səliqəliliyinə, ukraynalıların və
belorusların qonaqpərvərliyinə heyran qalır,
bir-birimizin futbol komandalarına azarkeşlik edir, Mərkəzi
Asiyanın qədim şəhərlərinin görməli
yerlərini ziyarət edirdik. Biz müxtəlif idik,
ayrı-ayrı dillərdə danışdırdıq və
ayrı-ayrı mədəniyyətlərə məxsus idik,
lakin bir idik və bizi birləşdirən rəhbərlərin
çıxışları və zəhmətkeşlərin
nümayişləri deyildi. Bu, daha
böyük bir şey idi – qarışıq nikahlar, əzəmətli
və faciəvi nəhəng keçmiş, millətçiliyə
nifrət və 1945-ci ilin böyük Qələbəsi.
Beləliklə,
xainlərin əli ilə qızışdırılan millətçiliyin
nəticələri çox ağır olmuşdur: nikahlar və
ailələr dağılmış, insanları
qarşılıqlı nifrət bürümüş, vaxtilə
ümumi ordunun dünənki əsgərləri isə
avtomatları bir-birinə tuşlamışlar.
DQMV-nin Azərbaycandan ayrılması tərəfdarlarının
mübarizəsi acı sonluqla nəticələnirdi. Münaqişə
Qarabağın cənubunda yerləşən, çoxlu
qarışıq ailənin yaşadığı Tuğ kəndindən
də yan keçməmişdir. İllərlə
birgə yaşayan müxtəlif millətlərin nümayəndələri
gəlmələrə deyirdilər ki, ədavət onlara təsir
etməyəcək. Lakin artıq 1988-ci ilin
sentyabrına yaxın kəndin erməni və azərbaycanlı
hissələri arasında sərhəd çəkilmişdi.
Böyük bir ailənin tarixçəsi isə fəlakətin
rəmzinə çevrildi: azərbaycanlı ata üç
övladı ilə kəndin bir tərəfində, erməni
anası isə digər üç övladı ilə o biri
tərəfində qaldılar.
Həmin vaxt isə Qarabağda vəziyyət pisləşirdi. Müəssisələr
fəaliyyətini dayandırır, muxtariyyətin Ermənistana
verilməsi tələbi ilə çoxminli mitinqlər
keçirilirdi.
Emosiyalar
və dərrakə kömək etmədi
İttifaqın
mövqeyini bir daha nümayiş etdirmək üçün
1988-ci ilin martında Sov.İKP MK-nın
baş orqanı – “Pravda” qəzetində “Emosiyalar və dərrakə.
Dağlıq Qarabağ və onun ətrafında
vəziyyət barədə” sərlövhəli məqalə
çap olundu. Hər bir sözü
ölçülüb-biçilmiş bu məqalənin məqsədi
münaqişə edən iki tərəfin
qızışmış beyinlərini cilovlamaq idi.
Müəlliflər isə “Pravda”nın
müxtəlif millətlərdən olan üç əməkdaşı
idi – xüsusi müxbir Georgi Ovçarenko, Azərbaycan SSR
üzrə müxbir Zaur Qədimbəyov və Ermənistan
SSR üzrə müxbir Yuri Arakelyan.
Lakin məqalə sərt reaksiya ilə
qarşılandı. Sonrakı müsahibələrinin birində
Ovçarenko bunları danışırdı: “İş o
yerə çatdı ki, küçənin ortasında
“Pravda”nın həmin buraxılışını topa ilə
yandırır, mənim, redaksiyanın, Arakelyanın
özünün ünvanına təhqirlər
yağdırılırdı”.
“Qarabağ” komitəsi özünün
dağıdıcı fəaliyyətini hətta Ermənistanın
Spitak zəlzələsinin ağır nəticələrini
aradan qaldırdığı və ona bu işdə
bütün SSRİ-nin, o cümlədən Azərbaycanın
da kömək göstərdiyi vaxtı da davam etdirdi. “Qarabağ”
komitəsinin hərəkətlərindən hiddətlənən
Mixail Qorbaçov 1988-ci ilin dekabrında Ermənistan Kommunist
Partiyası MK-nın nümayəndələri ilə
görüşdə komitə üzvlərini təxribatçı
şayiələr yaymaqda günahlandırdı. Məsələn, respublikada şayiə
yayılmışdı ki, erməni uşaqları Rusiyadan evlərinə
dönməyəcək, bütün erməniləri isə
Krasnodar vilayətinə köçürəcəklər.
SSRİ hökumətinin başçısı Nikolay
Rıjkov xatırlayır ki, Qarabağın ayrılması tərəfdarları
Azərbaycandan zəlzələ qurbanları üçün
tikinti texnikası ilə yüklənmiş
maşınları belə buraxmırdılar. N.Rıjkov xatirələrində
yazırdı: “Xatırlatmaq istərdim ki, bütün
zamanlarda dünyanın hər yerində faciə insanları
daha da yaxınlaşdırırdı. Sülh
olmasa da, atəşkəs yaranırdı. Bizim “sonluğumuz”da isə faciədən daha
ağrılı olsun deyə istifadə edirdilər”.
Qeyd etmək yerinə düşər ki, Qorbaçovun
qatı düşməni olan general Albert Makaşov xilasetmə
missiyası zamanı Qarabağın ayrılması tərəfdarlarının
hərəkətlərinin qiymətləndirilməsində
SSRİ prezidenti ilə həmrəy idi. Həmin vaxt Yerevanın
komendantı təyin olunmuş Makaşov “SSRİ-nin faciəsi”
adlı xatirələrində belə yazırdı: “Dəhşətli
zəlzələ separatçıları sakitləşdirmədi,
əksinə, onları daha da coşdurdu”. O, Qarabağ məsələsini
haqlı olaraq “regionda separatçı ehtirasların
qızışdırılması aləti”
adlandırırdı. General öz
kitabında sovet dövründə ermənilərin və azərbaycanlıların
dinc yaşadığını belə xatırladırdı:
“Yaxşı yaşayır və yalnız kimin
çaxırı daha yaxşıdır və kimin
çörəyi daha dadlıdır kimi məsələlərdə
rəqabət aparırdılar”.
