Naxçıvanda akademik Həsən
Əliyevin 110 illik yubileyi qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 2017-ci il fevralın 7-də “Akademik Həsən
Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam
imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı
ilə Tədbirlər Planı təsdiq olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tədbirlər
Planına uyğun olaraq dekabrın 14-də Naxçıvan
Dövlət Musiqili Dram Teatrında akademik Həsən
Əliyevin 110 illik yubileyi qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov yubiley tədbirində
çıxış edərək deyib: 2017-ci il dekabr
ayının 15-də akademik Həsən Əliyevin anadan
olmasının 110 illiyi tamam olur. Akademik Həsən Əliyev
təbiətşünas və coğrafiyaçı,
torpaqşünas və ekoloq kimi həm Azərbaycanda, həm
də dünya miqyasında tanınmışdır. Onun elmi fəaliyyəti
torpaqşünaslığın nəzəriyyəsi,
ekologiya, təbii ehtiyatların qorunması və səmərəli
istifadəsinə həsr edilmişdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
“Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi
haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamında da qeyd
olunduğu kimi: “Azərbaycanda coğrafiya və
torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin
təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin
bugünkü simasının müəyyənləşməsində
Həsən Əliyevin müstəsna xidmətləri
vardır. Alim bütün zəngin fəaliyyəti
boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və
ölkənin təbii sərvətlərindən səmərəli
istifadə üzrə kompleks proqram və silsilə layihələri
uğurla həyata keçirmişdir”.
Ali Məclisin Sədri deyib: Akademik Həsən
Əliyev ölkəmizdə torpaqşünaslıq və tətbiqi
ekologiya elmlərinin əsasını qoymuş, onun rəhbərliyi
ilə Azərbaycanın qiymətli sərvəti olan torpaq
fondu ilk dəfə pasportlaşdırılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun
yaranması və inkişafında, çoxsaylı milli elmi
kadrların yetişməsində də akademik Həsən
Əliyevin misilsiz xidmətləri olmuşdur. Təbii
ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi
cəhətdən əsaslandırılması və
mühafizəsinin təşkili böyük alimin elmi və
ictimai fəaliyyətinin əsaslarını təşkil
edirdi. Onun elmi fəaliyyəti nə qədər çoxsahəlidirsə,
bir o qədər bütöv və tamdır. Buna görədir
ki, coğrafiyaçılar onu coğrafiyaşünas,
ümumi əkinçilik və torpaq nəzəriyyəsi ilə
məşğul olanlar torpaqşünas, ətraf mühit
mütəxəssisləri isə ekoloq
adlandırırdılar. Bir sözlə, akademik
Həsən Əliyevin apardığı elmi tədqiqatlar nümunə
gücündə olmuş, ümumdünya miqyasında
mühüm elmi nailiyyətlər kimi təsdiq və qəbul
edilmişdir.Qeyd olunub ki, Vətənə, onun
torpağına, suyuna və təbiətinə dərindən
bağlı insan kimi torpağın mühafizəsi
məsələləri həmişə akademik Həsən
Əliyevi düşündürüb. “İnsan
üçün torpaqdan kənar təbiət
anlayışı yoxdur” - deyən alim torpağın
münbit qatının eroziyaya uğrayaraq
dağıdıldığına, müxtəlif maddələrlə
çirkləndirildiyinə, məhsuldar torpaqların üzərində
tikinti-inşaat işlərinin
aparılmasına təəssüfləndiyini bildirərək
bütün cəmiyyəti torpağın qayğısına
qalmağa çağırırdı. Bu sahədə
apardığı səmərəli elmi fəaliyyətin
nəticəsidir ki, onun təşəbbüsü ilə
torpaq kadastrı, torpaqların qiymətləndirilməsi kimi
elm sahələrinin Azərbaycanda təməli qoyulub və
inkişaf etdirilibdir. Akademik Həsən
Əliyev ömrünün sonuna qədər Azərbaycanın
ekoloji problemləri, meşələrin və meşə
torpaqlarının elmi tədqiqi və mühafizəsi sahəsində
kompleks tədqiqatlar aparıb, Azərbaycanın müxtəlif
ərazilərində ayrı-ayrı ağac cinslərinin
yayılması qanunauyğunluqlarını işləyib hazırlayıb. İnsanın sistemsiz təsərrüfat
fəaliyyəti nəticəsində dağ və düzən
meşələrin sıradan çıxması,
ayrı-ayrı qiymətli ağac növlərinin tükənmək
təhlükəsi onu narahat edirdi. 1976-cı ildə qələmə
aldığı “Həyəcan təbili” kitabında
Azərbaycan əhalisini, ziyalıları, gəncləri ətraf
mühitin, torpağın, bitki örtüyünün
sıradan çıxmasının qarşısını
almağa, məhv olmaq təhlükəsi altında qalan bitki
və heyvan növlərinin, suyun, atmosferin mühafizəsinə
səsləyir və deyirdi ki: “Təbiətə münasibətdə
yubanmaq çox yaşamağa yubanmaqdır”.
