Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimizdir

 

  Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən Azərbaycan milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşır. Şərqdən Qərbə açılan pəncərə, salınan körpü Azərbaycan sivilizasiyasını dünyaya təqdim edir və bu tanışlıq ölkəmiz haqqında təsəvvürlərin yaranmasında coğrafi məkanı daha da genişləndirib. Milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha göstərir. Bu ali dəyərlər milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisi, fərdi və fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, mənəvi borcudur.

     "BİZ TARİXİ İRSİMİZİN, ZƏNGİN MƏDƏNİ İRSİMİZİN ƏSASINDA MÜASİR, GÜCLÜ AZƏRBAYCAN QURURUQ"

     Təbii ki, Avropa ailəsinin üzvü olan Azərbaycanın iqtisadi inkişafı, ölkədə hökm sürən siyasi sabitliyi, suveren, müstəqil dövlət olmasının məntiqi nəticəsidir ki, bütün qapıları açaraq, sərhədləri aşır, qədim köklərə malik irsini, xəzinəsini təqdim edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin milli-mənəvi irsimizin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca imzaladığı sərəncamlar bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. "Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərləri qoruyub saxlayır, milli ideologiya, azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir. Bu prosesdə Heydər Əliyev Fondu da qeyri-hökumət qurum olaraq əhəmiyyət kəsb edən layihələrə imza atır. Ümummilli Lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən Heydər Əliyev Fondu xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği, inkişafı istiqamətində mühüm işlər həyata keçirir. Fond tərəfindən reallaşan layihələr beynəlxalq aləmdə ciddi marağa səbəb olur. Belə ki, bəşəriyyətin xilasına yönələn milli-mənəvi ideallar, ictimai şüura hakim kəsilən layihələr zəngin mənəvi və intellektual potensialdan qaynaqlanır və birmənalı olaraq cəmiyyət tərəfindən qəbul edilir. BMT, İƏT, YUNESKO, İSESKO və onlarca belə mötəbər qurumların fondun layihələrinə verdiyi qiymətlər dediklərimizi əsaslandıran amildir.

    

     XALQIMIZA MƏXSUS MİLLİ-MƏNƏVİ, ƏXLAQİ KODEKSLƏRİNDƏN ONU KİMSƏ UZAQLAŞDIRA BİLMƏ

    

     Vaxtilə 70 il sovet imperiyasının tərkibində yaşadığımız zaman təbliğat mexanizminin, təqdimatların qarşısına sədd çəkilsə də, məxfi arxivlərin araşdırılmasına imkan verilməsə də bu gün müstəqil, suverən dövlət olan Azərbaycan əsrlərdə formalaşmış zəngin irsini dünya xalqlarına təqdim edərək, onları  təəccübləndirməklə yanaşı, bu cəmdə Azərbaycan vətəndaşının varlığını nümayiş etdirir. Əsrlərin, qərinələrin sorağıdır bu dəyərlər. Vaxtilə bu dəyərləri yaşadan böyük vətənpərvər oğullara ölüm hökmü oxundu, sürgün, işgəncələrlə dolu bir ömür yaşamağa məhkum olundular. "Oxu tar, səni kim unudar", - deyən Mikayıl Müşfiqin səsini almağa "gücü" olanlar milli musiqimizə qarşı çıxaraq tarımızın, sazımızın, kamançamızın səsinə qənim kəsildilər. Amma bu gün Azərbaycan tarının səsi beynəlxalq aləmdən eşidilir. Repressiya illərinin sərt qadağaları milli ruhu, milli düşüncəni qəbul etmədiyi zamanda Salman Mümtaz, Əhməd Cavad, Ruhulla Axundov və onlarla belə tanınmış ziyalılar repressiyanın sərt imtahanları qarşısında mərdlik, dəyanət nümayiş etdirdilər. Onların səsi, ifaları, yazdıqları kommunist ideologiyasının tələbləri ilə üs-üstə düşmədi və sürgün, ölüm qoxusu kabus kimi başları üzərində dolaşdı. Bu gün repressiya qurbanların əsərləri dünyaya çıxır. Hüseyn Cavid kimi böyük mütəfəkkirlərin əsərləri dünya ölkələrində nəşr olunur və təbliğ edilir.

     Milli-mənəvi dəyərlərimizə olan hücum məscidlərin, ibadət evlərinin kütləvi şəkildə bağlanmasına gətirib çıxarsa da, amma bu gün yeni məscidlər salınır, bəpra olunur "Azərbaycan - tolerantlığın ünvanı" olaraq dünyaya vəsiqə alır. Azərbaycanın nəinki öz, eləcə də dünya ölkələrində olan dini abidələrinə diqqət ayırması, ölkəmizdə milli dəyərlərə olan münasibətin təbliği deyilmi? Xalqımıza məxsus milli, əxlaqi kodeksləri onu heç də milli-mənəvi dəyərlərindən uzaqlaşdıra bilmədi. Novruz bayramını sovet rejimində dar çərçivədə qeyd etsək də, bu gün dövlət səviyyəsində bayram edilir. BMT Baş Assambleyası tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib.

     AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN YAŞADILMASI VƏ DÜNYADA TANIDILMASI İSTİQAMƏTİNDƏ APARILAN İŞLƏRƏ TÖHFƏ

     Xalq tarixi kökünə sadiq qaldı və bu gün Azərbaycan müasir dünyada yeni meyarları ilə yollar açır. Vaxtilə qadağa qoyulmuş dəyərlərimiz indi dünyada tanır, beynəlxalq səviyyədə qorunur, dünya mədəniyyətinə töhfəsini verir. Londonda, Berlində, Parisdə keçirilən müxtəlif məzmunlu sərgilərdə Azərbaycanın müasir incəsənətinin, faktiki olaraq bütün istiqamətləri əksini tapıb.

     Heydər Əliyev Fondunun dəstəyi ilə Roma şəhərindəki məşhur "Villa Borghese" Parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin, Belçika Krallığının Vaterlo şəhərinin Mərkəzi Parkında görkəmli şairə Xurşidbanu Natəvanın abidələrinin qoyulması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə daha bir töhfədir.

     Bütün dünyanı sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycanın bu sərgilər vasitəsi ilə qədim və zəngin tarixə malik ölkə olmaqla yanaşı, dəfələrlə vurğulandığı kimi, Şərqdə ilk baletin, operanın yaradıcısı olduğu da diqqətə çatdırılır.

     YUNESKO tərəfindən Azərbaycan muğamı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla İçəri Şəhər Dövlət Tarix Memarlıq Kompleksi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. Aşıq sənəti, Azərbaycan xalçası, Novruz bayramı, tar ifaçılıq sənəti, Azərbaycan kəlağayısının YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahına daxil edilməsi, eləcə də tarixi VI-VII əsrlərə və bəlkə ondan da əvvələ gedib çıxan çovqan oyununun YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması Azərbaycana məxsus qeyri-maddi irsinin uğuru oldu. Bütün bunların arxasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri,  millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələri, əməli gərgin əməyi dayanır. Fond Azərbaycan tarixi və mədəni abidələri, xalçaçılıq sənəti, muğam sənəti və s. ətrafında təbliğat işləri aparır, dünyanı mədəni irsimizlə tanış edir, onun inkişafına çalışır. Əbəs yerə deyilmir ki, Azərbaycan bəşəriyyətin mədəni liderlərindən birinə çevrilib.

     DÜNYA İNSANINDA AZƏRBAYCANIN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİ, MƏDƏNİYYƏTİ, TARİXİ KEÇİMİŞİ HAQQINDA TƏSSƏVVÜRLƏR GENİŞLƏNİR

     İyirmi birinci yüzillikdə dünyada qarşıdurmalar, müharibələr, maliyyə və iqtisadi böhranlar yaşanıldığı zamanda Azərbaycan dinamik inkişaf yolundadır. Bu, ölkə başçısı Cənab İlham Əliyevin apardığı müstəqil, ardıcıl siyasətin məntiqi nəticəsidir. Ölkəmizin bütün sahələrində kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də beynəlxalq səviyyədə qurduğu münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasına səbəb olan amillərdir. Bütün bu uğurlarla bərabər, bu gün ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və ölkəmiz mədəniyyətlərarası dialoqa töhfələrini verən məkan kimi dünyada tanınır. Son illərdə ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransı və onlarla belə beynəlxalq tədbirlər ölkəmizin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından belə böyük əhəmiyyət kəsb edir. Bütün bu və ya digər beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini, mili-mənəvi dəyərlərini, mədəniyyətini və s. bir daha dünya ictimaiyyətinə təqdim edir. Bu, əlbəttə ki, dövlət siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. 2015-ci ildə Azərbaycanda keçirilən "Bakı-2015" birinci Avropa Oyunları, Azərbaycan və Avropa idman tarixinə yeni səhifəni açmaqla yanaşı, dünyanın yüz milyonlarla dinindən, irqindən asılı olmayaraq, televiziya tamaşaçısının diqqətini Azərbaycana yönəltdi. Açılış mərasimində təqdim olunan kreativ şou çərçivəsində Azərbaycan irsi, mədəniyyəti, ədəbiyyatı, tarixi qısa zaman məsafəsində dünya xalqlarına təqdim olundu. Rəngdən-rəngə düşən səhnənin hər bir guşəsində Azərbaycan çalarları sərgilənirdi. Dünya insanında bir neçə dəqiqə ərizində Azərbaycan haqqında, mili-mənəvi dəyərləri, mədəniyyəti, tarixi keçimişi haqqında təssəvvür yaratmış oldu. Bu özü elə təbliğat maşınıdır, özü də çevik və sürətli.

     Neçə-neçə beynəlxalq tədbirlərin ölkəmizdə təşkili, bu yaxınlarda isə  İslam Həmrəylik Oyunlarının keçiriləcəyi məkan bir daha dünya ictimayyətinin diqqətini Azərbaycana yönəldəcəkdir. Bu oyunlar Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında daha bir imzasıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyev İslam Oyunlarının, ilk növbədə islam həmrəyliyini gücləndirmək baxımından böyük əhəmiyyət daşıdığını da bildirib: "…həm islam aləminə, həm dünyaya bir daha göstərəcək ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir".

     Bu gün qloballaşma prosesinin mövcud olduğu zamanda Azərbaycan milli-mənəvi dəyərlərini dünyaya mesaj olaraq təqdim edir, insanları sülh və əmin-əmanlığa çağırır.

    

     Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2017.- 28 fevral.- S.15