Məhz Makaşov 1988-ci ilin dekabrında “Qarabağ” komitəsinin
üzvlərini həbs etdirdi. Lakin bir müddət
sonra “moskvalı ictimaiyyətin” təzyiqi altında onları
azadlığa buraxdılar. Həbs
olunanlar arasında Ermənistanın gələcək
prezidenti Levon Ter-Petrosyan da var idi.
Spitak zəlzələsinin nəticələrinin aradan
qaldırılmasında böyük işlər
görmüş SSRİ-nin baş naziri Nikolay Rıjkov hiddətlə
xatırlayırdı ki, “Qarabağ” komitəsinin üzvləri
təbii fəlakətin guya bombanın partlaması nəticəsində
baş verdiyini deyirdilər. Hərəkat üzvləri
və onların moskvalı müttəfiqləri nəhəng
çoxmillətli ölkənin dağıdılması naminə
ən ağlasığmaz şayiələri işə
salmışdılar.
“Kiyevsayağı
cücəyə” dönmüş qaranquş
Qarabağ münaqişəsi ölkənin süqutundan
xəbər verən ilk qaranquş oldu. Sanki hərəkətə
keçməyə siqnal gözləyən kimi, SSRİ-nin
müxtəlif respublikalarında “alyanaq komsomol rəhbərləri”nin və marksizm-leninizm müəllimlərinin
məharətlə manipulyasiya etdiyi kütləvi xalq cəbhələri
və milli hərəkatlar yaranmağa başladı.
İnsanların
daha geniş müstəqilliyə can atması
başadüşüləndir, amma bir “amma” da var idi - əksər
yerlərdə mitinqlərdə yerli və hətta ittifaq
partiya rəhbərliyinə yox, milli respublikalara öz ürəyinin
hökmü ilə deyil, işləmək üçün və
ya müharibədən sonra dağılmış təsərrüfatı
bərpa etmək üçün gələn sadə insanlara
lənət yağdırırdılar. Dünənki
dostlar və mehriban qonşular onları qonaq
çağıranların, övladları ilə
maraqlananların sərt baxışları ilə
rastlaşırdılar. “Çıxın
gedin” – bu, onların eşitdiyi ən yumşaq söz idi.
Son günlərədək
yaşadığı respublikaya sevgi də olmasa, rəğbət
bəsləyən, burada yaşayan, işləyən,
övladlarını böyüdən insanlar bu sözü
eşitməyə məcbur olurdular.
Erməni millətçiləri
kimi Baltikyanı respublikaların müxalifətçi təşkilatlarının
fəalları da dərhal müstəqillik tələb edirdilər.
Öz güclərini nümayiş etdirmək
üçün onlar 1989-cu ilin avqustunda Tallindən Vilnüsə
qədər canlı zəncir yaratdılar. SSRİ
hakimiyyətinin çıxışları yatırmağa
yönəlmiş lokal cəhdləri insanları qəzəbləndirirdi.
Mərkəzi hakimiyyət alternativ təklif etmirdi - heç
kim əvvəlki kimi yaşamaq istəmirdi, lakin
işıqlı və gözəl xəyal edilən yeni
reallıq isə dəhşətli idi.
İlk dəfə Qarabağda yandırılan
alov tezliklə bütün ölkəni bürüdü.
Qarşıdurmanın başlamasından 30 il
sonra Qarabağda münaqişə davam edir. Bütün
dünyada, o cümlədən Azərbaycanda yaxşı
tanınan məşhur erməni şairi Ovanes Tumanyanın bal
damlası haqqında nağılı var. Nağılda deyilir
ki, öz iti ilə ovdan qayıdan ovçu yolun
qırağında bal satılan dükan görür. O,
satıcıdan xahiş edir ki, balı şüşə qaba
töksün, bu zaman balın bir damlası yerə düşəndə
satıcının pişiyi onu yalayır. Pişiyi görən
it ona hücum edir və boğur. Pişiyin yiyəsi iti
öldürür. İtin yiyəsi pişiyin yiyəsini
öldürür və sonra vətəndaş müharibəsi
başlayır. Bu gün bu qəmli nağıl daha da
aktualdır, ən çox da Rusiya üçün.
Erməni millətçilərinin
separatçı tələblərindən başlayan, azərbaycanlıların
öz torpaqlarından qovulması ilə müşayiət
edilən Qarabağdakı lokal münaqişə qanlı
qırğınlara səbəb oldu. Münaqişə sovet
hakim elitasının bəzi təmsilçiləri və
ölkənin zəifləməsində marağı olan Qərb
qüvvələrinin fəal iştirakı ilə gündəmə
gətirildi. Vaxtında qarşısı
alınmadığına görə bu münaqişə
bütün Sovet İttifaqında dağıdıcı hərəkatlar
üçün ideal model rolunu oynadı və böyük
dövlətin süqutuna gətirib çıxardı. Bu il
faciəli hadisələrdən 30 il ötür. Bizim vəzifəmiz
onların bir daha təkrarlanmaması, millətçilərə
və xainlərə ölkəni məsuliyyətsiz tələblərlə
dağıtmağa imkan verilməməsi üçün həmin
hadisələrdən ibrət dərsi çıxarmaqdan ibarətdir.
Səs.-
2017.- 28 aprel.- S11.