Ali Məclisin Sədri bildirib ki,
bu, hələ ötən əsrdə insanları gözləyən
qlobal ekoloji və iqlim dəyişikliklərinə yol verməmək,
həyat və insan yaşayışı naminə ətraf aləmi
qorumaq barədə böyük bəşəri
düşüncə sahibinin gələcək nəsillərə
ziyalı çağırışı və müraciəti
idi. Görkəmli Azərbaycan alimi təbiətə
dağıdıcı təsirin bəşəriyyət
üçün təhlükəli olacağına diqqəti
çəkərək təbiətə və təbii
ehtiyatlara baxışın dəyişdirilməsi, geniş mənada
maarifçiliyə böyük ehtiyac olduğunu əsaslandırır,
“təbiəti duymaq, dinləmək, onun keşiyində
durmağı bacarmaq psixologiyasını böyüyən nəslə
aşılamaq ən yaxşı təbiət dərsidir” –
deyirdi. Akademik Həsən Əliyevin xalqımız
qarşısında xidmətlərindən biri də Azərbaycanda
dövlət qoruq və yasaqlıqlarının
yaradılmasıdır. Onun təşəbbüsünün
nəticəsi olaraq yaradılan dövlət qoruq və
yasaqlıqları hesabına Azərbaycanın nadir bitki və
heyvanlar aləmi qorunub saxlanmışdır.
Ali Məclisin Sədri deyib ki,
akademik Həsən Əliyevin təbiətin mühafizəsi,
ondan səmərəli istifadə edilməsi sahəsində
apardığı tədqiqatların və gördüyü
işlərin miqyası böyükdür. 60 il elmi
yaradıcılıqla məşğul olan akademik 800-dən
çox elmi məqalə və monoqrafiya, 140-a yaxın
müxtəlif təyinatlı xəritə, eləcə də
xeyli sayda elmi-kütləvi nəşrlər hazırlayıb,
özündən sonra zəngin irs qoyub. Akademik Həsən
Əliyevin zəhmətinin məhsulu olan bu irs bu gün əhalinin
ekoloji maariflənməsi üçün əhəmiyyətli
rola malik olan qiymətli xəzinədir. Qədim Şərq
müdrikləri deyirdilər: “Əsl alim odur ki, özündən
sonra işi və əməlləri qalsın”. Akademik Həsən
Əliyev belə alimlərdən və müdrik zəka sahiblərindən
idi. Vətənə və xalqa təmənnasız
xidmətləri ilə elm tariximizdə əbədi iz
buraxmış bu böyük şəxsiyyətin həyatı
və yaradıcılığı “əsl alim necə
olmalıdır” sualının ən yaxşı nümunəsi,
gələcək nəsillər üçün əsl tərbiyə
məktəbidir.Diqqətə
çatdırılıb ki, akademik Həsən Əliyev
Naxçıvan Muxtar Respublikasının da zəngin təbiətini
tədqiq edib, təbiətin qorunması, təbii ehtiyatlardan səmərəli
istifadə ilə bağlı dəyərli tövsiyə və
təkliflər verib. Bu gün görkəmli alimin
Naxçıvan Muxtar Respublikasının ekoloji mühiti, zəngin
təbiətinin qorunması ilə bağlı arzuları
reallığa çevrilib. Naxçıvanda
yaşıllıq zolaqları, meyvə bağları
salınır, qədim meyvə sortları bərpa edilərək
əkin dövriyyəsinə qatılır. Bir
vaxtlar muxtar respublikada yaşıl örtük sahəsi
ümumi ərazinin bir faizini keçmirdisə, hazırda bu
göstərici 14 faizdən çoxdur.Azərbaycan elminə dəyərli
töhfələr vermiş görkəmli alim,
bacarıqlı elm təşkilatçısı və
tanınmış ictimai xadim Həsən Əliyevin xidmətləri
layiqincə qiymətləndirilib. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin
tapşırığı və himayəsi ilə 2003-cü
il iyunun 16-da akademik Həsən Əliyev adına Ordubad Milli
Parkı yaradılıb, 2009-cu ildə Milli Parkın ərazisi
Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları
hesabına genişləndirilərək akademik Həsən
Əliyev adına Zəngəzur Milli Parkı
adlandırılıb. Muxtar respublikanın ən böyük
müəssisələrindən olan “Araz” Elm-İstehsalat
Birliyi akademik Həsən Əliyevin adını
daşıyır. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı
ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən
görkəmli alimin 110 illik yubileyi ilə bağlı muxtar
respublikada müxtəlif tədbirlər, elmi konfranslar
keçirilib, gənclərin və tələbələrin Həsən
Əliyev adına Zəngəzur Milli Parkına
ekskursiyaları təşkil edilib, Naxçıvan şəhərindəki
Həsən Əliyev adına küçə yenidən
qurulub.Ali Məclisin Sədri deyib: Akademik Həsən
Əliyevin xidmətləri öz dövründə olduğu
kimi, bu gün də aktuallığını qoruyub
saxlamaqdadır. Ümummilli liderimiz Heydər Əliyevin də
qeyd etdiyi kimi: “Təbiətin ölkəmizə bəxş
etdiyi zəngin sərvətlərə xüsusi qayğı
ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin
gələcəyi naminə qorumaq üzərimizə
düşən əsas vəzifələrdəndir...”.Naxçıvan Muxtar Respublikasının Ekologiya
və Təbii Sərvətlər naziri Hafiz Yaqubov
çıxış edərək deyib ki, Ali Məclis Sədrinin
Sərəncamı ilə təsdiq edilmiş “Akademik Həsən
Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar
Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər
Planı”na uyğun olaraq muxtar respublikada Həsən
Əliyevin həyat və yaradıcılığı
haqqında tematik materiallar hazırlanıb, akademikin
adını daşıyan Zəngəzur Milli Parkı ərazisinə
turizm marşrutları təşkil edilib, “Həsən
Əliyev-110” mövzusunda elmi konfrans və maarifləndirici tədbirlər
keçirilib.
Qeyd olunub ki, alimin arzu etdiyi ekoloji tədbirlər
bu gün Naxçıvan Muxtar Respublikası ərazisində
uğurla həyata keçirilməkdədir. Muxtar
respublikanın ümumi ərazisinin 28 faizə qədərini
xüsusi mühafizə olunan təbiət əraziləri -
milli park, qoruq və yasaqlıq təşkil edir ki, bu da ətraf
mühitin mühafizəsi sahəsində qəbul edilmiş ən
yüksək göstəricilərdəndir. Görülən
işlər nəticəsində meşə
ehtiyatlarımız və yaşıllıqların sahəsi
dəfələrlə artıb. Təkcə 2017-ci ildə
muxtar respublika ərazisində 550 hektar sahədə yeni
yaşıllıqlar salınıb, doğma
diyarımızın meyvəçilik şöhrəti
özünə qaytarılıb. Akademik Həsən
Əliyev Naxçıvanda yerli meyvə sortlarının
inkişaf etdirilməsi, cəviz, badam və süfrə
üzümü yetişdirilməsinin həm iqtisadi əhəmiyyətini
və eyni zamanda, bu meyvə bağlarının kənd təsərrüfatı
əkinləri üçün yararsız olan torpaqlarda əkilməsini
əsaslandırırdı. Muxtar respublika ərazisində
bu il 50 hektar münbitliyi az olan torpaqlarda yeni meyvə
bağları, 20 hektar sahədə süfrə
üzümü, 16 hektar sahədə badam bağı və
dağlıq ərazilərdə cəviz bağları
salınıb. Muxtar respublikamızda meyvəçiliyin
inkişafına xüsusi diqqət göstərilməsinin nəticəsidir
ki, son illər aparılan yaşıllaşdırma tədbirlərində
meyvə tinglərinin xüsusi çəkisi 70 faizdən
yuxarı olub. Təbiəti mühafizə və
elmi tədqiqat sahəsində yeni ədəbiyyatların, o
cümlədən flora və faunaya dair iki cilddən ibarət
“Qırmızı kitab”ın və digər ədəbiyyatların
çap edilməsi akademik Həsən Əliyevin elmi
yaradıcılığının bu gün də davam
etdirilməsini göstərir. Hafiz Yaqubov
Naxçıvanda akademik Həsən Əliyevin irsinə verilən
yüksək qiymətə, ətraf mühitin mühafizəsi
və zənginləşdirilməsinə göstərilən
diqqət və qayğıya görə muxtar respublika
ekoloqları və təbiətsevərləri adından Ali Məclisin
Sədrinə minnətdarlıq edib.Tədbirin
aparıcıları akademik Həsən Əliyevin həyat və
fəaliyyəti haqqında məlumat verib, onun “Həyəcan
təbili” əsərindən parçalar oxunub.
Sonra akademik Həsən Əliyevlə
bağlı Naxçıvan Dövlət Televiziyasının
hazırladığı “Torpağa, Vətənə
bağlı ömür” adlı sənədli televiziya filminə
baxış olub.
Səs.-
2017.- 15 dekabr.- S.4.